Məhkəmə qərarları › İş №2-1(116)-1250/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1250/2020

01.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1250/2020 01.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiə Nazirliyi tabeliyində Dövlət X4 publik hüquqi şəxsin Mingəçevir şəhər filialına qarşı "son 3 ildə ala bilmədiyi müharibə veteranlarına Azərbaycan Respublikası Prezidenti təqaüdünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli 087561 nömrəli müharibə veteranı vəsiqəsi verilmiş və həmin tarixdən etibarən ona "Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü" ödənilməyə başlanmışdır. Bundan sonra iddiaçı cavabdehə ərizə ilə müraciət edərək həmin təqaüdün əvvəlki 3 il üçün də ona ödənilməsini xahiş etmiş, lakin sonuncu xx.xx.2020-ci il tarixli **********5 nömrəli məktubla bildirmişdir ki, Prezident təqaüdü müharibə veteranı vəsiqəsi verildiyi gündən təyin edilir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, öz tələbini belə əsaslandırmışdır ki, 1992-1994-cü illərdə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş, müharibə veteranı vəsiqəsi isə ona xx.xx.2020-ci ildə verilmişdir. Cavabdeh iddiaya xx.xx.2020-ci il tarixli **********7 nömrəli etirazında imtina məktubunun dəlillərinə istinad etmiş, əlavə olaraq isə bildirmişdir ki, iddiaçı Dövlət X4 publik hüquqi şəxsin Mingəçevir şəhər filialından heç bir növ əmək pensiyası almır. Tərəflərə şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyinə, cavabdeh nümayəndəsinin iştirakını təmin etmədiyinə görə işə onların iştirakı olmadan baxıldı. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 087561 nömrəli vəsiqədən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüquqununa malikdir. - İşdə olan, Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X4 publik hüquqi şəxsin Mingəçevir şəhər filialının xx.xx.2020-ci il tarixli **********7 nömrəli etiraz məktubundan görünür ki, müharibə veteranı vəsiqəsi verildiyi gündən iddiaçıya Prezident təqaüdü təyin edilmişdir. Bundan başqa, iddiaçı Dövlət X4 publik hüquqi şəxsin Mingəçevir şəhər filialından heç bir növ əmək pensiyası almır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab etmədi. İddiaçı iddia ərizəsinin nəticəvi hissəsində öz tələbini "son 3 ildə ala bilmədiyi müharibə veteranlarına Azərbaycan Respublikası Prezidenti təqaüdünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" kimi ifadə etsə də, iddia ərizəsinin məzmunundan aydın plur ki, o, son 3 il dedikdə, müharibə veteranə vəsiqəsinin ona verildiyi tarixdən əvvəlki 3 ili nəzərdə tutur. "Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanına əsasən, "Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü" təsis edilmiş, onun aylıq məbləği 80 manat müəyyən olunmuş, eləcə də Fərmanın 2019-cu il aprelin 1-dən tətbiq edilməsi qərara alınmışdır. Nə həmin Fərmanda, nə də digər qanunvericilik aktlarında Azərbaycan Respublikası Prezidentinin təqaüdünün əvvəlki müddətlər üçün də verilməli olması müəyyən edilməmişdir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiə Nazirliyi tabeliyində Dövlət X4 publik hüquqi şəxsin Mingəçevir şəhər filialına qarşı "son 3 ildə ala bilmədiyi müharibə veteranlarına Azərbaycan Respublikası Prezidenti təqaüdünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar