Məhkəmə qərarları › İş №2-1(116)-1246/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1246/2022

18.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1246/2022 18.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X9, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı ünvan 1 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1955-ci ildə Göyçay şəhərində anadan olmuşdur. O, 1965ci ildən etibarən Göyçay şəhəri Ə.Kərim küçəsi 2/5 nömrəli evin 1 nömrəli mənzilində yaşasa da, hazırda göstərilən evin 2 nömrəli mənzilində yaşayış yeri üzrə qeydiyyatdadır. SSRİ dövründə Göyçay şəhəri Ə.Kərim küçəsi 2/5 nömrəli evin 1 nömrəli mənzili (sahəsi 30 kv.m, 2 otaqlı) İddiaçı anası X5 istifadəsinə verilmiş və xx.xx.1990-cı ildə Göyçay Rayon Mənzil İstismar Kontoru ilə X11 arasında kirayə müqaviləsi bağlanmışdır. Həmin müqavilədə digər ailə üzvləri ilə yanaşı, İddiaçı da adı göstərilmişdir. Bundan sonra həmin mənzilə bitişik olan 2 nömrəli mənzil də (sahəsi 20 kv.m, 1 otaqlı) iddiaçının anası X5 istifadəsinə verilmiş və xx.xx.1992-ci ildə Göyçay Rayon Mənzil İstismar Kontoru ilə X11 arasında kirayə müqaviləsi bağlanmışdır. Həmin müqavilədə də digər ailə üzvləri ilə yanaşı, İddiaçı adı göstərilmişdir. İddiaçının anası X11 xx.xx.2010-cu ildə vəfat etmişdir. Mərhumun ailə üzvləri mənzilləri özəlləşdirmək məqsədilə Göyçay Mənzil İstismar Sahəsindən göstərilən mənzillərə hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayışlar (2 №-li forma) almışlar. Göyçay Mənzil İstismar Sahəsi tərəfindən 1 otaqlı 20 kv.m-lik mənzillə bağlı iddiaçının bacısı X2 adına verilmiş xx.xx.2021-ci il tarixli 23 nömrəli arayışda mənzildə 7 nəfərin (X7, X11, İddiaçı, X12, Əhmədova (Həşimova) Samirə Eyvaz qızı, Əhmədova (Şirinova) Sevinc Eyvaz qızı, X18) qeydiyyatda olduğu göstərilmişdir. Göyçay Mənzil İstismar Sahəsi tərəfindən 2 otaqlı 30 kv.m-lik mənzillə bağlı iddiaçının bacısı X2 adına verilmiş xx.xx.2021-ci il tarixli 24 nömrəli arayışda mənzildə 12 nəfərin (X7, X13, X11, Səmədova (Məmmədova) Xatirə İsmayıl qızı, İddiaçı, X12, Əhmədova (Həşimova) Samirə Eyvaz qızı, Əhmədova (Şirinova) Sevinc Eyvaz qızı, X18, X15, Əhmədova (Kərimova) Aygün Kərəm qızı, X16) qeydiyyatda olduğu göstərilmişdir. Göründüyü kimi, arayışlarda İddiaçı adı hər iki mənzildə yaşayan şəxslərin siyahısında göstərilmişdir. Cavabdeh tərəfindən Göyçay şəhəri Ə.Kərim küçəsi 2/5 nömrəli evin 2 nömrəli mənzilinə iddiaçının anası X5 mülkiyyət hüququ xx.xx.2022-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və onun adına reyestrdən çıxarış verilmişdir. Göstərilən 2 nömrəli mənzil qanun üzrə vərəsəlik qaydasında hər birinə 1/3 hissə olmaqla xx.xx.2022-ci ildə İddiaçı, X3 və X2 mülkiyyətinə keçmiş, İddiaçı və X10 mənzilin onlara çatası hissəsini xx.xx.2022-ci ildə X4 bağışlamış və mənzilə sonuncunun mülkiyyət hüququ xx.xx.2022-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göyçay şəhəri Ə.Kərim küçəsi 2/5 nömrəli evin 1 nömrəli mənzilinə mülkiyyət hüququnun qeydiyyata alınmasından isə cavabdeh imtina etmiş və iddiaçıya yazdığı xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirmişdir ki, "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə, dövlət və yaxud ictimai mənzil fondu mənzillərini özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. İmtina məktubunda həmçinin göstərilmişdir ki, mənzilin özəlləşməsi üçün notarial qaydada verilmiş razılıq ərizələrində binanın və mənzilin nömrəsi səhv qeyd edilmişdir. İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRXnin 16 saylı Ərazi İdarəsinə qarşı "ünvan 2 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququnun dövlət reyestrində dövlət qeydiyyatına alınması və müvafiq çıxarış (texniki pasport) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Bundan sonra o, məhkəməyə "İddia ərizəsinin dəqiqləşdirilməsi barədə" ərizə verərək, cavabdeh kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsini göstərmişdir. Daha sonra o, məhkəməyə yenə "İddia ərizəsinin dəqiqləşdirilməsi barədə" ərizə verərək, cavabdeh kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsini göstərmiş, iddia tələbini isə "İddiaçı Göyçay şəhəri Ə.Kərim küçəsi ev 2/5 mənzil 1 ünvanında yerləşən 30 kv.m mənzil üzərində mülkiyyət hüququnun dövlət reyestrində dövlət qeydiyyatına alınması və müvafiq çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" kimi ifadə etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli məhkəmə iclas protokolundakı qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Cavabdeh iddiaya qarşı xx.xx.2022-ci il tarixli **********17 nömrəli etirazında imtina məktubunun dəlillərinə istinad etmiş və bildirmişdir ki, Göyçay şəhəri Ə.Kərim küçəsi bina 2/5-də yerləşən 2 nömrəli mənzil üzərində X5 mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınaraq ona xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Sonradan xx.xx.2022-ci il tarixli 2V-169 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Göyçay şəhəri Ə.Kərim küçəsi bina 2/5-də yerləşən 2 nömrəli mənzil üzərində X2 mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınaraq ona xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Tərəflərə şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı gəlmədiyinə görə işə onun iştirakı olmadan baxıldı. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, xx.xx.1990-cı il tarixli kirayə müqaviləsindən görünür ki, həmin müqavilə Göyçay şəhəri Ə.Kərim küçəsi 2/5 nömrəli evin 1 nömrəli mənzili (sahəsi 30 kv.m, 2 otaqlı) ilə bağlı Göyçay Rayon Mənzil İstismar Kontoru ilə X11 arasında bağlanmışdır. - İşdə olan xx.xx.1992-ci il tarixli kirayə müqaviləsindən görünür ki, həmin müqavilə Göyçay şəhəri Ə.Kərim küçəsi 2/5 nömrəli evin 2 nömrəli mənzili (sahəsi 20 kv.m, 1 otaqlı) ilə bağlı Göyçay Rayon Mənzil İstismar Kontoru ilə X11 arasında bağlanmışdır. - İşdə olan, Göyçay Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 23 nömrəli (2 №-li forma) arayışdan görünür ki, Göyçay şəhəri Ə.Kərim küçəsi 2/5 nömrəli evin sahəsi 20 kv.m olan 1 otaqlı mənzilində 7 nəfər (X7, X11, İddiaçı, X12, Əhmədova (Həşimova) Samirə Eyvaz qızı, Əhmədova (Şirinova) Sevinc Eyvaz qızı, X18) qeydiyyatdadırlar. - İşdə olan, Göyçay Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 24 nömrəli (2 №-li forma) arayışdan görünür ki, Göyçay şəhəri Ə.Kərim küçəsi 2/5 nömrəli evin sahəsi 30 kv.m olan 2 otaqlı mənzilində 12 nəfər (X7, X13, X11, Səmədova (Məmmədova) Xatirə İsmayıl qızı, İddiaçı, X12, Əhmədova (Həşimova) Samirə Eyvaz qızı, Əhmədova (Şirinova) Sevinc Eyvaz qızı, X18, X15, Əhmədova (Kərimova) Aygün Kərəm qızı, X16) qeydiyyatdadırlar. - İşdə olan "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, Göyçay şəhəri Ə.Kərim küçəsi 2/5 nömrəli evin 2 nömrəli mənzilinə X5 mülkiyyət hüququ xx.xx.2022-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İşdə olan, məhkəmənin sorğusuna Göyçay Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 77 nömrəli cavab məktubundan görünür ki, İddiaçı 1965-ci ildən etibarən Göyçay şəhəri Ə.Kərim küçəsi 2/5 nömrəli binanın 1 nömrəli 2 otaqlı mənzilində yaşayır. İddiaçı adının Göyçay şəhəri Ə.Kərim küçəsi 2/5 nömrəli binanın həm 1 nömrəli, həm də 2 nömrəli mənzillərinə daxil edilməsinin səbəbi ailə üzvlərinin sayı çox olduğuna görə xx.xx.1992-ci ildə İddiaçı anası mərhum X8 genişləndirmə məqsədilə Əli Kərim küçəsi 2/5 nömrəli binanın 2 nömrəli 1 otaqlı mənzilin əlavə olaraq verilməsi və hər iki mənzil İddiaçı mərhum anası X8 məxsus olduğuna görə övlad kimi İddiaçı adının hər iki kirayə müqaviləsində yazılmasıdır. - İşdə olan xx.xx.2022-ci il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"dən görünür ki, xx.xx.2010-cu ildə vəfat etmiş X8 məxsus Göyçay şəhəri Ə.Kərim küçəsi bina 2/5-də yerləşən 2 nömrəli mənzil hər birinə 1/3 hissə olmaqla İddiaçı, X6 və X4 miras qalmışdır. - İşdə olan xx.xx.2022-ci il tarixli "Miras payının bağışlanması müqaviləsi"ndən görünür ki, İddiaçı və X10 həmin mənzilin onlara çatası hissəsini X4 bağışlamışdırlar. - İşdə olan, "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, həmin mənzilə X2 tam mülkiyyət hüququ xx.xx.2022-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə məhkəmə iddianı qismən əsaslı hesab edir. "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinin birinci hissəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 7-ci maddəsinə görə, dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. Qanunun 8-ci maddəsinin üçüncü hissəsinə görə, vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam "olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Həmin Qanunun 9-cu maddəsinin birinci və ikinci hissələrinə əsasən, müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə "Elektron Hökumət" portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Vətəndaş saxta sənədlər, təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Belə hallarda vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Sadalanan normaların birgə təhlilindən görünür ki, dövlət mənzil fonduna daxil olan mənzili özəlləşdirmək hüququna həm mənzil kirayə müqaviləsi bağlamış şəxslər, həm də mənzil kirayə müqaviləsində adı göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvləri malikdirlər. Mənzil onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi mülkiyyətinə verilə bilər. Eyni zamanda, Qanun dövlət və ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilməsini nəzərdə tutmuşdur. İşdən görünür ki, Göyçay şəhəri Ə.Kərim küçəsi 2/5 nömrəli evin əvvəlcə 1 nömrəli, ardınca isə 2 nömrəli mənzilləri iddiaçının anası X5 istifadəsinə verilmiş, onunla müvafiq olaraq xx.xx.1990-cı ildə və xx.xx.1992ci ildə kirayə müqavilələri bağlanmışdır. Hər iki müqavilədə kirayəçinin ailə üzvlərinin siyahısında İddiaçı da adı göstərilmişdir. Buna baxmayaraq, o, 2 nömrəli mənzildə deyil, yalnız 1 nömrəli mənzildə yaşamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının yaşadığı 1 nömrəli mənzilin özəlləşdirilməsində iştirak etmək hüququ vardır. Onun 2 nömrəli mənzilin özəlləşdirilməsində artıq iştirak etməsi səbəbindən 1 nömrəli mənzilin özəlləşdirilməsində iştiraka buraxılmaması barədə cavabdehin mövqeyi əsaslı deyildir. Belə ki, 2 nömrəli mənzilin özəlləşdirilməsi zamanı Göyçay Mənzil İstismar Sahəsi iddiaçının həmin mənzilin kirayəçisinin ailə üzvü olması barədə arayış versə də, cavabdeh inzibati orqan olaraq bu arayışla kifayətlənməməli və iddiaçının həmin mənzildə yaşayıb-yaşamamasını araşdırmalı idi, çünki özəlləşdirmədə iştirak hüququ kirayəçinin bütün ailə üzvlərinə deyil, yalnız onunla birlikdə yaşayan ailə üzvlərinə məxsusdur. Göyçay şəhəri Ə.Kərim küçəsi 2/5 nömrəli evin 1 nömrəli mənzilinin özəlləşməsi üçün notarial qaydada verilmiş razılıq ərizələrində binanın və mənzilin nömrəsinin səhv qeyd olunması barədə cavabdehin dəlili ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. (73.1-ci maddə) İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. (73.2-ci maddə) Həmin Məcəllənin 73.3-cü maddəsinə görə, aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Göründüyü kimi, sadalanan normalar məcburetmə haqqında iddialara dair məhkəmə qərarının qəbul edilməsini tənzimləyir. Hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə aid olsa da, hazırkı işdə də inzibati orqan tərəfindən mənzilin özəlləşdirilməsi barədə iddiaçının müraciətinin həlli üçün araşdırmanın davam etdirilməsi, o cümlədən 1 nömrəli mənzildə həqiqətən yaşayan şəxslərin dairəsinin müəyyən edilməsi, həmin şəxslərin özəlləşdirmə ilə əlaqədar fikrinin və onların mənzilin iddiaçının adına özəlləşdirilməsinə razı olub-olmamalarının öyrənilməsi zəruridir. Eyni şəxslərin adlarının həm 1 nömrəli, həm də 2 nömrəli mənzillərə aid kirayə müqavilələrinə, həm də mənzil istismar təşkilatının arayışlarına (2 №-li forma) daxil edilməsini nəzərə alaraq, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün görünmür. Beləliklə, məhkəmə yuxarıda istinad edilən normaların tələblərini və işin hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının mənzilin özəlləşdirilməsi barədə müraciətinin həlli üçün araşdırmanın davam etdirilməsi zəruri olduğuna görə cavabdehin üzərinə iddia olunan məzmunda öhdəliyin qoyulması işin hazırkı vəziyyətində mümkün deyil. Ona görə də iddia qismən təmin edilərək, cavabdehin üzərinə Göyçay şəhəri Ə.Kərim küçəsi ev 2/5 mənzil 1 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarış verilməsi barədə iddiaçının müraciətinə məhkəmənin bu qərarda ifadə olunan hüquqi mövqeyini nəzərə almaqla yenidən baxmaq öhdəliyi qoyulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Göyçay şəhəri Ə.Kərim küçəsi ev 2/5 mənzil 1 ünvanında yerləşən mənzil üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarış verilməsi barədə İddiaçı müraciətinə məhkəmənin bu qərarda ifadə olunan hüquqi mövqeyini nəzərə almaqla yenidən baxmaq öhdəliyi qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar