Məhkəmə qərarları › İş №2-1(116)-1252/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1252/2025

11.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1252/2025 11.03.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “növbəlilik qaydasında mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “növbəlilik qaydasında mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10021/2024 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı 1995-ci ildə anadan olmuş və xx.xx.2002-ci il tarixli, 277 saylı əmrlə Yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün Respublika Yardımçı İnternat Məktəbinin (hazırda 4 saylı İnternat tipli xüsusi ümumtəhsil məktəbi) 1-ci sinfinə qəbul edilmiş, 2012-ci ildə isə həmin məktəbin 10-cu sinfini məzun kimi bitirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli, 492s saylı sərəncamına əsasən, Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda uçota alınmış, bu kateqoriyaya aid edilən və 2020-ci ildə uçota götürülmüş şəxslər, eləcə də sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan gözdən əlilliyi olan şəxslər və sosial xidmət müəssisələrinin, eləcə də təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunları növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməlidirlər. İddiaçı valideyn himayəsindən məhrum olmuş uşaq kimi bu kateqoriyaya aid olduğunu əsas gətirərək növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməli olduğunu bildirir. Lakin cavabdeh orqan 30 aprel 2024-cü il tarixli məktubla onun növbəlilik qaydasında mənzillə təmin edilməsindən imtina etmişdir. İmtinanın səbəbi kimi iddiaçının 2011-ci ildə, yəni Yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün Respublika Yardımçı İnternat Məktəbini məzun kimi bitirmədən əvvəl anasının himayəsinə verildiyi göstərilmiş və bu əsasla onun növbəlilik siyahısında mənzillə təmin olunmaq hüququnun olmadığı bildirilmişdir. İddiaçı bildirir ki, internat məktəbini 2012-ci ildə məzun kimi bitirmiş və bunu təsdiq edən müvafiq sübutları – 4 saylı internat tipli xüsusi ümumtəhsil məktəbinin məzunu olmasına dair şəhadətnamənin surətini və internat məktəbinin arayışını iddia ərizəsinə əlavə etmişdir. Odur ki, cavabdehin imtinasının əsassız sayılması və onun üzərinə Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli, 492s saylı sərəncamına uyğun olaraq, iddiaçının növbəlilik qaydasında mənzillə təmin olunması öhdəliyinin qoyulması xahiş edilmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır. - əvvəllər valideyn himayəsindən məhrum olmuş məzunlara mənzil Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 7 oktyabr tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün "xxxx" Sosial Müəssisəsinin Nizamnaməsi əsasında verilirdi. Adıçəkilən Nizamnamənin 4.2-ci bəndinə uyğun olaraq, Elm və Təhsil Nazirliyi tərəfindən hər tədris ilinin sonunda dövlət uşaq müəssisələrindən həmin il üzrə məzun olmuş şəxslər arasından valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və yaşayış yeri olmayan məzunlar barədə siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunurdu. Azərbaycan Respublikasının 22 iyun 1999-cu il tarixli "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Qanununa əsasən, valideyn himayəsindən məhrum olmuş uşaqlar dedikdə, hər iki valideyni aşağıdakı kateqoriyaların hər hansı birinə aid olan şəxslər başa düşülür: məlum olmayan, valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan, xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan), ölmüş elan edilən, cəzaçəkmə müəssisələrində cəzasını çəkən, uşaqlarının tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən, uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən, qanunla nəzərdə tutulmuş digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslər. Bundan əlavə, bir valideyni vəfat etmiş və digər valideyni orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs və ya bu Qanunun birinci hissəsinin dördüncü-onuncu abzaslarında nəzərdə tutulan kateqoriyaların hər hansı birinə aid olan valideyni olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobıl AESdə qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamına əsasən mənzillərin verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə ünvanladığı müraciətə cavab olaraq, Elm və Təhsil Nazirliyinin 17 sentyabr 2019-cu il tarixli xx-xx-1786/16 nömrəli məktubunda iddiaçının 2002-ci ildə Yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün Respublika Yardımçı İnternat Məktəbinə (hazırda Sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika Xüsusi İnternat Məktəbi) 1-ci sinfə qəbul olunduğu, internat məktəbində təlim-tərbiyə aldığı müddətdə müəssisədə gecələdiyi, anası tərəfindən ziyarət edildiyi və 2011-ci ildə valideyninə təhvil verildiyi göstərilmişdir. "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Qanunun tələblərinə əsasən, şəxs valideyni və ya valideynləri tərəfindən sosial xidmət müəssisəsindən götürüldüyü halda, o artıq valideyn himayəsindən məhrum olmuş uşaq statusundan çıxır. Odur ki, iddiaçının valideyn himayəsindən məhrum edilmiş şəxs statusu artıq mövcud olmadığı üçün, həmçinin Nazirlər Kabinetinin yuxarıda qeyd olunan 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamı ilə əhatə olunmadığından onun əmlak və yaxud yaşayış sahəsi ilə təmin edilməsi qanunvericiliyin tələblərinə ziddir. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, VB 020450 №-li “Əsas təhsil haqqında” Şəhadətnamənin surəti, Azərbaycan Respublikası Təhsil Nazirliyi Sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 №-li Respublika Xüsusi İnternat Məktəbinin xx.xx.2024-cü il tarixli, 24/24 saylı arayışı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli məktubu, Azərbaycan Respublikası Təhsil Nazirliyindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, xx-xx-1786/16 nömrəli məlumat və ona əlavə olunmuş adlı siyahı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 4 №-li internat tipli xüsusi ümumi təhsil məktəbinin xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli məktubları. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada düzgün cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddianın qaldırılması üçün iddiaçı subyetktiv hüquqa malik olmuşdur. Həmçinin iddia əsaslıdır. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanun: Maddə 1. Əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: valideynlərini itirmiş uşaqlar - hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslərdir; valideyn himayəsindən məhrum olmuş uşaqlar - hər iki valideyni aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan: məlum olmayan; valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan; xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən; cəzaçəkmə müəssisələrində cəzasını çəkən; uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən; uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən; qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir. Bir valideyni vəfat etmiş və o biri valideyni orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər; ... Maddə 3. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi üzrə tədbirlər Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin sosial müdafiəsi mövcud qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən təmin olunur və qorunur. Müvafiq icra hakimiyyəti orqanları valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların və onların arasından olan şəxslərin sosial müdafiəsi üzrə məqsədli proqramları hazırlayır və həyata keçirir, onlar üçün mərkəzləşmiş xüsusi yaşayış yerləri, habelə təhsil, sosial xidmət və digər müəssisələrin bazasında sosial uyğunlaşma və reabilitasiya üzrə dövlət müəssisələri yaradırlar. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin nəzdində uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün "xxxx" Sosial Müəssisəsinin yaradılması və istismarı ilə bağlı məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2015-ci il tarixli 90 saylı Qərarı:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin nəzdində uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün "xxxx" Sosial Müəssisəsi yaradılsın.

2. uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün Abşeron rayonunun Masazır qəsəbəsində istismarına icazə verilmiş, dövlət sosial təyinatlı mənzil fonduna aid olan çoxmənzilli yaşayış binası, binaya aid bütün infrastruktur qurğu və avadanlıqlar "xxxx" Sosial Müəssisəsinin balansına, onun yerləşdiyi torpaq sahəsi isə istifadəsinə verilsin. ...

5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi: 5.1. 1 ay müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin nəzdində uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün "xxxx" Sosial Müəssisəsinin Nizamnaməsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin; 5.2. uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunlarına "xxxx" Sosial Müəssisəsinin balansında olan binada yaşayış sahəsinin ayrılmasını təmin etsin.

6. Azərbaycan Respublikasının Təhsil Nazirliyi uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları barədə siyahının hər tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmasını təmin etsin. ... “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 492s nömrəli sərəncamı

1. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində inşa edilmiş 930 mənzil, Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində inşa edilmiş 154 mənzil, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində inşa edilmiş 771 mənzil, Abşeron rayonunda inşa edilmiş 1890 mənzil, Lənkəran rayonunda inşa edilmiş 45 mənzil, Samux rayonunda inşa edilmiş 197 mənzil, həmçinin 2021-ci ilin sonunadək təhvil verilməsi nəzərdə tutulan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində inşa edilən 576 mənzil və Abşeron rayonunda inşa edilən 1152 mənzi hesabına Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2015-ci il 21 dekabr tarixli 1633 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli sərəncamlarının 1-ci hissələrində nəzərdə tutulmuş şəxslərin, habelə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda uçota alınmış yuxarıda qeyd edilən sərəncamlara uyğun kateqoriyadan olan 2020-ci il ərzində uçota götürülmüş şəxslərin, eləcə də bu Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan, gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə istifadə edilsin. ...

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın: 3.1. bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq müvafiq kateqoriyadan olan şəxslərə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzillərin verilməsini təmin etsin. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı valideyn himayəsindən məhrum olmuş uşaq kimi növbəlilik qaydasında cavabdeh tərəfindən mənzillə təmin edilməsinə nail olmaqdır. İddiaçı, xx.xx.2002-ci il tarixli, 277 saylı əmrlə yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün Respublika Yardımçı İnternat Məktəbinin (hazırda 4 saylı İnternat tipli xüsusi ümumtəhsil məktəbi) 1-ci sinfinə qəbul edildiyini və 2012-ci ildə həmin məktəbin 10-cu sinfini məzun kimi bitirdiyini bildirir. İddiaçının 4 №-li Respublika Xüsusi İnternat Məktəbində (4 №-li internat tipli xüsusi ümumi təhsil məktəbi) xx.xx.2002-ci il tarixdən 2012-ci il tarixədək təhsil alması və həmin müəssisəsini bitirməsi iş materiallarında olan sözügedən təhsil müəssisəsinin arayış və məktubları ilə sübut olunur. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2019-cu il tarixli, xx-xx-1786/16 nömrəli məktubuna əlavə olunmuş və iddiaçının da adının yer aldığı 47 nəfərlik siyahıda, "xxxx" Sosial Müəssisəsində yaşayış sahəsi ilə təmin olunması məqsədilə sorğu edilən şəxslər barədə məlumatlar göstərilmişdir. Həmin məlumatda iddiaçının adının qarşısında qeyd edilmiş məlumatlardan biri onun internat məktəbində təlim-tərbiyə aldığı müddətdə müəssisədə gecələməsi, anası tərəfindən ziyarət edilməsi və 2011-ci ildə valideyninə təhvil verilməsi olmuşdur. Cavabdeh orqan məhz həmin məlumata istinad edərək bildirir ki, iddiaçı 2011-ci ildə sözügedən təhsil müəssisəsini məzun kimi bitirmədən əvvəl anasının himayəsinə verildiyindən, onun növbəlilik qaydasında mənzillə təmin olunmaq hüququ yoxdur. Məhkəmə tərəfindən iddiaçının təhsil aldığı müəssisədən xx.xx.2019-cu il tarixli, xxxx-1786/16 nömrəli məktuba əlavə edilmiş adlı siyahıdakı məlumatlara aydınlıq gətirilməsi, iddiaçının anasına təhvil verilməsinə dair mövcud olan icraat materiallarının (təhvil-təslim aktı, anası tərəfindən himayəyə götürülməyə dair mövcud olan bütün sənədlər) təqdim edilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 4 №-li internat tipli xüsusi ümumi təhsil məktəbi xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd etmişdir ki, iddiaçı sözügedən təhsil müəssisəsində xx.xx.2002-ci ildən xx.xx.2012-ci ilədək təhsil almışdır. Həmçinin məktubda göstərilmişdir ki, iddiaçı oxuduğu müddət ərzində Yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün Respublika Yardımçı İnternat Məktəbində gecələmiş, bu dövrdə heç kim onu ziyarət etməmişdir. Məktəbi bitirdikdən sonra kimə təhvil verilməsi barədə isə heç bir sənəd mövcud deyil. Bundan əlavə, Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanlanmış məktub müəllimlərin şifahi məlumatına əsasən tərtib edilmişdir. Göründüyü kimi, cavabdeh orqanın etirazının dəlili iddiaçının təhsil aldığı müəssisənin xx.xx.2025-ci il tarixli məlumatı ilə təkzib olunur. İddiaçının anası tərəfindən təhvil alınmasına dair hər hansı mötəbər sübut mövcud deyil və müvafiq qeydlər yalnız müəllimlərin şifahi məlumatlarına əsaslanır. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun preambluasında qeyd edilmişdir ki, Bu Qanun valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından 23 yaşınadək olan şəxslərin sosial müdafiəsi üzrə dövlət təminatının məzmununu, tədbirlərini müəyyən edir, həmin təminatın verilməsi və həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir. Məhkəmə hesab edir ki, Qanunun məqsədi hüquqi formalizmdən daha çox, mövcud vəziyyətin real faktlar əsasında qiymətləndirilməsinə yönəlmişdir. Belə ki, iddiaçı faktiki olaraq valideyn himayəsindən məhrum olmuş şəxs kimi böyümüşdür (valideyn himayəsindən məhrum olunmuş uşaq kimi internat məktəbində təhsil almış və orada gecələmiş, təhsil aldığı müddət ərzində valideynləri tərəfindən ziyarət edilməmişdir). Valideynlərinin onun tərbiyəsi və hüquqlarının müdafiəsi ilə maraqlanmadığı halda, bu faktın zamanında rəsmi qaydada rəsmiləşdirilməməsi onun hüquqlarını məhdudlaşdırmamalıdır. Yəni, uşağın taleyi ilə maraqlanmayan valideynlərə münasibətdə internat məktəbinin rəhbərliyinin və qəyyumluq-himayə orqanlarının hərəkətsizliyi uşaq üçün mənfi hüquqi nəticələr doğurmamalı, Dövlətin müdafiə öhdəliyi valideynlərin və ya digər vəzifəli şəxslərin passivliyindən asılı olmamalıdır. Məhkəmə, uşağın mənafeyinin üstünlüyü prinsipini və Dövlətin müdafiə öhdəliyini nəzərə alaraq qeyd edir ki, hər bir halda iddiaçının hüquqi statusunu vaxtında, düzgün müəyyən etmək dövlət qurumlarının və internat məktəbi rəhbərliyinin üzərinə düşən öhdəlik olmuşdur. Hazırkı mübahisə ilə bağlı müəyyən edilmiş işin faktiki halları iddiaçının “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun tələblərinə uyğun olaraq “valideyn himayəsindən məhrum olmuş uşaq” statusunda tanınmasını zəruri edir. Cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 492s nömrəli sərəncamı əsasında həyata keçirilir və sözügedən Sərəncamın iddiaçıya tətbiq edilməsi üçün o, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə uçota götürülmüş şəxs olmalıdır. Məhkəmə qeyd edir ki, istinad olunan Sərəncam qəbul edilənədək valideyn himayəsindən məhrum olmuş məzunlara mənzil Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 7 oktyabr tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün "xxxx" Sosial Müəssisəsinin Nizamnaməsi əsasında verilirdi. Sözügedən Nizamnamənin 4.2-ci bəndinə uyğun olaraq, Elm və Təhsil Nazirliyi tərəfindən hər tədris ilinin sonunda dövlət uşaq müəssisələrindən həmin il üzrə məzun olmuş şəxslər arasından valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və yaşayış yeri olmayan məzunlar barədə siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunurdu. Faktiki olaraq xx.xx.2019-cu il tarixdə iddiaçının adının yer aldığı 47 nəfərlik siyahı Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmiş, bununla da, onun valideyn himayəsindən məhrum olmuş məzun kimi mənzillə təmin olunmaq hüququ 2019-cu ildə tanınmışdır (həmin vaxt "xxxx" Sosial Müəssisəsinin Nizamnaməsi qüvvədə idi). İddiaçının mənzillə təmin edilməməsinin səbəbi onun iradəsindən asılı olmayan halla - müvafiq siyahıda həqiqətə uyğun olmayan məlumatların göstərilməsi ilə bağlı olduğundan bu nöqsanın mənfi hüquqi nəticələri onun ziyanına şərh oluna bilməz. Odur ki iddiaçının hüququ Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 492s nömrəli sərəncamından əvvəl yarandığından, mübahisəyə həmin dövrdə qüvvədə olan hüquqi akt - "xxxx" Sosial Müəssisəsinin Nizamnaməsinin müddəaları tətbiq edilməlidir. Belə ki, hüquqi vəziyyət hüququn yarandığı anda qüvvədə olan normativ aktlarla tənzimlənməlidir. Həmin Nizamnamənin tələbləri baxımından isə iddiaçının Mənzil Məcəlləsinə uyğun olaraq mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə uçota götürülmüş şəxs olması zərurəti yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı, cavabdeh orqandan növbəlilik qaydasında mənzillə təmin edilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə, mənzillə təmin edilmənin "növbəlilik qaydasına" münasibətdə müxtəlif subyektiv yanaşmaların tətbiq olunması və hüquqi qeyri-müəyyənliyin yaranması ehtimalını nəzərə alaraq xüsusi olaraq qeyd edir ki, növbəlilik prinsipi konkret və əvvəlcədən müəyyən edilmiş siyahıya əsaslanmalı, bu prosesdə mücərrəd və qeyrimüəyyən yanaşmalara yol verilməməlidir. Cavabdeh orqan iddiaçını sonrakı illərdə tərtib edilən və ya qeyri-müəyyən yeni bir siyahıya daxil etməməli, ədalət və bərabərlik prinsipləri nəzərə alınmaqla, 2019-cu ildə tərtib edilmiş 47 nəfərlik siyahıda müəyyən edilmiş ardıcıllıq tam saxlanılmalı, iddiaçının yeri həmin siyahıya uyğun şəkildə müəyyən edilməli, həmin siyahıda yer almış şəxslərin hüquqlarına uyğun olaraq iddiaçı da, eyni qaydada müvafiq ardıcıllıqla mənzillə təmin edilməlidir. Əks yanaşma hüquqi müəyyənlik prinsipinin pozulmasına, cavabdehin özbaşına və subyektiv mülahizələr əsasında iddiaçını mənzil təminatı üçün qeyri-müəyyən müddətə gözləməyə məcbur etməsinə, nəticədə isə iddiaçının artıq tanınmış hüququnun həyata keçirilməsinin əsassız şəkildə ləngidilməsinə səbəb ola bilər. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. İddiaçı növbəlilik qaydasında (2019-cu ildə tərtib edilmiş 47 nəfərlik siyahıda müəyyən edilmiş ardıcıllıq nəzərə alınmaqla) mənzillə təmin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar