Məhkəmə qərarları › İş №2-1(116)-126/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-126/2021

25.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-126/2021 25.01.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Göyçay rayon filialına (hazırda 13 saylı regional ərazi filialı) qarşı “28 il 3 ay 9 gün ümumi iş stajının olmasının nəzərə alınmaqla sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə güzəştli pensiyanın təyin olunması və pensiya hüququ yarandığı xx.xx.2019-cu il tarixdən hesablanıb birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1963-cü il tarixdə Göyçay rayonunda anadan olmuşdur. xx.xx.1992-ci il tarixdə X7 ilə ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.1993-cü ildə oğlu Kərim, xx.xx.1995-ci ildə oğlu Rahim və xx.xx.1996-cı ildə qızı Nəsibə dünyaya gəlmişdir. Oğlu Kərim anadangəlmə ürək qüsurlu olmaqla müxtəlif xəstəliklərdən əziyyət çəkmiş və Tibbi komissiyanın qərarı ilə xx.xx.2003-cü ildən sağlamlıq imkanları məhdudluğu müəyyən edilmişdir. Uşaq anadan olandan başqa şəxsin köməyinə möhtac olmaqla daimi valideyin nəzarətində olmuşdur. Sağlamlıq imkanları məhdud uşağını 8 yaşa kimi böyüdüb tərbiyə etməyi ilə əlaqədar xx.xx.2019-cu il tarixdə güzəştli pensiyaya çıxmaq yaşı çatdığı üçün pensiya təyin olunması ilə əlaqədar xx xxx 2020-ci il tarixdə yaşa görə əmək pensiyası təyin olunması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə ərizə ilə müraciət etmişdir. Cavabdeh, Cavabdeh müraciətnə şöbənin pensiya təyin edən komissiyasının iclasında baxaraq ona yaşa görə güzəştli əmək pensiyası təyin olunmasından imtina etmişdir. Cavabdehin etirazı: İddiaçı sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə güzəştli pensiya hüququ 56 yaşında, yəni xx.xx.2019-cu il tarixdə yaranmışdır. Bu səbəbdən o, xx xxx 2020-ci il tarixində ərizə ilə DSMF-nin Göyçay rayon şöbəsinə ərizə ilə müraciət etmişdir. Göyçay rayon şöbəsi xx xxxxx 2020-ci il tarixli imtina məktubu ilə Qanunun 8-ci maddəsinə əsaslanaraq əmək pensiyası hesablanılmasından imtina etmişdir. İddiaçı iddia edir ki, təqdim etdiyi sənədlərə əsasən onun cəmi 28 il 3 ay 9 gün soial sığorta stajı vardır və İddiaçı xx.xx.1993-cü il təvəllüdlü oğlu X5 2003-cü ildən 2011-ci ilədək əlilliyi səbəbindən qulluq etmişdir. Buna görə də ona sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə güzəştli pensiyanın təyin olunmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İş materiallarına nəzər salındıqda iddiaçının oğlu əlilliklə bağlı ilk müayinəsindən 2003-cü ildə keçmişdir. O zaman isə X8 10 yaşlı idi. Qanunun 8.2-ci maddəsinin tələbinə görə sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş analar yaşa görə güzəştli pensiyanın təyin olunması hüququna malik olurlar. Həmçinin, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavəsində əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı müəyyən olunmuşdur.

2. Pensiyanın təyin edilməsi üçün növlər üzrə aşağıdakı sənədlər də təqdim edilməlidir: 2.2. sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş qadınlara yaşa görə pensiya təyin edilməsi üçün: 2.2.1. qadının sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı; 2.2.2. uşağın 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarı; 2.2.3. uşağın doğum haqqında şəhadətnaməsinin surəti; Bu maddədən də aşkardır ki, İddiaçı ona bu növ pensiyanın təyin olunması üçün qanunvericilik tərəfindən müəyyən olunmuş ilkin şərtin tələbini ödəməmişdir. Qanununun 8.2-ci maddəsinin başqa bir tələbi də sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində pensiya hüququna malikdirlər. Qanunun 7-ci maddəsinin tələbi 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququnun mövcudluğundan ibarətdir. İddiaçının təqdim etdiyi sənədlərə əsasən Göyçay rayon şöbəsi tərəfindən iddiaçının sosial sığorta stajı 21 il 10 ay 27 gün hesablanmışdır. İddiaçı tərəfindən iddia olunan sığorta stajına daxil edilmiş anadan olmuş uşaqlarına 3 yaşına çatanadək qulluq etməklə əlaqədar işləyə bilmədiyi illər müddəti şöbə tərəfindən sosial sığorta stajı kimi qeydə alınmamışdır. “Məzuniyyətlər” haqqında Azərbaycan Respublikasının xx xxxx 1994-cü il tarixli qanunun 14-cü maddəsinə əsasən uşağa qulluq etməklə əlaqədar qismən ödənişli sosial məzuniyyətlərin, bir aydan çox müddətə verilmiş ödənişsiz məzuniyyətlərin müddətləri; habelə azadlıqdan məhrum edilmədən islah işlərinə cəlb edilən şəxslərin cəza çəkdiyi müddət məzuniyyət hüququ verən əmək stajına daxil edilmir. Bu maddə əsas götürülərək İddiaçı 6 illik anadan olmuş uşaqlarına 3 yaşına çatanadək qulluq etməklə əlaqədar işləyə bilmədiyi müddəti sosial sığorta stajına daxil edilməsi mümkün olmadığı üçün və minumum 25 illik sosial sığorta stajı tələbini ödəmədiyi üçün İddiaçıa qanunvericiliyin şərtləri daxilində sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə güzəştli pensiyanın təyin olunması mümkün deyildir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq İddiaçı iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini Sizdən xahiş edirik. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi.

İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, iddiaçı xx.xx.1963-cü il tarixdə Göyçay şəhərində doğulmuşdur. İş materiallarında olan XVİİ-ЖГ seriyalı 333430 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X8 xx.xx.1993-cü il tarixdə doğulmuşdur. X3, anası İddiaçıdır. İş materiallarında olan Göyçay Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli 818 nömrəli arayışından görünür ki, X6 xx.xx.1996-cı il tarixdə Göyçay şəhərində doğulmuşdur. X3, anası İddiaçıdır. İş materiallarında olan Göyçay Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli 817 nömrəli arayışından görünür ki, X9 xx.xx.1995-ci il tarixdə Göyçay şəhərində doğulmuşdur. X3, anası İddiaçıdır. İş materiallarında olan ДТ-İ seriyalı 754368 nömrəli diplomun təsdiqlənmiş surətindən görünür ki, İddiaçı 1978-ci il tarixdə Bakı Yüngül Sənaye Texnikumuna daxil olmuş, 1982-ci il tarixdə tikiş istehsalı ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarıda olan ИТ-İ seriyalı əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, xx xxx 1982-ci ildən xx xxxxxx 1984-cü ilədək Naxçıvan şəhər SSRİ-nin 60 illiyi adına və xx xxx 1984-cü ildən xx xxxx 1993-cü il tarixədək Göyçay tikiş fabrikində işləmişdir. İş materiallarında olan Vİ-ЖГ seriyalı 260801 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X7 ilə İddiaçı arasında xx.xx.1992-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Göyçay rayon filialının xx.xx.2020-ci il tarixli **********4 nömrəli məlumatından görünür ki, İddiaçı mübahisələndirilməyən stajı aşağıdaki kimidir: 1978.xx.xx-1982.03.01- 3il 6ay (təhsil aldığı illər) 1982.xx.xx-1984.02.01= 1 il 5ay 28gün (Naxçıvan trikotaj fabriki) 1984.xx.xx-1993.06.01= 9 il 28 gün (Göyçay Tikiş fabriki-əmək haqqı cədvəllərinə əsasən) 2003.09.13 – 2005.09.13 = 2 il (sağlamlıq imkanları məhdud uşağa qulluq) 2005.09.26 – 2011.07.27= 5 il 10ay 1gün (sağlamlıq imkanları məhdud uşağa qulluq) Cəmi: 21 il 10 ay 27 gün Mübahisələndirilən iş stajı aşağıdakı kimidir: 1993.xx.xx-1996.07.27 = 3 il 1996.xx.xx-1998.02.22 = 1 il 6 ay 25 gün 1998.xx.xx-1999.07.27 = 1 il 5 ay 5 gün Cəmi: 6il İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Göyçay rayon filialının xx.xx.2020-ci il tarixli Aktından görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2011-ci il tarixədək sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağı X5 qulluq etmişdir.

Əsaslandırma hissəsi:

İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkəti qanuna ziddir. Cavabdeh inzibati orqanın bu hərəkəti iddiaçının hüquqlarını pozur (İPM-in 34.1-ci maddəsi)”. İddia mümkün iddia olmaqla yanaşı, həm də qismən əsaslıdır. Bu səbəbdən də iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən stajı 21 il 10 27 gün təşkil edir. Həmin staj iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərlə də təsdiq olunduğu üçün həmin hissədə məhkəmə əlavə araşdırma aparılmasına lüzum görmür. Cavabdeh tərəfindən iddiaçının 3 yaşına qədər körpə uşaqlarına qulluq etdiyi müddət mübahisəldirilir ki, bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixədək olan 6 il işləməyərək 3 yaşına çatanadək körpə uşaqlarına qulluq etdiyi müddət iş stajına daxil edilməlidir. Belə ki, qeyd olunan müddət iddiaçının stajına daxil ediləcəyi təqdirdə onun tələb olunan 25 il stajı tamamlanacaqdır xx xxxxxx 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “e” bəndinə əsasən işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq iş stajına daxil edilir. Bununla bağlı olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu, körpə uşaqlara qulluq etdiyi və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bundan başqa, sonrakı tənzimləmələr iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün də tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fizi¬ki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Cavabdehin iddiaya qarşı etirazının ikinci dəlili ondan ibarətdir ki, iddiaçının oğlu əlilliklə bağlı ilk müayinəsindən 2003-cü ildə keçmişdir. O zaman isə X8 10 yaşlı idi. Bununla bağlı məhkəmə qeyd edir ki, həqiqətən də X1 imkanlarının məhdudluğu müəyyən edilərkən onun 10 yaşı olmuşdur, lakin TSEK-in qərarlarından müəyyən olunur ki, əlilliyin səbəbi anadangəlmə ürək qüsurudur. Yəni iddiaçının oğlunda sağlamlıq imkanlarının məhdudluğuna səbəb olan xəstəlik onda anadangəlmə olmuşdur. Əvvəllər qüvvədə olmuş “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanunun 1-ci maddəsində qeyd edilirdi ki, əlillər və sağlamlıq imkanları məhdud uşaqlar barəsində ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Həmin Qanunun 2-ci maddəsinə görə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq-orqanizminin ümumi inkişafının pozulmasına səbəb olan müxtəlif əqli, ruhi, fiziki qüsurlar və xəstəliklər nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan uşaqdır (bunda sonra sağlamlıq imkanları məhdud uşaq (18 yaşınadək şəxs). “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəməm təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də müvafiq münasibətləri tənzimləyən milli qanunvericilik “anlaşıqlı”, “aydın” və “proqnozlaşdırıla bilən” olmalıdır. Məhkəmənin təşəkkül tapmış presedent hüququna əsasən “qanunla nəzərdə tutulmuş” ifadəsi təkcə onu tələb etmir ki, etiraz edilən tədbir daxili qanunvericilikdə müəyyən əsasa malik olmalıdır, həm də sözügedən qanunun keyfiyyətinə istinad edərək tələb edir ki, həmin Qanunun Konvensiyanın preambulasında aydın şəkildə ifadə olunan qanunun aliliyi prinsipinə uyğun olmalı, eləcədə müvafiq şəxs üçün “çatımlı” olmalı və onun nəticələrini “öncədən görmək” mümkün olmalıdır. Normanın nəticələrini isə o halda, “öncədən görmək“ mümkündür ki, o, hər bir fərdin öz davranışını tənzimləməsinə imkan vermək baxımından kifayət qədər dəqiqliklə ifadə edilsin. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Göründüyü kimi, bərabərlik prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. İddiaçının pensiya hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən hesablanıb birdəfəlik ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismnə təmin edilməli, iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixədək olan 6 il işləməyərək 3 yaşına çatanadək körpə uşaqlarına qulluq etdiyi müddət onun sosial sığorta stajına daxil edilməsi və sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə güzəştli pensiya hüququ yarandığı xx.xx.2019-cu il tarixdən ona pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan pensiya hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən hesablanıb birdəfəlik ödənilməsi hissəsində rədd olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia qismən təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Göyçay rayon filialının (hazırda 13 saylı regional ərazi filialı) üzərinə İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1999cu il tarixədək olan 6 il işləməyərək 3 yaşına çatanadək körpə uşaqlarına qulluq etdiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi və sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə güzəştli pensiya hüququ yarandığı xx.xx.2019-cu il tarixdən ona pensiya təyin edilməsi öhdəliyi qoyulur. İddia qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar