Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-126/2024 20.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mülkiyyətində olan, Mingəçevir şəhəri, Samux küçəsi 45-C ünvanda yerləşən torpaq sahəsində tikinti işlərinin aparılmasına törədilən maneələrin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “mülkiyyətində olan, Mingəçevir şəhəri, Samux küçəsi 45-C ünvanda yerləşən torpaq sahəsində tikinti işlərinin aparılmasına törədilən maneələrin aradan qaldırılması və tikinti işlərinin aparılmasına icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-126/2024 nömrəli qərardadı ilə “Mingəçevir şəhəri, Samux küçəsi 45-C ünvanda yerləşən torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində iddia tələbi mümkün sayılmamışdır. İddia ərizəsinin əsaslarına görə Mingəçevir şəhəri Samux küçəsi 45-C ünvanında yerləşən 0,04 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Belə ki, o həmin torpaq sahəsini 12 oktyabr 2022-ci ildə X1 almışdır. Bundan sonra onun mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış və bu barədə ona Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarış verilmişdir. Həmçinin qeyd olunan çıxarışda torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları kimi göstərilmişdir. Eyni zamanda da torpaq sahəsinin planı və ölçüsü onun adına tərtib olunmuşdur. O, hazırda mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evi inşa etmək istəyir. Elə bununla bağlı o Cavabdehnə müraciət etmişdir. Lakin, cavabdehin ona ünvanladığı 08 fevral 2023-cü il tarixli imtina məktubunda göstərmişdir ki, Mingəçevir şəhəri, Samux küçəsi 5-C ünvanda yerləşən torpaq sahəsi sel-su kanalının mühafizə zolağında yerləşdiyi üçün, həmin torpaq sahəsində hər hansı tikinti işlərinin aparılmasının məqsədə uyğun hesab edilmir və ərizənin icrasından imtina olunmuşdur. Lakin, o həmin imtinanı qeyri-qanuni hesab edir. Qeyd edir ki, onun mülkiyyətində olan torpaq sahəsi Mingəçevir şəhəri Samux küçəsi 45-C ünvanda yerləşir. Lakin cavabdeh imtina məktubunda ünvan 3dan başqa qeyd olunan ərazidə çoxsaylı yaşayış evləri mövcuddur. Cavabdeh qərəzli olaraq ona tikintiyə icazə vermir. Belə ki, ona məxsus torpaq sahəsinin yuxarı hissəsində Cavabdeh yüksək vəzifəli işçisinin torpaq sahəsi yerləşir. Onun torpaq sahəsinin həmin məsul işçiyə məxsus torpaq sahəsinin üzərində yerləşdiyinə görə, İcra Hakimiyyəti əsassız olaraq ona tikintiyə icazə vermir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun tələbi tam qanuni və əsaslıdır. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddia tələbi aşağıda göstərilən hallara görə əsassızdır; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin Xİ fəslində və Məcəllənin 57-ci maddəsində tikintiyə dair tələblər öz əksini tapmışdır. Qanunun tələbinə əsasən tikinti obyekti yanğın təhlükəsizliyi baxımından etibarlı və yanğına qarşı davamlı, sanitariya-gigiyena norma və qaydalarına uyğun olmalı, təhlükəsiz yaşayış mühitinin formalaşmasına xidmət etməlidir. Tikinti obyekti istismar zamanı təhlükəsizlik baxımından etibarlı olmalı, istifadəçilər üçün arzu olunmaz risklərin meydana çıxmasına və bədbəxt hadisələrin baş verməsinə zəmin yaratmamalıdır. Həmin Məcəllənin 63-cü maddəsinə əsasən tikinti obyektləri təyinatına uyğun istismarı üçün yetərli olmalı və istifadə zaman təhlükəsizlik tələblərinə cavab verməlidir, Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsində isə göstərilir ki, tikinti obyektinin sənədləri qanunla müəyyən olunmuş tələblərə zidd olmadıqda tikintiyə icazə verilə bilər. İddiaçı inşa etmək istədiyi tikinti obyekti Mingəçevir şəhərinin sel-su kanalının mühafizə zonasındadır. Mingəçevir şəhəri Qafqaz sıra dağlarının cənub hissəsində Boz dağın ətəyində yerləşir. Şəhəri sel-sularından qorumaq üçün Boz dağın perimetri üzrə üç sel-su mühafizə kanalı çəkilmişdir ki, bu kanallar yağış zamanı dağdan gələn sel-sularını özündə cəmləyərək Kür çayına axıdılmasını təmin edir. Hər yağışdan sonra kanallar sel-suları ilə gətirilmiş çöküntülərlə dolur və kanalların işlək vəziyyətdə saxlanılması üçün həmin ərazidə daima ekskavator texnikası kanala yığılmış çöküntüləri təmizləyir. İddiaçı sel-su kanalının mühafizə zonasında yerləşən torpaq sahəsində yaşayış evi inşa etmək niyyətindədir. Bu isə həm sel-su kanalının işlək vəziyyətdə saxlanmasına gələcəkdə qarşısı alınmaz maneələri törədəcək, həm də iddiaçının inşa etdirdiyi yaşayış evi təhlükəsizlik baxımında risk altında olacaqdır. Belə ki, kanal təmizlənməzsə, tez bir zamanda dolur və növbəti yağış zamanı onun tikdirdiyi yaşayış evi su altında qala bilər. Bundan əlavə Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, vətəndaş İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın mötəbərliyi bizdə şübhə doğurur, belə ki, Qaydalara görə torpaq sahəsinə şəxsən hüquqlarının Dövlət Reyestrində qeydə alınmasından və çıxarışın verilməsindən əvvəl Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşları ərazidə olmalı, torpaq sahəsinin yerləşdiyi yerdən hər hansı kommunikasiya xətlərinin keçməsini aydınlaşdırmalı, müvafiq qurumlara sorğu etməli, yalnız sonra vətəndaşın torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını Dövlət Reyestrində qeydə alıb ona çıxarış verməlidirlər. Lakin, bu torpaq sahəsi ilə əlaqədar nə şəhər İcra Hakimiyyətinə, nə kanalın balansda olduğu Mənzil Kommunal Təsərrüatı İstehsalat Birliyinə, nə də Su-kanal idarəsinə sorğular edilməmişdir. Göstərilən hallara, eləcə də İddiaçı tikintisinə icazə verilməsini tələb etdiyi obyektin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi ilə nəzərdə tutulmuş tələblərə cavab vermədiyi üçün ona Mingəçevir şəhərinin sel-su mühafizə kanalının mühafizə zonasında yerləşən torpaq sahəsində yaşayış evinin tikintisinə icazə verilməsindən imtina edilmişdir. Qeyd olunanlara əsasən Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İnzibati işə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - **********19 reyestr nömrəli (xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli) çıxarışdan görünür ki, Mingəçevir şəhəri ünvan 5 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - Azərbaycan Respublikası Cavabdeh Mingəçevir Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2023-cü il tarixli 73 nömrəli məktubundan görünür ki, Mingəçevir şəhər ünvan 5-də qanunsuz tikilinin qarşısını alınması məqsədi ilə yerində torpaq sahəsinə baxış keçirilmişdir. Mülkiyyətçinin nəzərinə çatdırılmışdır ki, sel-su kanalının mühafizə zolağında hər hansı bir tikilinin icazəsinə yol verilmir. Hal-hazırda yuxarıda qeyd olunan torpaq sahəsində tikinti işləri dayandırılmışdır. - Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC Mingəçevir Sukanal İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Mingəçevir şəhəri ərazisində yerləşən selsu kanalları Mingəçevir Sukanal idarəsinin balansında deyildir. - Cavabdeh başçısının xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, qeyd olunan ünvanda İddiaçı mülkiyyətində olan torpaq sahəsinin Mingəçevir Bələdiyyəsi yaxud Şəhər İcra Hakimiyyəti tərəfindən ayrılması barədə ilkin torpaqayırma sənədlərinin surəti təqdim olunmadığı üçün sel-su kanalının mühafizə zolağında yerləşən torpaq sahəsi üzərində İddiaçı hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyata alınması barədə çıxarışı sübhə doğurur. Bildirilmişdir ki, vətəndaş İddiaçı inşa etdirmək niyyətində olduğu fərdi yaşayış evinin Memar-1 MMC tərəfindən tərtib olunmuş tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş plan bölməsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələblərinə uyğun hazırlanmamışdır. Layihələndirilən fərdi yaşayış evi ilə hasar arasındakı məsafə mövcud tələblərə uyğun saxlanılmamışdır. Belə ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu (yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri) maddəsində qeyd olunmuş şərtlər pozulmuşdur. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı fərdi yaşayış evinin inşa edilməsini tələb etdiyi sel-su kanalının mühafizə zolağında yerləşən evlər tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadan uzun illər öncə tikilmiş evlərdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-nin 2.2.4-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. İddia tələbi öhdəliyin icrası haqqında iddianın xüsusi növü olan “müəyyən hərəkətləri etməkdən çəkinməyə dair” iddia növünə aiddir. İddiaçı, cavabdeh orqandan imtina cavabı almış, iddia düzgün cavabdehə qarşı yönəlmiş, iddia qaldırmaq üçün iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mümkün olsa da, mahiyyət etibarilə əsassızdır. Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 74. Tikintisinə icazə tələb olunan tikinti obyektləri 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. 74.2. Bu Məcəllənin 74.1-ci maddəsində nəzərdə tutulmuş qayda tikinti obyektlərinin sökülməsinə də şamil edilir. Maddə 75. Tikintiyə icazə verilməsinin ümumi qaydaları 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. 75.2. Sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. 75.3. Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 75.3.1. torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd; 75.3.2. tikinti layihəsi; 75.3.3. sifarişçi hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, fiziki şəxs olduqda şəxsiyyətini təsdiq edən sənəd; 75.3.4. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi. 75.3-1. Bu Məcəllənin 75.3-cü maddəsində nəzərdə tutulmuş sənədlərin X2 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin X2 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. 75.4. Müvafiq icra hakimiyyəti orqanı (qurum) tikintiyə icazəyə dair ərizəyə əlavə edilmiş sənədlərin təqdim edildiyi vaxtdan 3 iş günü, ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə isə 2 iş günü ərzində bu Məcəllənin 75.3-cü maddəsində nəzərdə tutulmuş sənədlərin tamlığını yoxlayır. Sənədlər tam təqdim olunmadıqda (bu Məcəllənin 75.3-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla), müvafiq icra hakimiyyəti orqanı (qurum) onların tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə dərhal məlumat verir və bu məqsədlə 10 gün müddət təyin edir. Sənədlərin tamlığının təmin edilməməsinin hüquqi nəticələri ərizəçiyə izah olunur. Bütün natamamlıqlar ərizəçiyə eyni zamanda bildirilməlidir. Ərizəçi sənədlərin tamlığını məlumatı aldığı tarixdən ən geci 10 gün müddətində təmin etməlidir. Bu zaman tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətin axımı dayandırılır. Sənədlərin tamlığının təmin edilməsi barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.https://eqanun.az/framework/46958 75.5. Tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı (qurum) aşağıdakıları təmin edir: 75.5.1. tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olub-olmaması barədə rəy verilməsini; 75.5.2. bu Məcəllənin 75.5.1-ci maddəsinə müvafiq olaraq tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə — bu Məcəllənin 75.6-cı maddəsində qeyd edilən tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan digər aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərilməsini. 75.5-1. Bu Məcəllənin 75.5.1-ci maddəsində göstərilən rəyin verilməsi ilə bağlı tələblər bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş torpaq sahəsində inşa ediləcək elektrik stansiyasının tikinti layihəsinə şamil edilmir və tikintiyə icazə icraatı məqsədləri üçün həmin tikinti layihəsi şəhərsalma sənədlərinə uyğun hesab edilir. 75.6. Tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan qurumları tikintinin təyinatına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 75.7. Bu Məcəllənin 75.5.1-ci maddəsində göstərilən rəy 5 iş günü müddətində, 75.5.2-ci maddəsində göstərilən sorğuya isə layihəsi ekspertizadan keçirilməsi tələb olunan obyektlərə münasibətdə 15 gün, layihəsi ekspertizadan keçirilməsi tələb olunmayan obyektlərə münasibətdə 5 gün müddətində bildirilməlidir. Bu müddətlər ərzində göstərilən rəylər bildirilmədikdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) iradların olmaması prezumpsiyasından çıxış edir. Tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olmaması barədə rəy tikintiyə icazə verilməsindən imtina üçün əsasdır. 75.8. Müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunmayan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 15 iş günü müddətində baxır və tikintiyə icazə verir və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. 75.9. Tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) layihəsi ekspertizadan keçirilməsi tələb olunan tikintiyə icazə icraatı çərçivəsində tikinti layihələrini ekspertizadan keçirmək üçün ekspertiza müəssisəsinə göndərir. 75.10. Müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla, 1 ay (bu Məcəllənin 90.2-ci maddəsində ekspertiza müddətinin uzadılması üçün nəzərdə tutulan hallar istisna olmaqla) müddətində baxır və tikintiyə icazə verir və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunmasını təmin etmək məqsədilə tikintiyə icazədə siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər də nəzərdə tutulur. 75.11. Tikintiyə icazə verildiyi halda tikintiyə icazə, habelə tikinti layihəsi ərizəçiyə təqdim edilir və belə icazə tikinti işlərinə başlanması üçün əsas hesab olunur. Tikintiyə icazədə tikintiyə başlanılması üçün siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər nəzərdə tutulduğu hallarda həmin əlavə şərtlərin yerinə yetirilməsindən sonra ərizəçiyə xüsusi nişan təqdim edilir və bu halda xüsusi nişan tikinti işlərinin başlanmasına əsas hesab edilir. Tikinti işlərinin başlanması üçün əlavə şərtlər olduqda, tikintiyə icazədə mütləq göstərilməlidir. Tikintiyə icazənin, xüsusi nişanın formasını və məzmununu müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bu Məcəllənin 75.4-cü maddəsinə uyğun olaraq sənədlərin tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə məlumat verildiyi gündən sənədlərin tamlığı təmin edildiyi günədək olan müddət tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətə daxil edilmir.https://eqanun.az/framework/46958 75.12. Tikintiyə icazədən irəli gələn hüquq və vəzifələr sifarişçinin hüquqi varislərinə də şamil olunur. 75.13. Tikintiyə icazənin və tikinti layihəsinin bir nüsxəsi müvafiq icra hakimiyyəti orqanında (qurumda) saxlanılır. Bu qayda barəsində məlumatlandırma icraatının aparıldığı obyektlərin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə də şamil edilir. 75.14. Tikintiyə icazə verildikdə, bu icazədə nəzərdə tutulmuş məlumatların şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada Tikintilərin Dövlət reyestrinə ötürülməsi təmin edilir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət Reyestrinin internet saytında yerləşdirilir.https://eqanun.az/framework/46958 75.15. Tikintiyə və tikinti obyektinin istismarına icazə verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. 75.16. Tikintiyə icazə icraatı üzrə bu Məcəllənin 75.1-75.5-ci, 75.7-75.11-ci və 75.14cü maddələri ilə müəyyən edilən hərəkətlər şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Maddə 80. Məlumatlandırma icraatı 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. 80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. 80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci, və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. 80.4-1. Bu Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş sənədlərin X2 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər sifarişçidən tələb edilmir. Belə sənədlərin X2 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir.https://e-qanun.az/framework/46958 80.5. Barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 80.6. Bu Məcəllənin 80.4-cü maddəsinin ikinci cümləsinə əsasən tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair iradın sifarişçiyə təqdim edilməməsi ilə bağlı tikinti işlərinə başlamaq hüququ yarandıqda, bu barədə məlumatın şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada Tikintilərin Dövlət reyestrinə ötürülməsi təmin edilir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir. 80.7. Məlumatlandırma icraatı üzrə bu Məcəllənin 80.4-cü, 80.4-1-ci və 80.6-cı maddələri ilə müəyyən edilən hərəkətlər şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. İş materiallarından görünür ki, Mingəçevir şəhəri ünvan 5 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. İddiaçı, sözügedən torpaq sahəsində fərdi yaşayış sahəsi tikmək niyyətindədir. Odur ki, sözügedən yaşayış sahəsinin inşasına cavabdeh orqan tərəfindən yaradılan maneələrin aradan qaldırılması üçün hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Fərdi yaşayış evinə dair memarlıq-planlaşdırma bölməsi ilkin icraat zamanı mövcud olmamış, mübahisəyə məhkəmədə baxılan dövrdə tərtib edilmişdir. Cavabdeh orqan iddiaçıya məxsus yaşayış sahəsində tikinti işlərinin aparılmasına maneənin yaradılmasını həmin torpaq sahəsinin sel-su kanalının mühafizə zolağında yerləşməsi ilə əsaslandırmış, qeyd etmişdir ki, iddia olunan ərazidə fərdi yaşayış evinin tikilməsi həm sel-su kanalının işlək vəziyyətdə saxlanmasına gələcəkdə qarşısı alınmaz maneələr törədəcək, həm də iddiaçının inşa etdirdiyi yaşayış evi təhlükəsizlik baxımında risk altında olacaqdır. Məhkəmə cavabdeh orqanın imtina dəlilini işdə olan sənədlərlə birlikdə qiymətləndirərək qeyd edir ki, yuxarıda istinad olunmuş Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına əsasən iddiaçı mülkiyyətində olan torpaq sahəsində tikinti işlərinin aparılması üçün ilk növbədə inşa ediləcək tikili ilə bağlı icazə icraatı, yaxud məlumatlandırma icraatı qaydasında müvafiq sənədləşmə işlərini həyata keçirərək tamamlamalıdır. Fərdi yaşayış evinin yerləşəcəyi torpaq sahəsinin iddiaçının mülkiyyətində olması ona həmin torpaq sahəsi üzərində Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına əməl etmədən hər hansı tikilini inşa etməyə əsas vermir. Odur ki, tikinti işlərinin aparılmasından əvvəl məhz hansı qaydada tikilinin inşa edilməsi ilə bağlı niyyətini cavabdeh orqana bildirməlidir. İş materiallarından göründüyü kimi hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı ümumiyyətlə inşa edilməsi nəzərdə tutulan tikilinin memarlıqplanlaşdırma bölməsinin hazırlanmasına nail olmamışdır. İddiaçı bu mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh yüksək vəzifəli şəxsi ona məxsus torpaq sahəsindən yol yeri verilməsini istəmiş, onun istəyini yerinə yetirmədiyinə görə tikilinin memarlıqplanlaşdırma bölməsinin Mingəçevir şəhər ərazisində hazırlanmasına, o cümlədən tikinti işlərinin aparılmasına imkan verilməmişdir. Məhkəmə qeyd edir ki, hər bir halda hazırkı məhkəmə icraatı dövründə iddiaçı Şirvan şəhərində "xxxx" MMC-də inşa etmək istədiyi fərdi yaşayış evinin memarlıqplanlaşdırma bölməsinin tərtib edilməsinə nail olmuşdur. Bununla belə nəzərə alınmalıdır ki, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektləri Şəhərsalma və Tikinti Məcəlləsinin 80.3-cü maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır. İddiaçı, tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə cavabdehə məlumat verməli, Məcəllənin 80.1-ci, və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi cavabdehə təqdim etməlidir. Cavabdeh orqan tərəfindən 10 gün müddətində, layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Göründüyü kimi iddiaçı məhz yuxarıda qeyd edilmiş qaydada icraat aparıldıqdan sonra özünə məxsus torpaq sahəsində tikinti işlərinə başlaya bilər. Müvafiq sənədləşmə işləri olmadan aparılan tikili isə özbaşına tikili sayılır və belə tikilinin inşasına mane olmaqda cavabdeh orqan haqlı sayılmalıdır. Məhkəmə icraatı dövründə iddiaçı tərəfindən təqdim edilmiş fərdi yaşayış evinin memarlıq-planlaşdırma bölməsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin sənəd ilkin icraat zamanı cavabdeh orqana təqdim edilmədiyindən, sözügedən sənədin inzibati icraat qaydasında yoxlanılması baş verməmişdir. Digər tərəfdən cavabdeh orqanın xx.xx.2023cü il, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, sözügedən memarlıq-planlaşdırma və tikinti ərazisinin baş plan bölməsinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələblərinə uyğun hazırlanmaması, layihələndirilən fərdi yaşayış evi ilə hasar arasındakı məsafənin mövcud tələblərə uyğun saxlanılmaması qeyd edilmiş və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu (yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri) maddəsində qeyd olunmuş şərtlərin pozulması göstərilmişdir. Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsində layihəyə dair irad olduqda həmin iradların normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılması təsbit edilmişdir. Yəni, iddiaçı tərəfindən məhkəmə icraatı zamanı tərtib edilən memarlıq-planlaşdırma bölməsinin özünə də, cavabdeh orqanın iradları mövcuddur. Odur ki, ilkin inzibati araşdırmanın predmetini təşkil etmədiyindən məhkəmə tərəfindən hazırkı mübahisə çərçivəsində memarlıq-planlaşdırma bölməsinə verilmiş iradların əsaslı olub-olmaması (o cümlədən həmin iradların iddiaçı tərəfindən aradan qaldırılmasının mümkünlüyü) inzibati orqanın yerinə keçilməklə yoxlanıla bilməz. Belə ki, İPM-in 12-ci maddəsində əks olunan işin hallarının araşdırılması prinsipi məhkəmənin cavabdeh inzibati orqanın yerinə keçərək, onun əvəzinə sübutların toplanması və qiymətləndirilməsi üçün müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi kimi başa düşülməməlidir. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçının ilkin müraciəti Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına uyğun olmadığından və cavabdeh orqan faktiki olaraq özbaşına tikilinin inşasına mane olduğundan, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçı yuxarıda qeyd edilmiş qaydada Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına uyğun cavabdeh orqana müraciət etmək imkanını itirməmişdir. Bunun üçün tələb olunan digər sənədlərlə birgə Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına uyğun tərtib edilmiş memarlıq-planlaşdırma bölməsi cavabdeh orqana təqdim edilməli, cavabdeh orqan tərəfindən normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmış iradlar aradan qaldırılmalı və bundan sonra tikinti işlərinə başlanılmalıdır. “İnzibati icraat haqqında” Qanun: 4.1. İnzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdehnə qarşı “mülkiyyətində olan, Mingəçevir şəhəri, Samux küçəsi 45-C ünvanda yerləşən torpaq sahəsində tikinti işlərinin aparılmasına törədilən maneələrin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi təmin edilmir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-126/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-126/2024
20.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver