Məhkəmə qərarları › İş №2-1(116)-1244/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1244/2022

25.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1244/2022 25.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “torpaq sahəsinin üzərində hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Oğuz şəhəri ərazisindəki 600 kv.m fərdi yaşayış evi tikmək üçün olan torpaq sahəsinin Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2007-ci il tarixində verilmiş A 025499 nömrəli Torpaq sahəsinin planı və ölçüsü əsasında dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, iddiaçı xx.xx.1976-cı il tarixində Vartaşen (indiki Oğuz) rayonu, Bayan kəndində anadan olmuşdur. İddiaçı 2007-ci il tarixində Oğuz Bələdiyyəsinə müraciət edərək fərdi yaşayış evi tikmək məqsədilə ona torpaq sahəsi verilməsini xahiş etmişdir. 31 oktyabr 2007-ci il tarixində Oğuz bələdiyyəsi ilə Torpaqları alqı-satqısına dair AKT tərtib olunmuş və Oğuz rayon Oğuz bələdiyyəsi ərazisindən 600 kv.m torpaq sahəsinə görə 260 (iki yüz altmış) manat haqq ödənilməklə iddiaçıya satılması barədə 2007-ci il tarixli 10 nömrəli qərar qəbul edilmişdir. xx.xx.2007- ci il tarixində Oğuz şəhəri ərazisindəki 600 kv.m fərdi yaşayı evi tikmək üçün olan torpaq sahəsinə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A 025499 nömrəli Torpaq sahəsinin planı və ölçüsü də tərtib olunaraq təqdim olunmuşdur. Lakin iddiaçı həmin sənədlərlə çıxarış alınması üçün müraciət etməmiş və sonradan torpaq sənədləri naməlum səbəbdən itmişdir. İddiaçı 0,06 torpaq sahəsinə görə verilən sənədlər itdiyinə görə qəzetdə elan vermiş və tapılmadığına görə Oğuz Rayon Polis Şöbəsinə müraciət etmiş lakin axtarış tədbirləri nəticəsində A 025499 nömrəli Torpaq sahəsinin planı və ölçüsü və digər sənədlər tapılmadığına görə xx.xx.2021-ci il tarixində 177-3157R-3221 nömrəli məktub təqdim olunmuşdur. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli **********49 nömrəli imtina məktubunda qeyd etmişdir ki, iddiaçının Oğuz bələdiyyəsindən alqı-satqı yolu ilə əldə etdiyi 0,06 ha həyətyanı torpaq sahəsi üzərində qanunvericiliklə müəyyən olunmuş qaydada mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi ilə bağlı müraciətinə Ərazi İdarəsində baxılmışdır. Lakin torpaq sahəsinə dair təqdim edilmiş sənədlərdən aydın olmuşdur ki, sənədlərin əsillərini deyil, surətləri təqdim olunmuşdur. Oğuz bələdiyyəsindən alqı-satqı yolu ilə əldə eedilən 0,06 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatı ilə bağlı təqdim edilmiş sənədlərin əsilləri təqdim edilməlidir. Cavabdeh xx.xx.2022-ci il tarixli **********35 nömrəli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etmiş və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-1244/2022 nömrəli qərardadı ilə Oğuz bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb olunmuşdur. İş üzrə üçüncü şəxs Oğuz bələdiyyəsi xx.xx.2022-ci il tarixli 1/60-119 nömrəli məktubuna torpaq sahəsinin iddiaçıya ayrılmasına dair sənədlərin təsdiq olunmuş surətlərini əlavə etmiş və qeyd etmişdir ki, “Bələdiyyə torpaqlarının idarə ediməsi haqqında” 29 iyun 2001-ci il tarixli Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 6-5 bəndinə uyğun olaraq İddiaçı Oğuz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı qərarı ilə Oğuz şəhərində yertəşən 0,06 ha və ya 600 kv.m ölçüdə torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədi ilə satılmışdır. İş üzrə üçüncü şəxs Oğuz bələdiyyəsi məktubunda iddiaçının sözügedən torpaq sahəsi üzrərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına etiraz etmədiyini bildirmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs Oğuz bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan Oğuz bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 1/60-119 nömrəli məktubuna əlavə olunmuş: Oğuz RİH-in DTXK Oğuz rayon şöbəsinə ünvanladığı xx.xx.2007-ci il tarixli məktubundan görünür ki, Oğuz RİH 600 kv.m torpaq sahəsinin həyətyanı məqsədilə iddiaçıya satılmasına etiraz etməmişdir. DTXK-nın Oğuz rayon şöbəsinin rəyindən görünür ki, 600 kv.m torpaq sahəsinin həyətyanı məqsədilə iddiaçıya satılmasına etiraz edilməmişdir. Oğuz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 nömrəli iclas protokolundan çıxarışın təsdiq olunmuş surətindən görünür ki, həmin iclasda bələdiyyə mülkiyyətinə aid, şəhərin cənubunda yerləşən, perspektiv inkişaf torpaqlarından ev tikməsi məqsədilə iddiaçıya 600 kv.m torpaq sahəsinin satılması qərara alınmışdır. xx.xx.2007-ci il tarixli 19 nömrəli qəbzdən görünür ki, iddiaçı torpaq sahəsinin dəyərini (260 manat) bələdiyyənin bank hesabına ödəmişdir. “Torpaqların alqı-satqısına dair” aktdan görünür ki, Oğuz bələdiyyəsinin xx.xx.2007ci il tarixli 10 nömrəli qərarı ilə 600 kv.m torpaq sahəsi iddiaçıya satılmış, iddiaçı tərəfindən torpaq sahəsinin dəyəri bələdiyyənin hesabına ödənilmişdir. Akt səlahiyyətli şəxslər tərəfindən imzalanmış və müvafiq möhürlə təsdiq olunmuşdur. Akt Oğuz rayon Torpaq şöbəsində xx.xx.2007-ci ildə 615 nömrə ilə qeydiyyata alınmışdır. DTXK tərəfindən tərtib olunmuş A seriyalı 025499 nömrəli plan-ölçü sənədindən görünür ki, Oğuz bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 saylı qərarı ilə 600 kv.m torpaq sahəsi həyətyanı məqsədilə iddiaçıya satılmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli **********58 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, İddiaçı tərəfindən göstərilən, faktiki naturada ölçülmüş iddiaçının istifadəsində olan 0,06 hektar torpaq sahəsi Oğuz rayonu Oğuz şəhəri İnzibati ərazi dairəsinin sərhəddi daxilində, kateqoriyası yaşayış məntəqəsi torpaqları, uqodiyası əkin olan ərazidir. İddiaçının istifadəsində olan 0,06 hektar torpaq sahəsi Oğuz şəhəri ərazisində aparılmış Torpaq islahatına dair kompleks yerquruluşu xəritəsinə əsasən kateqoriyası yaşayış məntəqəsi torpaqları, uqodiyası əkin olmaqla Oğuz rayonu Oğuz şəhər bələdiyyəsinin mülkiyyətindən ayrılmışdır. Sözügedən 0,06 hektar torpaq sahəsi İddiaçı istifadəsindədir. İddiaçı adına tərtib edilmiş A № 025499 - **********0272 nömrəli plan-ölçü sənədinə əsasən 0,06 hektar torpaq sahəsi ilə faktiki naturada ölçülmüş 0,06 hektar torpaq sahəsi üst-üstə düşür. Torpaq sahəsinin koordinatları və yerləşmə vəziyyəti yerquruluşu planlarında göstərilmişdir (yerquruluşu planı 1,2,3). İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azəbaycan Respublikasının xx.xx.2001-ci il tarixli 160-İİQ nömrəli Qanunun: 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir; 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Qanunun 7.1.1-ci maddəsinə əsasən yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar, 7.1.2-ci maddəsinə görə isə Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər. 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. Məhkəmə araşdırması ilə müəyyən edilir ki, cavabdeh bələdiyyə qərarı ilə iddiaçıya satılmış torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasından imtina etmiş və buna səbəb kimi təqdim olunan sənədlərin surət olduğunu göstərmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Oğuz bələdiyyəsi tərəfindən torpaq sahəsinin iddiaçıya satılması barədə qərarın qüvvədə olduğu bildirilmiş və tələb olunan sənədlərin təsdiq edilmiş surətləri, eyni zamanda iddiaçı tərəfindən ödənişin edilməsini təsdiq edən qəbzin surəti məhkəməyə təqdim olunmuşdur. Həmçinin iş üzrə mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, sözügedən 0,06 hektar torpaq sahəsi İddiaçı istifadəsindədir. İddiaçı adına tərtib edilmiş A № 025499 - **********0272 nömrəli plan-ölçü sənədinə əsasən 0,06 hektar torpaq sahəsi ilə faktiki naturada ölçülmüş 0,06 hektar torpaq sahəsi üst-üstə düşür. İddiaçının istifadəsində olan 0,06 hektar torpaq sahəsi Oğuz şəhəri ərazisində aparılmış Torpaq islahatına dair kompleks yerquruluşu xəritəsinə əsasən kateqoriyası yaşayış məntəqəsi torpaqları, uqodiyası əkin olmaqla Oğuz rayonu Oğuz şəhər bələdiyyəsinin mülkiyyətindən ayrılmışdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinasını əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. Belə ki, bələdiyyənin müvafiq qərarı mübahisələndirilməmişdir və qanunvericiliyin tələblərinə əsasən mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər; 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Odur ki, iddia təmin edilməli, cavabdehin üzərinə Oğuz şəhər ərazisindəki 600 kv.m fərdi yaşayış evi tikmək üçün olan torpaq sahəsinin Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2007-ci il tarixində verilmiş A 025499 nömrəli Torpaq sahəsinin planı və ölçüsü əsasında daşınmaz əmlak üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyi qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ ərazi idarəsinin üzərinə Oğuz şəhər ərazisində 600 kv.m fərdi yaşayış evi tikmək üçün iddiaçıya ayrılmış torpaq sahəsi üzərində Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2007-ci il tarixində verilmiş A 025499 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar