Məhkəmə qərarları › İş №2-1(116)-1230/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1230/2024

29.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1230/2024 29.01.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsi və İsmayıllı rayonu Tircan bələdiyyəsinə qarşı “İsmayıllı rayonu Aqrar İslahat Komissiyasının 05 iyun 1998-ci il tarixli 49 saylı qərarı ilə ayrılmış müvafiq miqdarda pay torpaq sahəsinin ayrılmasına dair qərar qəbul edilməsi və həmin torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsi və İsmayıllı rayonu Tircan bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İsmayıllı rayonu Aqrar İslahat Komissiyasının 05 iyun 1998ci il tarixli 49 saylı qərarı ilə ayrılmış müvafiq miqdarda pay torpaq sahəsinin ayrılmasına dair qərar qəbul edilməsi və həmin torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə “hüquqi yardımın göstərilməsinə dair” məktub ünvanlanmış və nəzərinə çatdırılmışdır ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli 2(067)-90/2005 saylı icra vərəqəsinin 3-cü bəndindən görünür ki, iddiaçıya və digər ailə üzvləriniə yaşadığı ərazilərin yerli bələdiyyəsinin ehtiyat fondu torpaqlarından İsmayıllı rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 49 saylı qərarı ilə hər birinə ayrılmış müvafiq miqdarda pay torpaq sahələrinin verilməsi öz əksini tapmışdır. Qətnamənin 3-cü bəndinin icrası isə İsmayıllı rayon AİK-na və DT və XK-nin İsmayıllı rayon şöbəsinə həvalə edilmişdir. Göründüyü kimi hazırkı iddia tələbində irəli sürülmüş pay torpaq sahəsinin ayrılması məsələsi artıq Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsi ilə həll edilmiş, torpaq sahəsinin haradan ayrılması və qətnamənin hansı subyektlər tərəfindən icra edilməli olması birmənalı müəyyən edilmişdir. Odur ki, iddiaçı, iddia olunan torpaq sahəsinin faktiki olaraq verilməsi (ayrılması) ilə bağlı hüquqi nəticənin əldə edilməsi üçün Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədinin icrasına nail olmalıdır. İddiaçının nəzərinə çatdırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. İddia olunan torpaq sahəsinə çıxarış verilməsi tələbinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, çıxarış müvafiq hüquqların dövlət qeydiyyatını əks etdirən sənəddir. Odur ki, çıxarışın verilməsi arzu olunan torpaq sahəsi üzərində qeydə alınması tələb edilən hüququn növü aydın qeyd edilməlidir. Digər tərəfdən tələbin çıxarışın verilməsi ilə bağlı hissəsi ilkin tələbdən asılı tələbdir. Yəni, iddiaçı ilk növbədə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 2(067)-90/2005 saylı qətnaməsinin icrasına nail olmalı, həmin məsələ müsbət həllini tapdıqdan sonra sözügedən torpaq sahəsi üzərində qeydə alınmasını tələb etdiyi hüquqa dair çıxarışın verilməsi tələbi ilə cavabdehə, müraciəti təmin olunmadıqda (cavabsız saxladıqda) isə analoji tələblə məhkəməyə müraciət etməlidir. İddia ərizəsinə əlavə edilmiş, cavabdeh orqanın xx.xx.2023-cü il tarixli məktubundan da göründüyü kimi faktiki olaraq müraciətinin təmin olunmasından imtina edilməmiş, AİK-nın fəaliyyətinə xitam verilərək hüquqi varisi müəyyən edilməsə də, qətnamənin 3-cü bəndi bələdiyyə tərəfindən icra edildikdən sonra DT və XK-nin İsmayıllı Şöbəsinin hüquqi varisi kimi Ərazi İdarəsi tərəfindən qətnamənin 4-cü bəndinin 2-ci hissəsinin icrası ilə əlaqədar qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcəyi bildirilmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərlə sözügedən qətnamənin icrası ilə bağlı bələdiyyəyə müraciət edilməsi, edilmiş müraciətlə bağlı hər hansı icraatın aparılması, o cümlədən İsmayıllı rayon icra və probasiya şöbəsi tərəfindən qətnamənin 4-cü bəndinin icrasının həyata keçirilməsi müəyyən edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə məhkəmənin hüquqi mövqeyinə 10 gün müddətində münasibət bildirilməsi iddiaçıya təklif olunmuşdur. Hüquqi yardım məktubu xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən qəbul edilməsinə baxmayaraq, ötən müddət ərzində iddiaçı tərəfindən məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməmişdir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsi və İsmayıllı rayonu Tircan bələdiyyəsinə qarşı “İsmayıllı rayonu Aqrar İslahat Komissiyasının 05 iyun 1998-ci il tarixli 49 saylı qərarı ilə ayrılmış müvafiq miqdarda pay torpaq sahəsinin ayrılmasına dair qərar qəbul edilməsi və həmin torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar