Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1241/2023 23.02.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil1 və üçüncü şəxs X2 vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Yevlax rayon Havarlı kəndinin ərazisində olan 0,10 ha həyətyanı torpaq sahəsinə dair iddiaçının adına tərtib olunmuş xx.xx.2007-ci il tarixli AA seriyalı 000408 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki koordinatların Yevlax rayon Havarlı bələdiyyəsi tərəfindən xx.xx.2005-ci il tarixli 19 nömrəli qərarla ayrılan torpaq sahəsinin yerquruluşu planına uyğun dürüstləşdirilməsi və yeni torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax rayon Havarlı kəndinin ərazisində olan 0,10 ha həyətyanı torpaq sahəsinə dair iddiaçının adına tərtib olunmuş xx.xx.2007-ci il tarixli AA seriyalı 000408 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki koordinatların dürüstləşdirilməsi və yeni plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, Yevlax rayon Havarlı Bələdiyyəsini xx.xx.2005-ci if tarixli 19 saylı qərarı ilə Havarlı kəndinin içərisində həyətyanı torpaq sahəsinə bitişik 0,10 ha torpaq sahəsinin ayrılaraq iddiaçıya satılması qərarı verilmişdir. Yevlax rayon Havarlı Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli “Torpaqların alqı-satqısına dair” akta əsasən, Havarlı Bələdiyyəsinin ərazisindən 0,10 ha torpaq sahəsi İddiaçı satılmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən verilmiş rəydən görünür ki, iddiaçıya satılması nəzərdə tutulan 0,10 ha torpaq sahəsi Havarlı Bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. İddiaçı tərəfindən həmin Yevlax rayon Havarlı kəndində yerləşən 0,10 ha torpaq sahəsinə dair xx.xx.2007-ci il tarixdə ******* saylı çıxarış alınmışdır. Lakin iddiaçının mülkiyyətində olan torpaq sahəsində heç bir iş görülməmişdir. 2019-cu il tarixdə iddiaçı mülkiyyətində olan torpaq sahəsinin üzərində ev tikildiyini müşahidə etmiş öz etirazını bildirmiş və uzun sürən mübahisədən sonra Yevlax Rayon Məhkəməsinə müraciət etməklə X3 və X2 torpaq sahəsindən çıxarılması və evin sökülməsinə dair iddia qaldırmışdır. Yevlax Rayon Məhkəməsində müəyyən olundu ki, onlara 2007-ci ildə Yevlax rayon Havarlı kəndində ha torpaq sahəsi verilmişdir. Bu sənəd xx.xx.2007-ci il tarixdə Yevlax rayon Havarlı kənd bələdiyəsinin 253 saylı qərarı ilə rəsmiləşdirilmişdir. İşə baxılan zaman məhkəmənin qərardadına əsasən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 29 dekabr 2019-cu il tarixli 9045 saylı mütəxəsssis rəyi verilmişdir. Həmin rəydə göstərilmişdir ki, xx.xx.2007-ci il tarixli 00005249 saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyesterindən çıxarışa əsasən, İddiaçı mülkiyyətinə qeydiyyata alınmış, **********81 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar naturaya köçürülərkən həmin koordinatlar daxilindəki 0,01 ha torpaq sahəsinin həmin iş üzrə cavabdehlərin faktiki istifadə etdikləri torpaq sahəsində yeləşmədiyi müəyyən edilmişdir. Rəyə əlavə edilmiş sxemə əsasən isə iddiaçıya məxsus torpaq sahəsinin Mingəçevir-Yevlax avtomobil yolunun üzərində yerləşməsi müəyyən edilir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli, **********15 nömrəli imtina məktubunda qeyd etmişdir ki, ərizəsinə əsasən torpaq sahəsinə yerində baxış keçirilmiş, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və təqdim edilən sənədlər araşdırılmışdır. Məlum olmuşdur ki, həmin torpaq sahəsinin üzərində vətəndaş Məcud Abbasov tərəfindən fərdi yaşayış evi inşa olunmuşdur. Torpaq sahəsi üzərində Məcud Abbasovla aralarında mübahisənin olduğu müşahidə olunmuş və inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********96 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, Ərazi idarəsinin arxiv məlumatlarına, elektron xəritə və məlumat bazasına əsasən araşdırma aparılmış və məlum olmuşdur ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqları Yevlax rayonu Havarlı Bələdiyyəsinin 17 mart 2005-ci il tarixli 19 nömrəli qərarı, sabiq DTXK-nın Yevlax rayon şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü, Havarlı Bələdiyyəsinin tərtib etdiyi və DTXK-nın Yevlax rayon şöbəsi tərəfindən təsdiqlədiyi torpaq sahəsinin alqı-satqısına dair aktı, Yevlax rayonu Havarlı Bələdiyyəsinin 17 mart 2005-ci il tarixli DTXK-nin Yevlax rayon şöbəsi ilə birgə təsdiq etdiyi cizgi planı və DTXK-nın Yevlax rayon şöbəsinin rəyi əsasında hüquqların dövlət reyestrində qeydiyyata alınaraq ********* qeydiyyat nömrəsi ilə qeydiyata alınmışdır. Torpaq sahəsinin elektron xəritə baza üzərində, eləcə də naturada müəyyən olunması vətəndaşın ərazi idarəsinə təqdim etdiyi sənədlər toplusunun tərkib hissəsi olan sabiq DTXK-nın Yevlax rayon şöbəsi tərəfindən tərtib edilmiş A N018453 qeydiyyat nömrəli plan və ölçü sənədinə əsasən müəyyən edilmişdir. Cavabdeh etiraz məktubunda qanunamüvafiq qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iştirak edən iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək “Yevlax rayon Havarlı kəndinin ərazisində olan 0,10 ha həyətyanı torpaq sahəsinə dair iddiaçının adına tərtib olunmuş xx.xx.2007-ci il tarixli AA seriyalı 000408 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki koordinatların Yevlax rayon Havarlı bələdiyyəsi tərəfindən xx.xx.2005-ci il tarixli 19 nömrəli qərarla ayrılan torpaq sahəsinin yerquruluşu planına uyğun dürüstləşdirilməsi və yeni plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Həmin məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-42/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdehin üzərinə Yevlax rayon Havarlı kəndinin ərazisində olan 0,10 ha həyətyanı torpaq sahəsinə dair İddiaçı adına tərtib olunmuş xx.xx.2007-ci il tarixli AA seriyalı 000408 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki koordinatların Yevlax rayon Havarlı bələdiyyəsi tərəfindən xx.xx.2005-ci il tarixli 19 nömrəli qərarla ayrılan torpaq sahəsinin yerquruluşu planına uyğun dürüstləşdirilməsi və yeni torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi qoyulmuşdur. Bundan sonra ərizəçi X6 xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması və Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-42/2022 nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1241/2023 nömrəli qərardadı ilə X6 2-1(116)-42/2022 nömrəli iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmiş, həmin iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-42/2022 nömrəli qərarı ləğv olunmuş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: Havarlı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 19 nömrəli qərarından görünür ki, həmin qərarla Havarlı kəndinin içərisində olan həyətyanı torpaq sahəsinə bitişik 0,10 ha torpaq sahəsinin ayrılaraq iddiaçıya satılması qərara alınmışdır. Torpaq sahəsinin yer quruluşu planı tərtib edilmiş və bələdiyyə tərəfindən təsdiq olunmuşdur. DTXK-nın Yevlax rayon şöbəsinin rəyindən görünür ki, Şöbə torpaq sahəsinin iddiaçıya satılmasına etiraz etməmişdir. “Torpaqların alqı-satqısına dair” aktdan görünür ki, Havarlı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 19 nömrəli qərarı əsasında iddiaçıya satılmış 0,10 ha torpaq sahəsinə dair sözügedən akt tərtib edilmiş, akt səlahiyyətli şəxslər tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. Aktdan görünür ki, iddiaçı torpaq sahəsinin dəyərini bələdiyyənin hesabına ödəmişdir. Akt torpaq şöbəsində xx.xx.2005-ci ildə 407 nömrə ilə qeydiyyata alınmışdır. A seriyalı 018453 nömrəli DTXK-nın Yevlax rayon şöbəsi tərəfindən verilmiş planölçü sənədindən görünür ki, Yevlax rayon Havarlı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 19 saylı qərarı ilə 1000 kv.m həyətyanı torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün iddiaçıya verilmişdir. Sənəd dövlət torpaq kadastrı kitabında xx.xx.2007-ci ildə 70-ci nömrə ilə uçota alınmışdır. MH seriyalı ******* nömrəli xx.xx.2007-ci il tarixli çıxarışdan görünür ki, Havarlı kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. AA seriyalı 000408 nömrəli xx.xx.2007-ci il tarixdə verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Havarlı kəndində yerləşən 0,10 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Sənəd Havarlı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 19 nömrəli qərarı, xx.xx.2005-ci il tarixli 407 nömrəli alqı-satqı aktı və DTXK-nın Yevlax rayon şöbəsinin xx.xx.2007-ci il tarixli 70 nömrəli plan-ölçü sənədi əsasında tərtib edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli **********21 nömrəli arayışında qeyd etmişdir ki, Yevlax rayonu Havarlı Bələdiyyəsinin 17 mart 2005-ci il tarixli 19 nömrəli qərarı, sabiq DTXK-nın Yevlax rayon şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü, Havarlı Bələdiyyəsinin tərtib etdiyi və DTXK-nın Yevlax rayon şöbəsinin təsdiqlədiyi torpaq sahəsinin alqı-satqısına dair aktı, Yevlax rayonu Havarlı bələdiyyəsinin 17 mart 2005-ci il tarixli DTXK-nın Yevlax rayon şöbəsi ilə birgə təsdiq etdiyi cizgi planı və DTXK-nın Yevlax rayon şöbəsinin rəyi əsasında hüquqların dövlət reyestrində qeydiyyata alınaraq ********* qeydiyyat nömrəsi ilə qeydiyata alınan torpaq sahəsinə dair tərtib edilmiş “torpaq sahəsinin planı və ölçü”sündəki göstərilən koordinatlar dövrünə görə 39-cu paralel üzrə işlənmişdir. Bələdiyyənin cizgi planında iddiaçıya ayrılmış torpaq sahəsinin qonşuluğunda yerləşən, vətəndaşların xüsusi mülkiyyətinə verilərək DTXK-nın yerli şöbəsi tərəfindən tərtib edilmiş “torpaq sahəsinin mülkiyyətə verilməsinə dair” şəhadətnamələr Ərazi İdarəsinin istifadəsinə verilmiş yeni “NECAS” X1 və uçotu sistemində də olduğu qaydada öz əksini tapır. Habelə 39-cu paralel üzrə tərtib edilmiş koordinatlar yeni “NECAS” X1 və uçotu sisteminə köçürülərkən 38-ci paralel üzrə də eynilik təşkil edir. Abbasov Məcud adlı şəxsə Havarlı Bələdiyyəsinin qərarı ilə 2007-ci ildə ayrılmış torpaq sahəsinə hüquqların dövlət reyestrindən çıxarış verilməmişdir. İnzibati iş üzrə məhkəmə iş materiallarının tədqiqatı zamanı Məcud Abbasovun adına bələdiyyə tərəfindən tərtib edilmiş cizgi (torpağın yerləşdiyi sahəyə dair situasiya planı), iş üzrə iddiaçıya verilmiş 2005-ci il tarixli DTXK-nin Yevlax rayon şöbəsi ilə birgə təsdiq etdiyi cizgi planı ilə eynilik təşkil edir. Belə olan halda bələdiyyənin 2007-ci ildə Məcud Abbasovun adına tərtib etdiyi cizgi planının həqiqətə uyğun olması ciddi şübhələr yaradır. Cavabdehin əsli 2-1(116)-19/2022 nömrəli iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, **********26 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, Yevlax rayonu Havarlı kənd sakini İddiaçı oğlüna verilən torpaq sahəsinin yerquruluşu Planında qeyd olunan “ayrılan torpaq sahəsi BB” kimi işarələnmiş torpaq sahəsi ilə Yevlax rayonu Havarlı kənd sakini X4 verilən torpaq sahəsinin yerquruluşu Planında qeyd olunan torpaq sahəsi tam həcmdə üst-üstə düşür. Yevlax rayonu Havarlı kənd sakini İddiaçı verilən torpaq sahəsinin yerquruluşu Planında qeyd olunan “ayrılan torpaq sahəsi BB” kimi işarələnmiş torpaq sahəsi ilə **********81 reyestr nömrəli çıxarışın ayrılmaz hissəsi olan, koordinatları özündə əks etdirən AA 000408 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 0,10 ha torpaq sahəsi üst-üstə düşmür. İddiaçının və cavabdehin adına hazırlanmış yerquruluşu planında göstərilmiş torpaq sahələri, elektron məlumat bazasında mövcud olan “X1 X5’’nə əsasən təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikili altında olan torpaqları, mülkiyyətçisi Mingəçevir bələdiyyəsidir. Hər iki yerquruluşu planında göstərilmiş torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. İşə əlavə edilmiş **********81 reyestr nömrəli çıxarışın ayrılmaz hissəsi olan, koordinatları özündə əks etdirən AA 000408 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 0,10 ha torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyalı olmaqla, uqodiyası tikinti altında olan torpaqlar, mülkiyyət növü xüsusi, mülkiyyətçisi İddiaçı göstərilmişdir. **********81 reyestr nömrəli çıxarışın ayrılmaz hissəsi olan, koordinatları özündə əks etdirən AA 000408 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 0,10 ha torpaq sahəsi Mingəçevir- Xaldan şosse yolunun üzərinə düşür. Başqa mülkiyyətçilərə məxsus torpaq sahəsi ilə üstüstə düşmür. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır; 7.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir; 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 9.1-ci maddəsində deyilir ki, hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Həmin Qanunun 9.5-ci maddəsinə görə, hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın elektron üsulla təqdim olunması 3 gün müddətində həyata keçirilir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Həmin Qanunun 16.3-cü maddəsində deyilir ki, əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Məhkəmə tərəfindən aparılan araşdırma, iş materiallarına əlavə edilmiş sənədlər və mütəxəssis rəyi əsasında müəyyən edilmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsinin planı və ölçüsü sənədi Yevlax rayonu Havarlı bələdiyyəsi tərəfindən xx.xx.2005-ci il tarixli 19 nömrəli qərarla ayrılan torpaq sahəsinin yer quruluşu planına uyğun tərtib edilməmişdir. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 19 noyabr 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, “Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Göstərilən mövqedən çıxış edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-84/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarında qeyd etmişdir ki, qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). İddiaçının mülkiyyətində olan torpaq sahəsi cavabdeh inzibati orqanda onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və həmin qeyd hazırkı vaxta qədər mübahisə predmeti olmamışdır. Odur ki, cavabdeh tərəfindən iddia tələbinin təmin edilməsindən imtina olunması əsaslı olmamışdır. Digər tərəfdən, hüquqların qeydiyyatı zamanı torpaq sahəsinin planı və ölçüsü sənədini ilkin torpaqayırma sənədinə uyğun tərtib etmək və yol verilmiş yanlışlıqları aradan qaldırmaq qanunverici tərəfindən cavabdehin əsas vəziflərinə aid edilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər; 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Odur ki, iddia təmin edilməli, cavabdehin üzərinə Yevlax rayon Havarlı kəndinin ərazisində olan 0,10 ha həyətyanı torpaq sahəsinə dair iddiaçının adına tərtib olunmuş xx.xx.2007-ci il tarixli AA seriyalı 000408 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki koordinatların Yevlax rayon Havarlı bələdiyyəsi tərəfindən xx.xx.2005-ci il tarixli 19 nömrəli qərarla ayrılan torpaq sahəsinin yerquruluşu planına uyğun dürüstləşdirilməsi və yeni torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi qoyulmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax ərazi idarəsinin üzərinə Yevlax rayon Havarlı kəndinin ərazisində olan 0,10 ha həyətyanı torpaq sahəsinə dair İddiaçı adına tərtib olunmuş xx.xx.2007-ci il tarixli AA seriyalı 000408 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki koordinatların Yevlax rayon Havarlı bələdiyyəsi tərəfindən xx.xx.2005-ci il tarixli 19 nömrəli qərarla ayrılan torpaq sahəsinin yerquruluşu planına uyğun dürüstləşdirilməsi və yeni torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-1241/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1241/2023
23.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver