Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1232/2023 27.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Oğuz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 saylı qərarına əsasən satılmış faktiki istifadəsində olan 600 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alaraq adına Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Oğuz şəhərində yerləşən, 23 may 2008-cı il tarixli A041928 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0,06 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alaraq adına Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-1232/2023 nömrəli qərardadı ilə Oğuz bələdiyyəsi adi qaydada üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) tələbini dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, iddia edilən torpaq sahəsinə tərtib edilmiş xx.xx.2008-ci il tarixli A041928 nömrəli plan-ölçü sənədinin koordinatları düzgün olmadığından (koordinatlarda sürüşmə mövcuddur) həmin koordinatlarda göstərilən torpaq sahəsi üzərində yox, faktiki istifadədə olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasında maraqlıdır. Odur ki, “Oğuz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 saylı qərarına əsasən satılmış faktiki istifadəsində olan 600 kv.metr torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınaraq, adına Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçıya Oğuz rayon Oğuz Bələdiyyəsinin 28 sentyabr 2007-ci il tarixli 09 saylı qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün 0.06 ha həyətyanı torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsinə 09 iyul 2008-ci il tarixli 865 nömrə ilə qeydiyyata alınmış Torpaqların X7 tərtib olunmuşdur. Qeyd edilən torpaq sahəsinə 23 may 2008-ci il tarixli A041928 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilərək X10 kitabında 576 nömrə ilə uçota alınmışdır. Bununla bağlı iddiaçı, cavabdeh orqana müraciət edərək həmin həyətyanı torpaq sahəsinə onun adına Dövlət reyestrindən çıxarış verilməsini xahiş etsə də, müraciəti təmin edilməmişdir Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - torpaq sahəsinə dair təqdim edilmiş sənədlərdən aydın olur ki, X2 Reyhan Musa qızına 0,06 ha həyətyanı torpaq sahəsinin ayrılmasına dair 09 saylı qərarı xx.xx.2007-ci il tarixli olsa da, xx.xx.2008-ci iİ tarixli, 865 nömrə ilə DT və XK Qəbələ rayon şöbəsində qeydiyyata alınmış “Torpaqların X7" “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə “23 oktyabr 2007-ci il 466 saylı İİİ QD Azərbaycan Respublikasının Qanunun, Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə “23 oktyabr 2007-ci il, 466-saylı İİİ QD Azərbaycan Respublikasının Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Prezidentinin xx.xx.2011-ci il, 271 saylı sərəncamında irəli gələn tələblərə cavab vermir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə 01 dekabr 2007-ci il tarixindən bələdiyyə torpaqları hərrac və müsabiqə yolu ilə satıla bilərdi. Eyni zamanda bildirilmişdir ki, özgəninkiləşdirmə predmeti olan torpaq sahəsi üzərində bələdiyyə öz hüquqlarını dövlət qeydiyyatına aldıqdan sonra özgəninkiləşdirə bilər. Üçünücü şəxs iddia tələbinə münasibətini aşağıdakı kimi bildirmişdir: - “Bələdiyyə torpaqlarının idarə ediməsı haqqında” 29 iyun 2001-ci il tarixli Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 6-5-ci bəndinə uyğun olaraq X5 Oğuz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarı ilə Oğuz şəhərində yerləşən 0.03 ha və ya 300 kv. metr ölçüdə torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədi ilə satılmışdır. İddiaçı X5 Oğuz bələdiyyəsi tərəfindən satılmış, Oğuz şəhərində yerləşən 0.03 ha ölçüdə torpaq sahəsinə dair mülkiyyət huququnun cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi idarəsi tərəfindən qeydiyyata alınaraq Dövlət reyestrindən Çıxarışın verilməsinə etiraz edilmir. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi), iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia ərizəsinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı X6 tərəfindən göstərilən, faktiki naturada ölçülmüş iddiaçının istifadəsində olan 0,0612 hektar torpaq sahəsi Oğuz rayonu Oğuz şəhəri İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində, kateqoriyası yaşayış məntəqəsi torpaqları, uqodiyası əkin olan ərazidir. İddiaçının istifadəsində olan 0,0612 hektar torpaq sahəsi Oğuz şəhərinin ərazisində aparılmış Torpaq islahatına dair kompleks yerquruluşu xəritəsinə əsasən kateqoriyası yaşayış məntəqəsi torpaqları, uqodiyası əkin olmaqla Oğuz bələdiyyəsinin mülkiyyətindən ayrılmışdır. Sözügedən 0,0612 hektar torpaq sahəsi X3 istifadəsindədir. Torpaq sahəsinin koordinatları yerquruluşu planında göstərilmişdir (yerquruluşu planı 1,8). İddiaçı adına tərtib edilmiş A№041928 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş 0,06 hektar torpaq sahəsinin 0,0075 hektar hissəsi **********30, 0,0408 hektar hissəsi **********69, 0,0011 hektar hissəsi **********63 və 0,0021 hektar hissələri xüsusi mülkiyyətlərə verilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədləri ilə üstüstə düşür.(yerquruluşu planı 3,4,5,6). X3 adına tərtib edilmiş A№ 041928 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş 0,06 hektar torpaq sahəsinin 0,0085 ha hissəsi isə digər vətəndaşların istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşür. - Oğuz rayon Oğuz bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 1/128-213 nömrəli məktubundan görünür ki, Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” 29 iyun 2001-ci il tarixli Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 6-5-ci bəndinə uyğun olaraq X5 Oğuz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarı ilə Oğuz şəhərində yerləşən 0.03 ha və ya 300 kv. metr ölçüdə torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədi ilə satılmış və vətəndaş da bələdiyyənin bankda olan hesabına 300 kv. metr torpaq sahəsinin dəyərini ödəmişdir. Bələdiyyənin “Torpaq sahəsinin vətəndaşa satılmasına dair” qərarının 3-cü bəndində göstərilir ki, X1 torpaq sahəsinə mülkiyyət hüququna dair müvafiq sənədin hazırlanıb verilməsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Qəbələ rayon Ərazi İdarəsindən xahiş edilsin. Müvafiq qərardan sonra Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsi tərəfindən verilmiş rəy və arayışda torpaq sahəsinin həcmi 600 kv. metr kimi göstərilmişdir. - Oğuz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 saylı qərarından çıxarışdan, xx.xx.2008-ci il tarixli “Torpaqların alqı-satqısına dair”aktdan və xx.xx.2008-cu il tarixli qəbzdən görünür ki, Oğuz bələdiyyəsinin mülkiyyətinə aid alqı-satqı predmeti olan torpaqlardan 300 kv.metr torpaq sahəsi həyətyanı məqsədilə iddiaçıya satılmış və iddiaçı tərəfindən bələdiyyənin hesabına 130 manat pul vəsaiti ödənmişdir. - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsinin rəyindən görünür ki, Oğuz şəhər sakini R.Abdullayevə Oğuz bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsinin həyətyanı məqsədilə satılmasına etiraz edilməmişdir. - A 041928 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, sözügedən sənəd Oğuz şəhər Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 saylı qərarına əsasən tərtib edilmiş, lakin, torpaq sahəsinin ölçüsü 600 kv.m qeyd edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia qismən əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, iddia olunan 600 kv.m torpaq sahəsinin 300 kv.m hissəsi Oğuz rayon Oğuz Bələdiyyəsinin 28 sentyabr 2007-ci il tarixli 09 saylı qərarı əsasında iddiaçıya satılmış və həmin vaxtdan da, qeyd olunan torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan torpaq sahəsinin satılması barədə qərar, İsmayıllı rayon DT və XK-nin rəyi, torpaq sahəsinin dəyərinin ödənilməsi barədə qəbz, alqı-satqı aktı, “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə də təsdiq edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Cavabdehin iddiaya qarşı yeganə dəlili ondan ibarət olmuşdur ki, xx.xx.2007-ci il tarixdən bələdiyyə torpaqları hərrac və müsabiqə yolu ilə satıla bilərdi. Alqı-satqı predmeti olan torpaq sahəsi üzərində bələdiyyə öz hüquqlarını dövlət qeydiyyatına aldıqdan sonra alqı-satqı edə bilərdi. Lakin, məhkəmə həmin dəlili əsassız hesab edir. Məhkəmə ilk növbədə qeyd edir ki, Sözügedən torpaq sahəsi ilə bağlı alqı-satqı aktının hansı tarixdə tərtib edilməsindən, o cümlədən torpaq sahəsinin dəyərinin hansı tarixdə ödənilməsindən asılı olmayaraq torpaq sahəsinin iddiaçıya satılması barədə qərar 28 sentyabr 2007-ci il tarixdə qəbul edildiyindən və sözügedən qərar iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun yaranması üçün birbaşa əsas olduğundan cavabdeh orqanın xx.xx.2007-ci il tarixdən bələdiyyə torpaqlarının hərrac və müsabiqə yolu ilə satılması ilə bağlı maddi hüquq normasına istinadı əsassız olmuşdur. Bələdiyyənin 28 sentyabr 2007-ci il tarixli torpaqayırma barədə qərarı qəbul edildikdən sonra torpaq sahəsinə dair alqı-satqı aktının xx.xx.2008-ci iİ tarixli, 865 nömrə ilə DT və XK Qəbələ rayon şöbəsində qeydiyyata alınmasına, o cümlədən torpaq sahəsinin dəyərinin xx.xx.2008-cu il tarixdə ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, tərəflər arasında “torpaqların alqı-satqısına dair” aktın tərtib olunmasını nəzərədə tutsa da, həmin aktın tərtibi və torpaq ayrırma qaydasında həyata keçirilən bütün digər proseslər (torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması) bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin, müvafiq alqı-satqı aktı və digər belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyillər. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə prosedur pozuntularına yol verilməsi yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq alqı-satqı aktının tərtib edilməməsi kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe). Konstitusiya Məhkəməsinin qərarında şərh edilən mövqeyi hazırkı işin hallarına tətbiq edərək məhkəmə qeyd edir ki, torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, torpaq sahəsinin ayrılması ilə bağlı həyata keçirilən inzibati icraatın gedişində mövcud olan pozuntuların mövcudluğu özü-özlüyündə ayrılmış torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinanın müstəqil əsasını təşkil edə bilməz. Bu halda, reyestrdə qeydiyyatı aparmaqdan imtina edən inzibati orqan həmin pozuntuların torpaq sahəsinin ayırılması ilə bağlı yekun qərarın qəbul edilməsinə hansı qaydada təsir edə biləcəyini və ya etdiyini konkret işin faktiki və hüquqi hallarına istinadla əsaslandırmalı, eləcə də bu halın hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Belə imtinada, həmçinin mütləq "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin və ya bir neçəsinin mövcudluğuna istinad olunmalıdır. Yuxarıda istinad olunan normalara əsasən torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır. Torpağın ayrılması və onun rəsmiləşdirilməsi ilə bağlı inzibati orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri şəxsin üzərinə qoyula bilməz. Qeyd olunmalıdır ki, torpaq sahəsinin iddiaçıya ayrıldığı və onun istifadəsində olduğu müddətdə müvafiq qərarın hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş materialları ilə təsdiq olunmur. Eyni zamanda cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. ("İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Həmçinin nəzərə almaq lazımdır ki, mübahisələndirilən torpaq sahəsi səlahiyyətli orqanın - bələdiyyənin qərarı əsasında ayrılmışdır. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış, torpaq sahəsinin dəyərini ödəmiş və ondan təyinatına uyğun istifadə etmişdir. Bununla da onun inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır. Yəni, iddiaçının qüvvədə olan qərar əsasında torpaq sahəsinə faktiki sahiblik etdiyindən onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınacağına dair etimadı mövcud olmuşdur. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Bundan əlavə, yuxarıda istinad edilən qanunvericilik aktlarına əsasən cavabdeh inzibati orqanın istər imtinanın verildiyi zaman, istərsə də hazırda olan statusu baxımından torpaq sahəsinin ayrılmasına dair bələdiyyələr tərəfindən qəbul edilmiş qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına dair hər hansı nəzarətedici səlahiyyətləri nəzərdə tutulmamışdır. Müvafiq ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən qurumdur. Bələdiyyələrin fəaliyyətinə, o cümlədən bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktların normativ hüquqi aktlara zidd olubolmamasına nəzarəti isə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Yuxarıda qeyd olunanlarla bərabər, məhkəmə qeyd edir ki, iddiaçı, xx.xx.2008-ci il tarixli A041928 nömrəli plan-ölçü sənədinə istinad edərək faktiki istifadəsində olan 600 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etsə də, sözügedən sənəd iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Məcəllə): - 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında yaranır; - 65-cı maddəsinə əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.
2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.
3. Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.
5. Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir; - 68-cı maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddələrin ümumiləşdirilmiş tələblərinə görə, torpaq sahəsi ayrılarkən yerquruluşu qaydalarına uyğun olaraq əvvəl onun onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra isə həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilməlidir. Bu prosedurun nəticəsi olaraq torpaq sahəsinin planı və təsviri hazırlanmalıdır. Yuxarıda istinad edilmiş Torpaq Məcəlləsinin 65-ci maddəsindən də göründüyü kimi, həmin sənəd torpaq sahəsi üzərində hüququn yaranmasının hüquqi əsasını təşkil etmir, yalnız həmin torpaq sahəsinin sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasını təsdiq edir. Odur ki, iddia olunan torpaq sahəsinin 300 kv.m hissəsi üzərində iddiaçının mülkiyyət hüququnun yaranması üçün hüquqi əsas olduğundan (Oğuz rayon Oğuz Bələdiyyəsinin 28 sentyabr 2007-ci il tarixli 09 saylı qərarı) iddia tələbi həmin hissədə təmin edilməlidir. Həmçinin torpaq sahəsini iddiaçıya ayıran subyekt özü də xx.xx.2023-cü il tarixli 1/128-213 nömrəli məktubunda iddiaçıya Oğuz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 09 saylı qərarı ilə Oğuz şəhərində yerləşən, fərdi yaşayış evinin tikintisi məqsədi ilə satılmış torpaq sahəsinin ölçüsünün 0.03 ha olmasını və vətəndaş da bələdiyyənin bankda olan hesabına 300 kv. metr torpaq sahəsinin dəyərinin ödənilməsini bildirir. Məhkəmə əlavə olaraq qeyd edir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin məkan göstəriciləri ilə A041928 nömrəli plan-ölçü sənədinin məkan göstəriciləri arasında uyğunsuzluq olsa da, hər bir halda Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il 818№-li Fərmanın tələbləri baxımından həmin uyğunsuzluğun aradan qaldırılması cavabdeh orqan vəzifəsidir. Belə ki, istinad olunan Fərmanının 2.3.3-cü bəndində torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki ... şəxslərin ... qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin ... yerləşdiyi torpaqlarda ... hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması zamanı torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməli olması qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Savalan” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, "hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.” İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia qismən təmin edilir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə Oğuz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 saylı qərarına əsasən satılmış iddiaçının faktiki istifadəsində olan 300 kv.metr torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alaraq, adına Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.