Məhkəmə qərarları › İş №2-1(116)-1250/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1250/2025

31.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1250/2025 31.07.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Velicanova Fidan Telman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “01.012.1982-ci il tarixdən xx.xx.1999-cu il tarixə kimi Ucar rayonu Məlikballı kənd orta məktəbində hərbi müəllim vəzifəsində işlədiyi illər nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı “01.012.1982-ci il tarixdən xx.xx.1999-cu il tarixə kimi Ucar rayonu Məlikballı kənd orta məktəbində hərbi müəllim vəzifəsində işlədiyi illər nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İddia ərizəsinə əsasən , iddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1999-cu il tarixə kimi Ucar rayonu Məlikballı kənd orta məktəbində hərbi müəllim vəzifəsində işləmişdir ki, buna dair əmək kitabçasında qeydlər var, həmin məktəb və Ucar rayon Təhsil Şöbəsi tərəfindən buna dair verilmiş arayışlar var. Bütün bunlar iddiaçının həmin məktəbdə 16 il 10 ay müddətdinə işləməyini təsdiq edən konkret və mötəbər subut olsada cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı bunun əsassız və qanunsuz olaraq həmin iş stajını qəbul etməyib.Yalnız iddiaçının 3 ay 18 gün iş stajını qəbul ediblər. İddiaçı cavabdehə müraciət edərək, 16 il 10 ay olan stajını hesablamaqla qanunu təqaüd hesablanmasına köməklik göstərmələrini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X3 Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 08 iyun 2024-cü il tarixli məktubu ilə xx.xx.1982-ci il tarixdən xx.xx.1999-cu il tarixə kimi Ucar rayonu Məlikballı kənd orta məktəbində hərbi müəllim vəzifəsində işləməyinə dair iş stajımın qəbul edilməsindən imtina edilmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: İddiaçı təqdim etdiyi ******* nömrəli əmək kitabçasının dublikatının surətinə əsasən xx.xx.1976-ci il xx.xx.1982-ci il tarixədək əmək fəaliyyəti dövrləri və hərbi xidmət dövrləri daxil edilməklə mübahisələndirilməyən sığorta stajı, ümumilikdə, 8 il 3 ay 18 gün təşkil edir və qanunvericiliyin minumum 25 il sosial sığorta stajı tələbi ödənilmir.İddiaçının ******* nömrəli əmək kitabçasının dublikatının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1982-ci il tarixdən 01,09.1999-cu il tarixədəK olan dövrlərin araşdırılması zamanı yerində (Ucar Rayon Təhsil Sektorunda və Ucar rayon Məlikballı kənd tam orta məktəbində) qarşılıqlı yoxlama aparılmış və Fondun 2 saylı İVbrkəzi Aran regional filialının xx.xx.2024-cü il tarixli aktı tərtib olunmuşdur. Həmin akta əsasən aşağıdakılar müəyyən edilmişdir: Ucar Rayon Təhsil Sektorunda saxlanılmış əməkhaqqı və əmr kitabları yoxlanılarkən, iddiaçının iş stajına dair əmrləri yoxlamağ mümkün olmamışdır; Qeyd edilən illər üzrə vətəndaşın əməkhaqqısı səlahiyyətli şəxsin möhürü və imzası ilə təsdiq edilməmişdir; Ucar rayon Məlikballı kənd tam orta məktəbində saxlanılan əmr kitabları yoxlanılarkən xx.xx.1982-ci il tarixli əmrdə iddiaçının ata adı kiril qrafikalı əlifba ilə yazılmasına baxmayaraq soyad və noyabr sözü latın qrafikalı əliba ilə yazılmışdır. Həmçinin, əməkhaqqı kitablarında iddiaçıya əməkhaqqı ödənilmiş 10 il 3 ay olan dövrlər iddiaçının sığorta stajına daxil edilərsə, iddiaçının ümumilikdə, sığorta stajı 18 il 6 ay 18 gün təşkil edəcəkdir. Bununla da, iddiaçının sığorta stajı 25 ildən az cimaqla, qanunverciliyin tələblərini ödəməyəcəkdir. Nəzərinizə çatdırırıq ki, iddiaçının əmək fəaliyyətinə dair sənədlərin surğuclanmaması və xx.xx.1982-ci il tarixli əmrdə iddiaçının soyadının və noyabr sözünün latın qrafikalı əlifba ilə yazılması faktı ******* nömrəli əmək kitabçasının dublikatının surətindəki qeydlərin mötəbərliyinə dair əsaslı şübhə yaradır. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, ca/abdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Məhkəm iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraza uyğun məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: • Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. • AZE ******** nömrəli Şəxsiyyət Vəsiqəsi • İddiaçıya məxsus ******* nömrəli Əmək kitabçası. • Ucar rayonu Məlikabadlı kənd orta məktəb tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 27 nömrəli arayışın surəti. • Əmək pensiyasının təyin edilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarın surəti. • Əmək pensiyasının təyin edilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarın surəti. • Ucar rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli arayışın surəti. • Ucar rayonu Məlikabadlı kənd orta məktəb tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3 nömrəli məktub. • Ucar rayon İcra Hakimiyyəti Başçısının Qazıqumlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli məktubu. • Cavabdehin etirazı və ona əlavə olunan sənədlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. Cavabdeh etirazının əsası kimi aşağıdakıları göstərmişdir. “Ucar Rayon Təhsil Sektorunda saxlanılmış əməkhaqqı və əmr kitabları yoxlanılarkən, iddiaçının iş stajına dair əmrləri yoxlamağ mümkün olmamışdır; Qeyd edilən illər üzrə vətəndaşın əməkhaqqısı səlahiyyətli şəxsin möhürü və imzası ilə təsdiq edilməmişdir; Ucar rayon Məlikballı kənd tam orta məktəbində saxlanılan əmr kitabları yoxlanılarkən xx.xx.1982-ci il tarixli əmrdə iddiaçının ata adı kiril qrafikalı əlifba ilə yazılmasına baxmayaraq soyad və noyabr sözü latın qrafikalı əliba ilə yazılmışdır. İddiaçının əmək fəaliyyətinə dair sənədlərin surğuclanmaması və xx.xx.1982-ci il tarixli əmrdə iddiaçının soyadının və noyabr sözünün latın qrafikalı əlifba ilə yazılması faktı ******* nömrəli əmək kitabçasının dublikatının surətindəki qeydlərin mötəbərsiz olması.”. Məhkəmə qeyd olunan dəlilləri əsaslı hesab etmir. Belə ki, iddiaçının əmək kitabçasında və təqdim etdiyi arayışda olan qeydlərin mötəbərsizliyinin sübuta yetirməsi öhdəliyi cavabdehin üzərinə düşür. Təsadüfi deyil ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. İşin müəyyən edilən hallarına görə iddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1999-cu il tarixə (16 il 10 ay) kimi Ucar rayonu Məlikballı kənd orta məktəbində hərbi müəllim vəzifəsində işləməsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Mərkəzi Aran Regional Təhsil İdarəsinin Ucar Rayonu Məlikballı kənd tam orta məktəbinin xx.xx.2025-ci il tarixli arayışı, Ucar Rayonu İcra Hakimiyyəti Başçısının Qazıqumlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışı, həmçinin iddiaçının əmək kitabçasında qeydlərlə təsdiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Mövcud məhkəmə praktikası və bununla bağlı formalaşmış inzibati praktikaondan ibarətdir ki, əmək pensiyasının təyinatında şəxsin 1 yanvar 2006-cı il tarixədək əmək fəaliyyətinin qarşılıqlı yoxlamasının hər hansı səbəbdən baş tutmaması, habelə müəssisənin müvafiq sənədlərinin (əməkhaqqı cədvəlləri, əmrlər və s.) arxivə (Dövlət Arxivinə) təhvil verilməməsi onun təqsiri ilə bağlı olmayan haldır və hətta mövcudluğu təsdiqlənməsindən asılı olmayaraq, bu hal özlüyündə qanunvericiliklə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən xüsusat kimi təsbit edilməmişdir. Bundan başqa, əmək kitabçasında əks olunmuş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması həmin əmək kitabçasının məxsus olduğu şəxs kimi iddiaçının iradəsi ilə bağlı hallarla əlaqədar olmadığından, onun üçün hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Hazırkı iş üzrə cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda əmək kitabçasındakı qeydlər üzrə məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır və belə mübahisə cavabdeh inzibati orqan tərəfindən qaldırıldığından, həmin məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür (İPM-in 14.3-cü maddəsi). Çünki, «İnzibati icraat haqqında» Qanunun 15 və 19-cu maddələri müvafiq sənədlərdə, hazırkı iş üzrə əmək kitabçasında olan məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən inzibati orqan isə, öz mövqeyini əsaslandırmaq, daha dəqiqi desək sübut etmək yükü daşıyır. Qeyd olunanlara, habelə 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin tələblərinə əsaslanaraq, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən tərəfindən İddiaçının əmək kitabçasında əks olunmuş 01.012.1982-ci il tarixdən xx.xx.1999-cu il tarixə kimi Ucar rayonu Məlikballı kənd orta məktəbində hərbi müəllim vəzifəsində işlədiyi dövrün onun sığorta stajına daxil edilməməsi qanuna ziddir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndinə əsasən “Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;”. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. İddiaçının, məhkəmə araşdırması zamanı müəyyən edilən sosial sığorta stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, arxiv sənədlərinə və iddiaçının əmək kitabçasına əsasən iddiaçının 25 ildən artıq sığorta stajı olduğu təsdiq olunduğundan iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı 01.012.1982-ci il tarixdən xx.xx.1999-cu il tarixə kimi Ucar rayonu Məlikballı kənd orta məktəbində hərbi müəllim vəzifəsində işlədiyi illər nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar