Məhkəmə qərarları › İş №2-1(116)-1261/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1261/2025

29.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1261/2025 29.10.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə təyin edilmiş pensiya məbləğinin dayandırılması və artıq hesablanaraq ödənilmiş pensiya məbləğinin pensiyadan tutulmasına dair qərarın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “xx.xx.2022-ci il tarixindən təyin edilmiş yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinə əsasən, iddiaçıya xx.xx.2022-ci ildə yaşa görə əmək pensiyası təyin edilmiş,iki ilə yaxın pensiyası ödənilmişdir. Lakin, 2024-cü ilin may ayından etibarən pensiya məbləği azaldılmışdır. Məlum olmuşdur ki, yaşa görə təyin edilən pensiyası ləğv edərək, yaşa görə sosial müavinətlə əvəz edilmişdir. Bundan sonra yenidən rəsmi müraciət etmiş, bildirilmişdir ki, ona 2022-ci ildə pensiya hesablanarkən əmək stajının 25 il 7 ay 13 gün olduğunu müəyyən edərək yaşa görə pensiya təyin edilib. Lakin, sonradan xidməti araşdırma apararaq sığorta stajının 19 il 13 gün olmasını müəyyən etmişdirlər. Buna görədə yaşa görə təyin edilmiş pensiya məbləğini xx.xx.2024-cü ildə dayandıraraq. xx.xx.2023-cü İldən hesablanmaqla yaşa görə sosial müavinət ödənişini bərpa etdiklərini qeyd etmişdirlər. Cavabdeh orqan iddia tələbinə etirazıda bildirmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Mərkəzi Filiala ərizə ilə müraciət edərək ona yaşa görə pensiyanın təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ç-70357/2023 nömrəli məktubuna əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İddiaçının təqdim etdiyi əmək kitabçasına və hərbi biletinin surətlərinə əsasən sığorta stajı (xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 15 il 8 ay 15 gün təşkil edir.Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarfna əsasən iddiaçının omək kitabçasında qeyd edilmiş xx.xx.1990-cı il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövrlərin doldurulma qaydası pozulduğu üçün (işdən çıxma əmrində latın qrafikalı möhürdən istifadə olunub və eyni xəttlə yazılıb) həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulan müddətdən (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2022-ci il tarixdən 130 manat məbləğində yaşa görə müavinət təyin edilmiş, xx.xx.2023-cü il tarixdən 220 manata çatdırılmışdır. Qeyd olunanlardan görünür ki, iddiaçının mübahisələndirilən dövrlərə dair əmək kitabçasında olan qeydlərin müvafiq qərarla təsdiq edilmiş işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarına əsasən mötəbərliyi sübut olunmur. İddiaçı tərəfindən təqdim olunmuş və ya məhkəmələrin öz təşəbbüsü ilə əldə etdikləri məlumatlar iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən müddətlərdə işləməsi faktını özü-özlüyündə, qeyd-şərtsiz təsdiq etmir Qeyd olunanlardan görünür ki, iddiaçının mübahisələndirilən dövrlərə dair əmək kitabçasında olan qeydlərin müvafiq qərarla təsdiq edilmiş işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarına əsasən mötəbərliyi sübut olunmur. Belə ki, yuxanda qeyd olunan müvafiq qərarla təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması vo onun tərtibi qaydalarından da görünür ki, işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyqun göstərilməli vo əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilməlidir. İddiaçının əmək kitabçasına baxdıqda isə, xx.xx.1990-cı il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövrlərə dair qeydlərdə doldurulma qaydası pozulduğu (işdən çıxma əmrində latın qrafikalı möhürdən istifadə olunub və eyni xəttlə yazılıb) aydın görünür. Göründüyü kimi qanunvericliyin normalarına əsasən İddiaçı tələb olunan ümumi iş stajı, (25 il ) eyni zamanda tələb olunan pensiya kapitalına malik olmadığından, ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraza uyğun məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:

1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. 01.10.1975-ci il tarixli Əmək kitabçası;

3. H3 ******* nömrəli Hərbi Biletin surəti;

4. "xxxx" ASC-nin 23.05.23-cü il tarixli Arayış;

5. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti;

6. DSMF-nun Arxiv və Sosial Ödənişlərin Çeşidlənməsi üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə edilmiş iddiaçıya məxsus pensiya işinin təsdiqlənmiş surəti.

Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. Hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ona xx.xx.2022-ci il tarixindən təyin edilmiş yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilərək ödənilməsinə nail olmaqdan ibarətdir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdən İddiaçı 65 yaşının tamam olduğu tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra cavabdeh orqan iddiaçının tələb edilən 25 il sosial sığorta stajı olmamasını əsas gətirərək təyin edilmiş yaşa görə əmək pensiyası ödənişini xx.xx.2024-cü il tarixdən etibarən dayandırmışdır. Qeyd olunan faktiki hərəkətlər nəticəsində iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyası yaşa görə sosial müavinət ilə əvəz edilmişdir. Mübahisəyə dair iş üzrə materiallardan müəyyən edilir ki, iddiaçıya pensiya təyin edilməsi barədə inzibati aktın hüquqi qüvvəsini itirməsi və ya etibarsız sayılması ilə bağlı cavabdeh tərəfindən məhkəmələrə hər hansı sübut təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, iddiaçıya pensiya təyin edilməsi barədə cavabdehin qərarı qüvvədə və etibarlıdır. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Bu baxımdan “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar bir araşdırma nəticəsində müəyyən etməklə, şəxsə pensiya ödənişini dayandırmaqda cavabdeh haqlı sayıla bilməz. Cavabdeh orqan mübahisələndirdiyi xx.xx.1990-cı il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövrlərin həmin dövrə dair qeydlərdə doldurulma qaydasının pozulması səbəbi ilə mötəbər olmadığını qeyd etmiş və bu dövləri iddiaçının ümumi sığorta stajına daxil etməmişdir. Məhkəmə bu dəlili əsassız hesab edir. Belə ki, iddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, xx.xx.1990-xx.xx.2000-ci illərdə Nic kənd məişət evində ayaqqabı təmiri ustası vəzifəsində çalışmışdır. Cavabdeh orqan əmək kitabçasındaki qeydlərin mötəbər olmamasını qeyd etsə də, belə iddialarını sübut edəcək materialları təqdim etməmişdir. İnzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından, xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar qəbul etməyə haqlıdır. Etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindən biridir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarı). “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan tələblərinə görə, inzibati orqanlar qanuna riayət etməyə borcludurlar. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Obyektiv araşdırma prinsipini təsbit edən normaya əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Çünki sosial təminat hüququ sahəsindəki qanunvericilik tənzimləmələrinin, eləcə də bu sahədəki idarəçiliyi həyata keçirən orqanların fəaliyyətindəki əsas məqsəd sosial ədalətin təmin edilməsidir. Bu məqsəd göz önünə alındıqda, hətta onların diqqətsizliyi və ya səhlənkarlığı nəticəsində meydana gəlmiş olsa belə, inzibati orqanlar öz səhvlərini düzəltmək imkanına malik olmalıdırlar. Əks halda, bu, sosial təminat fonduna töhfə verən digər şəxslər, xüsusilə qanuni tələblərə cavab verə bilmədiyi üçün pensiya ala bilməyənlər üçün ədalətsiz olardı. Nəhayət, bu, məhdud ictimai resursların qeyri-məqsədəuyğun bölüşdürülməsini təsdiqləmək anlamına gələrdi ki, bu da öz növbəsində ictimai maraqlara zidd olardı. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Həmin prosedurları və müddəti isə “Əmək pensiyaları haqqında” Qanunun və “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları müəyyən edir. Ona görə də, cavabdeh özünün təyinatla bağlı əvvəlki qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etmək üçün sözügedən qanunvericiliyin tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Cavabdeh inzibati orqan nə inzibati icraat çərçivəsində, nə də hazırkı inzibati məhkəmə icraatında iddiaçıya təyin olunmuş pensiyanın ödənişinin dayandırılmasının “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsinin və “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinin tələbləri baxımından zəruriliyi və əsaslılığı ilə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqanın iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasının ödənişinin dayandırılması ilə bağlı hərəkətləri qanunsuzdur. Şəki İnzibati Məhkəməsinin 15(116)-40/2024 saylı xx.xx.2024-cü il tarixli Qərardadına əsasən icraatda olan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə təyin edilmiş pensiya məbləğinin dayandırılması və artıq hesablanaraq ödənilmiş pensiya məbləğinin pensiyadan tutulmasına dair qərarın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair 2-1(116)- 3418/2024 nömrəli inzibati işə baxılıb qurtaranadək iddiaçıya təyin edilmiş yaşa görə sosial müavinətdən tutulma aparılması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qadağan edilimişdir.Həmin Qərardad qanuni qüvvəyə minmişdir. Odur ki, İddiaçı ümumi iş stajını nəzərə alaraq, cavabdehin üzərinə xx.xx.2022-cu il tarixindən təyin edilmiş yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilərək ödənilməsi öhdəliyi qoyulmalıdır. Faktiki hərəkətin qanunsuzluğunun müəyyən edilməsi onun yaratmış olduğu nəticələrin də aradan qaldırılmasını ehtiva edir.Yəni, təyin edilmiş yaşa görə əmək pensiyasının dayandırılması (müavinətlə əvəz edilməsi) nəticəsində iddiaçıya ödənilməmiş və ya ondan tutulmuş vəsait cavabdeh tərəfindən pensiyanın bərpa edilməsi nəticəsində hesablanaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə xx.xx.2022-ci il tarixindən İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi (ödənilməsi) öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar