Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1237/2020 05.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağsu rayon filialına qarşı “1991-1998-ci illərdə Ağsu rayon “Sabir” adına sovxozda işlədiyi 6 il 1 ay müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağsu rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1991-1998-ci illərdə Ağsu rayon “Sabir” adına kolxozda işləməyinə dair Ağsu rayon Dövlət Arxivi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli, 48 saylı arxiv arayışında göstərilən iş illərinin staj kimi müəyyən edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1955-ci il tarixdə Ağsu rayonunda anadan olmuşdur. İş stajı nəzərə alınmaqla əmək pensiyası ilə əlaqədar iddiaçı ona pensiya təyin edilməsi üçün cavabdeh orqana müraciət edərək sənədlərini, həmçinin 1978-1991-ci illərdə əmək fəaliyyətinə dair əmək kitabçasını və 1991-1998-ci illərdə Ağsu rayonu, “Sabir” adına kolxozda işləməyi barədə Ağsu rayon Dövlət Arxivi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli arxiv arayışını təqdim etmişdir. Lakin cavabdeh orqan iddiaçının 1991-1998-ci illərdə kolxozda işlədiyi müddətin onun əmək kitabçasında qeyd edilmədiyini əsas gətirərək iddiaçıya pensiya təyin edilməsindən imtina etmişdir. İddiaçı keçirilən məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək “1991-1998-ci illərdə Ağsu rayon “Sabir” adına sovxozda işlədiyi 6 il 1 ay müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixli protokol qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusu hesab edilir. Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 ıl sığorta stajı olduqda (2017-ci ilin 1 iyul tarixinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir. Belə ki, həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Habelə nəzərə alınmalıdır ki, Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Məhkəmə iclasında iddiaçı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilən Ağsu rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 48 nömrəli arxiv arayışı və həmin arxiv arayışının verilməsinə əsas olan xx.xx.2020-ci il tarixli, 22 nömrəli məktuba əlavə edilən sənədlərin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, iddiaçı 1991-1998-ci illər ərzində “Sabir” adına sovxozda işləyərək əmək haqqı almışdır. İş materiallarına əlavə edilən xx.xx.2020-ci il tarixli Aktın surətində qeyd edilir ki, iddiaçının 1991-1998-ci illərdə “Sabir” adına sovxozda işləməsi Ağsu rayon Dövlət Arxivində saxlanılan sovxozun əmək-uçot kitabçasına əsasən qarşılıqlı yoxlanılmışdır. Yoxlama zamanı sovxozun əməyin ödənişinə görə staj kitabına baxılarkən müəyyən edilmişdir ki, İddiaçı 1991-1998-ci illərdə Ağsu rayon “Sabir” adına sovxozda işləməklə əmək haqqı almışdır. Beləliklə, iddiaçının arxiv arayışında qeyd olunan iş stajı təsdiq olunmuşdur. İş materiallarında olan cavabdeh orqanın xx.xx.2020-ci il tarixli, **********4 nömrəli məktubunda qeyd edilir ki, vətəndaş İddiaçı əmək pensiyası yaşı xx.xx.2020-ci ildə tamam olmuşdur. Vətəndaşın mübahisələndirilməyən iş stajı 1974-1976-ci ilərdə 2 il 6 gün hərbi xidmət müddəti , əmək kitabçasında qeyd olunan 14 il 3 ay 15 gün və 2 il 9 ay 14 gün əyani təhsil dövrü olmaqla cəmi 19 il 1 ay 5 gündür. Bunun da pensiya kapitalına çevrilməsi nəticəsində 14156 manat 91 qəpik pensiya kapitalı yaranır. Vətəndaşın mübahisələndirilən iş stajı Arxiv arayışında qeyd olunan 1991-1998-ci illərdə “Sabir” adına sovxozda işlədiyi 6 il 1 ay iş stajıdır ki, bunun da pensiya kapitalına çevrilməsi nəticəsində 4509 manat 62 qəpik pensiya kapitalı yaranır. Cavabdeh orqan bildirir ki, iddiaçıya əmək pensiyası yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 28800 manat pensiya kapitalı, bu pensiya kapitalı olmadıqda isə 25 il ümumi sosial sığorta stajı tələb olunur. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqələrinin surəti, cavabdehin xx.xx.2020-ci il tarixli **********9 nömrəli imtina məktubu, Ağsu rayon Dövlət Arxivinin xx.xx.2020-ci l tarixli 48 nömrəli Arxiv arayışı, Ağsu rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 22 nömrəli məktubu və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətləri, cavabdehin xx.xx.2020ci il tarixli **********4 nömrəli məktubu, xx.xx.2020-ci il tarixli Aktın surəti, cavabdehin etiraz məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin əsaslıdır. Belə ki, iddiaçı cavabdeh orqana ona hüququnun yarandığı tarixdən yaşa görə pensiya təyin edilməsi üçün müraciət etmişdir. Cavabdeh orqan iddiaçının 2 il 9 ay 14 gün əyani təhsil müddətini, 2 il 6 gün hərbi xidmət illərini və onun əmək kitabçasında qeyd olunan 14 il 3 ay 15 gün iş dövrünü (cəmi 19 il 1 ay 5 gün) mübahisələndirməsə də, iddiaçının 1991-1998-ci illərdə “Sabir” adına sovxozdakı 6 il 1 ay iş müddətini həmin illərin əmək kitabçasında qeyd edilmədiyi əsas gətirərək iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmiş və tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Məhkəmə araşdırması zamanı məlum olmuş və iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli Aktın surəti, Ağsu rayon Dövlət Arxivinin xx.xx.2020-ci l tarixli 48 nömrəli Arxiv arayışı, Ağsu rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 22 nömrəli məktubu və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətləri ilə iddiaçının 1991-1998ci illərdə “Sabir” adına sovxozda işləməsi faktı öz təsdiqini tapmışdır. Beləliklə iddiaçının mübahisələndirilməyən 19 il 1 ay 5 gün iş stajına onun mübahisələndirilən “Sabir” adına sovxozdakı 6 il 1 ay iş dövrünü əlavə etdikdə cəmi 25 il 2 ay 5 gün ümumi sosial sığorta stajı edir ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta müddətini tamamlayır. Göründüyü kimi iddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı ondan ibarətdir ki, kolxozda işlədiyi müddət sosial sığorta stajına daxil ediləcəyi təqdirdə tələb olunan 25 il müddət tamamlanacaq və onun xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası almaq hüququ reallaşacaqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının 1991-1998-ci illərdə Ağsu rayon “Sabir” adına sovxozda işlədiyi 6 il 1 ay müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ağsu rayon filialının üzərinə İddiaçı 1991-1998-ci illərdə Ağsu rayon “Sabir” adına sovxozda işlədiyi 6 il 1 ay müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-1237/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1237/2020
05.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver