Məhkəmə qərarları › İş №2-1(116)-124/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-124/2022

09.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-124/2022 09.06.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “İsmayıllı Rayon Məhkəməsinin 2(037)- 160/2011 nömrəli 18 may 2011-ci il tarixli qətnaməsi əsasında X10, X14, X3 və X8 adlarına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək İsmayıllı Rayon Məhkəməsinin 2(037)-160/2011 nömrəli 18 may 2011-ci il tarixli qətnaməsi əsasında X4 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, X10 ərizə ilə məhkəməyə müraciət edərək hüquqi əhəmiyyətli faktın müəyyən olunmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-160/2011 nömrəli 18 may 2011-ci il tarixli qətnaməsi əsasında İsmayıllı rayonu Lahıc qəsəbəsinin sakini olmuş, Böyük Vətən müharibəsində həlak olmuş X2 miras qalmış, İsmayıllı rayonunun Lahıc qəsəbəsində yeləşən əmlakın oğlu X10 tərəfindən qəbul edilməsi faktı müəyyən olunmuş, bununla bağlı Xalid Əlimərdanovun adına verilmiş A seriyalı 220432 nömrəli plan-ölçü sənədinin X5 məxsus olması faktı müəyyən edilmişdir. Qətnamə icra olunması üçün Reyestr Xidmətinə göndərilərək onun əsasında X4 adına çıxarış verilmişdir. Qeyd olunan qətnamədən narazı qaldıqları üçün iddiaçı və X6 tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1020/2014 nömrəli 26.11.2014-cü il tarixli qərardadı ilə təmin edilərək İsmayıllı Rayon Məhkəməsinin 2(037)-160/2011 nömrəli 18 may 2011-ci il tarixli qətnaməsi ləğv olunmuş, daha sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-543/15 nömrəli 17.02.2015-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1020/2014 nömrəli 26.11.2014-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı hesab edir ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-160/2011 nömrəli 18 may 2011-ci il tarixli qətnaməsi əsasında dövlət reyestrində aparılmış qeydiyyat ləğv olunmalıdır. Cavabdeh 27.07.2021-ci il tarixli **********87 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, dövlət reyestrində aparılmış sözügedən qeydiyyat İsmayıllı Rayon Məhkəməsinin 2(037)-160/2011 nömrəli 18 may 2011-ci il tarixli qətnaməsi əsasında aparılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1020/2014 nömrəli 26.11.2014-cü il tarixli qərardadı ilə İsmayıllı Rayon Məhkəməsinin 2(037)- 160/2011 nömrəli 18 may 2011-ci il tarixli qətnaməsi ləğv olunmuşdur. Qeyd edilən məhkəmə qətnaməsi əsasında aparılmış qeydiyyat ləğv edilməmiş və 9 saylı Qəbələ ərazi idarəsinin üzərinə belə öhdəlik qoyulmamışdır. X10 vəfat etdikdən sonra qeyd olunan daşınmaz əmlak vərəslərinin adına rəsmiləşdirilmişdir. Qeyd olunan səbəbə görə də müraciətin icrası mümkün olmamışdır. Cavabdeh bildirir ki, mübahisəli torpaq sahəsi faktiki 0,0209 hektardır. Torpaq sahəsi İsmayıllı rayonu Lahıc bələdiyyəsinə aid olan yaşayış məntəqələri torpağıdır. Faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsinin koordinatları arasında fərq yoxdur. Torpaq sahəsinin üzərində iki mərtəbəli fərdi yaşayış evi mövcuddur. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili 15.10.2021-ci il tarixdə məhkəməyə “iddia tələbinin həcminin artırılması barədə” ərizə ünvanlayaraq “İsmayıllı Rayon Məhkəməsinin 2(037)-160/2011 nömrəli 18 may 2011-ci il tarixli qətnaməsi əsasında X10, X14, X3 və X8 adlarına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin 27.10.2021-ci il tarixli 2-1(116)- 1052/2021 nömrəli qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Məhkəmənin 28.10.2021-ci il tarixli 2-1(116)-1052/2021 nömrəli qərardadı ilə X14, X3 və X15 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Tərəflərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə üçüncü şəxslərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İş materiallarında olan: İsmayıllı Rayon Məhkəməsinin 2(037)-160/2011 nömrəli 18 may 2011-ci il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə əsasında İsmayıllı rayonu Lahıc qəsəbəsinin sakini olmuş, Böyük Vətən müharibəsində həlak olmuş X2 miras qalmış, İsmayıllı rayonunun Lahıc qəsəbəsində yeləşən əmlakın oğlu X10 tərəfindən qəbul edilməsi faktı müəyyən olunmuş, bununla bağlı Xalid Əlimərdanovun adına verilmiş A seriyalı 220432 nömrəli plan-ölçü sənədinin X5 məxsus olması faktı müəyyən edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1020/2014 nömrəli 26.11.2014-cü il tarixli qərardadının surətindən görünür ki, həmin qərardad ilə İsmayıllı Rayon Məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilərək İsmayıllı Rayon Məhkəməsinin 2(037)-160/2011 nömrəli 18 may 2011-ci il tarixli qətnaməsi ləğv olunmuş, ərizəçi X4 “torpaq sahəsinin plan və ölçüsünün ona məxsus olması və miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi”nə dair iddiası baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-543/15 nömrəli 17.02.2015-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərarla Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1020/2014 nömrəli 26.11.2014-cü il tarixli qərardadından verilmiş kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1020/2014 nömrəli 26.11.2014-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh tərəfindən təqdim olunmuş: Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı 355229 nömrəli plan-ölçü sənədinin təsdiq olunmuş surətindən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-160/2011 nömrəli 18 may 2011-ci il tarixli qətnaməsi, İsmayıllı rayon Aqrar islahat Komissiyasının 16.04.1999-cu il tarixli 74 saylı qərarı ilə 223,9 kv.m torpaq sahəsi həyətyanı məqsədilə X5 verilmişdir. 17.05.2012-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, İsmayıllı rayonunun Lahıc qəsəbəsində yerləşən 0,02239 ha torpaq sahəsi və fərdi yaşayış evi X4 xüsusi mülkiyyətində olmuşdur. “Qanun üzrə vərəsəlik hüququ haqqında” 14.08.2021-ci il tarixli şəhadətnamənin təqdiq olunmuş surətindən görünür ki, 24.02.2018-ci ildə ölmüş X4 vərərəsələri X3, X14 və X11r. Miras əmlak 30.07.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ümumi sahəsi 74,5 kv.m olan fərdi yaşayış evi və 0,02239 ha torpaq sahəsindən ibarətdir. 24.08.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, İsmayıllı rayonunun Lahıc qəsəbəsində yerləşən 0,02239 ha torpaq sahəsi və fərdi yaşayış evi X9 xüsusi mülkiyyətindədir. Göründüyü kimi, cavabdeh məhz apellyasiya qaydasında ləğv edilmiş qətnamə əsasında daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmışdır. Odur ki, məhkəmə hesab edir ki, hazırkı iddia tələbi üzrə işə inzibati qaydada baxılması yolverilməzdir. Belə ki, iddiaçı çatmaq istədiyi məqsədə nail olmaq üçün mülki mühakimə icraata qaydasında, icrada dönüşlə bağlı qərar qəbul edilməsi üçün ərizə ilə müraciət etmək hüququna malikdir və qanunverici analoji halların baş verməsinə qarşı hüquqi müdafiə mexanizmini birbaşa olaraq təsbit etməkdədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 236-1-ci (icrada dönüş) maddəsinə əsasən: 236-1.1. İcra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. 236-1.2. Məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir. 236-1.3. Məhkəmə ləğv edilmiş qətnamənin icrasında dönüş haqqındakı məsələni həll etməzsə, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin ləğv edilmiş qətnamə və ya qərardad əsasında aparılmış icra onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin icrada dönüş haqqında ərizəsi üzrə məhkəmə qərardad qəbul edir. Bu ərizəyə işdə iştirak edən şəxslər xəbərdar edilməklə, məhkəmə iclasında baxılır. Lakin həmin şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələni həll etməyə mane olmur. 236-1.4. İcrada dönüş haqqında məsələ üzrə məhkəmə qərardadından şikayət verilə bilər. 236-1.5. İşə kassasiya, əlavə kassasiya, hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə və qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üzrə məhkəmə icraatı qaydasında baxan məhkəmə, yeni qərar qəbul edirsə və ya iş üzrə icraata xitam verirsə, yaxud iddianı baxılmamış saxlayırsa, qətnamənin icrasında dönüş barədə məsələni həll etməli, yaxud da onu apellyasiya instansiyası məhkəməsinin həllinə verməlidir. 236-1.6. Bu maddənin müddəaları ilə müəyyən edilmiş qaydalar icra edilmiş məhkəmə qərardadlarına münasibətdə müvafiq olaraq tətbiq edilir. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Yuxarıda qeyd olunan normanın tələbinin icra olunması məqsədilə 07.06.2022-ci il tarixə hazırlıq icraatı çərçivəsində keçirilmiş məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkilinə qanunvericiliyin tələbləri izah olunmuş və iddianın mümkün sayılmamasının əsasları izah edilmişdir. Nümayəndə maraqlarını təmsil etdiyi şəxsin iddiaya mahiyyəti üzrə baxılmasını tələb etdiyini bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 1.1, 1.2, 1.3, 1.4, 2.1, 6.1, 6.2 və 7-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İşin faktiki hallarına hüquqi qiymət verən məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 46, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “İsmayıllı Rayon Məhkəməsinin 2(037)- 160/2011 nömrəli 18 may 2011-ci il tarixli qətnaməsi əsasında X10, X14, X3 və X8 adlarına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar