Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-126/2023 09.10.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil Nemət qızının iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “cavabdehin üzərinə Mingəçevir şəhər İcra Hakimiyyətinin 09 sentyabr 2008-ci il tarixli, 161 saylı Sərəncamına əsasən xx.xx.2009-cu il tarixli, **********1671 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsündə göstərilən 499.33 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınıb çıxarışın verilməsi öhdəliyinin qoyulması barədə” inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin üzərinə Mingəçevir şəhəri XDS İcraiyyə Komitəsinin 07 mart 1980-ci il tarixli 102 saylı qərarı ilə Mingəçevir şəhər Qum çınqıl zavoduna ayrılmış, «Kür» kollektiv bağçılıq təsərrüfatında olan, Mingəçevir şəhər İcra Hakimiyyətinin 09 sentyabr 2008-ci il tarixli, 161 saylı Sərəncamına əsasən xx.xx.2009-cu il tarixli, **********1671 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsündə göstərilən 499.33 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınıb çıxarışın verilməsi öhdəliyinin qoyulması barədə” qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-126/2023 nömrəli qərardadı ilə “X5” ASC və Mingəçevir şəhər bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 17 saylı Yevlax Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı uzun illər «Qum-çınqıl» zavodunda əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşlədiyi müddətdə Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 07 mart 1980-ci il tarixli 102 saylı qərarı ilə bağçılıq üçün torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin sərhədləri daxilində olan bağçılıq təsərrüfatından iddiaçıya 5 sot torpaq sahəsi verilmişdir. Həmin vaxt iddiaçıya verilmiş sənədlər əsasında 26/40 inventar nömrəli bağ təsərrüfatının texniki pasportu verilmişdir. Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 09 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə Mingəçevir şəhərində vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin onların mülkiyyətinə verilməsi məqsədilə Mingəçevir şəhər İcra Hakimiyyəti Başçsının 11 fevral 2008-ci il tarixli 20 saylı sərəncamı ilə yaradılmış komissiyanın iştirakı ilə hazırlanmış akt və yekun siyahı təsdiqlənmiş, Dövlət Yerquruluşu Layihə İnstitutunun mütəxəssisi tərəfindən aidiyyatı orqanların iştirakı ilə yerində, təsdiq olunmuş siyahıya uyğun müasir topogeoddeziya ölçü alətləri vasitəsilə aparılmış uçot, inventarizasiya işlərinə dair hazırlanmış yerquruluşu planının təsdiq edilməsi, təsdiq olunmuş siyahıya və yerquruluşu sənədlərinə əsasən Mingəçevir şəhərində vətəndaşların qanuni istifadəsində olan bağ, torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlı hüquqi sənədlərin hazırlanıb verilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən xahiş edilmişdir. Məhz həmin Sərəncama əsasən də iddiaçının adı həmin dürüstləşdirilmiş siyahıya daxil edildiyindən ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən adına xx.xx.2009-cu il tarixli, **********1671 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Buna görə də o, həmin torpaq sahəsi üzərində hüquqlarının qeydə aldırmaq üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, vətəndaş Yəhyayev X1 şəhəri Qum-Çınqıl zavodunun ’Kür” kollektiv bağçılığından verilmiş 0,06 ha bağ torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Vətəndaş Yəhyayev X1 şəhəri Qum-Çınqıl zavodunun “Kür” kollektiv bağçılığından verilmiş 0,06 ha bağ torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7. maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. xx.xx.2007-ci il tarixli akta əsasən Mingəçevir şəhəri Qum-Çınqıl zavodunun ”Kür” kollektiv bağçılıq təsərrüfatının adlı siyahısında iddiaçının adı qeyd olunmamışdır. Təqdim olunmuş sənədlərdəndə göründüyü kimi torpaq sahəsinin ilkin hüquq sahibi ilə iddiaçının arasında şifahi razılaşma əsasında qeyri-rəsmi alqı-satqı aparılmışdır. Lakin aralıqda olan şifahi razılaşma hazır ki, vəziyyətə və o cümlədən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun mövcud tələblərinə əsasən iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dəlalət vermir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin mövcud tələblərinə əsasən yalnız üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak alqı-satqı predmeti ola bilər. Üçüncü şəxslər iddia tələbinə münasibət bildirməmişlər. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - A 158041 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 161 nömrəli sərəncamına əsasən İddiaçı adına 499,33 kv.metr torpaq sahəsinə plan-ölçü sənədi tərtib edilmişdir. - xx.xx.2021-ci il tarixli **********2 qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəsissisə üzərində “X5” ASC-nin tam xüsusi mülkiyyət hüququ Dövlət qeydiyyatına alınmışdır. Sözügedən çıxarışda 0,208 ha torpaq sahəsinin mülkiyyət növü dövlət, torpaq sahəsi üzərində hüququn növü istifadə, torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları qeyd edilmişdir. - “Kür” bağçılıq Yoldaşlığının xx.xx.1996-cı il tarixli 55 nömrəli arayışından görünür ki, Yəhyayev X1 Çınqıl beton zavodu “Kür” bağçılıq birliyinin üzvüdür, 0,06 ha torpaq sahəsi var. - Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 20 saylı sərəncamı ilə yaradılmış komissiyanın 08 sentyabr 2008-ci il tarixli aktından görünür ki, müvafiq aktda - komissiyanın vətəndaşlara, idarə, müəssisə və təşkilatlarda DƏDRX-nin Mingəçevir bölməsində olan sənədlərə istinad edərək ilkin siyahıda dürüstləşdirmə aparmış və ailə başçılarının, ailə üzvlərinin soyadı, adı, atasının adı dəqiləşdirilmişdir. Buna müvafiq olaraq onların istifadəsində olan bağ torpaq sahələrinin qanuni ölçülərini müəyyənləşdirərək yekun siyahı hazırlanmış, Mingəçevir şəhərində vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlı hazırlanmış siyahının və yeruquruluşu sənədlərinin təsdiq olunması məqsədəuyğun hesab edilmişdir. - Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 161 nömrəli sərəncamından görünür ki, müvafiq sərəncamla Mingəçevir şəhərində vətəndaşların qanuni istifadəsində olan bağ torpaq sahələrinin onların mülkiyyətinə verilməsi məqsədilə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 11.02.08-ci il tarixli 20 saylı sərəncamı ilə yaradılmış komissiyanın iştirakı ilə hazırlanmış akt və yekun (dürüstləşdirilmiş) siyahı təsdiq edilmişdir. - cavabdeh orqanın xx.xx.2023 və xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəylərindən görünür ki, İddiaçı adına tərtib edilmiş A 158041 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd edilmiş koordinatlar daxilində yerləşən 499.33 kv. m torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar. Elektron məlumat bazasında olan Mingəçevir şəhər, Mingəçevir bələdiyyəsinin “X2 X3”ndə mövcud olan xəritəsinə əsasən 499,33 kv, m torpaq sahəsinin 81,98 kv, m hissəsi ümumi istifadədə olan gediş-gəliş yolunun üzərinə, 74.30 kv. m hissəsi başqa şəxsin istifadəsində olan həyətyanı torpaq sahəsinin üzərinə, 343.05 kv m hissəsi **********23-12301 reyestr nömrəli çıxarışla “Mingəçevir Qum çinqıl" ASC-nin istifadəsinə verilmiş torpaq sahəsi ilə ilə üst-üstə düşür. Mülki iş materiallarında xx.xx.2006-cı il tarixdə tərtib edilmiş texniki pasport təqdim edilmədiyindən iddia olunan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. İddia olunan torpaq sahəsi A 158041 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş koordinatlar daxilində yerləşən torpaq sahəsi ilə eyni ərazidə yerləşir, lakin konfiqurasiya və sahə fərqi vardır. Mingəçevir şəhər Bağlar Təsərrüfatı İdarəsi tərəfindən təhvil verilmiş sənədlərdə İddiaçı bağ sahəsinin ayrılmasına dair icarə müqaviləsinin, orderin, o cümlədən kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı, həmçinin üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışı 17 saylı Yevlax Ərazi idarəsinin arxivində mövcud deyil. xx.xx.2006-cı il tarixdə tərtib edilmiş texniki pasportda qeyd edilən torpaq sahəsi müvafiq sənədlərdə İddiaçı adına qeydə alınmışdır. İddia olunan torpaq sahəsi xx.xx.2006-cı il tarixdə tərtib edilmiş texniki pasportda qeyd olunmuş torpaq sahəsi ilə eyni ərazidə yerləşir, lakin konfiqurasiya və sahə fərqi vardır. - cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-1932/2023 nömrəli məktubundan görünür ki, İddiaçı iddia etdiyi və naturada göstərdiyi 0.05 ha torpaq sahəsi və xx.xx.2006cı il tarixli texniki pasportla İddiaçı verilmiş 0.06 ha torpaq sahəsi "xxxx" ASC-nin istifadəsinə **********23-12301 reyestr nömrəli çıxarışla verilmiş, dövlət mülkiyyətinə aid torpaq sahəsinin daxilində yerləşir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh və üçüncü şəxslər nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Cavabdehin nümayəndəsi xx.xx.2023-cü il tarixdə elektron kabinetə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Mingəçevir şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Həmin sərəncamın 2.2-ci bəndinə əsasən, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlərin görülməsi Nazirlər Kabinetinə tapşırılmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsində göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinın başqasına keçməsinin məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 20 saylı sərəncamı ilə yaradılmış komissiya vətəndaşlara, idarə, müəssisə və təşkilatlarda DƏDRX-nin Mingəçevir bölməsində olan sənədlərə istinad edərək ilkin siyahıda dürüstləşdirmə aparmış, ailə başçılarının, ailə üzvlərinin soyadı, adı, atasının adı dəqiləşdirərək, vətəndaşların istifadələrində olan bağ torpaq sahələrinin qanuni ölçülərini müəyyənləşdirməklə yekun siyahı hazırlamış, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 09 sentyabr 2008-ci il tarixli 161 nömrəli sərəncamı ilə komissiyanın iştirakı ilə hazırlanmış akt və yekun (dürüstləşdirilmiş) siyahı təsdiq edilmişdir. İş materiallarında olan (əsli iddiaçı tərəfindən, arxiv nüsxəsi cavabdeh orqan tərəfindən təqdim edilmişdir), “Kür” bağçılıq Yoldaşlığının xx.xx.1996-cı il tarixli 55 nömrəli arayışı ilə müəyyən edilir ki, iddiaçı, Mingəçevir Çınqıl beton zavodu “Kür” bağçılıq birliyinin üzvü olmuşdur. Sözügedən arayışın mötəbərliyinə heç bir şübhə yoxdur (arayışın əsli iddiaçı tərəfindən, arxiv nüsxəsi cavabdeh orqan tərəfindən təqdim edilmişdir). Odur ki, iddia olunan torpaq sahəsi iddiaçının qanuni istifadəsində olduğundan Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 09 sentyabr 2008-ci il tarixli 161 nömrəli sərəncamı əsasında torpaq sahəsi iddiaçının adına sənədləşdirilərək, A seriyalı 158041 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. A seriyalı 158041 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan torpaq sahəsi iddiaçının qanuni istifadəsində olan torpaq sahəsi olduğundan, yuxarıda istinad olunan Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 20 saylı sərəncamı sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsasdır. Digər tərəfdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsində 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair tələb edilən sənədlərin siyahısından görünür ki, maddi hüquq normasının mahiyyəti - torpaq sahəsinin həqiqətən də bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşa ayrılıb ayrılmamasının, o cümlədən torpaq sahəsi ayrılmış şəxsin kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvü olub-olmamasının müəyyən edilməsindən və yalnız bundan sonra mülkiyyət hüquqlarının qeydiyyatının aparılmasından ibarətdir. Bunun üçün isə torpaq sahəsi ayrılan şəxslər müvafiq ayrılmanı və kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvü olmasını təsdiq edən sübutları (icarə müqaviləsi, sərəncam və order, üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış) təqdim etməlidirlər. Yəni, istinad olunan norma kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvü olan şəxslərə bağ təsərrüfatı idarələri tərəfindən ayrılmış torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydiyyatını nəzərdə tutur. “Kür” bağçılıq Yoldaşlığının xx.xx.1996-cı il tarixli 55 nömrəli arayışında iddiaçının Mingəçevir Çınqıl beton zavodu “Kür” bağçılıq birliyinin üzvü olması, həmçinin 0.06 ha torpaq sahəsi ilə bağlı qeydin göstərilməsi onu deməyə əsas verir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər iddiaçıya münasibətdə yerinə yetirilmişdir. Yəni, faktiki olaraq iddiaçının Mingəçevir Çınqıl beton zavodu “Kür” bağçılıq birliyinin üzvü olması və ona müvafiq torpaq sahəsinin ayrılması sübuta yetirilir. Cavabdeh orqan iddia olunan və naturada göstərilən 0.05 ha torpaq sahəsinin və xx.xx.2006-cı il tarixli texniki pasportla iddiaçıya verilmiş 0.06 ha torpaq sahəsinin "xxxx" ASC-nin istifadəsinə **********23-12301 reyestr nömrəli çıxarışla verilmiş, dövlət mülkiyyətinə aid torpaq sahəsinin daxilində yerləşdiyini bildirir. Nəzərə alınmalıdır ki, cavabdeh orqanın təqdim etdiyi mütəxəssis rəyi ilə iddia olunan torpaq sahəsinin xx.xx.2006-cı il tarixdə tərtib edilmiş texniki pasportda qeyd olunmuş torpaq sahəsi və A 158041 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş koordinatlar daxilində yerləşən torpaq sahəsi ilə eyni ərazidə yerləşməsi, lakin konfiqurasiya və sahə fərqinin olması müəyyən edilir. Odur ki, məhkəmə hesab edir ki, iddia olunan torpaq sahəsi "xxxx" ASC-nin istifadəsinə **********23-12301 reyestr nömrəli çıxarışla verilmiş, dövlət mülkiyyətinə aid torpaq sahəsinin daxilində yerləşsə də, hər bir halda sözügedən torpaq sahəsi iddiaçıya Mingəçevir Çınqıl beton zavodu “Kür” bağçılıq birliyi tərəfindən ayrılmış torpaq sahəsidir və sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsaslar mövcuddur. İddia olunan torpaq sahəsinə dair tərtib edilmiş A 158041 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd edilmiş koordinatlar daxilində “X2 X3”ndə mövcud olan xəritəyə əsasən 499.33 kv. m torpaq sahəsinin 81,98 kv, m hissəsinin ümumi istifadədə olan gediş-gəliş yolunun üzərinə, 74.30 kv. m hissəsi başqa şəxsin istifadəsində olan həyətyanı torpaq sahəsinin üzərinə, 343.05 kv m hissəsinin isə **********23-12301 reyestr nömrəli çıxarışla “Mingəçevir Qum çinqıl" ASC-nin istifadəsinə verilmiş torpaq sahəsi ilə ilə üst-üstə düşməsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il 818№-li Fərmanının 2.3.3-cü bəndində X2 X3nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki ... şəxslərin ... qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin ... yerləşdiyi torpaqlarda ... hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması zamanı torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, X2 X3ndə zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməli olması qeyd edilmişdir. Odur ki, istinad olunan Fərmanın tələbləri baxımından A158041 №-li “Torpaq sahəsinin planı və ölçüsü sənədi”nin cizgisində qeyd edilmiş torpaq sahəsinin məkan göstəriciləri ilə torpaqdan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların yerquruluşu qaydasında aradan qaldırılması cavabdeh orqanın vəzifəsi olduğundan, cavabdeh orqan A158041 №-li “Torpaq sahəsinin planı və ölçüsü sənədi”nin məkan göstəriciləri ilə faktiki istifadə vəziyyəti arasında yaranmış uyğunsuzluğu yeruquruluşu qaydasında aradan qaldıraraq iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnu dövlət qeydiyyatına almalıdır. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə Mingəçevir şəhər İcra Hakimiyyətinin 09 sentyabr 2008-ci il tarixli, 161 saylı Sərəncamına əsasən xx.xx.2009-cu il tarixli, **********1671 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən, 499.33 kv.metr torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.