Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1248/2021 19.11.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi, Daşınmaz Əmlakın "xxxx" MMC-nin Şəki Layihə-Tədqiqat İdarəsi və Qəbələ şəhər bələdiyyəsinə qarşı “21.07.2005-ci il tarixində Qəbələ bələdiyyəsindən alqı-satqı müqaviləsi bağlayaraq ona bələdiyyə ərazisindən satılmış 0,06 ha həyətyanı torpaq sahəsinin tanıdılaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə Şəki İnzibati Məhkəməsinin binasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21.07.2005-ci il tarixində Qəbələ bələdiyyəsindən alqı-satqı müqaviləsi bağlayaraq ona bələdiyyə ərazisindən satılmış 0,06 ha həyətyanı torpaq sahəsinin tanıdılaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçıya 20.08.2021-ci il tarixdə yardım məktubu ünvanlanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, iddia ərizəsində üç fərqli inzibati orqan cavabdeh qismində göstərilmiş və həyətyanı torpaq sahəsinin tanıdılaraq verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələb edilmişdir. Lakin inzibati mühakimə icraatı qaydasında müxtəlif cavabdehlərə qarşı eyni tələb üzrə iddia qaldırılması yolverilməzdir. İddiaçıya həmçinin bildirilmişdir ki, İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia ərizəsinə əlavə edilmiş imtina məktubundan da görünür ki, iddiaçı məhkəməyə müraciət edənədək cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyetr Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsinə torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmiş və imtina cavabı almışdır. Lakin iddia ərizəsinə əlavə etdiyi cavabdehin 01.07.2021-ci il tarixli imtina məktubuna əsasən müəyyən edilir ki, cavabdehin imtinası hazırkı iddia tələbi ilə bağlı olmamışdır. Yardım məktubu ilə iddiaçıya bildirilmişdir ki, inzibati məhkəmə icraatı çərçivəsində fərqli cavabdehlərə qarşı irəli sürülən tələblərə dair iddialara bir icraat çərçivəsində baxılması yolverilməzdir, bu növ iddialar mümkün hesab edilməməli olduğundan, eyni zamanda hazırkı tələblə məhkəmədə iddia qaldırmazdan əvvəl cavabdehə rəsmi müraciət etməsi iş materialları ilə təsdiqini tapmaması səbəbindən iddia tələbi mümkün sayılmamalı olduğundan yuxarıda göstərilənlərə 5 gün müddətində münasibət bildirməsi və ya iddia tələbini müvafiq şəkildə düzgün cavabdehə qarşı konkret tələb göstərilməklə dəqiqləşdirmək iddiaçıya təklif edilmiş və bildirilmişdir ki, yardım məktubuna münasibət bildirilmədiyi təqdirdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəkdir. İddiaçı yardım məktubunu 26.08.2021-ci il tarixdə aldıqdan sonra məhkəməyə 01.09.2021-ci il tarixli məktub ünvanlamışdır. Şəki İnzibati Məhkəməsinə 03.09.2021-ci il tarixdə daxil olan məktubunda iddiaçı bildirmişdir ki, məhkəməyə göndərdiyi sənədlərdə Qəbələ bələdiyyəsinin kompleks yer quruluşu layihəsindən çıxarış yaddan çıxarılaraq əlavə edilməmişdir. İddiaçı məktubunda işin araşdırılmasını, aidiyyəti qurumların bu sənədlərin kökünü yoxlanmasını xahiş etmiş və qeyd etmişdir ki, ikinci qrup müharibə əlili kimi ona məxsus torpağın başqasının adına keçməsi ona çox ağır gəlir. İddiaçı sözügedən məktubuna Qəbələ Rayon Dövlət Arxivindən arxiv çıxarışı, Qəbələ bələdiyyəsinin 21.07.2005-ci il tarixli qərarından çıxarışı və başqa sənədləri əlavə edərək məhkəmə təqdim etmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçının məhkəmə 03.09.2021-ci il tarixdə daxil ərizəsindən də göründüyü kimi iddiaçı yardım məktubunda qeyd olunan nöqsanları aradan qaldırmamış, yardım məktubunda qeyd olunanların mahiyyətinə uyğun olmayan sənədləri məhkəməyə təqdim etmişdir. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, iddiaçının hazırkı tələblə məhkəmədə iddia qaldırmazdan əvvəl eyni tələblə cavabdehə rəsmi müraciət etməsi iş materialları ilə öz təsdiqini tapmır. Digər tərəfdən iddiaçı üç müxtəlif cavabdehə qarşı eyni tələblə iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 6.1, 6.2, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçı mübahisə predmeti ilə bağlı müvafiq ərizə ilə əvvəlcə cavabdehə müraciət etməli olduğu halda, onun tərəfindən belə bir müraciət edilmədiyindən, işin qeyd olunan halı iddiaçının ilkin müraciəti və cavabdehin məhz ona müvafiq imtinası ilə öz təsdiqini tapdığından iddiaçının hazırkı tələbə dair iddiası mümkün sayılmamalıdır. Həmçinin müxtəlif səlahiyyətlərə malik cavabdehlərə qarşı da inzibati mühakimə icraatı qaydasında eyni tələbə dair iddia ilə müraciət edilməsi yolverilməzdir. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə İPM-in 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi, Daşınmaz Əmlakın "xxxx" MMC-nin Şəki Layihə-Tədqiqat İdarəsi və Qəbələ şəhər bələdiyyəsinə qarşı “21.07.2005-ci il tarixində Qəbələ bələdiyyəsindən alqı-satqı müqaviləsi bağlayaraq ona bələdiyyə ərazisindən satılmış 0,06 ha həyətyanı torpaq sahəsinin tanıdılaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-1248/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1248/2021
19.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver