Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1257/2022 04.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclas katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “istehsalat zədəsi və travması nəticəsində sağlamlığının pozulması ilə bağlı aylıq və birdəfəlik müavinətin təyin edilməsi ilə əlaqədar ödənilməmiş məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 regional filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona X8 istehsalat zədəsi və travması nəticəsində aldığı xəsarətlə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən təyin olunmuş müavinətin (əlilliyə görə) tam həcmdə ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı xx.xx.1949-c ildə Kəlbəcər rayonu Zülfüqarlı kəndində anadan olmuşdur. 1972-ci ildən Kəlbəcər rayonu ərazisində yerləşən X8 "yeraltı dağ mədən ustası" kimi işə başlamışdır. 27 avqust 1976-cı il tarixdə Kəlbəcər rayonu ərazisində yerləşən X8 yeraltı dağ mədən ustası peşəsində işləyən zaman, yeraltı mədəndə uçqun baş vermiş və iddiaçı uçqunun altında qalmışdır. İddiaçının uçqunun altından çıxarmışlar və ilk olaraq o, Kəlbəcər rayonu Zülfqqarlı kənd xəstəxanasında ilkin tibbi yardım alıb müalicə olsa da, 29 avqust 1976-cı il tarixdə mədəndə iş başında aldığı istehsalat travmaları və xəsarətləri ağır olduğu üçün onu təcili “Semaşko” xəstəxanasına aparıb yerləşdirmişlər. “Semaşko” xəstəxanasında daxili orqanlarında, yəni aldığı istesalat zədəsi xəsarətləri ilə bağlı bağırsaq partlamasına görə əməliyyat olunmuşdur. İddiaçı xəstəxanada müalicə oluduqdan sonra, yenidən Zod qızıl mədəninə "yeraltı mədən ustası“ vəzifəsinə işə qayıtmışdır. Lakin, səhhətində yenə istehsalatda aldığı zədələrlə bağlı həmin problemlər qalırdı. İddiaçı Kəlbəcər rayonu ərazisində yerləşən X8 "yeraltı dağ mədən ustası" peşəsində xx.xx.1985-ci il tarixədək işləmişdir. İddiaçı Kəlbəcər rayonu ərazisində yerləşən X8 "yeraltı dağ mədən ustası" peşəsində işləyərkən, yeraltı mədəndə uçqun baş verərkən və uçqunun altında qalan zaman aldığı xəsarətlərlə əmək qabiliyyətini itirdiyi üçün ƏƏSMN-nin 23 saylı X4-Sosial Ekspertiza Komissiyasının xx.xx.2009-cu il tarixli SER TSE-01 № 080332 nömrəli Arayışı ilə iddiaçıya əmək zədəsi və 2-ci qrup əlillik dərəcəsi verilmiş və ona aldığı əmək haqqı müqabilində - 768 (yeddi yüz altmış səkkiz) manat pensiya təyin olunmuşdur. İddiaçıya verilmiş əmək zədəsi və 2-ci qrup əlillik dərəcəsi ilə təyin olunmuş pensiya 2010-cu ilin yanvar ayından kəsilmişdir. İddiaçıya təyin olunmuş pensiya kəsilməsinə baxmayaraq, o, 2010, 2011, 2012 və 2013-cü illərdə hər il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 23 №-li Mingəçevir TSEK-dan keçmiş və hər dəfə də 23 №-li Mingəçevir Tibbi-Sosial Ekspert Komissiyası iddiaçının əmək qabliyyətinin itirilməsi faizini 80% kimi qiymətləndirmiş, lakin 2010-cu ildən bu günədək X8 istehsalat zədəsi nəticəsində əlliliyə görə müavinəti ala bilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Şərqi Zəngəzur regional filialı xx.xx.2022-ci il tarixli **********4 nömrəli imtina məktubunda qeyd etmişdir ki, iddiaçının özəlləşdirilən dövlət müəsissələrinin istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və yaxud bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq və ya birdəfəlik müavinətin təyin edilməsi üçün xx.xx.2022-ci il tarixli, **********5 saylı müraciətinə aidiyyəti üzrə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialda baxılmışdır. Məlumat üçün bildirilmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərdə işlədiyi müəssisə olan Kəlbəcər rayon X6 İ və İİ dövlət proqramına əsasən özəlləşdirilməyə verilməsi barədə məlumat olmadığından onun müraciətini Sosial Öənişlərin Təyinatı üzrə Mərkəzi Filialda icra etmək mümkün olmamışdır. İddiaçıya xx.xx.2022-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanmış və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə müvafiq olaraq, iddiaçıya cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Şərqi Zəngəzur regional ərazi filialının yerinə əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı qeyd edilməklə dəqiqləşdirilmiş iddia ərizəsini məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. İddiaçı və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili məhkəməyə xx.xx.2022-ci il tarixdə “iddianın dəyişdirilməsi barədə” ərizə təqdim edərək cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialını qeyd etmiş və “istehsalat zədəsi və travması nəticəsində sağlamlığının pozulması ilə bağlı aylıq və birdəfəlik müavinətin təyin edilməsi ilə əlaqədar ödənilməmiş məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)- 1257/2022 nömrəli qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı xx.xx.2022-ci il tarixli **********0 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı eyni tələblə X5 regional filialına müraciət etmişdir. X5 regional filialının 30 mart 2022-ci il tarixli **********4 nömrəli imtina məktubu ilə İddiaçı işlədiyi müəssisə olan Kəlbəcər rayon X6 İ və İİ dövlət proqramına əsasən özəlləşdirməyə verilməsi barədə məlumatın olmaması səbəbindən onun müraciətinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialında icra edilməsinin mümkün olmadığı bildirilmişdir. İstehsalat qəzası nəticəsində işçiyə dəyən zərəri ödəmək işəgötürənin vəzifəsidir. Göründüyü kimi, həmin ödənclərin verilməsi qanunvericiliklə Dövlət Sosial Müdafiə Fondunun deyil, işəgötürənlərin vəzifəsi kimi müəyyən olunmuşdur. Bundan əlavə, iddiaçının ərizəsində də qeyd etdiyi kimi onun işlədiyi müəssisə halhazırda fəaliyyət göstərmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003cü il tarixli 03 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”nin 3.10-cu bəndinə əsasən, zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir. Bu səbəblə, iddiaçı aldığı xəsarət nəticəsində Fonda yox, işlədiyi müəssisənin hüquqi varisi olan müəssisəyə müraciət etməlidir. Təqsirkar müəssisənin ləğv edildiyi halda isə işçinin sağlamlığına dəyən zərərin ödənilməsi qaydaları Mülki Məcəllə ilə tənzimlənir. Belə ki, Mülki Məcəllənin 60.1-ci maddəsinə əsasən (22 noyabr 2013-cü ilədək qüvvədə olan redaksiya) hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edilir, bu Məcəlləyə uyğun olaraq ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir və ləğvetmə prosesi başlayır. 61.1. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin olunduğu gündən sonra 10 gün müddətində Azərbaycan Respublikasında hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə hüquqi şəxsin ləğv edilməsi və kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatı dərc etdirir. Kreditorların tələblərinin irəli sürülməsi müddəti ləğvetmə haqqında ilk məlumatın dərc edildiyi gündən etibarən 60 gündən az ola bilməz. 61.3. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) kreditorları aşkar etmək və debitor borcunu almaq üçün tədbirlər görür, habelə ləğvetmə ilə bağlı mətbuatda elanın dərc olunduğu gün hüquqi şəxsin ləğvi haqqında bütün məlum kreditorlara bildiriş göndərir. Mülki Məcəllənin kreditorların tələblərinin ödənilməsindən növbəliliyindən bəhs edən 62-ci maddəsin 1-ci bəndinə əsasən hüquqi şəxs ləğv edilərkən onun kreditorlarının tələbləri aşağıdakı növbə ilə ödənilir: 62.1.2. ikinci növbədə müvafiq vədəli ödənişlərin kapitallaşdırılması yolu ilə o, fiziki şəxslərin tələbləri ödənilir ki, ləğv edilən hüquqi şəxs onların qarşısında həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyət daşıyır. 61.4. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) hər hansı bir kreditorun irəli sürdüyü tələblə razılaşmadığı halda həmin kreditor məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Tələb barədə məhkəmə qərarı qəbul edilənədək onun təmin edilməsi üçün zəruri olan vəsait saxlanılmalıdır. Belə ki, yuxarıda qeyd edilən hüquqi əsaslardan da aydın olur ki, müəssisə ləğv edildiyi halda iddiaçının qanunvericilikdə müəyyən edilmiş müddət daxilində ikinci növbəli kreditor kimi həyata və sağlamlığa dəyən zərərin ödənilməsini tələb etmək hüququ mövcud olmuşdur. İşçinin aylıq müavinəti almaq hüququ mövcud deyil. Bildirilir ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2003-cü il tarixli 920 saylı Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borclarının ödənilməsi Qaydaları”nın 2-ci maddəsinə əsasən bu Qaydalar: 1.1.1. "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı" çərçivəsində və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na əsasən özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrinin bu Qaydalar qüvvəyə minənədək yaranmış borclarına; 2.1.2. idarəetməyə verilən dövlət müəssisələrinin onları idarə etmək hüququna dair müqavilə qüvvəyə minənədək yaranmış borclarına şamil edilir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatdığı tarixdə və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdə, aylıq müavinətin ödənişinin dayandırılması məqsədi ilə bir həftə müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yazılı bildiriş göndərir. Həmin bildirişlə dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixi və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyə minməsi barədə təqdim olunan məlumatda belə müəssisələrin adlı siyahısı göstərilməlidir. Şöbələr bu bildirişi əsas götürməklə, həmin bildirişdə göstərilən müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödəncin verilməsini dayandırırlar. Müqavilə formasında qeyd edilən müddəaya əsasən özəlləşdirilməsi başa çatan tarixədək (və ya idarə etmək hüququna dair bağlanmış müqavilə qüvvəyə minənədək) dövr üçün yaranmış aylıq ödənclər üzrə borclarının əvəzinə müavinət ödənilməsi barədə razılıq əldə edilir. Qaydaların adından da aydın olur ki, aylıq müavinəti almaq üçün əsas şərt şəxsin işlədiyi müəssisənin özəlləşdirilməsi barədə qərar qəbul edilməsi və özəlləşdirilməsi başa çatmamış olmasıdır. Filial etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da mahiyyət baxımından əsassızdır. İş materiallarında olan: Ağdam Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(13)-2731/2017 nömrəli qətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, həmin qətnamə ilə İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1985-ci il tarixə kimi Kəlbəcər rayon X7 yeraltında dağ ustası işləməsi və xx.xx.1976-cı il tarixdə X8 zədə alması faktı müəyyən olunmuşdur. Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunur ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(13)-2731/2017 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Cavabdehin etirazına əlavə olunmuş ƏƏSMN TSEK tərəfindən verilmiş arayışlardan görünür ki, iddiaçıya əmək zədəsinə görə 2009-2012-ci illərdə ikinci dərəcə əlillik verilmiş, 2013-cü ildə isə müddətsiz ikinci dərəcə əlillik təyin olunmuşdur. Cavabdehin nümayəndəsinin təqdim etdiyi pensiya təyinatı alt sistemindən çıxarışdan görünür ki, iddiaçıya xx.xx.2000-ci il tarixli 1507 nömrəli qərarla hüququnun yarandığı xx.xx.2000-ci il tarixdən müddətsiz İİ qrup əlilliyə görə pensiya təyin olunmuşdur. Daha sonra xx.xx.2013-cü il tarixdən istehsalat zədəsinə görə xxxxxxx0001 nömrəli qərarla İİ qrup əlillik təyin edilmişdir. İş materiallarında olan Kapital Bank tərəfindən verilmiş ödəniş kartı üzrə çıxarışa əsasən müəyyən edilmişdir ki, iddiaçıya hesablanmış ödənişlər bütün müddət ərzində həyata keçirilmiş, hazırda da davam etdirilməkdədir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 1. yaşa görə əmək pensiyası; 2. əlilliyə görə əmək pensiyası; 3. ailə başçısını itirməyə görə əmək pensiyası. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyqun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli 03 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”nin 1.1-ci bəndinin 3-cü abzasına əsasən, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra - təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Qaydaların 3.10-cu bəndinə əsasən, zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir. Bu səbəblə, iddiaçı aldığı xəsarət nəticəsində Fonda yox, işlədiyi müəssisənin hüquqi varisi olan müəssisəyə müraciət etməlidir. Təqsirkar müəssisənin ləğv edildiyi halda isə işçinin sağlamlığına dəyən zərərin ödənilməsi qaydaları Mülki Məcəllə ilə tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları"na əsasən bu Qaydalar dövlət müəssisələrinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il oktyabr tarixli 242 nömrəli qərarı ilə təsdiq edilmiş, Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin ödənilməsi barədə müqavilə formasının 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər (rayon) şöbəsi (“DOST” mərkəzi) ilə zərərçəkən arasında özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və ya idarə etməyə verilmiş müəssisənin istehsalat qəzası və ya peşə xəstəliyi ilə əlaqədar zərərçəkənə 2003-cü il oktyabrın 1-dən özəlləşdirilməsi başa çatan tarixədək (və ya idarə etmək hüququna dair bağlanmış müqavilə qüvvəyə minənədək) dövr üçün yaranmış aylıq ödənclər üzrə borclarının əvəzinə müavinət ödənilməsi barədə razılıq əldə edilir. İddiaçı faktiki olaraq işləmiş olduğu müəssisənin mövcud olmaması və fəaliyyət göstərməməsi, həmçinin özəlləşdirilməməsi əsası ilə hazırkı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, tələbinin faktiki əsası kimi formal olaraq iş materiallarına istinad etmiş, lakin iş materialları və məhkəmə araşdırması ilə iddia tələbinin əsaslılığı öz təsdiqini tapmamışdır. İddiaçıya münasibətdə əlilliyə görə pensiya hüququnin yarandığı tarixdən təyin edilmiş və fərqlərlə birlikdə ödənilmişdir, qanunvericiliyin tələblərinə müvafiq olaraq təyin edilmiş digər ödənişlər isə hələ də davam etdirilməkdədir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslıdır, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “istehsalat zədəsi və travması nəticəsində sağlamlığının pozulması ilə bağlı aylıq və birdəfəlik müavinətin təyin edilməsi ilə əlaqədar ödənilməmiş məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-1257/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1257/2022
04.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver