Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1236/2022 24.08.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6 16 saylı Ucar ərazi idarəsinə qarşı “iddiaçıya cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş **********26 reyestr nömrəli çıxarışın “daşınmaz əmlakın mülkiyyət növü”, “daşınmaz əmlakın üzərində hüququn növü” qarafasının doldurulması, “Torpaq sahəsinin kateqoriyası” (məqsədli təyinatı) qrafasındakı “su fondu torpaqları” hissəsinin “sənaye kateqoriyası” ilə əvəzlənərək yeni çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin, həmçinin ona məxsus balıqçılıq təsərrüfatının dövlət qeydiyyatına alınması və həmin balıqçılıq təsərrüfatına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş **********26 reyestr nömrəli çıxarışın “daşınmaz əmlakın mülkiyyət növü”, “daşınmaz əmlakın üzərində hüququn növü” qarafasının doldurulması, “Torpaq sahəsinin kateqoriyası” (məqsədli təyinatı) qrafasındakı “su fondu torpaqları” hissəsinin “sənaye kateqoriyası” ilə əvəzlənərək yeni çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin, həmçinin ona məxsus balıqçılıq təsərrüfatının dövlət qeydiyyatına alınması və həmin balıqçılıq təsərrüfatına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixdə **********26 reyestr nömrəli Çıxarış və AA№ 531169 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilərək verilmişdir. Həmin Çıxarışın “Daşınmaz əmlakın mülkiyyət növü”, “Daşınmaz əmlakın üzərində hüququn növü” və Daşınmaz əmlakın ümumi sahəsi (kvadratmetrlə) qrafasında tire (-) işarəsi qoyulmuşdur. Qeyd olunan 3,0 ha torpaq sahəsində Göyçay rayon “Aqrokoop”u ilə 3 nömrəli TQİ arasında 27 aprel 1993-cü il tarixdə balıqçılıq gölünün inşası üçün on milyon rubl dəyərində müqavilə bağlanaraq göl inşa edilmişdir. Həmin balıqçılıq gölünün bəndinin vurulması üçün 40 min kub torpaqdan istifadə edilmiş və gölün içərisindən 50 min kub daş-çınqıl çıxarılaraq göl dərinləşdirirlmişdir. Bunlar gölün əvvəlki texniki pasportunda və müqaviləsində öz əksini tapmışdır. Həmin inşa edilmiş balıqçılıq gölünün 162565 (yüz altmış iki min beş yüz altmış beş) kub su tutumunun olması Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi, Baş Dövlət Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 13 avqust 2004-cü tarixdə 01 nömrəli reyestr kitabında 22-ci səhifədə 88 reyestr nömrəsi ilə qeyd olunmuş Qeydiyyat vəsiqəsində qeyd olunmuşdur. “Azərittifaq” İdarə Heyətinin 26 mart 2004-cü il tarixli 91 saylı qərarı ilə Göyçay rayonunun 1-ci Ərəb Cəbirli kəndində yerləşən, Göyçay “Aqrokoorpun” yardımçı təsərrüfatına aid 3 otaqlı ev, Balıq yetişdirmək üçün göl, Yüksək gərginlikli elektrik xətti-transfarmator və mal-qara saxlamaq üçün tövlə iddiaçıya satılmışdır. Eyni zamanda “balıqçılıq təsərrüfatı subyektlərinin yerləşdiyi torpaq sahələrinin faktiki istifadə vəziyyətinin yerli icra hakimiyyəti orqanları ilə birlikdə araşdırılması, balıqçılığın inkişafının dəstəklənməsi istiqamətində təsərrüfatların iqtisadi səmərəliliyinin aidiyyatı üzrə təhlil edilməsi və onların istifadələrində olan torpaqların əvvəlki vəziyyətinə qaytarılması mümkün olmadığı halda mövcud qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 01 aprel tarixli 16/1448-13 nömrəli tapşırığına uyğun olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, X2 və 42 rayon İcra Hakimiyyəti orqanının səlahiyyətli nümayəındələrindən və mütəxəssislərindən ibarət yaradılmış təşkilatlararası işçi qrupunun regionlarda apardığı araşdırma nəticəsində dövlət qeydiyyatına hazır olan, lakin daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışı olmayan 42 balıqçılıq təsərrüfatı subyekti aşkarlanmışdır ki, həmin 42 balıqçılıq subyektlərinə aid tərtib olunmuş siyahıda iddiaçının balıqçılıq təsərrüfatı 18-ci sırada qeyd edilmişdir. İddiaçıya xx.xx.2020-ci il tarixdə DƏDRX-nin Ucar Ərazi İdarəsi tərəfindən tərtib edilərək verilmiş Çıxarış və AA№ 531169 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində isə səhvən “Torpaq sahəsinin kateqoriyası” (məqsədli təyinatı) qrafasında “su fondu torpaqları” kimi göstərilmişdir. Halbuki 42 balıqçılıq subyektinə aid tərtib olunmuş siyahıda iddiaçının balıqçılıq təsərrüfatının yerləşdiyi ərazi “su fondu torpaqları kateqoriyasına yox, sənaye kateqoriyasına aiddir. Süni gölün sahəsi isə 4.1 ha göstərilmişdir. İddiaçı cavabdeh orqana hazırkı tələblə müraciət edərək yeni çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin, həmçinin ona məxsus balıqçılıq təsərrüfatının dövlət qeydiyyatına alınması və həmin balıqçılıq təsərrüfatına dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli **********98 nömrəli imtina məktubunda qeyd etmişdir ki, iddiaçıya məxsus Göyçay rayonu Birinci Ərəbcəbirli kəndində yerləşən 3,0 hektar torpaq sahəsinə verilmiş **********26 reyestr nömrəli çıxarış və torpaq sahəsinin planı və ölçüsü X7 İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş 88 nömrəli qeydiyyat vəsiqəsi əsasında verilmişdir. İddiaçının müraciəti əsasında təkrar araşdırma aparılmış, Göyçay rayonu Birinci Ərəbcəbirli kəndində yerləşən 3,0 hektar torpaq sahəsi üzərində onun mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq icra edilmişdir. İddiaçının ərizəyə əlavə etdiyi Dövlət reyestrindən çıxarışı olmayan balıqçılıq subyektlərinin siyahısı hüquqların dövlət qeydiyyatı və torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi üçün əsas deyil. Cavabdeh xx.xx.2022-ci il tarixli **********34 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, vətəndaşın ərizəsinə əlavə edilmiş Dövlət reyestrindən çıxarışı olmayan balıqçılıq subyektlərinin siyahısı hüquqların dövlət qeydiyyatına və torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsinə əsas hesab olunmadığı üçün ərizəsinin icrası mümkün olmamışdır. Əlavə olaraq bildirilir ki, İddiaçı adına verilmiş xx.xx.2004-cü il tarixli qeydiyyat vəsiqəsi əsasında xx.xx.2020-ci il tarixdə gölün altında olan torpaq sahəsi üzərində onun istifadə hüququ dövlət reyestrində qeydiyyata alınaraq, adına **********26 reyestr nömrəli çıxarış və plan-ölçü sənədi verilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 16 saylı Ucar Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin ediməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə məqsədinin torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi ilə bağlı olmadığını, ona verilmiş çıxarışda olan boş qrafaların doldurulmasını və hüquqlarının rəsmiləşdirilməsini tələb etdiyini bildirmiş, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etiraz məktubunda qeyd edilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna əsasən tələb olunmuş sənədlərin surətləri etiraza əlavə olunmuşdur. İş materiallarında olan: xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Göyçay rayonu X8 kəndində yerləşən 3,0 ha torpaq sahəsi dövlət mülkiyyətindədir, İddiaçı istifadəsindədir. AA seriyalı 531169 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Göyçay rayonu X8 kəndində yerləşən yerləşən 3,0 ha torpaq sahəsi dövlət mülkiyyətindədir, İddiaçı istifadəsindədir, torpaq sahəsinin kateqoriyası su fondu torpaqları (su tutarı) kateqoriyasına aiddir. Sözügedən plan-ölçü sənədi “Azərittifaq”ın İdarə heyətinin (Göyçay rayon şöbəsi) xx.xx.2004-cü il tarixli 91 nömrəli qərarı əsasında tərtib olunmuşdur. Göyçay rayon XDS Rəyasət Heyətinin xx.xx.1993-cü il tarixli 1 nömrəli qərarının surətindən görünür ki, həmin qərarla X5 Tədarük Sənaye Ticarət Birliyinin balıqçılıq təsərrüfatı üçün gölün Göyçay çayının yuxarısında, çayın yatağının qərb tərəfində olan sahəsindən seçilmiş 3,0 hektar ərazisində tikilməsi üçün layihələndirilməsinə icazə verilmiş, X5 Tədarük Sənaye Ticarət Birliyinin direktoruna obyektin yerləşəcək sahəsini əsasnaməyə uyğun olaraq respublikanın əlaqədar təşkilatları ilə razılaşdırıb xüsusi dövlət torpaq orqanına təqdim edilməsi tapşırılmışdır. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanladığı xx.xx.2019-cu il tarixli 4/3159-01-28 nömrəli məktubunda qeyd olunur ki, Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələrinin iştirakı ilə ölkədə fəaliyyət göstərən balıqçılıq təsərrüfatlarının inventarlaşması və təhlili apanlmış, akvakultura subyektlərinin mövcud vəziyyəti, istifadə etdiyi torpaq sahəsi və su obyektinin qiymətləndirməsi nəticəsində akvakultura üzrə dövlət qeydiyyatına hazır olan, lakin daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışı olmayan 42 balıqçılıq təsərrüfatı subyektləri aşkarlanmışdır. Bununla bağlı yerləşdiyi torpağın təyinatına görə akvakultura fəaliyyəti üzrə dövlət qeydiyyatına hazır olan balıqçılıq subyektlərinin mülkiyyət, istifadə və icarə hüquqları dövlət qeydiyyatına alınması üçün zəruri olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədinin verilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təqdim edilmiş “Yerləşdiyi torpağın təyinatına görə qeydiyyata hazır olan, lakin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı olmayan balıqçılıq subyektlərinin siyahısı”nda iddiaçı X3 adı 18-ci sırada qeyd edilmiş, su obyektinin növü və sahəsi süni göl 4,1 ha göstərilmiş, torpağın kateqoriyası qrafasında çay yatağı, qeydlər qrafasında isə çıxarışı yox (sənaye) qeydi aparılmışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanladığı xx.xx.2019-cu il tarixli **********39 nömrəli məktubunda qeyd olunmuşdur ki, məktubda qeyd olunan məsələlərin həlli ilə əlaqədar olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə müvafiq tapşırıq verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-cı və 10-cu maddələrinə əsasən tələb olunan hüquqmüəyyənedici və texniki sənədlərin əsillərinin həmin əmlakların yerləşdiyi ərazi üzrə fəaliyyət göstərən xidmətin müvafiq ərazi idarələrinə təqdim edilməsi məqsədəmüvafiqdir. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur; 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun: 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı ... 8.0.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər... daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə müvafiq olaraq hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 32-ci maddəsinin 3-cü bəndinə əsasən su fondu torpaqları bu Məcəllə, Azərbaycan Respublikasının Su Məcəlləsi və digər qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada bələdiyyə mülkiyyətinə, hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. 4-cü bəndinə görə su fondu torpaqlarının verilməsi, geri alınması və istifadə qaydaları bu Məcəllə, Azərbaycan Respublikasının Su Məcəlləsi və digər normativ-hüquqi aktlarla müəyyən edilir. Göründüyü kimi, qanunverici su fondu torpaqlarının fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətinə verilməsi imkanını nəzərdə tutmamışdır. Eyni zamanda iddiaçının Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təqdim edilmiş “Yerləşdiyi torpağın təyinatına görə qeydiyyata hazır olan, lakin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı olmayan balıqçılıq subyektlərinin siyahısı”nda adının qeyd olunduğu 18-ci sıranın qeydlər qrafasında “çıxarış yox (sənaye)” qeydinə əsaslanaraq ona verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışın “torpaq sahəsinin kateqoriyası (məqsəli təyinatı)” qrafasında düzəliş edilərək “sənaye kateqoriyası” yazılmasını tələb etməsi əsassızdır. Beləliklə, məhkəmə araşdırması nəticəsində iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə görə, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6 16 saylı Ucar ərazi idarəsinə qarşı “iddiaçıya cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş **********26 reyestr nömrəli çıxarışın “daşınmaz əmlakın mülkiyyət növü”, “daşınmaz əmlakın üzərində hüququn növü” qarafasının doldurulması, “Torpaq sahəsinin kateqoriyası” (məqsədli təyinatı) qrafasındakı “su fondu torpaqları” hissəsinin “sənaye kateqoriyası” ilə əvəzlənərək yeni çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin, həmçinin ona məxsus balıqçılıq təsərrüfatının dövlət qeydiyyatına alınması və həmin balıqçılıq təsərrüfatına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-1236/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1236/2022
24.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver