Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1242/2024 20.06.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rəsulova Rahidə Qurban qızının katibliyi ilə, İddiaçının prosessual hüquq varisi X2 cavabdeh Qəbələ Rayon Qeydiyyat Şöbəsinə qarşı “xx.xx.1988-ci il tarixli Qəbələ rayonu Nic qəsəbə icra nümayəndəliyi tərəfindən qeydə alınmış 167 nömrəli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında cinsinin “kişi” qeyd olunması, həmçinin vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində adın “Erik”, cinsin “kişi” kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Qəbələ Rayon Qeydiyyat Şöbəsinə qarşı “xx.xx.1988-ci il tarixli Qəbələ rayonu Nic qəsəbə icra nümayəndəliyi tərəfindən qeydə alınmış 167 nömrəli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında adın “Erik”, cinsinin “kişi” qeyd olunması, həmçinin vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində adın “Erik”, cinsinin “kişi” kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-1242/2024 nömrəli qərardadı ilə İddiaçı hüquq varisi X2 ilə əvəz edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı XX.XX.1941-ci il tarixdə Qəbələ rayonu Nic qəsəbəsində anadan olmuşdur. Belə ki, X3 28 may 1987-ci il tarixdə X4 ilə rəsmi qaydada ailə həyatı qurmuşlar. Onların nikahından X5 anadan olmuşdur. Belə ki, xx.xx.2001-ci il tarixdə oğlu X3, gəlini X4 və nəvəsi X5 ölmüşlər. Belə ki, JN-177 nömrəli KOD 40600068 saylı dövlət aktı və JN-177F nömrəli KOD 40600068 saylı şəhadətnamə əsasında ailə üzvlərinə verilmiş pay torpaq sahəsinin adına qeydə alınması üçün aidiyyatı üzrə müraciət etmişdir. Müəyyən olunmuşdur ki, mərhum nəvəsi X5 sənədlərində anlaşılmamazlıq yaranmışdır. Bununla bağlı o, xx.xx.2023-cü il tarixdə aidiyyətı üzrə cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, AZ-İİ 391488 nömrəli Ölüm haqqında şəhadətnamə, XVİİ-ЖГ 462727 nömrəli doğum haqqında şəhadətnamə, xx.xx.1988-ci il tarixli 167 nömrəli doğum haqqında akt qeydi, xx.xx.2001-ci il tarixli 469 nömrəli Ölüm haqqında akt qeydi. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.
5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İddia ərizəsinin məzmunundan görünür ki, hazırkı iddia tələb ilə məhkəməyə müraciət edilməkdə gözlənilən hüquqi nəticə xx.xx.1988-ci il tarixli Qəbələ rayonu Nic qəsəbə icra nümayəndəliyi tərəfindən qeydə alınmış 167 nömrəli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında cinsin “kişi” qeyd olunması, həmçinin vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində uşağın adının “Aksana”dan- “Erik”-ə, cinsinin qadından – kişiyə dəyişdirilməsidir. İstinad olunan “Əsas Müddəaların“ tələbləri baxımından vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün kifayət qədər əsasların olması və aidiyyəti şəxslər arasında mübahisənin olmaması müəyyən edilmişdir. Hazırkı iş üzrə aidiyyəti şəxslər arasında mübahisənin olması müəyyən edilmir. “Kifayət qədər əsas” şərtinə münasibətdə isə məhkəmə qeyd edir ki, iş materiallarında olan ilkin doğum akt qeydindən görünür ki, X3 və X1 birgə nikahından doğulmuş övladının adı “Erik” qeyd edilməsinə baxmayaraq, cinsi “qadın” göstərilmişdir. Nəzərə alınmalıdır ki, X3 və X4, o cümlədən yeni doğulmuş uşaqların milliyəti udin olduğundan və “Erik” adı kiçi cinsinə aid olduğundan müvafiq akt qeydində “qadın” yazılması doğru olmamışdır. İş materiallarından görünür ki, tədqiq edilən akt qeydində, AZ130487 №-li ölüm haqqında Şəhadətnamədə, JN-177F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə, JN-177F saylı “Torpağa mülkiyyət hüququna dair” X7 Qevorokyanın ata adına münasibətdə işlədilən sonluq “oviç” (oğlu) qeyd edilmişdir. Qeyd olunan hal sonluğa münasibətdə mərhumun “kişi” cinsinə aid olmasını birbaşa sübut edir. Yuxarıda qeyd edilmiş hallar vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində uşağın adının “Aksana”, cinsinin “qadın” qeyd edilməsinin də, yanlış olmasını təsdiq edir. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sarasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Qəbələ Rayon Qeydiyyat Şöbəsinin üzərinə Qəbələ rayon Tikanlı kənd İƏ nümayəndəliyində tərtib edilmiş xx.xx.1988-ci il tarixli Qəbələ rayonu Nic qəsəbə icra nümayəndəliyi tərəfindən qeydə alınmış 167 nömrəli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında cinsin “kişi” qeyd olunması, həmçinin vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində müvafiq akt qeydinə münasibətdə adın “Erik”, cinsin “kişi” kimi qeyd olunması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.