Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1261/2022 17.06.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu İddiaçı tərəfindən verilmiş ərizəyə Şəki İnzibati Məhkəməsinin binasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək evində Niyazi İsmayılov adlı şəxsin qeydiyyatda olduğu bildirmiş və həmin şəxsin qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq, iddiaçıya xx.xx.2022-ci il tarixli yardım məktubu ünvanlanaraq bildirilmişdir ki, məhkəməyə müraciət etməkdə hüquqi marağının ona məxsus mənzildə qeydiyyatda olan tanımadığı şəxsin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına nail olmaqdan ibarət olduğu görünsə də, ərizəsi İPMin 27 və 46-cı maddələrinin tələblərinə cavab vermir. Belə ki, Məcəllənin 27-ci maddəsində əsasən iddiaçı, cavabdeh və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar. Həmin Məcəllənin 46.1-ci maddəsinə görə iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları, iddiaçının (ərizəçinin) tələbi göstərilməlidir. Lakin iddiaçının ərizəsində qeyd olunan tələblərə riayət olunmamışdır. İddiaçıya bildirilmişdir ki, İPM-in 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Yuxarıda qeyd edilən maddələrin tələblərinə əsasən iddiaçının nəzərinə çatdırılmışdır ki, ərizədə məhkəmənin adı düzgün göstərilməmiş (Şəki İnzibati Məhkəməsi yazılmalıdır), iddiaçı, cavabdeh və onların adları və məlumatları qeyd edilməmişdir. Bundan başqa iddia tələbi aydın və konkret qeyd edilməmiş, ümumiyyətlə tələbin nədən ibarət olması və hansı inzibati orqana yönəldiyi göstərilməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, ərizəsinin məzmunundan iddianın öhdəliyin icrası haqqında iddia növünə aid olduğu görünür. Öhdəliyin icrası növündə iddianın mümkün sayılması üçün mühüm tələblərdən biri iddia qaldırılmazdan əvvəl analoji tələblə inzibati orqana ərizə ilə müraciət edilməsidir. Lakin tərəfindən cavabdeh orqan müəyyənləşdirilmədiyindən və bununla bağlı sənədlər ərizəyə əlavə edilmədiyindən cavabdehə müraciət edilməsi, cavabdehin onun müraciətinin təmin olunmasından imtina etməsi və ya müraciətini cavabsız saxlaması iş materialları ilə müəyyən olunmur. Məhkəmə yardım məktubunda zəruri olaraq qeyd etmişdir ki, müraciət iddia qaldırılan tarixə qədər edilməli, imtina cavabı ərizənin təqdim edildiyi xx.xx.2022-ci il tarixdən əvvələ aid olmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçıya izah olunmuşdur ki, hazırkı tələbi üzrə iddianın mümkün sayılması üçün ilkin olaraq iddia ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilməli, cavabdeh orqanın (hazırkı halda Mingəçevir Şəhər Polis Şöbəsi) xx.xx.2022-ci il tarixdən əvvələ aid müvafiq imtina məktubu məhkəməyə təqdim olunmalı, həmçinin iddia ərizəsində iddiaçı qismində mənzilin mülkiyyətçisi, cavabdeh qismində Mingəçevir Şəhər Polis Şöbəsi göstərilməklə, eləcə də iddia tələbi aydın və konkret qeyd edilməklə məhkəməyə təqdim olunmalıdır. Odur ki, yuxarıda qeyd olunan çatışmazlıqların aradan qaldırılması üçün iddiaçıya vaxt verilmiş, əks təqdirdə Azərbaycan Respublikası İPM-in 35.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəyi bildirilmişdir. Məhkəmənin yardım məktubu xx.xx.2022-ci il tarixdə iddiaçıya çatdırılmış, lakin iddiaçı tərəfindən məhkəmə tərəfindən müəyyən edilmiş müddətin bitməsinə baxmayaraq münasibət bildirilməmişdir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 1.1, 1.2, 1.3, 1.4, 2.1, 6.1, 6.2 və 7-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Ali Məhkəmənin qərarının göstərilən tələblərinə istinadən məhkəmə qeyd edir ki, iddianın mümkünlüyü məsələləri yoxlanılarkən, İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq yardım məktubu məhkəmə tərəfindən ünvanlanmış, bununla da onun dinlənilmə hüququ təmin edilmiş, öz mövqeyini məhkəməyə təqdim etməsi üçün kifayət qədər vaxt verilmişdir. Lakin İddiaçı öz hərəkətsizliyi ilə məhkəmənin yardımına münasibət bildirməmiş, faktiki olaraq İPM-in tələblərinə cavab verməyən ərizəsini 27-ci və 46-cı maddələrin tələblərinə uyğunlaşdırmamışdır. Odur ki, məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddianın mümkünlüyü ilə bağlı məsələyə hüquqi qiymət verilməli və iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı ərizə iddia ilə bağlı qanunvericliyin tələblərinə cavab vermədiyi üçün mümkün sayıla bilməz. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə İPM-in 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən qəbul edildi. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 46, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-1261/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1261/2022
17.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver