Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1233/2024 22.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Şəki rayonu Baş Layısqı kənd “Baş Layısqı” kolxozunun 06.05 1992-ci il tarixli 02 iclas protokolu və xx.xx.1992-ci il tarixli akt ilə iddiaçının mülkiyyətinə verilmiş 0,12 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Şəki rayonu Baş Layısqı kənd keçmiş “Baş Layısqı” kolxozunun 06.05 1992-ci il tarixli 02 iclas protokolu və xx.xx.1992-ci il tarixli akt ilə iddiaçının mülkiyyətinə verilmiş 0,12 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasının onunla əsaslandırmışdır ki, 1992-ci ildə ev tikmək üçün torpaq sahəsinin ayrılması məqsədilə kolxoza müraciət etmişdir. Nəticədə müraciətinə baxılaraq Baş Layısqı kolxozunun 06 may 1992-ci il tarixli, 2 saylı qərarı ilə ona Şəki rayonu Baş Layısqı kənd ərazisində 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi bu günə kimi iddiaçının sahibliyində və istifadəsindədir. Son dövrlər hüquqlarının qeydiyyatı üçün müvafiq sənədləri toplayaraq cavabdehə müraciət etmişdir. Müraciətinə 12 saylı Şəki Ərazi İdarəsində baxılaraq xx.xx.2023-cü il tarixli məktubla imtina verilmişdir. İmtina səbəbi kimi qərarda torpaq sahəsinin ölçüsünün göstərilmədiyi və buna görədə qeydiyyatın mümkünsüzlüyü bildirilmişdir. Cavabdeh iddiaya qarşı münasibətində bildirmişdir ki, ərizəyə əlavə olunan sənədlərin yoxlanılması zamanı kolxoz üzvü olmuş İddiaçı ərizəsi nəzərə alınaraq, həyətyanı torpaq sahəsi verilməsi barədə ‘'Baş Layısqı” kolxozunun 06 may 1992-ci il tarixli 2 nömrəli ümumi yığıncaq protokolunun qərarı və həmin qərarın arxiv çıxarışı olsa da, qərarda qeydiyyata alınmalı torpaq sahəsinin ölçüsü göstərilmədiyindən ərizəçiyə xx.xx.2023-cü il tarixli 3-21-3-39/2-X-0014-8/2023 Ne-li imtina məktubu verilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.
2. “Şəki rayonu Baş Layısqı kənd “Baş Layısqı” kolxozunun 28 fevral 1992-ci il tarixli 02 nömrəli ümumi yığıncağından çıxarışın surəti;
3. Şəki rayonu Baş Layısqı bələdiyyəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli 202 nömrəli arayışdan görünür ki, 0.12 ha torpaq sahəsi iddiaçının istifadəsindədir.
4. Şəki rayonu Baş Layısqı bələdiyyəsi tərəfindən ayrılmış 0.12 ha torpaq sahəsinin yerləşdiyi ərazinin sxematik planı.
5. Arxiv İdarəsi Respublika X1 filialının xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş Şəki şəhər İHB-nın Baş Layısqı kənd icra nümayəndəliyinin 1996-2000-ci illərin Təsərrüfatbaşına kitabından çıxarışdan görünür ki, İddiaçı təsərrüfat başçısı kimi qeyd olunmuşdur.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilir ki Şəki rayonu Baş Layısqı kəndi üzrə həyətyanı torpaq sahələrinə dair subyektlər siyahısında İddiaçı adı aşkar olunmamışdır
7. JN 243B Kod 40409005 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, 0.10 ha sahəsi Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 46 nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir.
8. JN 108 Kod 40409005 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” sənədinin təsdiqlənmiş surətindən görünür ki, 1.74 ha sahəsi Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 46 nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir.
9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-39/2-1233/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyi.
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.5-ci bəndində yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış qeyd edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh tərəfindən imtinanın əsası olaraq Şəki rayonu “Baş Layısqı” kolxozunun 06 may 1992-ci il tarixli 02 nömrəli ümumi yığıncaq protokolunun qərarı və həmin qərarın arxiv çıxarışı olsa da, qərarda qeydiyyata alınmalı torpaq sahəsinin ölçüsü göstərilməyini qeyd edilmişdir. Həmin dəlilə münasibətdə məhkəmə qeyd edir ki,spzügedən qərarın arxiv nüsxəsi əldə edilmiş,həmin qərarda şəxslərə ayrılan torpaq sahələrinin ölçüsünə dair qeydin aparılmadığı müəyyən edilmişdir.Lakin,iddiaçı tərəfindən təqdim olunan xx.xx.1992-ci il tarixli aktdan görünür ki,ayrılan torpaq sahəsi 0,12 ha olaraq nəzərdə tutulmuşdur. Verilmiş sorğuya əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-39/2-1233/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, İddiaçı kolxozun qərarı ilə verilmiş 0.12 ha torpaq sahəsinə aid sənəd və sxem olmadığından koordinatlarını müəyyən etmək mümkün deyil. İddia olunan torpaq sahəsinin yerləşmə vəziyyətinə tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddia olunan torpaq sahəsinin sərhədləri metal torla hasarlanmışdır və üzərində tikili yoxdur. Faktiki istifadə olunan torpaq sahəsinin ölçüsü idddia olunan torpaq sahəsi ilə eynidir. iddia olunan və ya istifadə olunan torpaq sahəsi digər subyektlərin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşmür. Qeyd olunanlara əsasən iddia təmin edilməli, Şəki rayon Baş Layısqı kənd keçmiş “Baş Layısqı” kolxozunun Şəki rayonu “Baş Layısqı” kolxozunun 06 may 1992-ci il tarixli 02 nömrəli qərarına əsasən iddiaçıya ayrılmış torpaq sahəsindən onun istifadəsində olan 978 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İddiaçı ərizə verərək, məhkəmə xərcinin ona aid edilməsini xahiş etdiyi üçün mütəxəssis rəyinin verilməsinə çəkilən xərc ona aid edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə Şəki rayonu Baş Layısqı kənd keçmiş “Baş Layısqı” kolxozunun 06.05 1992-ci il tarixli 02 iclas protokolunun qərar ilə iddiaçıya ayrılmış 0,12 ha həyətyanı torpaq sahəsi üzrərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə