Məhkəmə qərarları › İş №2-1(116)-123/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-123/2024

27.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-123/2024 27.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 16 saylı Ucar ərazi idarəsinə qarşı “JN-188 nömrəli dövlət aktında göstərilən 1,88 ha torpaq sahəsinin döngə nöqtələrinin yeni elektron uçot məlumatları əsasında müəyyən edilərək tanıdılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı və X3 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək “Zərdab rayon Aqrar İslahat Komissiyasının Qərarı ilə JN 187 kod 90511028 və JN 188 kod 90511028 saylı dövlət aktlarına əsasən ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla bağlı müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, iş 2-1(116)-1382/2023 nömrə ilə qeydə alınmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-1382/2023 nömrəli qərardadı ilə iş üzrə iddiaçı X1 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia tələbi ayrıca icraata ayrılmışdır. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “JN-188 nömrəli dövlət aktında göstərilən 1,88 ha torpaq sahəsinin döngə nöqtələrinin yeni elektron uçot məlumatları əsasında müəyyən edilərək tanıdılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, 1999-cu ildə iddiaçıya 188 saylı Dövlət Aktı ilə 1,88 ha torpaq sahəsi verilmişdir. Lakin pay torpağı verilən ərazidə sürüşmə olduğu üçün ona başqa yerdən torpaq sahəsi ayrılmışdır (1999-cu ilin aprel ayında). Daha sonra isə 2000-ci ildən yanvar ayında Zərdab rayonu, Məlikumudlu kənd icra nümayəndəsi X5 ona ayrılmış torpaq sahəsinin saxta sənədlə zəbt etmiş və onu ordan qovmuşdur. Halbuki, Ağaverdi Novruzovun özünün həm torpaq sahəsinin yanında 189 saylı dövlət aktına əsasən 2,63 ha torpaq sahəsi vardır. Buna görə də hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, İddiaçı xx.xx.2023cü il tarixli ərizə göndərərək "Daşınmaz Əmlakın Dövlət Kadastr, və Reyestri" publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişdir. 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin Zərdab rayon şöbəsinə müraciət edəcəyi və sənədlərin əslini təqdim edəcəyi təqdirdə ərzəsinə qanuna müvafiq qaydada baxılacaqdır. İddiaçı Zərdab rayon Agrar İslahat Komissiyasının qərarı ilə JN187 və JN188 saylı dövlət aktlarına əsasən ayrılmış kənd təssərufatı təyinatlı torpaq səhəsi üzərində mülkiyyət hüqunun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 16 saylı Ucar Ərazi idarəsi tərəfindən imtina verilmədiyindən İnzibati Məhkəməyə müraciət etməyi əsassızdır. Məhkəmə iclasında iddiaçı və iddiaçının vəkili, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək iddia ələbinin təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, xx.xx.2023-cü il tarixdə analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - JN-188 kod 90511028 Dövlət Aktından görünür ki, Zərdab RAİK-nın xx.xx.1998-ci il tarixli 10 nömrəli qərarı ilə İddiaçı və X4 birlikdə Məlikumudlu kəndində 1,88 ha torpaq sahəsi ayrılmışdır. - cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-36/2-4847/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində aşağıdakılar qeyd olunmuşdur:

1. JN-188 kod 90511028 nömrəli Dövlət Aktı ilə İddiaçı mülkiyyətinə verilmiş 1.89 ha torpaq sahəsi üç hissədən ibarət olmaqla (müvafiq olaraq 0.66 ha, 0.83 ha (JN-189D) və 0.40 ha (JN-188A) olaraq Məlikumudlu kəndinin kompleks yerquruluşu islahat layihəsində (DVJ) və Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatları əsasında tərtib edilmiş elektron kadastr uçotu xəritəsində (TEKUİS) üç ayrı-ayrı massivdə göstərilmişdir. Sözügedən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı olmaqla əkin uqodiyalı ərazidə yerləşir.

2. iddiaçının naturada göstərdiyi, iddia etdiyi 3,56 ha torpaq sahəsinin 2,6 ha hissəsi **********51 reyestr nömrəli çıxarışla X6 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2,64 ha torpaq sahəsi ilə və iddiaçının naturada göstərdiyi, iddia etdiyi 3,56 ha torpaq sahəsinin 0,38 ha hissəsi isə **********50 reyestr nömrəli çıxarışla X6 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2,06 ha torpaq sahəsi ilə üst-üstə düşür.

3. JN-188 nömrəli Dövlət aktı ilə iddiaçının mülkiyyətinə verilmiş, üç ayrı-ayrı hissədən ibarət olan 1.89 ha torpaq sahəsi iddaçının naturada göstərdiyi 3,56 torpaq sahəsi ilə kəndin islahat xəritəsində (DVJ) və Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatları əsasında tərtib edilmiş elektron kadastr uçotu xəritəsində (TEKUİS) eyni ərazidə yerləşmir. Əlavə olaraq bildirilmişdir ki, Məlikumudlu kəndi ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsi (DVJ) ilə real məkanda (massivdə yerləşən faktiki torpaq sahələri) yerləşən torpaq sahələri arasında uyğunsuzluq, konfiqurasiya və bucaq fərqləri mövcuddur. - cavabdehin xx.xx.2024-cü il tarixli 3-21-3-36/2-618/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, 3.56 ha torpaq sahəsindən 2.64 və 0.38 ha torpaq sahələri çıxıldıqdan sonra qalan 0.58 ha torpaq sahəsinin 0.40 ha hissəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, əkin uqodiyalı, dövlət mülkiyyətinə aid torpaqlar kimi göstərilmişdir. 0.58 ha torpaq sahəsinin 0.18 ha hissəsi isə Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında arxın mühafizə zolağı olaraq göstərilmişdir. Dövlət mülkiyyətinə aid olaraq göstərilən 0.40 ha torpaq sahəsi **********51 reyestr nömrəli çıxarışla X6 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.64 ha torpaq sahəsinə bitişik torpaq sahəsidir. Əlavə olaraq bildirilir ki, Məlikumudlu kəndi ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsi (DVJ) ilə real məkanda (massivdə yerləşən faktiki torpaq sahələri) yerləşən torpaq sahələri arasında uyğunsuzluq, konfiqurasiya və bucaq fərqləri mövcud olduğu üçün islahat layihəsinə uyğun olaraq araşdırma aparmaq mümkün olmamışdır.

Əsaslandırma hissəsi:

İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır. Belə ki, cavabdeh orqan iddiaçıdan sənədlərin əslini təqdim etməsini, həmçinin hüquqmüəyyənedici və texniki sənədlərlə birlikdə müraciət etməsini tələb edir. İddiaçı, tələb hüququnun əsası olaraq arxiv nüsxəsi cavabdehdə olan JN-188 nömrəli Dövlət aktını təqdim etmişdir. Belə olan halda iddiaçıdan əlavə hüquqmüəyyənedici və texniki sənədlərin tələb edilməsi cavabdeh orqanın faktiki olaraq müraciətin təmin edilməsindən imtina edilməsi kimi qəbul edilməlidir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 21. Qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 6. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi 3.1.7. dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək; ... 3.1.12. hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri qanunla müəyyən edilmiş qaydada aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək; ... 3.1.20. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il, 818 nömrəli Fərmanı

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasını və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsini bu Fərmanın 6.1-ci bəndində nəzərdə tutulmuş Tədbirlər Planına müvafiq olaraq 2020-ci ilədək təmin etsin. 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 2.4. torpaqların elektron kadastr uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin. 2.5. ərazi vahidləri üzrə layihələrin nəticəsi olan və torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilmiş torpaq sahələrinə dair məlumatlar əsasında daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdə düzəlişlər edilməsi zərurəti barədə hüquq sahiblərinə bildiriş təqdim olunmasını, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsini və həmin düzəlişlərə uyğun yeni sənədlərin verilməsini təmin etsin. Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”

5. Sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi mərhələsi. 5.1 Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. 5.2 Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır. 5.3 Sistemə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsi təmin olunur. 6.6 Daşınmaz əmlakın vahid dövlət kadastrının tərkib hissəsi kimi sistem daşınmaz əmlakın dövlət reyestrinə inteqrasiya olunur və torpaq sahələri üzərində qeydiyyata alınmış hüquqlara dair məlumatların sistemə inteqrasiyası təmin edilir. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı JN-188 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 1,88 ha torpaq sahəsinin döngə nöqtələrinin yeni elektron uçot məlumatları əsasında müəyyən edilərək cavabdeh tərəfindən ona tanıdılmasına nail olmaqdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsinin tələbinə görə JN-188 saylı Dövlət Aktı 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən sənəddir və daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmçinin istinad olunan Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Cavabdeh orqan tərəfindən təqdim edilmiş mütəxəssis rəyində iddiaçı tərəfindən naturada göstərilən torpaq sahələrinə münasibətdə təqdim edilmiş kadastr məlumatları digər subyektlərə məxsus torpaq sahəsi ilə o cümlədən, dövlət mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşsə də, nəzərə alınmalıdır ki, iddiaçı naturada göstərdiyi torpaq sahəsindən faktiki istifadə etmir və cavabdeh orqandan yeni elektron uçot məlumatları əsas götürülməklə JN-188 nömrəli dövlət aktında göstərilən 1,88 ha torpaq sahəsinin döngə nöqtələrinin tanıdılmasını tələb edir. Cavabdeh orqan tərəfindən mütəxəssis rəyi və yeruquruluşu planı ilə müəyyən edilir ki, iddiaçının mülkiyyətinə verilmiş 1.88 ha torpaq sahəsi üç hissədən ibarət olmaqla (müvafiq olaraq 0.66 ha, 0.83 ha (JN-189D) və 0.40 ha (JN-188A) olaraq Məlikumudlu kəndinin Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatları əsasında tərtib edilmiş elektron kadastr uçotu xəritəsində (TEKUİS) üç ayrı-ayrı massivdə göstərilmişdir. Sözügedən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı olmaqla əkin uqodiyalı ərazidə yerləşir. Göründüyü kimi iddiaçının ona tanıdılmasını tələb etdiyi torpaq sahəsinin naturada yerləşmə vəziyyətinin yeni elektron uçot məlumatları əsasında müəyyən edilməsi mümkündür və iddiaçı da, həmin məlumatlara əsasən torpaq sahəsinin ona tanıdılmasına etiraz etmir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçıdan əlavə hüquqmüəyyənedici və texniki sənədlər tələb edərək müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 16 saylı Ucar ərazi idarəsinin üzərinə JN-188 nömrəli dövlət aktında göstərilən 1,88 ha torpaq sahəsinin döngə nöqtələrinin yeni elektron uçot məlumatları əsasında müəyyən edilərək İddiaçı tanıdılması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar