Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1238/2022 28.12.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı "xxxx" ASC-yə olan borcu 360 gündən çox gecikdiyi üçün, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanın təsiri altına düşdüyündən 5 il müddətinə onunla 1 ili güzəştli olmaqla, illik bir faizlə restrukturizasiya müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Bankı və "xxxx" ASC-yə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək "xxxx" ASC-yə olan borcu 360 gündən çox gecikdiyi üçün, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanın təsiri altına düşdüyündən 5 il müddətinə onunla 1 ili güzəştli olmaqla, illik bir faizlə restrukturizasiya müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı, tələbini dəqiqləşdirərək “Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı "xxxx" ASC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə "xxxx" ASC-yə olan borcun 360 gündən çox gecikdiyi üçün, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanın təsirinə düşdüyündən 5 il müddətinə onunla 1 il güzəştli olmaqla, 1 illik faizlə restrukturizasiya müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-4368/2022 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, "xxxx"ASC cavabdehlər sırasından çıxarılaraq üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-4368/2022 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, "xxxx" ASC-nin İsmayıllı filialı arasında xx.xx.2015-ci il tarixində 36 ay müddətinə illik 24% hesablanması şərti ilə 4700 ABŞ dolları məbləğində **********68015 nömrəli kredit müqaviləsi və öhdəliklərinin icrasının təminatı qismində xx.xx.2015-ci il tarixində Bankın İsmayıllı filialı ilə X2 arasında **********68015/ZM nömrəli zaminlik müqaviləsi bağlamışdır. İddiaçı, həmin müqavilə üzrə 360 gündan çox gecikdirilmiş borcunun olmasını və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanın təsirinə düşdüyü bildirərək 5 il müddətinə onunla 1 il güzəştli olmaqla, 1 illik faizlə restrukturizasiya müqaviləsinin bağlanmasını cavabdeh orqandan xahiş etmiş, cavabdeh orqan, sözügedən kredit müqaviləsi üzrə əsas kredit borcunun 247 gün gecikdirildiyini və fiziki şəxslərin kredit borclarının restrukturizasiyasi məqsədilə yeni güzşətli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmasını bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə münasibətdə qeyd etmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Farman) icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) malumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR va PK məlumat bazalarına əsasən iddiaçı (FİN: xxxxxxx) ile ASC “Xalq” Bankı arasında xx.xx.2015-ci il tarixində bağlanmış 4.700,00 ABŞ dolları dəyərində kredit müqaviləsi (xx.xx.2016-ci il tarixdə bank tərəfindən restrukturizasiya edilmişdir) Fərmanın təsiri çərçivəsinə düşməmişdir. Belə ki, həmin məlumat bazalarına daxil edilmiş məlumatlara görə tərəflər arasında bağlanmış sözügedən kredit müqaviləsi üzrə əsas kredit borcunun 247 gün gecikdirildiyi göstərilmişdir. Bununla bağlı qeyd edilməlidir ki, Fərmana əsasən xx.xx.2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isa 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunması nəzərdə tutulmuşdur. Fərmanın 8.6-ci bəndinə görə bu Fərmanın məqsədləri üçün vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxlərlə xx.xx.2012-ci il tarixdən Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündan çox gecikdirilmiş borclar müəyyən edilmişdir. Bununla yanaşı, “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin va həmin məbləğə hesablanmış faiz va dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilmasi” Qaydasinın (Qayda) 7.1-ci bəndinə əsasən vətəndaşlar barəsində olan məlumatların (kompensasiya ödənişləri va restrukturizasiya ila bağlı) fiziki şəxslər və kredit təşkilatları üçün əlçatanlığın təmin olunması və onlar tərəfindən həmin məlumatların onlayn rejimdə əldə edilməsi məqsədilə yaradılmış elektron portala da yerləşdirilmişdir. Süzügedən Qaydanın 6.16-ci bəndinə əsasən fiziki şəxslərin kredit borclarinın restrukturizasiyasi məqsədilə yeni güzşətli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmışdır. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi, məhkəmə iclasında izahat verərək, iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2020 və xx.xx.2020-ci il tarixli məktublarıdan görünür ki, iddiaçının müraciəti təmin edilməmişdir. - "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli 198 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2015-ci il tarixində baş vermiş devalvasiya tarixinə kreditin əsas borc məbləği 3818.49 ABŞ dolları təşkil etmişdir. xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə əlaqədar banka 2797,82 manat vəsait daxil olmuşdur. Bu vəsaitin 2704.63 manat hissəsi kredit borcu üzrə vaxtı keçmiş əsas borcun silinməsinə yönəldilmiş, 93,19 manat məbləği isə iddiaçıya ödənilmişdir. İddiaçının xx.xx.2020-ci il tarixinə 2539.86 manat məbləğində ümumi kredit borcu mövcuddur və bu məbləğin 1586.47 manatı əsas borc, 565.75 manatı vaxtı keçmiş əsas borc, 376.33 manatı kreditdən istifadəyə görə hesablanmış adi fazi borcu, 11.31 manatı isə vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış penya təşkil edir. Həmçinin, **********68015 nömrəli kredit müqaviləsi üzrə gecikdirilmiş əsas borc məbləği xx.xx.2017-ci il tarixindən başlayaraq formalaşmışdır. Həmin tarixdən xx.xx.2019cu il tarixinə (Fərman qəbul edildiyi tarix) kimi gecikdirilmiş əsas borc məbləği üzrə 570 gecikmə günü təşkil etmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli Elektron Məhkəmə İnformasiya Sisteminə əlavə etdiyi ərizədən görünür ki, “Azərbaycan Respublikasında fiziki şəxlərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının 6.1-ci bəndinə əsasən, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanması təklif edilməlidir. Həmin Fərmanın 8.6-cı bəndinə əsasən, vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərə 2012-ci il yanvarın 1-dən bu Fərmanın qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar nəzərdə tutulur. Fərmanın yuxarıda qeyd edilən bəndlərinin məzmunundan görünür ki, fiziki şəxslərlə yeni güzəştli kredit müqaviləsi bağlanması üçün həmin şəxslə bağlanmış kredit müqaviləsi üzrə gecikmə günlərinin sayı 360 gündən artıq olmalıdır. - "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli BO-XO-30.6.2022-008 nömrəli arayışından görünür ki, iddiaçı ilə bağlanmış kredit müqaviləsinə əsasən Borc alanın xx.xx.2019-cu il tarixə ümumi borc məbləği 1983.33 manat təşkil edir ki, bunun da 912.62 manatı əsas borc, 1047.86 manatı adi faiz borcu, 22.85 manatı isə cərimə faizləri üzrə borc məbləğindən ibarətdir. Hazırki kredit üzrə gecikmə günlərinin sayı 247 gün təşkil edir. Bu səbəbdən Kredit AR Prezidentinin məlum Fərmanının təsir dairəsinə düşməmişdir. - "xxxx" ASC-nin İsmayıllı filialı arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********68015 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçıya 36 ay müddətinə illik 24% hesablanması şərti ilə, 4700 ABŞ dolları məbləğində kredit verilmişdir. Öhdəliklərinin icrasının təminatı qismində xx.xx.2015-ci il tarixində Bankın İsmayıllı filialı ilə X2 arasında **********68015/ZM nömrəli zaminlik müqaviləsi bağlanılmışdır. - ASC “Xalq” Bankın xx.xx.2020-ci il tarixli 1421 nömrəli məktubunda iddiaçı ləğv edilmiş Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Banka göndərilən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı”-na əsasən kreditləri restrukturizasiya olunmalı borcalanların siyahısında yer almamışdır. Bununla bağlı ASC “Xalq” Bankı tərəfindən ləğvetmə prosesində olan Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət göndərilmiş, lakin Palata tərəfindən müraciətə cavab verilməmişdir. Belə olan təqdirdə bu istiqamətdə hər-hansı addımın atılmağı Bankı səlahiyyətləri xaricindədir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun üzrlü səbəblərinə dair məlumat verməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən, banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş və bu Fərmana əsasən, hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləği və borcluların siyahısı müəyyən edilməlidir. Bu Fərmanın 1-ci bəndinə əsasən 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 2.1-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi tətbiq olunmalıdır. Həmin Fərmanın 2-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ya ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməli, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməlidir. Həmin Fərmanın 7.1-ci maddəsində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına tapşırılmışdır ki, banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. Həmin Fərmanın 8.6-cı bəndində vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar müəyyən edilmişdir. Həmin Fərmanın 8.8-ci bəndində güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər müəyyən edilmişdir. “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının icrası məqsədilə təsdiqlənmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalivasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydaları”nın 6.16-cı bəndində fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviəsinin bağlanması ilə bağlı müraciətlərin qəbulunun son tarixi xx.xx.2019-cu il nəzərdə tutulmuşdur. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********68015 nömrəli kredit müqaviləsi üzrə əsas kredit borcu üzrə gecikdirilmiş günlərin sayı Xalqbank” ASC-nin xx.xx.2020-ci il tarixli 198 nömrəli məktubunda 570 gün, xx.xx.2022-ci il tarixli BO-XO-30.6.2022-008 nömrəli arayışında isə 247 gün qeyd edilmişdir. Üçüncü şəxsin nümayəndəsi gecikmə günlərinin sayı ilə bağlı təqdim edilmiş fərqli məlumatları aşağıdakı kimi izah edərək müvafiq arayışı təqdim etmişdir: - xx/xx/2020-ci il tarixli 198 saylı məktubda göstərilmiş əsas borc üzrə gecikmə günü (570 gün), xx/xx/2017-ci il tarixindən (vaxtı-keçmiş hesabda ilk dəfə qalığın yaranma tarixi) xx/xx/2019-cu il tarixinədək olan bank günlərinin sayını göstərir. Qeyd olunan dövr ərzində müştəri tərəfindən ödənişlər edilmiş, lakin bu krediti tam vaxtı-keçmiş kredit statusundan çıxmamışdır. - xx/xx/2022-ci il tarixli BO-XQ-30.6.2022-008 saylı məktubda isə xx.xx.2019-cu il tarixinə göstərilmiş əsas borc üzrə gecikmə günü (247 gün) göstərilmişdir. Müştəri tərəfindən əsas borc üzrə ödəniş son dəfə xx/xx/2018-ci il tarixində hayata keçirilmişdir, göstərilən say həmin ödəniş tarixindən sonra xx/xx/2019-cu il tarixinədək olan bank günlərinin sayını göstərir. Bu səbəbdən qeyd olunan kredit AR Prezidentinin məlum Fərmanının təsir dairəsinə düşməmişdir. Lakin, məhkəmə hesab edir ki, iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********68015 nömrəli kredit müqaviləsi üzrə əsas kredit borcu üzrə gecikdirilmiş günlərin sayının 247 gün müəyyən edilməsi ilə bağlı cavabdeh orqanın və üçüncü şəxsin mövqeyi əsaslı deyil. Belə ki, üçüncü şəxsin qeyd etdiyi kimi iddiaçı tərəfindən əsas borc üzrə ödəniş son dəfə xx.xx.2018-ci il tarixdə edilsə də, həmin ödəniş kreditin tam vaxtı keçmiş kredit statusundan çıxmasına səbəb olmamışdır. Odur ki, gecikmə günlərinin sayı xx.xx.2017-ci il tarixdən, yəni vaxtı keçmiş hesabda ilk dəfə qalığın yaranma vaxtından – xx.xx.2019-cu il tarixədək olan bank günlərinin sayı əsas götürülməklə 570 gün müəyyən edilməlidir. Bununla belə hazırkı iddia tələbinin əsassızlığı, iddiaçının kredit borcunun restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviəsinin bağlanması məqsədilə Azərbaycan Respublikası Prezidentinin sözügedən Fərmanının 6.16-cı bəndində nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Mərkəzi Bankına 31 dekabr 2019-cu il tarixinə qədər müraciət etməməsi ilə bağlıdır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin, hazırkı işdən görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının iddiaçıya iddiada irəli sürdüyü tələblə əlaqədar cavabı xx.xx.2020,xx.xx.2020-ci il tarixlərdə verilmiş (həmçinin "xxxx" ASC xx.xx.2020-ci il tarixdə cavablandırmışdır), iddiaçı tərəfindən isə cavabdehə xx.xx.2019-cu il tarixdən əvvəl müraciət etməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iddiaçı özü də cavabdeh orqana hazırkı tələblə 2020-ci ilin yanvar ayında müraciət etdiyini bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh orqan haqlı olaraq iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir (Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının 2-1(102)-1716/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarında yuxarıda qeyd edilmiş hüquqi mövqe öz əksini tapmışdır). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı "xxxx" ASC-yə olan borcu 360 gündən çox gecikdiyi üçün, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanın təsiri altına düşdüyündən 5 il müddətinə onunla 1 ili güzəştli olmaqla, illik bir faizlə restrukturizasiya müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.