Məhkəmə qərarları › İş №2-1(116)-1253/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1253/2022

29.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1253/2022 29.07.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Sosial Ödənişlərin X1rşı “xx.xx.1980-ci ildən – xx.xx.2006-ci il tarixədək Yevlax rayon “Yunun ilkin emalı” fabrikində işlədiyi illərin sosial sığorta stajına əlavə edilməsi və pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF PHŞ-in Sosial Ödənişlərin X1rşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək qarşı “xx.xx.1980-ci ildən – xx.xx.2006-ci il tarixədək Yevlax rayon “Yunun ilkin emalı” fabrikində işlədiyi illərin sosial sığorta stajına əlavə edilməsi və pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, ******* №-li əmək kitabçasında qeyd edilmiş əmək fəaliyyəti müddətini nəzərə almaqla, əlilliyə görə əmək pensiyasının dayandırıldığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı, tələb hüququnu əmək fəaliyyəti ilə məşğul olduğu müddətin təqdim etdiyi əmək kitabçası ilə sübuta yetirilməsi ilə əsaslandırmışdır. Cavabdeh, iddiaçının əmək fəaliyyəti müddətini bütövlükdə mübahisələndirmiş, iddia tələbinə etirazını, iddiaçının qeyd edilən müəssisədə işləməsinin yoxlanılmasının mümkün olmaması ilə əsaslandırmışdır. Cavabdeh qeyd etmişdir ki, mübahisələndirdiyi dövrlər nəzərə alınmadan sosial sığorta stajı hesablandıqda iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan azı 25 illik sığorta stajı yaranmır, həmçinin, iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya təyini üçün zəruri olan pensiya kapitalı mövcud deyil. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi, məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - ******* №-li əmək kitabçasına əsasən iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu müddət aşağıdakı kimidir: xx.xx.1980 – xx.xx.1998 (17 il 5 ay 25 gün), xx.xx.2002-xx.xx.2003 (1 il 9 ay 19 gün), xx.xx.1998 – xx.xx.2001 (3 il 1 ay 20 gün), xx.xx.2004-xx.xx.2008 (3 il 9 ay 14 gün), - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı, xx.xx.1962cı ildə anadan olmuşdur. - 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, "xxxx" ASC (VÖEN: **********) xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. "xxxx" ASC Azərbaycan Respublikası Nazirlər Kabinetinin tabeliyində olan “Azəryun” İstehsalat Birliyinin (X9 Emalı fabrikinin) çevrilməsi nəticəsində yaranmışdır. "xxxx" ASC xx.xx.2004-cü il tarixdən vergi uçotuna alındığından, müəssisənin xx.xx.2002-ci il tarixdən əvvəlki tarixə dövrlərə fəaliyyəti barədə məlumat vermək mümkün deyildir. - X5 Filialının xx.xx.2022-ci il tarixli, 40 №-li məktubundan görünür ki, X9 emalı fabrikinin əmr kitabları və əmək haqqı sənədləri Dövlət Arxivinə təhvil verilməmişdir. - "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçıya əmək kitabçası işdən azad olunarkən verilmişdir. Hal-hazırkı düvrdə fabrikdə baş vermiş yanğın nəticəsində heç bir sənəd qalmamışdır. Yanğın baş verməsi barədə FHN DYNX Aran regional Yanğın Nəzarət İdarəsinin xx.xx.2021-ci il tarixli yanğın haqqında aktı mövcuddur. - Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 23 №-li Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli qərarından görünür ki, iddiaçıya 5 il müddətinə, ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik qrupu verilmiş, növbəti müayinə tarixi xx.xx.2021-ci il qeyd edilmişdir. - cavabdehin təqdim etdiyi iddiaçıya aid pensiya təyinatı alt sistemindən çıxarışdan görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası ödənilmişdir. - DSMF PHŞ-nin 3 saylı X6 şöbəsinin, Yevlax şəhər icra nümayəndəliyinin əməkdaşlarının və digər şəxslərin iştirakı ilə xx.xx.2021-ci il tarixdə tərtib edilmiş aktda qeyd edilmişdir ki, Yevlax şəhər İ.Dəmirov küçəsi 100 №-li evdə yaşayan İddiaçı Məmməd qızının xx.xx.1999-cu il təvəllüdlü və xx.xx.1993-cü il təvəllüdlü uşaqları: İsmayılov Rahib Faiq oğlu və İsmayılova Günay Faiq qızı həmin ünvanda analarının himayəsində yaşayırlar. xx.xx.1999-cu il təvəllüdlü oğlu Rahib İsmayılov 5 yaşından yəni, xx.xx.2005-ci il tarixdən sağlamlıq imkanları məhdud uşaqlara verilən müavinət almış, həmin müavinət 18 yaşına– xx.xx.2017-ci il tarixədək ödənilmişdir. Qızı, Günay İsmayılova xx.xx.1993-cü il təvəllüdlü olmaqla xx.xx.2005-ci il tarixdən 18 yaşadək - xx.xx.2011-ci il tarixədək sağlamlıq imkanları məhdud uşaqlara verilən müavinət almış və hal-hazıra kimi sosial müavinət alır. Rahib İsmayılov və Günay İsmayılova anaları İddiaçı himayəsində, qəyyumluğunda yaşayırlar. Hər iki xəstə uşağı İddiaçı özü doğub 8 yaşa kimi tərbiyə etmişdir. Hal-hazırda uşaqların anasının himayəsində yaşaması qonşuların və iştirak edən digər şəxslərin iştirakı ilə yerində yoxlanılaraq düzgünlüyü təsdiq edilmişdir. - XXİ-ЖГ 342174 №-li doğum haqqında şəhadətnamədən görünür ki, İsmayılov Rahib Faiq oğlu xx.xx.1999-cu ildə doğulmuş, anası – İddiaçı Məhhəməd qızı qeyd edilmişdir. - Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 20 №-li Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli müayinə aktlarından çıxarışlardan görünür ki, İsmayılov Rahib Faiq oğlunun sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş, müayinə tarixi xx.xx.2005-ci il, əlilliyin müddəti xx.xx.2007-ci il qeyd edilmişdir. İsmayılova Günay Faiq qızının sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş, müayinə tarixi xx.xx.2005-ci il, əlilliyin müddəti xx.xx.2007-ci il qeyd edilmişdir. - 16 yaşadək uşağın TSEK-də müayinə aktından çıxarışdan (029917) görünür ki, İsmayılov Rahib Faiq oğlunun müayinə tarixi xx.xx.2007-ci il qeyd edilmiş, qərarın müddəti may 2009-cu ilədək müəyyən olunmuşdur. - Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağın TSEK-də 025635, 071897, 071897, 010980, 074716 №-li müayinə aktlarından çıxarışlardan görünür ki, İsmayılov Rahib Faiq oğlunun müayinə olunduğu və qərarın müddətinin hesablandığı tarixlər aşağıdakı kimidir:  29.04.2009-cü il, may 2011-ci ilədək,  04.04.2011-ci il, may 2013-cü ilədək,  22.04.2013-cü il, may 2015-ci ilədək,  15.04.2015-ci il, 18 yaşadək. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63yaşına çatmış kişilərin və60yaşına çatmış qadınlarınfərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25ilsığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyasıtəyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 8.2.Əlilliyi müəyyən edilmişuşağını səkkiz yaşınadək tərbiyə etmişanaların bu Qanunun 7-ci maddəsinə uyğunşərtlər daxilindəyaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqişəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmətvə ya digər fəaliyyət müddətləri sığsrta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsinə əsasənsığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsindəqeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:... 21.2.4.(əvvəlki redaksiyaya əsasən) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablananİ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habeləahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı tələbədə qeyd edilən müddətlərin sosial sığorta stajına daxil edilərək, sığorta stajının tamamlanması və hüququnun yarandığı gündən yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Müəyyən edilir ki, iddiaçı, sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişuşağını səkkiz yaşınadək tərbiyə etmişanadır. Buna görə də “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə uyğunşərtlər daxilində onunyaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçıya xx.xx.2016-cı il tarixdən - xx.xx.2021-ci il tarixədək ikinci dərəcə əlillik təyin edilmiş və həmin müddət ərzində o, əlilliyə görə pensiya almış, pensiya ödənişləri xx.xx.2021-ci il tarixdə dayandırılmışdır. Odur ki, yaşa görə əmək pensiyası hüququ daha əvvəl yaranmasına baxmayaraq, iddiaçıya təyin ediləcək yaşa görə əmək pensiyasının əvvəli, əlilliyə görə əmək pensiyasının ödənişinin dayandırıldığı tarixdən (xx.xx.2021-ci il) hesablanmalıdır. Cavabdehin iddiaya qarşı dəlilləri ondan ibarətdir ki, iddiaçının işlədiyi müəssisənin sənədləri Yevlax rayon Dövlət Arxivinə təhvil verilməyib. Buna görə də əmək kitabçasında qeyd edilmiş müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmir. İddiaçının xx.xx.2006-cı il tarixdən sonrakı əmək fəaliyyəti müddətində fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bu da əmək kitabçasındakı qeydlərin mörəbərliyini şübhə altına alır. Odur ki, iddiaçının sosial sığorta stajının 25 ildən az olması müəyyən edilir. Məhkəmə cavabdeh orqanın dəlillərini əsassız hesab edir. Belə ki, işin hallarından görünür ki, idiaçının ******* №-li əmək kitabçasına əsasən ümumilikdə əmək stajı 26 il 2 ay 18 gün qeyd edilmişdir. Cavabdeh həmin müddəti bütövlükdə mübahisələndirir və bunu müəssisəyə dair sənədlərin arxivə təhvil verilməməsi, buna görə də qeyd edilən dövrün yoxlanılmasının mümkün olmaması ilə əsaslandıdır. Bununla belə, cavabdeh orqan, əmək kitabçasında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması, həmin qeydlərin əlavə araşdırılması zərurəti və əmək kitabçasının mötəbərliyinin şübhəli olması ilə bağlı hər hansı sübut təqdim edə bilmir. Belə ki, iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən, müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını, məhkəmə, iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqe). İddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu müəssisənin sənədlərinin arxivdə mövcud olmamasına gəldikdə isə məhkəmə hesab edir ki, həmin sənədlərin arxivə təhvil verilməsi və lazımi qaydada saxlanılmasının təmin edilməsi iddiaçının vəzifəsi olmadığından, qeyd edilən hal iddiaçının ziyanına şərh edilə bilməz. Eyni zamanda qeyd edilməlidir ki, “X9 Emalı fabriki”nin fəaliyyətdə olan (olmuş) müəəsisə kimi mövcudluğu heç bir şübhə doğurmur. Belə ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə müəyyən edilir ki, "xxxx" ASC “Azəryun” İstehsalat Birliyinin (X9 Emalı fabrikinin) çevrilməsi nəticəsində yaranmış, xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına, xx.xx.2004-cü il tarixdən vergi uçotuna alınmışdır. Bununla belə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əmək kitabçasında göstərilən əmək fəaliyyəti müddətinin xx.xx.2006-cı ilədək dövrü iddiaçının sosial sığorta stajına daxil edilə bilər. Belə ki, xx.xx.2006-cı ildən sonrakı dövrə münasibətdə, məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi müddət sosial sığorta stajı kimi nəzərə alınır. İddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı mövcud olmadığından, xx.xx.2006-cı ildən sonrakı müddət sosial sığorta stajına daxil edilmir. Bununla belə, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi işəgötürənin vəzifəsi olduğundan, müvafiq ödənişlərin həyata keçirilməməsi iddiaçıya məxsus əmək kitabçasının mötəbərliyinin şübhə altına alınmasına səbəb olmur. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci hissəsində deyilir ki, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin maddənin 3-cü hissəsinin a) bəndinə əsasən, işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti də iş stajına daxil edilir. Həmin maddənin 8-ci hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci - yeddinci hissələrinə müvafiq olaraq hesablanır. xx.xx.2002-ci ilədək olan dövrdə işçilər dövlət tərəfindən mütləq qaydada sosial sığorta ilə əhatə olunmalı olduqlarına görə həmin dövr üzrə işçilərin əmək fəaliyyəti ümumi iş stajına daxil edilməlidir. Bu isə o nəticəyə gəlməyə əsas verir ki, iddiaçının iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyindən və həmin dövrdə o, dövlət sosial sığortası ilə əhatə olunmalı olduğundan, həmin dövrə münasibətdə onun əmək haqqı alıb-almaması və ondan müvafiq qaydada sosial sığorta haqlarının ödənilibödənilməməsinin müəyyən edilməsi 01 yanvar 2002-ci il tarixinə qədər olan müddətə münasibətdə zəruri deyildir (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-278/2019 №-li qərarında əks olunmuş hüquqi mövqe). Azərbaycan Respublikası “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Qeyd edilən dövrə aid olan sosial sığorta borcları üzrə amnistiya tətbiq olunmuş və borclar bağışlanılmışdır. Belə olan təqdirdə, həmin dövrdə iddiaçının əmək haqqı alıbalmamasının, əmək haqqından məcburi dövlət sosial sığorta haqqının ödənilibödənilməməsinin araşdırılmasına da heç bir lüzum yoxdur. İşəgötürən tərəfindən məcburi dövlət sosial sığorta ödənişlərinin vaxtında və tam aparılmaması, eləcədə maliyyə sənədlərini qoruyub saxlamaması, maliyyə sənədlərinin dövlət arxiv idarələrinə təhvil verməməsi, işçinin əmək pensiyası hüququnun pozulması üçün əsas ola bilməz (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1852/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqe). Odur ki, məhkəmə ******* №-li əmək kitabçasına əsasən iddiaçının ümumilikdə, 23 il 11 ay 18 gün əmək stajının olması qənaətinə gəlir. “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-ci maddəsinin tələbinə əsasənsığortaolunanın sığorta stajına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablananorqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə ... qulluq edilməsi müddəti daxil edildiyindən, iddiaçının, xx.xx.1999-cu il tarixdə doğulmuş övladı İsmayılov Rahib Faiq oğluna qulluq etdiyi müddət də onun sosial sığorta stajına daxil edilməli olan müddət hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(103)- 172/2021 nömrəli qərarında göstərilmişdir ki, istinad edilən normaların məzmununa görə, qanunverici “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq”lara münasibətdə əlillik qrupları müəyyən etmir. “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsində təsbit olunmuş “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa... qulluq edilməsi müddəti” iddiaçıya münasibətdə tətbiq edilərkən 1999-cu ildə doğulmuş və 2005-ci ildən sağlamlıq imkanın məhdudluğu müəyyən edilmiş şəxsin 18 yaşına çatanadək ona qulluq müddəti əllik qrupundan asılı olmayaraq - sağlamlıq imkanı məhdud uşaq kimi nəzərə alınmalıdır. xx.xx.2011-ci il tarixdə qəbul edilmiş və xx.xx.2017-ci ilədək qüvvədə olmuş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.2-ci bəndinə əsasən sosial sığorta stajına Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə Qanunun 21.2-ci maddəsində nəzərdə tutulan müddətlər də daxil edilir. Qanunun 21.2-ci maddəsində nəzərdə tutulan müddətlər yalnız şəxs sığortaolunan (xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxs) olduqda nəzərə alınır. Qeyd olunan norma onu nəzərdə tutur ki, Qanunun 21.2-ci maddəsində nəzərdə tutulan müddətlərin nəzərə alınması üçün iddiaçı məcburi dövlət sosial sığortaya cəlb edilən əmək fəaliyyəti ilə məşğul olmuş olmalıdır. Yəni, heç bir əmək fəaliyyəti olmayan şəxslərə münasibətdə həmin norma tətbiq edilmir. Həmçinin qeyd olunmalıdır ki, istinad olunan Qaydalarda “misal 32” olaraq aşağıdakı məzmunda kazus qeyd edilmişdir: Misal 32. 1953-cü il 04 yanvar tarixdə anadan olmuş qadın 4 il 1-ci qrup əlilə, 10 il sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa və 6 il 70 yaşına çatmış ahıla (yaşı 70ə çatmış şəxsə) qulluq etmişdir. Həmin qadın heç vaxt məcburi dövlət sosial sığortaya cəlb edilən əmək fəaliyyəti ilə məşğul olmadığı üçün Qaydaların 3.2-ci bəndinə uyğun olaraq onun 4 il 1-ci qrup əlilə, 10 il sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa və 6 il 70 yaşında ahıla (yaşı 70-ə çatmış şəxsə) qulluq etdiyi müddət sosial sığorta stajına daxil edilmir. Göründüyü kimi, kazusun məzmununda qeyd edilir ki, “Həmin qadın heç vaxt məcburi dövlət sosial sığortaya cəlb edilən əmək fəaliyyəti ilə məşğul olmadığı üçün Qaydaların 3.2-ci bəndinəuyğun olaraq onun4 il 1-ci qrup əlilə, 10 ilsağlamlıq imkanları məhdud 18 yaşınadəkuşağa... qulluq etdiyi müddət sosial sığorta stajına daxil edilmir. Şərh olunanları ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2002-ci ilədək olan dövrdə işçilər dövlət tərəfindən mütləq qaydada sosial sığorta ilə əhatə olunmalı olduğundan, xx.xx.2002-xx.xx.2006-cı ilədək müddətə münasibətdə isə sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan, 2006cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silindiyindən iddiaçının məcburi dövlət sosial sığortaya cəlb edilən əmək fəaliyyəti ilə məşğul olması (23 il 11 ay 18 gün) iş materialları ilə sübut olunduğundan, iddiaçı, xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxs hesab olunur. İş materialları ilə müəyyən olunur ki, iddiaçının oğlu, İsmayılov Rahib Faiq oğlu xx.xx.2005-ci ildən – 18 yaşına çatanadək mütəmadi olaraq müayinə olunaraq, ona sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağın TSEK-də müayinə aktlarına əsasən, “keçirilmiş doğuş travmasının q/ə. Epilepsiyayabənzər, qıcolma tutmaları il, Hipertenzion sindrom” diaqnozu qoyulmuşdur. Rahib İsmayılovun sağlamlıq imkanlarının məhdudluğu müəyyən edildiyindən, iddiaçının ona qulluq etdiyi həmin müddət də, yuxarıda hesablanmış 23 il 11 ay 18 gün əmək stajının üzərinə toplanmalıdır. İddiaçının oğluna qulluq etdiyi müddətin bir hissəsi, onun “X9 Emalı Fabriki”ndə işlədiyi müddətlə üst-üstə düşdüyündən və həmin müddətlərdən biri hesablanmalı olduğundan, iddiaçının xx.xx.2006-cı ilədək işlədiyi müddət sosial sığorta staına daxil edilir. Belə ki, iddia tələbindən də göründüyü kimi iddiaçı, “X9 Emalı Fabriki”ndə xx.xx.2006-cı ilədək işlədiyi müddətin sosial sığorta stajına hesablanmasında maraqlıdır. İddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı olmadığından, onun xx.xx.2006-cı ildən sonrakı dövrü sosial sığorta stajına daxil edilməsə də, iddiaçı, əmək kitabçasına əsasən 26 il sosial sığorta stajına malik olduğunu bildirir. İddiaçının 26 il sosial sığorta stajına malik olmasını bildirməsi onu deməyə əsas verir ki, o, “X9 Emalı Fabriki”ndə xx.xx.2008-ci il tarixədək işlədiyini iddia edir. Belə olan halda iddiaçının, oğluna qulluq etdiyi dövr, əmək fəaliyyətini faktiki olaraq dayandırdığı müddətdən - xx.xx.2008-ci ildən - sonrakı dövrü əhatə edir. İsmayılov Rahib Faiq oğlunun sağlamlıq imkanlarının məhdudluğu 18 yaşına çatanadək müəyyən edildiyindən, xx.xx.2008-ci ildən – xx.xx.2017-ci ildədək qulluq edilmə müddəti (8 il, 9 ay, 29 gün) iddiaçının sosial sığorta stajı kimi nəzərə alınmalıdır. İddiaçının, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq müddəti (8 il, 9 ay, 29 gün), əmək kitabçasında qeyd edilmiş, 23 il 11 ay 18 gün əmək fəaliyyəti müddəti ilə toplandıqda 32 il, 9 ay, 17 gün sosial sığorta stajı yaranır ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Beləliklə, iddiaçının, məhkəmə araşdırması zamanı müəyyən edilən əmək stajı (32 il, 9 ay, 17 gün) ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə, “X9 Emalı Fabriki”ndə xx.xx.1980 - xx.xx.2006-ci il tarixlərdə (xx.xx.1980xx.xx.1998, xx.xx.1998-xx.xx.2001, xx.xx.2002-xx.xx.2003, xx.xx.2004-xx.xx.2006) işlədiyi illərin iddiaçının sığorta stajına daxil edilməsi ilə bağlı tələbin əsaslı olması qənaətinə gəlir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “İnzibatiicraathaqqında”AzərbaycanRespublikasıQanununun19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilir. İddiaçı xx.xx.1980 - xx.xx.2006-ci il tarixlərdə (xx.xx.1980-xx.xx.1998, xx.xx.1998xx.xx.2001, xx.xx.2002-xx.xx.2003, xx.xx.2004-xx.xx.2006) Yevlax rayon “Yunun ilkin emalı” fabrikində işlədiyi illərin sosial sığorta stajına əlavə edilməsi və ona xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar