Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1250/2024 09.08.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “üçüncü şəxs X5 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək “üçüncü şəxs X5 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-1250/2024 saylı qərardadı ilə X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-ci il tarixli 2-1(116)-1250/2024 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-ci il tarixli 2- 1(107)-410/2024 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnibati Məhkəməsinin xx.xx.2024-ci il tarixli 2-1(116)-1250/2024 nömrəli qərardadı ləğv edilmiş, inzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmışdır. Apellyasiya şikayəti “iddianın mümkün sayılması” hissəsində təmin edilməmişdir. İddia ərizəsinin əsaslarına görə, 29 noyabr 1990-cı il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi X1 vərəsəsi X6 mülkiyyətinə keçmişdir. 03 noyabr 1992-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X10 fərdi yaşayış evini X2. Vəfa Əliyeva isə 07 may 1997-ci il tarixdə Göyçay rayon 1 saylı DNK-da təsdiq edilmiş 3m/25 saylı alqı-satqı müqaviləsi əsasında sözügedən fərdi yaşayış evini iddiaçıya satmışdır. Həmin fərdi yaşayış evini aldıqdan sora təmir-bərpa işləri aparılmış və yeni görkəm verilmişdir. Bundan sonra Göyçay rayon Aqrar İslahat Komissiyasının 14 may 1999- cu il tarixli 50 saylı qərarı ilə mülkiyyətinə verilmiş 543,22 kv.metr torpaq sahəsinin plan və ölçüsünü əks etdirən kadastr planı, fərdi yaşayış evində aparılmış dəyişikliklərin rayon İcra Hakimiyyəti başçısının Memarlıq və Tikinti Şöbəsi ilə razılaşdırılmış layihəsi, Göyçay rayon icra Başçısının Göyçay şəhəri üzrə inzibati ərazi nümayəndəliyinin xx.xx.2011-ci il tarixli 157 saylı arayışı əsasında Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr PHŞ-nın 16 saylı Ucar Ərazi İdarəsinə müraciət edilərək, çıxarış verilməsi xahiş edilmişdir. Müraciəti əsasında yeni çıxarış və plan ölçü sənədi verilmişdir. Sözügedən fərdi yaşayış evini 1997-ci ildə aldıqdan sonra, ailə üzvləri ilə (övladlarıyla) birlikdə həmin evə köçərək, hal-hazıradək yaşayır. X3 3-cü şəxs X9 ilə ailə qurmuşdur. Onlar bir müddət onun mülkiyyətində olan evdə birgə yaşamışlar. 3-cü şəxsi evinə qeydiyyata saldırmışdır. Oğlu Fərhadla 3-cü şəxs Gülşən Məmmədovanın birgə nikahından 1 övladı doğulmuşdur. 3-cü şəxslə oğlunun xasiyyətləri uyğun gəlmədiyindən, nikahları məhkəmənin xx.xx.2011 -ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Bundan sonra 3-cü şəxs Gülşən Məmmədova şəxsi və cehiz əmlaklarını götürərək, yaşamaq üçün valideynlərinə məxsus evə getmişdir. Bir müddət valideynləri ilə yaşayan Gülşən, sonradan başqa şəxslə ailə həyatı quraraq, ərinin yaşadığı ünvana köçmüşdür. Lakin bu günədək evimdən qeydiyyatdan çıxmamışdır və qeydiyyatı formal olaraq qalmışdır. 3-cü şəxs ona məxsus yaşayış sahəsində qeydiyyatda olsa da, onun həmin daşınmaz əmlaka istifadə hüququ yaranmamışdır, qeydiyyatı formal xarakter daşıyır və onun mülkiyyət hüququnu əhəmiyyətli dərəcədə pozur. Mülkiyyətində olan mənzildən üçüncü şəxs X5 pasport qeydiyyatından çıxarılması üçün cavabdeh orqana müraciət etsə də, cavabdeh inzibati orqan üçüncü şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasından imtina edərək məhkəməyə müraciət etmək hüququnun olmasını izah etmiş, bu barədə xx.xx.2023-cü il tarixli imtina xarakterli məlumat məktubu göndərmişdir. Üçüncü şəxs iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçı tələbini onu evinə qeydiyyata saldırması, ona məxsus yaşayış sahəsində qeydiyyatda olsa da, daşınmaz əmlaka istifadə hüququnun yaranmaması, qeydiyyatının formal xarakter daşıması və onun mülkiyyət hüququnu əhəmiyyətli dərəcədə pozması ilə əsaslandırmış, tələbinin hüquqi əsası kimi "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında' Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-6-cı yarımbəndlərinə İnzibati icraat haqqında' Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə istinad etmişdir. Halbuki o, oğlu Aqşinlə birlikdə iddiaçının mülkiyyətində olan evə məhkəmə qətnaməsi əsasında yaşayış sahəsindən istifadə huququ verilməklə köçürüldükdən sonra qeydiyyata alınmışdır. Belə ki, o 12 iyun 2001-ci il tarixdə iddiaçının X3 ilə Göyçay rayon Qeydiyyat şöbəsində nikah qeyd etdirməklə evlənmiş və həmin vaxt iddiaçının istifadəsində olan ünvan 3 ünvanda yerləşən evə köçmüşdür. Uzun illər həmin evdə yaşasa da, qeydiyyatda valideynlərinin Göyçay şəhəri Z.Tağıyev küçəsi 72 saylı binada yerləşən 30 saylı mənzilində olmuşdur. İddiaçı 2008-ci ildə onu və oğlunu yaşadığı evdən çıxarmış və o, oğlu X15 ilə birlikdə X4 mülkiyyəti kimi 02 dekabr 2011-ci il tarixdə qeydə alınmış ünvan 4 ünvanda yerləşən evə köçürülməyinə və həmin evin yaşayış sahəsindən onlara istifadə hüququnun verilməsinə dair iddia ilə Göyçay rayon Məhkəməsinə müraciət etmişdir. Göyçay Rayon Məhkəməsi 03 may 2012-ci il tarixli qətnaməsi ilə iddianı rədd etsə də, Şəki Apellyasiya Məhkəməsi 30 avqust 2012-ci il tarixli qətnamə ilə iddianı təmin etmiş, ona və oğluna İddiaçı mülkiyyətində olan Göyçay şəhəri Şakərəm Qurbanov küçəsində yerləşən ümumi sahəsi 280.8 kv.metr, yaşayış sahəsi 70,5 kv.metr olan 3 otaqlı evə yaşayış sahəsindən istifadə hüququ vermiş və onların həmin evə köçürülməsi barədə qətnamə çıxarmışdır. Həmin qətnamə icra olunmuş və onlar 08 fevral 2013-cü il tarixdə İddiaçı mülkiyyətində olan evə köçmüşlər. Şəki Apellyasiya Məhkəməsinin 30 avqust 2012-ci il tarixli 2(107)-534/2012 saylı qətnaməsinin təsdiq olunmuş surətini Cavabdehnə göndərərək oğlu ilə özünün onlara yaşayış sahəsindən istifadə hüququ verilmiş evə qeydiyyata alınmasını xahiş etmiş və bundan sonra iddiaçının mülkiyyətində olan evə qeydiyyata alınmışlar. Lakın, iddiaçı onlara mübahisəli evdə yaşamağa imkan verməmişdir və o, həmin vaxt azyaşlı oğlu ilə birlikdə kirayə yaşamağa məcbur olmuşdur. Göründüyü kimi iddiaçı ilə onların arasında mənzil münasibətləri mövcud olmuşdur və onunla oğlunun iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüququ var. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məmzunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli DƏDR-dən çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən mənzil iddiaçının tam xüsusi mülkiyyətindədir. - Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli 2(107)- 534/2012 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X12 və nümayəndəsi X7 apellyasiya şikayəti təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilmiş, iddiaçı X12 və uşağı X13 Göyçay şəhəri Şakərəm Qurbanov küçəsində yerləşən ümumi sahəsi 280,8 kv.metr, yaşayış sahəsi 70,5 kv.metr olan 3 otaqlı evə yaşayış sahəsindən istifadə hüququ verilmiş və onlar həmin evə köçürülməsi barədə yeni qətnamə çıxarılmışdır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxs və cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür... Maddə 5. Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarında qərara almışdır ki: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda istinad olunan qərarında yaşayış sahəsində faktiki yaşama və ya istifadə hüququ olmanı zəruri şərtlər olaraq müəyyən etmişdir ki, hazırkı tələbə münasibətdə üçüncü şəxslərin yaşayış sahəsində istifadə hüquqlarının mövcudluğu ilə bağlı şərt yerinə yetirilir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ünvan 5 ünvanında yerləşən mənzil iddiaçının tam xüsusi mülkiyyətindədir və hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı - keçmiş gəlini X5 həmin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. İddiaçı, üçüncü şəxsin həmin yaşayış sahəsində qeydiyyatının formal olduğunu bildirir. Lakin, iş materiallarından görünür ki, üçüncü şəxsin sözügedən yaşayış sahəsində əmlak hüququ mövcuddur. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli 2(107)-534/2012 nömrəli qətnaməsi ilə sözügedən fərdi yaşayış evində üçüncü şəxsə istifadə hüququ verilmişdir. Mülki Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Qanunvericiliyin tələbinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh orqan haqlı olaraq iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı “üçüncü şəxs X5 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1250/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1250/2024
09.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver