Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1256/2025 06.03.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “01 iyul 1990-cı il tarixədək işlədiyi elektrik çilingəri, 01 iyul 1990-cı il tarixdən 01 may 2005-ci il tarixədək işlədiyi elektrik montyoru, 10 noyabr 1989-cu ildən 01 oktyabr 2005-ci ilədək və 01 oktyabr 2005-ci il tarixdən hal-hazıradək işlədiyi usta vəzifələri üzrə əmək fəaliyyətini Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş siyahıya uyğun olaraq güzəştli şərtlərlə əmək stajına daxil edilməsini və ona hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçı, xx xxxxx 1963-cü il tarixdə Bərdə rayonunun Nazırlı kəndində anadan olmuşdur. 1980–1983-cü illərdə Bakı Elektro Rabitə Texnikumunda “Çoxkanallı elektrik rabitəsi” ixtisası üzrə təhsil almış, 22 aprel 1983-cü il tarixdən 19 may 1985-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə 05 fevral 1986-cı il tarixdə X4 elektromexanik kimi başlamışam və orada 03 yanvar 1989-cu il tarixinədək çalışmışdır. 19 may 1989-cu il tarixdən 08 noyabr 1989-cu il tarixinədək SMY- Tikinti Quraşdırma İdarəsində betonçu vəzifəsində çalışmışdır. 10 noyabr 1989-cu il tarixdə Azərbaycan DRES-in elektrik sexində 330-500 kV-luq paylayıcı qurğu avadanlıqlarına xidmət və təmir edən briqadada 3-cü dərəcəli elektrik çilingəri vəzifəsinə işə qəbul edilmiş, 01 iyul 1990-cı il tarixdən 01 may 2005-ci il tarixədək elektrik sexində elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru vəzifəsində, 01 oktyabr 2005-ci il tarixdən 16 sentyabr 2009-cu il tarixinədək elektrik sexində kənar briqadada İ dərəcəli usta vəzifəsində, 16 sentyabr 2009-cu il tarixdən 14 fevral 2022-ci il tarixinədək həmin sexdə liftlərə, stansiyanın qaldırıcı mexanizmlərinə və köməkçi obyektlərinə xidmət və təmir edən briqadada usta vəzifəsində, 14 fevral 2022-ci il tarixdən hal-hazıradək elektrik sexində kabel və qaldırıcı mexanizmlərə (asarütə) xidmət və təmir edən briqadada İ dərəcəli usta vəzifəsində çalışmışdır. Qeyd olunan vəzifələr üzrə iş funksiyalarını yerinə yetirərkən müxtəlif zərərli amillərin — aqressiv kimyəvi maddələrin, titrəmə, yüksək səs-küy və yüksək temperaturun təsirinə məruz qalmış, iş şəraiti ağır və zərərli olduğuna görə 10 noyabr 1989-cu il tarixdən hal-hazıradək aylıq əməkhaqqının 12 %-i məbləğində əlavə əməkhaqqı ödənilmiş və məzuniyyət günlərinə əlavə günlər tətbiq edilmişdir. İşinin xarakteri barədə arayışa əsasən, o, əmək funksiyalarını Qazan-Turbin sexində, Yanacaq-Nəqliyyat sexinin mazut təsərrüfatında, 330-500 kV-luq açıq paylayıcı qurğular sahəsində, kimya sexində, hidrotexniki və yeraltı kommunikasiya sexində, paylayıcı qurğu avadanlıqlarında, həmçinin stansiya ərazisində yerləşən bütün kabel xətlərində və yükqaldırıcı mexanizmlərdə xidmət və təmir işlərini yerinə yetirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, son iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən sənayedə — yeraltı, xüsusilə zərərli və ağır iş şəraitinə malik istehsalat sahələrində azı 12 il 6 ay çalışan kişilər bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan şərtlərlə yaş həddinin 5 il azaldılması ilə əmək pensiyası hüququ qazanırlar. Aşağıdakı vəzifələrdəki əmək fəaliyyətim güzəştli şərtlərlə pensiya hüququ verən siyahıya uyğun gəlir: 10 noyabr 1989-cu il tarixdən 01 iyul 1990-cı il tarixədək elektrik çilingəri vəzifəsi; 01 iyul 1990-cı il tarixdən 01 may 2005-ci il tarixədək elektrik montyoru vəzifəsi; 01 oktyabr 2005-ci il tarixdən hal-hazıradək usta vəzifəsi. Güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin təqdim edilən arayışa əsasən, elektrik çilingəri və elektrik montyoru vəzifələrində çalışdığı müddətdə qazanxana, turbin (buxar-qaz turbinləri) avadanlığının təmiri, yanacaqötürmə avadanlıqlarına və onların işini təmin edən ölçü vasitələrinə və avtomatikaya xidmət üzrə işlərlə məşğul olması barədə məlumat olmadığından, güzəştli şərtlərlə əmək pensiyası hüququnun tanınmasından imtina edilmişdir. Halbuki, onun işlədiyim peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən, aşağıdakılarda qeyd olunmuşdur: - Elektrik stansiyalarının, enerji qatarlarının, buxar və qızdırıcı təsərrüfat bölməsinin (24) a) bəndində — qazanxana, turbin (buxar-qaz turbini) avadanlıqlarının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikaya xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri; (b) bəndində — rəhbər və mütəxəssislər bölməsində isə qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, toz hazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları kimi nəzərdə tutulmuşdur. İşin xarakteri haqqında arayışa əsasən, zərərli iş şəraitində ümumi iş stajım 34 il 1 ay 29 gün təşkil edir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmalı (kişilər üçün 60, qadınlar üçün 59 yaş); azı 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydiyyata alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, stajın azı 12 il 6 ayını əmək şəraiti zərərli və ağır işlərdə işləməlidir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün yuxarıda göstərilən bütün şərtlər ödənilməlidir. Üçüncü şərtə münasibətdə qeyd olunur ki, "Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinə görə, yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) fəhlələr yarımbəndində: (a) qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri; rəhbərlər və mütəxəssislər yarımbəndində isə (b) avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini), yanacaqötürmə, tozhazırlama) vəzifələri nəzərdə tutulmuşdur. "xxxx" ASC-nin "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 01, 02, 03, 04 nömrəli arayışlara əsasən, iddiaçının: xx.xx.1989–xx.xx.2005-ci il tarixləri arasında Elektrik sexinin Təmir heyətində "APQ330-500 kV-luq paylayıcı qurğu avadanlıqlarına xidmət və təmir edən briqada"da paylayıcı qurğu avadanlıqlarının təmiri üzrə elektrik çilingəri və elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru vəzifələrində; xx.xx.2005– xx.xx.2009-cu il tarixləri arasında "Kənar obyektlərin işıqlandırma şəbəkəsinə xidmət və təmir edən briqada"da; xx.xx.2009–xx.xx.2022-ci il tarixləri arasında "Liftlərə, stansiyanın qaldırıcı mexanizmlərinə və köməkçi obyektlərinə, elektrik avadanlıqlarına xidmət və təmir edən briqada"da; xx.xx.2022-ci ildən hal-hazırkı dövrədək isə “Kabel və qaldırıcı mexanizmlər təsərrüfatına xidmət və təmir edən briqada”da usta vəzifəsində işlədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.120-ci yarımbəndinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin — şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair 2 nömrəli əlavə üzrə müəyyən olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq, iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb olunmalı və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dəqiqləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmamalı, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətləri əks etdirməli, əsaslandırılmış olmalıdır. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları — iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s. nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış, güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. İddiaçı iddia ərizəsində xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək işlədiyi elektrik çilingəri vəzifəsinin, xx.xx.1990-cı il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi elektrik montyoru vəzifəsinin və xx.xx.2005-ci il tarixdən hal-hazırkı tarixədək usta vəzifəsində işlədiyini və həmin vəzifələrin güzəştli iş stajına daxil edilməli olduğunu qeyd etmişdir. İddiaçının güzəştli iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün cavabdeh tərəfindən müvafiq müəssisəyə sorğu göndərilmiş, həmin sorğuya cavab olaraq təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 13-9-100/0107-132 nömrəli məktubda, iddiaçının elektrik çilingəri və elektrik montyoru vəzifələrində işlədiyi müddətdə qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidməti üzrə, usta vəzifəsində işlədiyi müddətdə isə qazanxana, turbin (buxar-qaz turbini), yanacaqötürmə və tozhazırlama avadanlığının yerində təmiri ilə məşğul olub-olmaması barədə hər hansı məlumat göstərilməmişdir. Göründüyü kimi, iddiaçı güzəştli sahədə işlədiyini iddia etdiyi dövrlərlə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydanın 2 nömrəli əlavəsində nəzərdə tutulmuş formaya uyğun tərtib edilmiş güzəştli arayışı cavabdehə təqdim etməmiş, buna görə də müvafiq dövrlərin güzəştli iş stajına daxil edilməsi mümkün olmamışdır. İddiaçının qanunvericiliklə tələb olunan 12 il 6 ay güzəştli iş stajı olmadığından, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi, məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi, НЗ ******* nömrəli hərbi biletin təsdiq edilmiş surəti, cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, "xxxx" ASC Azərbaycan İstilik Elektrik Stansiyasının Şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair xx.xx.2024-cü il tarixli, 01, 02, 03 və 04 saylı arayışları, ДТ-İ 789726 saylı diplom, ИT-İ ******* №-li əmək kitabçasının surəti, əmək şəraiti üzrə iş yerinin attestasiya xəritəsi, "xxxx" ASC Azərbaycan İstilik Elektrik Stansiyasının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubun surəti. Əsaslandırma hissəsi: İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər- 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1 (iddiaçının hüququnun yarandığı vaxt qüvvədə ola redaksiya) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ona 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdır (iddiaçı xx.xx.1963-cü ildə doğulub). Belə ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün onun 25 ildən az olmayan ümumi iş stajı və 12 il 6 aydan az olmayan xüsusi iş stajl olmalıdır. Cavabdeh orqan iddiaçının ümumi iş stajını mübahisələndirmir. Cavabdeh orqanın iddia tələbinə etirazını iddiaçının elektrik çilingəri və elektrik montyoru vəzifələrində işlədiyi müddətdə qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidməti üzrə, usta vəzifəsində işlədiyi müddətdə isə qazanxana, turbin (buxar-qaz turbini), yanacaqötürmə və tozhazırlama avadanlığının yerində təmiri ilə məşğul olub-olmamasının qeyri-müəyyən olması ilə əsaslandırır. İş materiallarında olan Azərenerji” ASC Azərbaycan İstilik Elektrik Stansiyasının Şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair xx.xx.2024-cü il tarixli, 01 saylı işin xarakteri haqqında arayışda qeyd edilmişdir ki, iddiaçı, xx.xx.1989-cu il tarixində "Azərbaycan DRES"-in Elektrik sexinin Təmir heyətinə "APQ – 330-500 kV-luq paylayıcı qurğu avadanlıqlarına xidmət və təmir edən briqadaya" paylayıcı avadanlıqlarının təmiri üzrə 3-cü dərəcəli elektrik çilingəri vəzifəsinə işə qəbul edilmişdir (Əmr-640 nömrəli xx.xx.1989-cu il tarixli). xx.xx.1990-cı il tarixindən xx.xx.1992-ci il tarixinə qədər həmin sexdə 4-cü dərəcəli elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru vəzifəsində işləmişdir (Əmr-96/k nömrəli xx.xx.1990-cı il tarixli). xx.xx.1992-ci il tarixindən xx.xx.1995-ci il tarixinə qədər həmin sexdə 5-ci dərəcəli elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru vəzifəsində işləmişdir (Əmr-16/k nömrəli xx.xx.1992-ci il tarixli). xx.xx.1995-ci il tarixindən xx.xx.2005-ci il tarixinə qədər həmin sexdə 6-cı dərəcəli elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru vəzifəsində işləmişdir (Əmr-48/k nömrəli xx.xx.1995-ci il tarixli). xx.xx.2005-ci il tarixindən xx.xx.2009-cu il tarixinə qədər həmin sexdə "Kənar obyektlərin işıqlandırma şəbəkəsinə xidmət və təmir edən briqadada İ-ci qrup usta" vəzifəsində işləmişdir (Əmr-405/ş nömrəli xx.xx.2005-ci il tarixli). xx.xx.2009-cu il tarixindən xx.xx.2022-ci il tarixinə qədər həmin sexdə "Liftlərə, stansiyanın qaldırıcı mexanizmlərinə və köməkçi obyektlərinə, elektrik avadanlıqlarına xidmət və təmir edən brigadada İ-ci qrup usta" vəzifəsində işləmişdir (Əmr-287/ş nömrəli xx.xx.2009-cu il tarixli). xx.xx.2022-ci il tarixdən hal-hazıradək həmin sexdə "Kabel və qaldırıcı mexanizmlər təsərrüfatına xidmət və təmir edən brigadada İ-ci qrup usta" vəzifəsində işləyir (Əmr-51/ş nömrəli xx.xx.2022-ci il tarixli). Belə ki, iddiaçı, işlədiyi müddət ərzində xx.xx.1989-cu il tarixdən hal-hazıradək zərərli sahədə 8 saatlıq iş günü ərzində 3-4-cü sinif təhlükəli, toz, havanın hərəkət sürəti, nəmlilik, iş yerində havanın temperaturu, nisbi rütubətin normadan yuxarı olması, səs-küy, titrəmə lokal, əməyin ağırlığı, yuxarıya qalxmaq (monotonluğu), əzəb, emosional və intellektual gərginlik faktorları mövcud olmuşdur. İş şəraitinin zərərli olduğuna görə X2 işlədiyi müddət ərzində xx.xx.1989-cu il tarixdən hal-hazıradək aylıq məvacibinin 12% miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə Azərbaycan Qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə 6 təqvim günü məzuniyyət günü verilmişdir. İddiaçı, xx.xx.1989-cu il tarixdən hal-hazıradək əmək funksiyalarını tam iş günü ərzində Qazan-Turbin sexində, Yanacaq-Nəqliyyat sexinin mazut təsərrüfatında, 330-500 kV-luq X5 sahəsində, Kimya sexində, Hidrotexniki və Yeraltı Kommunikasiyalar sexində, Paylayıcı qurğu avadanlıqlarına xidmət və təmir işlərini və eyni zamanda stansiya ərazisində yerləşən bütün kabel xətlərinə və yükgaldırıcı mexanizmlərə xidmət və təmir işləri ilə məşğul olmuşdur. İddiaçının işlədiyi illər ərzində xx.xx.1989-cu il tarixdən xx.xx.2005-ci il tarixinə qədər tutduğu paylayıcı qurğu avadanlıqlarının təmiri üzrə elektrik çilingəri və elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının" 13-cü bölməsinin a bendinin 0140000a-18455 vəzifə koduna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının" 24-cü bölməsinin Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin a bendinə uyğundur. İddiaçının işləmiş olduğu illər ərzində xx.xx.2005-ci ildən hal-hazıradək tutduğu "Kənar obyektlərin işıqlandırma şəbəkəsinə xidmət və təmir edən briqadada İ-ci qrup usta", "Liftlərə, stansiyanın qaldırıcı mexanizmlərinə və köməkçi obyektlərinə, elektrik avadanlıqlarına xidmət və təmir edən brigadada İ-ci qrup usta", "Kabel və qaldırıcı mexanizmlər təsərrüfatına xidmət və təmir edən briqadada İ-ci qrup usta" vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının" 13-cü bölməsinin b bendinin 2140000a-23362 vəzifə koduna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının" 24-cü bölməsinin Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin b bəndinə uyğundur. Zərərli iş sahəsində iş stajı 34 il 1 ay 29 gün təşkil edir. Eyni məzmunlu məlumatlar "xxxx" ASC Azərbaycan İstilik Elektrik Stansiyasının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda da, öz əksini tapmışdır. Göründüyü kimi iddiaçının elektrik çilingəri və elektrik montyoru vəzifələrində işlədiyi müddətdə qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidməti üzrə, usta vəzifəsində işlədiyi müddətdə isə qazanxana, turbin (buxar-qaz turbini), yanacaqötürmə və tozhazırlama avadanlığının yerində təmiri ilə məşğul olması istinad olunan arayışın məzmunu ilə aşkar sübut olunduğundan cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Qeyd olunan vəzifələrdə iddiaçının işlədiyi əmək fəaliyyəti müddəti 12 il 6 aydan artıq olduğundan məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı 60 yaşının bitdiyi xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.