Məhkəmə qərarları › İş №2-1(116)-1238/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1238/2025

04.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1238/2025 04.03.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X16 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə açıq şifahi, məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “ünvan 3 saylı evə X3 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və hüququn ölmüş şəxsə aid olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək Qəbələ şəhəri V.Qəhrəmanov küçəsi ev 39 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə iddiaçının anası X9 xx.xx.1989-cu il tarixdə Qəbələ rayon Notariat kontorunda tərtib edilmiş vəsiyyətnamə ilə vəfat edəcəyi gündə ona məxsus birmərtəbəli, iki otaqlı, iki aynəbədli evini, təndir evini, hamamı, mal tövləsini və digər əmlaklarını qızlarına, yəni İddiaçı və bacısı X6 bərabər şəkildə vəsiyyət etmişdir. Anası vəfat etdiyi gündən sonra ona məxsus yaşayış evi, 0.07 ha torpaq sahəsi və digər tikililər miras qalmışdır. Anasından qalmış Qəbələ şəhəri, V.Qəhrəmanov küçəsi, 39-da miras əmlaka vəsiyyətnamə ilə vəsiyyət olunan digər bacısı X8 özünün və digər ailə üvlərinin adına ümumi birgə mülkiyyət əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2019-cu il tarixdə, reyestr nömrəsi **********87-10301, qeydiyyat nömrəsi ********** olan Çıxarış əldə etmişdir. O, “X2 və digərlərinin Qəbələ şəhəri V.Qəhrəmanov küçəsi ev 39 ünvanda ümumi sahəsi 79,7 kv.m olan fərdi yaşayış evinə ümumi birgə mülkiyyət hüquqlarının qeydiyyatının və bunun əsasında Dövlət reyestrindən əldə olunmuş xx.xx.2019- cu il tarixli, **********87- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın fərdi yaşayış evinə aid hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(116)-244/2023 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan üçüncü şəxslər tərəfindən apellyasiya şikayəti verilmiş və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(107)-464/2023 saylı qərarı ilə Şəki İnzibati Məhkəməsinin sözügedən qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan da narazı qalan üçüncü şəxslər kassasiya şikayəti vermiş və Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(102)-1189/2024 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 9 saylı ünvan 2 ünvanda ümumi sahəsi 79,7 kv.m olan fərdi yaşayış evinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması üçün müraciət etmişdir. Həmin müraciətə cavabdeh xx.xx.2024-cü il tarixdə verdiyi imtina məktubunda bildirmişdir ki, məhkəmə qərarlarında çıxarışın ləğv edilməsi qeyd olunsa da fərdi yaşayış evinin qeydiyyata alınması öhdəliyi qoyulmamışdır. Buna görə də, iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh orqan iddia tələbinə etirazını iddiaçı tərəfindən sözügedən daşınmaz əmlak obyektinə dair hüququn ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi üçün əsas olan hüquq müəyyənedici sənədlərin və vərəsəlik dairəsini müəyyənləşdirən notariat kontorunun məktubunun təqdim edilməməsi ilə əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İnzibati işə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, Qəbələ rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 240 №-li arayışı, AZ-İİ 431770 saylı “ölüm haqqında” Şəhadətnamənin surəti, Dövlət Notariat Arxivinin xx.xx.2024-cü l tarixli məktubu və ona əlavə edilmiş vəsiyyətnamənin surəti, dekabr 1988-ci il tarixli, 204 inventar nömrəli texniki pasport və şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus tikililərə qiymət qoyulması üzrə cədvəlin surəti, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-1189/2024 nömrəli qərarı. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin iddia əsaslıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşinmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələblərinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin maddənin 2-ci bəndinin tələblərinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra – dövlət reyestri) aparılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. 9.2. Qeydiyyat orqanı bu qanunun 14.1-ci və 15.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 10 iş günü müddətində daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır və elektron qaydada dövlət reyestrindən çıxarış tərtib edir. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar daşınmaz əmlak üzərində hüquqların qeydiyyat müddəti qeydiyyat orqanı tərəfindən 5 iş gününədək uzadıla bilər. Bu halda ərizəçiyə bildiriş təqdim edilməlidir. https://e-qanun.az/framework/5456 9.3. Hüquqların dövlət qeydiyyatı ərizələrin qəbul edilmə ardıcıllığı ilə aparılır. Ərizənin sürətləndirilməklə icra edilməsi qaydası və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 9.4. Daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün), dövlət qeydiyyatı həmin daşınmaz əmlak üzərində əvvəl yaranmış hüquqların dövlət reyestrində qeydiyyata alındığı təqdirdə aparılır. 9.5. Hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın elektron üsulla təqdim olunması 3 gün müddətində həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İş materialları ilə müəyyən edilir ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyt hüququnun mərhum anasına məxsus olması barədə arayışın əldə edilməsinə nail olmaqdır. Cavabdeh orqanın iddia tələbinə etirazının dəlili sözügedən daşınmaz əmlak obyektinə dair hüququn ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi üçün əsas olan hüquq müəyyənedici sənədlərin və vərəsəlik dairəsini müəyyənləşdirən notariat kontorunun məktubunun təqdim edilməməsi ilə bağlıdır. Məhkəmə, cavabdeh orqanın dəlillərini əsassız hesab edir. Belə ki, iş materiallarında olan, Dövlət Notariat Arxivinin xx.xx.2024-cü l tarixli məktubu və ona əlavə edilmiş vəsiyyətnamədən görünür ki, X9 vəfat edəcəyi gündə özünə məxsus olan əmlaklarını İddiaçı və X4 bərabər şəkildə vəsiyyət etmişdir. Odur ki, iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malikdir. Hüquq müəyyənedici sənədlərin mövcud olmamasına münasibətdə isə məhkəmə qeyd edir ki, mübahisəli fərdi yaşayış evinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək (xx.xx.2004) inşa edilməsi işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”ndan göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək yaranmış daşınmaz əmlak obyektlərinə münasibətdə fərqli tənzimləmə qaydası müəyyən edilmiş və hüququn qeydə alınması üçün zəruri olan sənədlərin konkret siyahısı təsbit edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-1189/2024 nömrəli qərarında qeyd olunmuş hüquqi mövqeni nəzərə alaraq qeyd edir ki, işdə olan sənədlərə əsasən İddiaçı atası X12 xx.xx.1981-ci ildə vəfat etmiş, vəfat etdikdən sonra onun adına olan əmlaklar iddiaçının anası X3 adına keçmişdir. X1 məxsus olmuş fərdi yaşayış evinə dair pasport Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş, onun vəfatından sonra dekabr 1988-ci il tarixdə tərtib edilmiş 204 inventar nömrəli texniki pasport və şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus tikililərə qiymət qoyulması üzrə cədvəldə mübahisəli fərdi yaşayış evi üzrə hüquq subyekti X9 qeyd edilmişdir. Odur ki, məhkəmə, daşınmaz əmlak üzərində hüquqların davamlılığını təmin etmək məqsədilə, dekabr 1988-ci il tarixdə tərtib edilmiş 204 inventar nömrəli texniki pasportu, ondan əvvəl mərhum Çərkəz Hacıyevin adına Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş “pasport” və “şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus tikililərə qiymət qoyulması üzrə cədvəl” ilə birlikdə qiymətləndirərək, həmin sənədlərin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların təsdiqini nəzərdə tutan sənədlərin Siyahısının 1.11-ci bəndinə uyğun olduğu qənaətinə gəlir və hesab edir ki, sözügedən sənəd fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun mərhuma məxsus olmasını təsdiq edən arayışın verilməsi üçün yetərli hüquqi əsasdır. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə arayışın iddiaçıya verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar