Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1259/2023 21.07.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin dayandırılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçıya təyin edilmiş 1-ci qrup əlillik dərəcəsinin bərpa edilməsi və əlilliyinin kəsildiyi vaxtdan indiyədək 1-ci qrup əlilliklə əlaqəli verilməli olan pensiyanın ödənilməsi” tələbinə dair inzibati işə yazılı icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2016-ci il tarixdə təkrar müayinə zamanı müddətsiz olaraq təyin edilmiş birinci dərəcəli əlillik qrupunun ləğvi ilə bağlı hərəkətin qanunsuz hesab edilməsi, xx.xx.2016-cı ildə təkrar müayinə zamanı müddətsiz olaraq təyin edilmiş əlillik dərəcəsinin kəsilməsi barədə qərarın ləğvi, əlilliyin kəsildiyi gündən bərpası və kəsildiyi tarixdən hazırki vaxtadək ödənilməmiş əlillik pensiyasının ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi aşağıdakı kimi əsasladırılmışdır: - iddiaçıya 17 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2012-ci ildən ümumi xəstəlikdən birinci dərəcəli əlillik təyin edilmiş, təkrar müayinələr zamanı səhhətində düzəlmə olmadığından xx.xx.2016-cı ildə təkrar müayinə zamanı ümumi xəstəlikdən müddətsiz olaraq birinci dərəcəli əlillik təyin edilmişdir. TSEK diaqnozu: tez-tez kəskinləşən XR Qlomerulonefrit, Qarışıq forma, XR b.ç-İİ dərəcə proqramlı hemodializ. Kənar qulluğa ehtiyacı var. Bununla əlaqədar iddiaçıya ƏƏSMN yanında DSMF-nin Şəki şəhər şöbəsi tərəfindən 029663 nömrəli vəsiqə verilmişdir. Lakin iddiaçıya müddətsiz olaraq təyin edilən əlillik dərəcəsi 2021-ci ildən ona məlum olmayan səbəbdən kəsilmişdir. İddiaçı həmin vaxt ərinin vəfatı ilə əlaqədar ağır sarsıntı keçirdiyindən və xəstəliyinin ağırlaşması səbəbindən əlilliyinin kəsilməsinin səbəbləri barədə maraqlana bilməmiş, daha sonra isə ona vəsiqə verən DSMF-nun Şəki şəhər şöbəsinə müraciət edərkən ona bildirilmişdir ki, əlillik dərəcəsi cavabdeh tərəfindən kəsilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 446 nömrəli qərarı ilə Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə edilmiş dəyişikliklərə əsasən vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə TSERAS üzərindən qiymətləndirməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir. Həmin Əsasnamənin 4.2-ci bəndinə görə “göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik laborator rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı effektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır”. Cavabdeh orqan iddiaçının xəbəri olmadan iddiaçıya təyin edilmiş müddətsiz əlillik dərəcəsini kəsməklə qanunsuzluq etmiş və adı çəkilən Əsasnamənin tələblərini həmçinin Azərbaycan Respublikası İnzibati İcraat haqqında Qanunun tələblərini kobud şəkildə pozmuşdur. İddiaçının iştirakı və məlumatı olmadan ona tanınmış hüququnun əlindən alınması əsassız və qanunsuzdur. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq, iddiaçıya xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu ünvanlanaraq izah edilmişdir ki, iddia ərizəsi mümkünlük şərtlərinə cavab vermir. Belə ki, iddia ərizəsində “müddətsiz olaraq təyin edilmiş əlillik dərəcəsinin kəsilməsi barədə qərarın ləğvi” xahiş edilsə də, belə bir qərarın mövcud olması iddia ərizəsinə əlavə edilmiş sənədlərdə müəyyə edilmir. Odur ki, cavabdehin hansı qərarının mübahisələndirilməsi aydın deyil. İddia ərizəsində “əlillik dərəcəsinin kəsilməsi barədə iddiaçıda hər hansı qərarın olmadığı qeyd edilsə də, ümumiyyətlə belə bir qərarın qəbul edilib-edilməməsi ilə bağlı cavabdeh orqana edilmiş müraciət iş materiallarında yoxdur. Əlillik dərəcəsinin bərpası ilə bağlı tələbə münasibətdə izah olunmuşdur ki, bu növ iddia “öhdəliyin icrası haqqında” iddia növünə aiddir və həmin iddianın mümkünlük şərtlərindən biri də iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət edib-etməməsidir. İddia ərizəsində əlavə edilən sənədlərə iddiaçının müraciətindən cavabdeh orqanın imtina etməsi və ya cavabsız saxlaması barədə müvafiq sənəd əlavə edilməmişdir. İddia tələbinin “əlilliyinin kəsildiyi vaxtdan indiyədək 1-ci qrup əlilliklə əlaqəli verilməli olan pensiyanın ödənilməsi” hissəsində izah olunmuşdur ki, həmin hissə üzrə Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ümumiyyətlə cavabdeh orqan deyil. Belə ki, tələbin həmin hissəsi də “öhdəliyin icrası haqqında” iddia növünə aiddir və cavabdeh orqan DSMF PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı qeyd edilməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsinin xx.xx.2020-ci il tarixli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələri üzrə təyin edilən əmək pensiyaları, habelə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər istisna olmaqla, əhaliyə digər əmək pensiyalarının təyinatı, yenidən hesablanması və bir növdən başqa növə keçirilməsi, sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi təqaüdlərin, həmçinin kompensasiyaların təyinatının həyata keçirilməsi məqsədilə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı (Bakı şəhəri, Ak. H.Əliyev küç, 143) yaradılmışdır və iddia ərizəsində cavabdeh olaraq məhz həmin orqan göstərilməlidir. Həmin tələbə münasibətdə iddianın mümkünlük şərtlərindən biri də iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət edib-etməməsidir. İddia ərizəsinə əlavə edilmiş sənədlərə iddiaçının müraciətindən cavabdeh orqanın (DSMF PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) imtina etməsi və ya cavabsız saxlaması barədə müvafiq sənəd əlavə edilməmişdir. Müvafiq sənədin əlavə edilməməsi tələbin həmin hissəsinin mümkün sayılmaması üçün əsasdır. Odur ki, həmin tələb üzrə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı qeyd edilməli və cavabdehin qeyd edilməsi ilə bərabər müraciətin təmin edilməsindən imtina məktubu (və ya müraciətin cavabsız saxlanılması barədə sübut) təqdim edilməlidir. İddiaçı məhkəmənin hüquqi yardım məktubuna münasibət bildirərək, xx.xx.2023-cü il tarixli iddia ərizəsinin dəyişdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək “əlillik dərəcəsinin dayandırılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçıya təyin edilmiş 1-ci qrup əlillik dərəcəsinin bərpa edilməsi və əlilliyinin kəsildiyi vaxtdan indiyədək 1-ci qrup əlilliklə əlaqəli verilməli olan pensiyanın ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmiş, lakin cavabdeh orqanın imtina etməsi və ya cavabsız saxlaması barədə müvafiq sənədi əlavə etməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-1259/2023 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı tərəfindən tələb dəqiqləşdirilməsinə baxmayaraq, cavabdeh orqanın müraciətin təmin edilməsindən imtina cavabı (və ya müraciəti cavabsız saxlaması barədə sübut) təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının əlillik vəziyyəti xx.xx.2012-ci il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbilə 2 il müddətinə (xx.xx.2014-cü ilədək) birinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Sonrakı dövrdə şəxsin birinci dərəcə əlilliyi hər dəfə iki il olmaqla xx.xx.2016-cı il tarixinə kimi qüvvədə saxlanılmışdır. Əlillik təyinatlarının müəyyən risk qruplarına görə araşdırılması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə araşdırma aparılmış və Səhiyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli xx/xx-2564 nömrəli məktubu ilə təqdim olunan siyahıdakı şəxslərin adı hemodializ xəstələrinin reyestrində mövcud olmadığından, aparılmış əlillik təyinatlarının ləğv edilməsi məqsədəuyğun hesab edilmişdir. Bununla əlaqədar, mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində vətəndaşa dair Tibbi-sosial ekspert komissiyasının qüvvədə olan əlillik təyinatı qərarı xx.xx.2020-ci il tarixində ləğv olunmuşdur. Beləliklə, cavabdehin hər hansı inzibati akt qəbul etmədən əlillik dərəcəsini Əlillik” altsistemində ləğv etməsi cavabdeh orqanın faktiki xarakterli hərəkətlər hesab olunur və həmin hərəkətlərin mübahisələndirilməsi ilə bağlı iddia “öhdəliyin icrası haqqında” iddia növünə aiddir. Sözügedən iddia növünün xüsusi mümkünlük şərti isə cavabdeh orqanın müraciətin təmin edilməsindən imtina cavabının (və ya müraciəti cavabsız saxlaması barədə sübutun) iddia ərizəsinə əlavə edilməsidir. Yəni, iddiaçı ilk öncə anoloji tələblə cavabdeh orqana müraciət etməli müraciəti təmin olunmadıqda isə məhkəmədə iddia qaldırılmalıdır. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Lakin, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən yuxarıda qeyd edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Məhkəmə ilk növbədə qeyd edir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarının: 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı : İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin dayandırılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçıya təyin edilmiş 1-ci qrup əlillik dərəcəsinin bərpa edilməsi və əlilliyinin kəsildiyi vaxtdan indiyədək 1-ci qrup əlilliklə əlaqəli verilməli olan pensiyanın ödənilməsi” barədə iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1259/2023
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1259/2023
21.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver