Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1257/2023 17.07.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax rayonu Qaraməmmədli kəndi ərazisində yerləşən 1.98 ha torpaq sahəsinə münasibətdə torpaq sahəsinin faktiki olaraq ona təhvil verilməsi (koordinatlarının müəyyən edilməsi) və həmin torpaq sahəsinin, torpaqların elektron kadastr uçotu informasiya sistemində rəqəmsal kadastr xəritəsində qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “02 may 2014cü il tarixli AN-İN №0410526 olan Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi əsasında əldə etdiyi, Yevlax rayonu Qaraməmmədli kəndi ərazisində yerləşən 1.98 ha torpaq sahəsinə münasibətdə torpaq sahəsinin faktiki olaraq ona təhvil verilməsi (koordinatlarının müəyyən edilməsi) və həmin torpaq sahəsinin, torpaqların elektron kadastr uçotu informasiya sistemində rəqəmsal kadastr xəritəsində qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli yardım məktubu iddiaçıya ünvanlanmış Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra “İPM”) 13-cü maddəsinə əsasən izah edilmişdir ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçının cavabdeh orqana qarşı tələbləri aşağdakılardan ibarətdir:
1. Yevlax rayonu Qaraməmmədli kəndi ərazisində yerləşən 1.98 ha torpaq sahəsinə münasibətdə torpaq sahəsinin faktiki olaraq təhvil verilməsi,
2. Torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi,
3. Həmin torpaq sahəsinin, torpaqların elektron kadastr uçotu informasiya sistemində rəqəmsal kadastr xəritəsində qeyd edilməsi. İddiaçıya izah edilmişdir ki, iddia ərizəsində torpaq sahəsinin faktiki olaraq təhvil verilməsi tələbini aydınlaşdıraraq mötərizə içərisində - koordinatlarının müəyyən edilməsi – tələbi qeyd edilsə də torpaq sahəsinin faktiki olaraq təhvil verilməsi və koordinatların müəyyən edilməsi ayrı-ayrı tələblərdir və biri digərinin məzmunu aydınlaşdırmır. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsində DƏDKR-in vəzifələri və hüquqları təsbit edilmişdir. Sözügedən Nizamnaməyə uyğun olaraq: - hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək (3.1.4)..., - daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq (3.1.16)..., - Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək (3.1.20), - hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək (3.1.21)..., - kadastr uçotuna alınması məqsədi ilə daşınmaz əmlakın kütləvi inventarlaşdırılmasını və qiymətləndirilməsini həyata keçirmək (3.1.23), - kadastr uçotu işlərini aparmaq və daşınmaz əmlakın kadastr uçotuna alınmasını təmin etmək, dövlət kadastrını, dövlət torpaq kadastrını tərtib etmək və aparmaq, daşınmaz əmlakın kadastr qiymətinin müəyyən edilməsi sahəsində tədbirlər görmək (3.1.24), - dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaratmaq (3.1.25)..., - dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr uçotu informasiya sistemindən kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatda çıxarışların və yerquruluşu planının verilməsini təmin etmək (3.1.29)..., - mülkiyyət növündən asılı olmayaraq, torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəricilərinin dəqiqləşdirilməsi, torpaq sahələrində baş verən dəyişikliyin vaxtında aşkara çıxarılması və qiymətləndirilməsi, torpaqların münbitliyinin müəyyən edilməsi məqsədilə tədqiqat və monitorinq aparmaq (3.1.36)..., - və bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək (3.1.58) cavabdeh orqanın vəzifələri olaraq müəyyən edilmişdir. İddia ərizəsində irəli sürülən torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi və həmin torpaq sahəsinin, torpaqların elektron kadastr uçotu informasiya sistemində rəqəmsal kadastr xəritəsində qeyd edilməsi tələbləri yuxarıda istinad edilmiş Nizamnamənin 3.1.16, 3.1.23, 3.1.24, 3.1.25, 3.1.29 və 3.1.36-cı bəndlərində qeyd edilmiş cavabdeh orqanın vəzifələrinə aiddir. Lakin, cavabdeh orqanın torpaq sahəsinin faktiki olaraq təhvil verməsi ilə bağlı sözügedən Nizamnamədə hər hansı vəzifə nəzərdə tutulmamışdır. Yəni, iddiaçı torpaq sahəsinin faktiki olaraq təhvil verməsi tələbini irəli sürməklə cavabdeh orqandan onun səlahiyyətinə aid olmayan məsələnin həllini tələb edir. Qeyd edildiyi kimi həmin tələbə münasibətdə cavabdeh orqanın hər hansı vəzifəsi müəyyən edilmədiyindən, iddiaçının hər hansı hüquqlarının və qanunla qorunan maraqlarının pozulması müəyyən edilmir. “Torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi” tələbinə münasibətdə müəyyən edilir ki, iddia ərizəsinə əlavə edilmiş cavabdeh orqanın xx.xx.2022-ci il tarixli **********09 nömrəli məktubunda JN-0173 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə alqı-satqı qaydasında əldə edilmiş torpaq sahəsinin iddiaçının iştirakı ilə naturada koordinatları təsbit edilmişdir. Yəni, iddia olunan torpaq sahəsinin koordinatları artıq cavabdeh orqan tərəfindən müəyyən edilmiş və cavabdeh orqan, iddiaçının naturada göstərdiyi, koordinatları müəyyən edilmiş torpaq sahəsinin xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın tərkib hissəsi olan 069895 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə X2 mülkiyyətində verilmiş 2.9937 ha torpaq sahəsinin daxilində olduğunu bildirmişdir. Odur ki, artıq koordinatları müəyyən edilmiş torpaq sahəsinə münasibətdə yenidən koordinatların müəyyən edilməsi tələbini cavabdeh orqana qarşı irəli sürməkdə iddiaçıın nail olmaq istədiyi hüquqi nəticə aydın deyil. Belə olan halda cavabdeh orqanın həmin tələbə münasibətdə də, iddiaçının hər hansı hüquqlarını və qanunla qorunan maraqlarınızı pozması müəyyən edilmir. “Həmin torpaq sahəsinin, torpaqların elektron kadastr uçotu informasiya sistemində rəqəmsal kadastr xəritəsində qeyd edilməsi” tələbinə münasibətdə müəyyən edilir ki, iddiaçının hüquqi marağı JN-0173 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının 173A planşetində qeyd edilmiş 1.98 ha torpaq sahəsinin elektron kadastr uçotu informasiya sisteminə daxil edilməsinə nail olmaqdır. Cavabdeh orqanın iddia tələbinə etirazında qeyd edilmiş, mübahisəli torpaq sahəsinin xüsusiyyətlərinə dair məlumatlardan görünür ki, elektron kadastr uçotu informasiya sisteminə daxil edilməsi arzulanan JN-0173 saylı Dövlət Aktının 173 A planşetində qeyd edilmiş 1.98 ha torpaq sahəsi JN-211 (KOD********) saylı Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə mülkiyyətə verilmiş 2.99 ha torpaq sahəsinə aiddir və həmin torpaq sahəsinə JN-211 saylı Dövlət Aktı əsasında xx.xx.2016-cı il tarixdə (********** qeydiyyat nömrəsi) **********90 nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan JN-211 (KOD********) saylı Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Yevlax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 32 nömrəli qərarı ilə Yevlax rayonu Qaraməmmədli kəndində yerləşən 3.74 ha torpaq sahəsi X1 (5 nəfər ailə üzvü ilə birlikdə) ümumibirgə mülkiyyətinə verilmişdir. X4 211A planşetində torpaq sahəsinin ölçüsü 29937.02 kv.m qeyd edilmişdir. Seriya RX ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, 2.9937 ha torpaq sahəsi üzərində X2 tam xüsusi mülkiyyət hüququ Dövlət qeydiyyatına alınmışdır. Odur ki, JN-0173 saylı Dövlət Aktının 173 A planşetində qeyd edilmiş 1.98 ha torpaq sahəsinin elektron kadastr uçotu informasiya sisteminə daxil edilməsi üçün ilk növbədə həmin torpaq sahəsinin üst-üstə düşdüyü JN-211 nömrəli Dövlət Aktının A planşeti iddia olunan torpaq sahəsi ilə üst-üstə düşən hissədə mübahisələndirilməli, həmin sənədin və onun əsasında verilmiş çıxarışın ləğvinə nail olduqdan sonra isə JN-0173 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının 173 A planşetində qeyd edilmiş 1.98 ha torpaq sahəsinin elektron kadastr uçotu informasiya sisteminə daxil edilməsi ilə bağlı cavabdeh orqana müraciət edilməli, müraciət təmin edilmədikdə (və ya cavabsız saxlandıqda) anoloji iddia məhkəmədə qaldırılmalıdır. Yəni, iddia olunan torpaq sahəsinin üst-üstə düşdüyü JN-211 nömrəli Dövlət Aktının A planşetində qeyd edilmiş torpaq sahəsinin elektron kadastr uçotu informasiya sisteminə daxil edilməsinə əsas olmuş sənədlər mübahisələndirilmədən həmin elektron kadastr uçotu məlumatlarının silinərək JN-0173 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının 173 A planşetində qeyd edilmiş, 1.98 ha torpaq sahəsinin elektron kadastr uçotu informasiya sisteminə daxil edilməsi ilə bağlı tələbə mahiyyəti üzrə baxılaraq hüquqi qiymət verilməsi mümkün deyildir. Yuxarıda qeyd edilənlərə əsasən hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün iddiaçıya 10 gün müddət təyin edilmişdir. İddiaçının xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış ərizəsindən görünür ki, iddiaçı, məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamışdır. İddia ərizəsini, ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikasının Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir, hazırki iddia isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax rayonu Qaraməmmədli kəndi ərazisində yerləşən 1.98 ha torpaq sahəsinə münasibətdə torpaq sahəsinin faktiki olaraq ona təhvil verilməsi (koordinatlarının müəyyən edilməsi) və həmin torpaq sahəsinin, torpaqların elektron kadastr uçotu informasiya sistemində rəqəmsal kadastr xəritəsində qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.
Hakim Vüqar Musayev.