Məhkəmə qərarları › İş №2-1(116)-1246/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1246/2020

20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1246/2020 20.10.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçı, üçüncü şəxs X4 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxslər X8, X12, X11) “X8, azyaşlı uşaqlar X12 və X7 mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı uzun müddət hərbidə işləmişdir. Kapitan hərbi rütbəsi ilə təqaüdə çıxmışdır. ünvan 1 ünvanında yerləşən torpaq sahəsi ona ayrılmışdır, 2008-ci ildə həmin torpaq sahəsində fərdi ev tikdirmişdir. İddiaçının tikdirdiyi fərdi ev xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən MA seriyalı ******* nömrəli Çıxarışla tam mülkiyyət hüququ əsasında iddiaçının adına rəsmiləşdirmişdir. İddiaçının oğlu X13 (Nəbiyeva) Əfsanə Mikayıl qızı xx.xx.2014-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. İddiaçı gəlini X5 xx.xx.2015-ci il tarixdə mülkiyyətində olan ünvan 2 ünvanına pasport qeydiyyatına aldırmışdır. İddiaçı oğlu Namiq Kərimovdan mülkiyyətində olan evdən qeydiyyatdan çıxmağını tələb edərək onu qeydiyyatdan çıxarmışdır. X3 iddiaçının xüsusi mülkiyyətində olan evdən qeydiyyatdan çıxmaq istəməmişdir. Azyaşlı uşaqlar X12 və X11 iddiaçının evində qeydiyyatdadırlar. X8 azyaşlı uşaqlarla birlikdə hazırda Ağdaş rayonu, Xosrov kəndində, atasının evində yaşayır. X8 və azyaşlı uşaqların iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında qeydiyyatda olmaları iddiaçının mülkiyyət hüquqlarını pozduğundan o, cavabdeh orqana üçüncü şəxslərin onun mülkiyyətində olan evdən qeydiyyatdan çıxarılmalarını xahiş etsə də, cavabdeh orqan iddiaçıya məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Cavabdeh orqanın məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli 158-28515-1220 nömrəli məktubunda bildirilmişdir ki, Mingəçevir ŞPŞ-nin QMQ-nin arxivində olan ərizəanket qovluqlarında X8 barəsində məlumat yoxdur. X2 xx.xx.2017-ci il tarixdə Cavabdeh qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupu tərəfindən AZE seriyalı 11591568 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. X9 xx.xx.2017-ci il tarixdə Cavabdeh qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupu tərəfindən AZE seriyalı 11591558 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AA seriyalı ******* nömrəli, AZE seriyalı 15720004 nömrəli, AZE seriyalı 11591911 nömrəli, AZE seriyalı 11591558 nömrəli şəxsiyyət vəsiqələrinin surətləri, AZ-İ seriyalı 943128 nömrəli “Nikah haqqında Şəhadətnamə”nin surəti, Cavabdeh xx.xx.2020-ci il tarixli 158- 21022K-3220 nömrəli imtina məktubu, MA seriyalı ******* nömrəli Çıxarışın təsdiqlənmiş surəti, “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayış, DƏDRX-in 17 saylı X17 xx.xx.2020-ci il tarixli **********47 nömrəli məktubu və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətləri, Cavabdeh xx.xx.2020-ci il tarixli 158-28515-1220 nömrəli məktubu və ona əlavə edilmiş sənədlərin surətləri aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia aşağıdakılara görə əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yuxarıda şərh olunan qanunvericilik normalarının tələblərinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. İş materiallarında olan Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(051)-1514/2020 nömrəli Qətnaməsindən müəyyən edilir ki, həmin iş üzrə iddiaçı X14 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin iş üzrə cavabdeh (hazırkı iş üzrə üçüncü şəxs) X8 ilə aralarında xx.xx.2014-cü il tarixdə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində bağlanmış 267 saylı nikah qeydinin onlara vaxt verilmədən pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(051)-1514/2020 nömrəli Qətnaməsi ilə iddia tələbi təmin edilmiş, X14 ilə X8 arasında xx.xx.2014-cü il tarixdə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində 267 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. Sözügedən Qətnaməyə əsasən nikah pozulduqdan sonra tərəflərin birgə nikahından olan xx.xx.2017-ci il təvəllüdlü X12 və xx.xx.2015-ci il təvəllüdlü X11 adlı uşaqlar həmin iş üzrə cavabdeh X4 yanında qalmışdır. İş materiallarında olan DƏDRX-nin 17 saylı X17 xx.xx.2020-ci il tarixli **********47 nömrəli məktubu və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, Mingəçevir bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 19/3 saylı Qərarına əsasən Az.DRES qəsəbəsi, “Doğum evi”nin yaxınlığındakı ərazidən fərdi mənzil tikintisi üçün dəyəri ödənilmədən 500 (beş yüz) m2 torpaq sahəsi Tərəvəzçilik sovxozu, Bahar küçəsi 29 ünvanında yaşayan hərbiçi (hazırkı iş üzrə iddiaçı) İddiaçı mülkiyyətinə verilmişdir. Qeyd olunan Qərar əsasında Mingəçevir şəhər İH Memarlıq və Tikinti şöbəsi tərəfindən həmin torpaq sahəsində layihəyə uyğun fərdi yaşayış evinin tikintisinə xx.xx.2006-cı il tarixli 76 nömrəli “Tikinti-quraşdırma işlərinin başlanmasına icazə” sənədi verilmişdir. Fərdi yaşayış evinin tikintisi başa çatdıqdan sonra DƏDRX tərəfindən həmin evə dair İddiaçı adına xx.xx.2011-ci il tarixli, MA seriyalı ******* nömrəli Çıxarış verilmişdir. İş materiallarında olan AR DİN ASAN Mingəçevir tərəfindən verilən “Yaşayış yeri üzrə qeydiyyat” haqqında ******* nömrəli arayışdan görünür ki, X8, azyaşlı uşaqlar X12 və X1 şəhəri, Natəvan küçəsi, 1-ci döngə, 2-ci dalan, ev 8 ünvanında qeydiyyatdadırlar. Hazırkı mübahisədə, həqiqətən, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar mövcud deyil. Lakin “həmin Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxx 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Qeyd olunan Qərarla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Məhkəmə belə hesab edir ki, şəxsin mülkiyyətçiyə məxsus evdə qeydiyyatdan çıxarılması tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh üzərinə X4 azyaşlı uşaqları X12 və X7 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar