Məhkəmə qərarları › İş №2-1(116)-1264/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1264/2022

28.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1264/2022 28.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini aşağıdakı kimi əsaslandırmışıdr: - o, Azərbaycan Respublikası ərazi bütövlüyü ugrunda döyüşlərə Kəlbəcər Rayon Hərbi Komissarlığı tərəfindən 1992-ci il oktyabr ayı tarixdən Ordu sıralarına çağırılmış və 1994-cü il oktyabr ayı tarixədək Azərbaycan Ordusuna aid N saylı hərbi hissənin tərkibində Kəlbəcər və Füzuli bölgəsində erməni işğalçı ordusuna qarşı döyüşmüşdür. Füzuli rayon Şükürbəyli kəndinin müdafiəsi zamanı 12 noyabr 1993-cü il tarixdə agır yaralanmışdır. O, müharibə veteranı vəsiqəsi almaq üçün Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya müraciət etmiş və Komissiya ona bütün qanuni sənədləri təqdim etməyinə baxmayaraq qeyri qanuni olaraq guya onun döyüşdüyü hərbi hissə Müdafiə Nazirliyinin əmri ilə döyüşlərdə iştirak etməyib bəhanəsi gətirərək veteran vəsiqəsi verməkdən imtina etmişdir. Onun döyüşməyini və döyüşdüyü müddətdə Vətən üçün ağır yaralanmasını və yaralandıqdan sonra 1994-cü il tarixdən Qarabağ müharibəsi əlili omasına baxmayaraq Komissiya qanuni sənədlərini nəzərə almayaraq mənə veteran vəsiqəsi verməkdən imtina etmişdir. O, Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüşmüş yaralanmış və 1994-cü il tarixdən “Hərbi Xidməti vəzifəsini yerinə yetirməklə” statusu ilə əlil olmuşdur. Cavabdeh inzibati orqan xx.xx.2022-ci il tarixli etirazında iddia tələbinə qarşı etirazını aşağıdakı kimi əsalandırmışdır. - Müdafiə nazirinin Katibliyinin 05 iyul 2022-ci il tarixli 4/3-7755 nömrəli arayışına əsasən “Azərbaycan Respublikası Silahlı Qüvvələri yarandığı vaxtdan döyüş əməliyyatları aparan hərbi hisələrin siyahısı”na əsasən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmişdir. Həmçinin iddiaçının qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılması müəyyən edilmir. Bu səbəbdən də Müdafiə Nazirliyinin Aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən iddiaçıya "Müharibə veteram” adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Göstərilənlər nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. imtina əsası olaraq göstərilmişdir ki, N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə istirak edən hərbi hissələrin siyahısında olmadığından Müharibə Veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. - 23 saylı Tibbi Sosial Ekspert Komissiyasının xxxxxxx0004 nömrəli müayinə olunan şəxs barədə məlumatından görünür ki, iddiaçıya xx.xx.2016-cı il tarixdə təkrar ikinci dərəcəli əllik təyin edilmiş, səbəb qarafasında: “hərbi xidmət vəsifəsini yerinə yetirməklə əlaqədar əlillik” qeyd edilmişdir. - Şəki Şəhər Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş tələbnamədən görünür ki, iddiaçının cinayət məsuliyyətinə cəlb edilmə/məhkumluq barədə məlumatları - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə, fərarilik və ya digər hərbi cinayətlərlə bağlı deyildir. - Azərbaycan Respublikası Hərbi Prokurorluğun xx.xx.2022-ci il, Füzuli Hərbi Prokurorluğunun xx.xx.2022-ci il, Ağdam Hərbi Prokurorluğunun xx.xx.2022-ci il, məktublarından görünür ki, iddiaçı barəsində hər hansı bir cinayət işi və ya təqsirləndirici materialın olması müəyyən edilməmişdir. - H3 ******* nömrəli hərbi biletdən, SHXÇÜDX-nin Kəlbəcər rayon şöbəsinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş iddiaçının qeydiyyat kartasının surətindən, N nömrəli hərbi hissənin xx.xx.1992-ci il tarixli 23 nömrəli və xx.xx.1994-cü il tarixli 251 nömrəli əmrlərindən görünür ki, Kəlbəcər RHK-dan çağrılmış, 1974-cü il təvəllüdlü İddiaçı N №-li hərbi hissənin şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin olunaraq “sıravi” hərbi rütbəsi verilərək baş atıcı vəzifəsinə təyin olunmuş və SSR Müdafiə Nazirinin 1987-ci il tarixli 260 №-li əmrinə, 42-ci maddənin “b” və 14-cü maddənin “v” bəndinə əsasən sıravi İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından təxris olunaraq, şəxsi heyətin siyahısından, bütün növ təminatardan çıxarılmış və qeydiyyata düşmək üçün Kəlbəcər RHK-na göndərilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar planları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bundan əlavə, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın qeyd hissəsinə əsasən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı N №-li hərbi hissə komandirinin N oktyabr 1992-ci il tarixli 23 №-li əmrilə (əsas: 1, sıra 6, səh. 42) şəxsi heyətin siyahısına daxil edilmiş, bütün növ təminatlarla təmin olunaraq “sıravi” hərbi rütbəsi verilməklə baş atıcı vəzifəsinə təyin olunmuşdur. Yuxarıda istinad olunmuş Əsasnamənin tələbləri baxımından iddiaçının 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında, döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi müəyyən edilmir. İş materiallarından görünür ki, iddiaçının xidmət keçdiyi N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmamışdır. İddiaçı döyüşlərdə iştirakı ilə əlaqədar yaralanmasını və buna görə ona əlillik təyin edilməsini bildirsə də, təqdim etdiyi 23 saylı Tibbi Sosial Ekspert Komissiyasının məlumat vərəqədində əlilliyin səbəbi - “hərbi xidmət vəsifəsini yerinə yetirməklə əlaqədar əlillik” olaraq qeyd edilmişdir. Yəni, iddiaçının əlilliyi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müəyyən edilməmişdir. Bu isə o deməkdir ki, “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik” döyüşlərdə iştirak etməyən hərbi hissədə xidmət zamanı da müəyyən oluna bilərdi və “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əlilliyin müəyyən edilməsi iddiaçının döyüş əməliyyatlarında iştirak etmiş hərbi hissədə xidmət keçməsini və döyüş əməliyyatlarında iştirak etməsini sübuta yetirmir (iddiaçı tərəfindən surəti təqdim edilən xx.xx.1994-cü il tarixli 9298 №-li xəstəlik haqqında şəhadətnamədə onun müharibə dövründə hərbi xidmətə yararlı olması barədə qeyd mövcuddur). Bundan başqa iddiaçının döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması da iş materialları ilə müəyyən edilmir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının xidmət etdiyi hərbi hissədən qanuni əsaslarla tərxis olunması şərti də sübuta yetirilmir. Şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Yəni, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir. İddiaçının hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olması müəyyən olunsa da, onun hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 251 nömrəli əmri ilə həyata keçirilmişdir ki, müvafiq əmr iddiaçının qanuni əsaslarla ehtiyata buraxılmasını təsdiq etmir. Belə ki, hərbi qulluqçuların ehtiyata buraxılması prosesi Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 23 yanvar 1996-cı il tarixli, 433 nömrəli Fərmanından sonra başlamışdır. Odur ki, istinad olunan hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarılma, iddiaçının qanuni əsaslarla ehtiyata buraxılması kimi qiymətləndirilə bilməz. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar