Məhkəmə qərarları › İş №2-1(116)-1258/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1258/2023

15.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1258/2023 15.05.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “seriya RX № ******* saylı çıxarışla mülkiyyətə verilmiş torpaq sahəsi üzərində inşa olunmuş ictimai iaşə binası və seriya RX № ******* saylı çıxarışla mülkiyyətinə verilmiş torpaq sahəsindəki mağaza binası üzərində qeyri-yaşayış sahəsi kimi mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “seriya RX № ******* saylı çıxarışla mülkiyyətə verilmiş torpaq sahəsi üzərində inşa olunmuş ictimai iaşə binasının və seriya RX № ******* saylı çıxarışla mülkiyyətinə verilmiş mağaza binasının üzərində mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “seriya RX № ******* saylı çıxarışla mülkiyyətə verilmiş torpaq sahəsi üzərində inşa olunmuş ictimai iaşə binası və seriya RX № ******* saylı çıxarışla mülkiyyətinə verilmiş torpaq sahəsindəki mağaza binası üzərində qeyri-yaşayış sahəsi kimi mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmşdır: - Qəbələ rayonunun Hacallı kəndində 5 nəfər ailə üzvünün mülkiyyətinə seriya RX № ******* saylı çıxarışla 0.20 ha və seriya RX № ******* say çıxarışla 0.10 ha torpaq sahəsi verilmiş, hər iki torpaq sahəsi dövlət reyestrində qeydə alınmışdır. Ailə üzvülərinin mülkiyyətində olan 0,20 ha torpaq sahəsində ictimai iaşə binası (yeməkxana) inşa etmişdir. İctimai iaşə binasının (yeməkxananın) tikintisi 9000.0 kv.m torpaq sahəsində aparılmışdır.Mülkiyyətdə olan torpaq sahəsinin 153.65 kv.m hissəsi tikinti sahəsidir. Bundan əlavə seriya RX № ******* saylı çıxarışla mülkiyyətində olan 0.10 ha torpaq sahəsində mağaza binası inşa etmişdir. Maqazin binası fərdi yaşayış evinin yerləşdiyi 0.10 ha torpaq sahəsində inşa olunub. Hər iki tikili tikinti norma və qaydalarına uyğun aparılıb. Digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur, kənar şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratmır. Qeyd olunan hər iki qeyri yaşayış sahəsi olan tikililər tikinti normaları və qaydalarına, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə inşa olunmuşdur. Qanunvericiliyin bütün tələblərinə əməl edilməklə inşa edilməsinə baxmayaraq, cavabdeh qeyd olunan tikililərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsindən imtina edir. Göstərilənlər nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi xahiş edilmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını iddia olunan tikililərə dair hüquqmüəyyənedici sənədin təqdim edilməməsi ilə əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçı və onun vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - seriya RX 1444598, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarışdan görünür ki, Qəbələ rayonu Hacallı kəndində yerləşən 0.2 ha torpaq sahəsi üzərində İddiaçı, X2, X6, X4 və X3 ümumibirgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - seriya RX 1497713, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarışdan görünür ki, Qəbələ rayonu Hacallı kəndində yerləşən 0.09685 ha torpaq sahəsi üzərində İddiaçı, X2, X6, X4 və X3 ümumibirgə mülkiyyət hüququ, fərdi yaşayış evi üzərində İddiaçı tam mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - xx.xx.2019-cu il tarixli, 406-4/483 inventar nömrəli texniki pasportdan görünür ki, həyətyanı tikililərin və qurğuların texniki göstəriciləri qrafasında talvar, tövlə, hamam, darvaza, hasar və onların ölçüləri qeyd edilmişdir. - Qəbələ rayonu Hacallı kəndində yerləşən qaraj-talvar binasının layihəsindən görünür ki, sökülməsi nəzərdə tutulan köhnə tövlə binası və layihələndirilən qaraj-talvar binasının yerləşmə vəziyyəti və digər texniki göstəricilər təsvir olunmuşdur. - Qəbələ rayonu Hacallı kəndində yerləşən bir mərtəbəli ictimai iaşə binasının memarlıq planlaşdırma bölməsindən görünür ki, sahəsi 153.65 kv.m olan mövcud tikilinin 2000 kv.m torpaq sahəsində inşa edilməsi və digər texniki göstəricilər təsvir edilmişdir. - Qəbələ rayon İcra Hakimiyyəti Başçısı aparatının xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı məxsus, Qəbələ rayonu Hacıalılı kəndində yerləşən 0.20 ha və 0.10 ha torpaq sahələri üzərində inşa edilmiş qeyri-yaşayış obyektlərinin tikintisinə başlanması ilə əlaqədar Qəbələ Rayon İcra Hakimiyyətinə müraciət daxil olunmamışdır. Qeyd edilən tikintilər özbaşına olaraq inşa edilmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İş materialları ilə müəyyən olunur ki, iddiaçının cavabdeh orqana qarşı tələbləri aşağıdakılardan ibarətdir: - seriya RX № ******* saylı çıxarışla ümumibirgə mülkiyyətində olan 0.2 ha torpaq sahəsi üzərində inşa olunmuş ictimai iaşə binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi, - seriya RX № ******* saylı çıxarışla ümumibirgə mülkiyyətinə verilmiş 0.10 ha torpaq sahəsində yerləşən sökülmüş köhnə tövlə binasının yerində inşa edilmiş qarajtalvar binasını faktiki olaraq mağaza binası kimi istifadə etdiyinə görə həmin daşınmaz əmlak üzərində qeyri-yaşayış sahəsi kimi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi. İş materiallarından görünür ki, sözügedən tikililərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində tələb olunan sənədlər mövcud deyildir. Belə ki, iddiaçının ümumibirgə mülkiyyətində olan 0.10 ha torpaq sahəsinə dair tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 406-4/483 inventar nömrəli texniki pasportdan və işə əlavə edilmiş qaraj-talvar binasının layihəsindən görünür ki, sözügedən tikili əvvəllər talvar, tövlə olmaqla ümumi sahəsi 113.9 kv.m olan 1976-cı ildə tikilmiş fərdi yaşayış sahəsinin həyətyanı tikilisi olmuş, daha sonra iddiaçı tərəfindən sökülmüş, yerində yeni tikili inşa edilərək qaraj-talvar binası olaraq layihələndirilmişdir. Yəni, sözügedən tikili hazırda da ümumi sahəsi 113.9 kv.m olan 1976-cı ildə tikilmiş fərdi yaşayış sahəsinin həyətyanı tikilisi olaraq qalmaqdadır. İddiaçı, həmin tikilidən faktiki olaraq mağaza binası kimi istifadə etdiyini bildirərək fərdi yaşayış sahəsinin həyətyanı tikilisi üzərində qeyri-yaşayış sahəsi kimi mülkiyyət hüququnun qeydə alınmasını tələb etsə də, nəzərə alınmalıdır ki, sökülmüş tövlənin yerində inşa edilmiş qaraj-talvardan faktiki olaraq mağaza binası kimi istifadə edilməsi həmin tikinti obyekti üzərində qeyri-yaşayış sahəsi kimi hüquqların dövlət qeydiyyatına heç bir hüquqi əsas yaratmır. Sözügedən tikili qeyri-yaşayış sahəsi kimi nəzərdən keçirildikdə Şəhərsalma və Tikinti Məcəlləsinin 74-cü maddəsinə uyğun olaraq Tikintisinə icazə tələb olunan tikinti obyekt hesab edilir ki, (sahəsi 100 kv.m-dən çox olduğundan hətta yardımçı tikili olaraq belə tikintisinə icazə tələb olunur) belə olan halda «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.10.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikili olaraq – təqdim edilmiş sənədlərdən əlavə tikintiyə icazə verilməsi barədə qərar, tikinti obyektinin istismarına icazə sənədləri də təqdim edilməlidir. Həmçinin seriya RX № ******* saylı çıxarışla iddiaçının ümumibirgə mülkiyyətində olan 0.2 ha torpaq sahəsi üzərində inşa olunmuş ictimai iaşə binası üzərində də, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikili olaraq – təqdim edilmiş sənədlərdən əlavə tikintiyə icazə verilməsi barədə qərar, tikinti obyektinin istismarına icazə (8.0.10.1) sənədləri də təqdim edilməlidir. Lakin, iş materiallarında olan Qəbələ rayon İcra Hakimiyyəti Başçısı aparatının xx.xx.2023-cü il tarixli məktubu ilə müəyyən edilir ki, sözügedən tikintilər özbaşına olaraq inşa edilmişdir Daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin həmin normalarda əsas qismində nəzərdə tutulmuş etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qeydiyyatın aparılması zamanı cavabdeh hüquqmüəyyənedici sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Odur ki, iddiaçı, ümumibirgə mülkiyyətində olan torpaq sahəsində özbaşına olaraq inşa etdiyi tikililərə dair hər hansı hüquq müəyyənedici sənəd təqdim edə bilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarına əsasən əmlak hüquqları ilə bağlı mübahisələrdə DƏDRX-in ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında, DƏDRX-in ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “seriya RX № ******* saylı çıxarışla mülkiyyətə verilmiş torpaq sahəsi üzərində inşa olunmuş ictimai iaşə binası və seriya RX № ******* saylı çıxarışla mülkiyyətinə verilmiş torpaq sahəsindəki mağaza binası üzərində qeyri-yaşayış sahəsi kimi mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar