Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1236/2025 03.12.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçı X4, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Hukasian Onikin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Qəbələ rayon İHB-nın Nic QİƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışına əsasən 0.15 ha torpaq sahəsində yerləşən 1960-cı ildə tikilmiş fərdi yaşayış evinə mülkiyyət hüququnun mərhum atası X5 məxsus olması ilə bağlı arayışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Qəbələ rayonu Nic qəsəbəsində mərhum X2 cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli **********52 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Qəbələ rayonu Nic qəsəbəsində ümumi sahəsi- 1.08 ha torpaq sahəsi ümumi birgə, xx.xx.2024-cü il tarixli **********48 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Qəbələ rayonu Nic qəsəbəsində ümumi sahəsi- 0.15 ha torpaq sahəsi, xx.xx.2023-cü il tarixli **********18 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Qəbələ rayonu Nic qəsəbəsində ümumi sahəsi 0.6219 ha torpaq sahəsi ümumi birgə, xx.xx.2023-cü il tarixli **********15 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Qəbələ rayonu nic qəsəbəsində ümumi sahəsi 0.7015 ha torpaq sahəsi ümumi birgə, xx.xx.2023-cü il **********17 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Qəbələ rayonu Nic qəsəbəsində ümumi sahəsi 0.9756 ha torpaq sahəsi ümumi birgə və Qəbələ rayon Aqrar islahat komissiyasının 05 fevral 1999-cu il tarixli 03 saylı qərarı ilə ümumi sahəsi-0.63 ha həyətyanı torpaq sahəsi paylı şəkildə mülkiyyətində olmuş torpaq sahəsinə və evə qanuni vərəsə kimi iddiaçının adına çıxarışın və kadastr planının verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək “Qəbələ rayon İHB-nın Nic QİƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışına əsasən 0.15 ha torpaq sahəsində yerləşən 1960-cı ildə tikilmiş fərdi yaşayış evinə mülkiyyət hüququnun mərhum atası X6 məxsus olması ilə bağlı arayışın verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin həmin tarixli iclas protokolu ilə təmin olunmuşdur. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, hazırkı tələblə cavabdehə müraciət etmiş, ona xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-4756/2024 nömrəli məktubla imtina verilmişdir. İddiaçı bildirir ki, Qəbələ rayon İHB-nın Nic QİƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışında fərdi yaşayış evinin X8 tərəfindən inşa olunduğu qeyd olunmuşdur.Həmin fərdi yaşayış evinə inventar büro tərəfindən tərtib olunmuş Texniki Pasportda fərdi yaşayış evinin X3 və başqa vətəndaşa məxsus olduğu qeyd olunmuşdur. Cavabdeh iddiaya etirazını onunla əsaslandırır ki, iddiaçının iddia etdiyi Qəbələ rayonu Nic qəsəbəsində yerləşən fərdi yaşayış evinin İƏN-in arayışında X9 tərəfindən inşa edildiyi qeyd olunmasına baxmayaraq fərdi yaşayış evinə dair İnventar Büro tərəfindən tərtib olunmuş Texniki pasportda fərdi yaşayış evinin X7 ilə bərabər eyni zamanda başqa şəxslərində mülkiyyətində olması qeyd edilmişdir. Bu səbədən fərdi yaşayış evi və həmin yerləşdiyi faktiki torpaq sahəsinin qeydiyyata alınması tərəfimizdən mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının tələbinin icrasından imtina edilmişdir.
2. 23.09.2024-cü il tarixli Oğuz rayon Notariat ofisinin məktubu;
3. 2V-172 nömrəli Vərəsəlik hüququ haqqında Şəhadətnamə;
4. JN-113F KOD-40600068 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə;
5. 1-ВЛ seriyalı, 415262 nömrəli ölüm haqqında şəhadətnamə;
6. 391 nömrəli yaşayış evinin texniki pasportu;
7. AZ-İİ seriyalı 367804 nömrəli ölüm haqqında şəhadətnamə;
8. Cavabdeh orqanın xx.xx.2024-cü il tarixli etirazı, xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə edilmiş mütəxəssis rəyi;
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı Qəbələ rayon İHB-nin Nic QİƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışına əsasən 0.15 ha torpaq sahəsində yerləşən 1960-cı ildə tikilmiş fərdi yaşayış evinə mülkiyyət hüququnun mərhum atası X5 məxsus olması ilə bağlı arayışın verilməsindən ibarətdir. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, iddiaçı mərhum atası X8 və anası X2 vərəsəsidir.İddiaçının mərhum atasına məxsus 1960-cı ildə tikilmiş fərdi yaşayış evi mövcuddur.Bu barədə Qəbələ rayon İHB-nin Nic QİƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışı və 1975-ci ilə dair Təsərrüfatbaşına kitabdan çıxarış təqdim edilmişdir. Həmin evin yerləşdiyi torpaq sahəsinin xüsusiyyətlərinin müəyyən edilməsinə dair mütəxəssis rəyi alınmışdır. Cavabdeh orqanın xx.xx.2024-cü il tarixli etirazı, xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisi 28 avqust 2025-ci il tarixdə Qəbələ rayonu Nic qəsəbəsində yerləşən əraziyə baxış keçirmiş, GPS ölçmələri aparılmışdır.Rəydə aşağıdakılar göstərilmişdir : xx.xx.2024-cü il tarixli **********52 reyestr nömrəli çıxarışın plan-ölçü sənədi olmadığından, 1989-cu il tarixli texniki pasport cizgisi ilə uyğunluğun müəyyən edilməsi mümkün deyil. Hukasian Onikin atasına məxsus fərdi yaşayış evi DWG yerquruluşu xəritəsinə əsasən Nic qəsəbəsi inzibati ərazi dairəsi daxilində, yaşayış məntəqələri torpaqları kateqoriyasında, bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşir.Faktiki ölçülmüş fərdi yaşayış evinin sahəsi 121,0 kv.m, hündürlüyü 7,0 metrdir. Müayinə edilən torpaq sahəsi üzərində başqa şəxslərin dövlət qeydiyyatına alınmış mülkiyyət hüquqları mövcud deyil. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək iddianı əsaslı hesab edir. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında (bənd 2.3) kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış - daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı:
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: ... 2.3. 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair həmin tarixədək verilmiş təsərrüfatbaşına kitablarından çıxarış və ya həmin çıxarışlar əsasında verilmiş arayışlar; 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış; 2.5-1. sovxoz və ya dövlət orqanlarının tabeliyində olan digər kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış; Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 21 iyun 2023-cü il tarixli 202 nömrəli (2 nömrəli əlavə) “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir:
7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş Yuxarıda qeyd olunanlara və işin hallarına əsasən məhkəmə hesab edir ki, 0,15 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsindən imtina etməkdə cavabdeh haqlı olmamışdır. Odur ki, iddia təmin edilməli, Qəbələ rayon İHB-nın Nic QİƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışına əsasən 0.15 ha torpaq sahəsində yerləşən 1960-cı ildə tikilmiş fərdi yaşayış evinə mülkiyyət hüququnun mərhum X5 məxsus olması ilə bağlı arayışın iddiaçıya verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə Qəbələ rayon İHB-nin Nic QİƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışına əsasən 0.15 ha torpaq sahəsində yerləşən 1960-cı ildə tikilmiş fərdi yaşayış evinə mülkiyyət hüququnun mərhum X5 məxsus olmasına dair arayışın iddiaçıya verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə