Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-125/2022 25.02.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən JN-629A Kod 90101002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən iddiaçıya məxsus 0,05 hektar torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan ölçü sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən JN-629A Kod 90101002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən iddiaçıya məxsus 0,05 hektar torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan ölçü sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini Yevlax rayon AİK-nın 17.02.2006-cı il tarixli 10 nömrəli qərarı ilə Yevlax şəhərində 0.05 ha torpaq sahəsinin onun mülkiyyətinə verilməsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən KOD 90101002, JN-629A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin tərtib edilməsi ilə əsaslandırmışdır. İddiaçı Yevlax şəhərində yerlşən 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun Dövlət qeydiyyatına alınması məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin ona bildirilmişdir ki, Yevlax şəhərinin elektron xəritə bazasında JN- 629A nömrəli torpaq sahəsi öz əksini tapmamışdır. Elektron adlı siyahıda və Yevlax şəhərinin torpaq şəhadətnamələrinin qeydiyyat kitabında iddiaçının adına JN-629A nömrəli şəhadətnamənin olması barədə məlumatlar qeyd olunmamışdır. Buna görə də cavabdeh orqan müraciətin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi iddia tələbinə etirazını iddiaçının müraciətinin təmin olunmasından imtina məktubunda qeyd olunan hüquqi mövqe ilə əsaslandırmış, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Yevlax rayon AİK-nın 17.02.2006-cı il tarixli 10 nömrəli qərarından görünür ki, müvafiq qərarda Yevlax şəhərinin inzibati ərazisi daxilində dövlət mülkiyyətində qalan, xüsusi mülkiyyətə verilən torpaqlar çıxmaqla yerdə qalan torpaqların Yevlax bələdiyyəsinin mülkiyyətinə verilməsi, həmin ünvanda yerləşən, vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələrinin onların xüsusi mülkiyyətinə verilməsi, təsdiq edilmiş sənədlərin və vətəndaşların siyahısının Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə göndərilməsi qərara alınmışdır. - İddiaçı adına tərtib edilmiş JN-629A, KOD 90101002 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, müvafiq şəhadətnamənin Yevlax rayon AİK-nın 17.02.2006-cı il tarixli 10 nömrəli qərarı ilə verilməsi və 629 nömrə ilə kitabda qeydə alınması göstərilmişdir. Müvafiq şəhadətnamədə 628 A, 6632, 6631 nömrəli və digər qonşu torpaq sahələri ilə bağlı qeydiyyat aparılmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13.01.2022-ci il tarixli 5/1394 №-li ekspert rəyindən və ekspertiza xərclərinə dair bildirişdən görünür ki, rəyin “tədqiqatın nəticəsi” hissəsində aşağıdakılar qeyd edilmişdir: tədqiqata təqdim edilmiş, İddiaçı adına JN-629A kod 90101002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin 3-cü və 4-cü vərəqələrində olan möhür əksləri relyef klişe vasitəsilə sənədə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş, İddiaçı adına JN- 629A kod 90101002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin 3-cü və 4-cü vərəqələrindəki “M.Mustafayev” sözünün qarşısındakı imzalar birbaşa qələmlə deyil, axınlı printerdə çap edilmişdir. tədqiqata təqdim edilmiş, İddiaçı adına JN-629A kod 90101002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin 4-cü vərəqində olan “F.Cəfərov” sözünün qarşısındakı imza hər hansı texniki qurğu vasitəsilə deyil, birbaşa qələmlə icra edilmişdir. Aparılmış tədqiqatın dəyəri 62 manat məbləğində müəyyən edilmişdir. - DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin 02.06.2021-ci il tarixli imtina məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl, iddiaçı tərəfindən anoloji tələblə cavabdeh inzibati orqana müraciət edilmiş, lakin cavabdeh inzibati orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 27.10.2021-ci il tarixli məktubundan görünür ki, Yevlax şəhərinin həyətyanı torpaq sahəsinə dair subyektlər siyahısında İddiaçı adı aşkar edilməmişdir, 628 A, 6632A, 6631A nömrəli qonşu torpaq sahələrinin arxiv nüsxələri mövcud deyildir. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş, iştiraklarını mümkünsüz edən üzürlü səbəblər barədə sübutlar təqdim etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. İddia tələbinin əsassız olması onunla bağlıdır ki, iş materialları ilə Yevlax rayon AİKnın 17.02.2006-cı il tarixli 10 saylı qərarı ilə iddiaçıya Yevlax şəhərində 0.05 ha torpaq sahəsinin ayrılması sübuta yetirilmir. Belə ki, Yevlax rayon AİK-nın 17.02.2006-cı il tarixli 10 saylı qərarının məzmunundan göründüyü kimi həmin qərarda konkret olaraq torpaq payı ayrılmış subyektlərin adı qeyd olunmamış və ümumi olaraq Yevlax şəhərinin inzibati ərazisi daxilində dövlət mülkiyyətində qalan, xüsusi mülkiyyətə verilən torpaqlar çıxmaqla yerdə qalan torpaqların Yevlax bələdiyyəsinin mülkiyyətinə verilməsi, həmin ünvanda yerləşən, vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələrinin onların xüsusi mülkiyyətinə verilməsi, təsdiq edilmiş sənədlərin və vətəndaşların siyahısının Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə göndərilməsi qərara alınmışdır. Yəni, özlüyündə həmin qərar iddiaçıya torpaq sahəsinin ayrılmasını iddia etməyə əsas vermir. İddiaçının adı, həyətyanı torpaq sahələri qanuni istifadələrində olan vətəndaşların siyahısında olduğu halda, o, müvafiq qərara istinad edə və torpaq sahəsi üzrə mülkiyyət hüququnun qeydə alınmasını tələb edə bilərdi. Belə ki, istinad olunan qərar məhz həmin siyahıları təsdiq etmiş və həmin siyahıda adları olan şəxslərə münasibətdə sənədləşmə işlərinin aparılmasını nəzərdə tutmuşdur. İş materiallarından isə görünür ki, ümumiyyətlə Yevlax şəhərinin həyətyanı torpaq sahəsinə dair subyektlər siyahısında iddiaçının adı yoxdur. İddiaçının sübut qismində əslini məhkəməyə təqdim etdiyi JN-629A kod 90101002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qonşu torpaq sahələri 628 A, 6632A, 6631A nömrələrlə qeyd edilsə də müəyyən edilir ki, həmin şəhadətnamələrin də arxiv nüsxələri yoxdur və iddiaçının mülkiyyətində olduğunu qeyd etdiyi həmin torpaq sahəsinin qonşu torpaq sahələrinin hüquq müəyyənedici sənədləri əsasında yoxlamaq mümkün deyil. Bu isə iddiaçının adına tərtib edilmiş şəhadətnamədə qeyd edilmiş məlumatların mötəbər olmaması qənaətini yaradır. İddiaçının adına tərtib edilmiş JN-629A kod 90101002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin saxtalaşdırılaraq tərtib edilməsi iş üzrə təyin edilmiş məhkəmə-texniki ekspertizasının rəyi ilə də sübut olunur. Belə ki, rəyin “tədqiqatın nəticəsi” hissəsində tədqiqata təqdim edilmiş, İddiaçı adına JN-629A kod 90101002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin 3-cü və 4-cü vərəqələrindəki “M.Mustafayev” sözünün qarşısındakı imzaların birbaşa qələmlə deyil, axınlı printerdə çap edilməsi müəyyən edildiyindən müvafiq şəhadətnamə iş üzrə mötəbər sənəd kimi qiymətləndirilə və iddiaçının mülkiyyət hüququnun mövcudluğunu sübut edən hüquqi sənəd kimi qəbul edilə bilməz. Məhkəmə, 13.01.2022-ci il tarixli 5/1394 №-li ekspert rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla müqayisəli şəkildə təhlil edərək bu qənaətə gəlir ki, müvafiq rəy işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ilə zidiyyət təşkil etmədiyindən iş üzrə sübut qismində qəbul edilməlidir. Beləliklə, iddiaçıya Yevlax rayon AİK-nın 17.02.2006-cı il tarixli 10 saylı qərarı ilə Yevlax şəhərində 0.05 ha torpaq sahəsinin ayrılması iş üzrə yuxarıda qeyd edilmiş sübutlarla təkzib olunduğundan, təqdim edilmiş JN-629A kod 90101002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin saxtalaşdırılması müvafiq ekspert rəy ilə sübut olunduğundan iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməkdə cavabdeh inzibati orqanın hərəkətləri qanunauyğun olmuşdur, həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmamışdır. Buna görə də iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında əsasnaməyə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatnın idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5-ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən JN-629A Kod 90101002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən iddiaçıya məxsus 0,05 hektar torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan ölçü sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Ekspertiza xərci iddiaçıya aid edilir. Ekspert rəyinin verilməsinə çəkilən xərcə görə 62 (altmış iki) manat pul məbləği İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1, kod: 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab AZ34CTRE********************) köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-125/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-125/2022
25.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver