Məhkəmə qərarları › İş №2-1(116)-1264/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1264/2023

05.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1264/2023 05.09.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı, üçüncü şəxslər X6 və X1 cavabdehin nümayəndəsi Hacı-X5 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Qax rayon Aqrar İslahat Komissiyasının 18 dekabr 1997-ci il tarixli JN-139 KOD 40309058 saylı dövlət aktına əsasən verilmiş 2.31 ha (2.20 və 0.11 ha) torpaq sahəsi üzərində (X8 adı olmadan) İddiaçı, X6, X13 və X3 ümumbirgə mülkiyyət hüququnu qeydiyyata alaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək, Qax rayon Aqrar İslahat Komissiyasının 18 dekabr 1997-ci il tarixli JN-139 KOD 40309058 saylı dövlət aktında səhvən yazılmış X8 adının çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1264/2023 nömrəli qərardadı ilə X6, X13 və X9 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Qax rayon Aqrar İslahat Komissiyasının 18 dekabr 1997-ci il tarixli JN-139 KOD 40309058 saylı dövlət aktına əsasən verilmiş 2.31 ha (2.20 və 0.11 ha) torpaq sahəsi üzərində (X8 adı olmadan) İddiaçı, X6, X13 və X3 ümumi birgə mülkiyyət hüququnu qeydiyyata alaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa məzmunu ondan ibarətdir ki, iddiaçı Qax rayon Alatəmir kəndində yaşayır. Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli verilmiş JN-139 KOD 40309058 saylı dövlət aktında X10 adının yanlışlıqla əlavə olaraq iddiaçının ailə üzvü kimi yazıldığı müəyyən olunmuşdur. Belə ki, həmin Qax rayon Aqrar İslahat Komissiyası tərəfindənxx.xx.1997-ci il tarixdə X14 adlı şəxs səhvən yanlışlıqla yazılmış və elə bir şəxs mövcud deyildir. X8 iddiaçı ilə qohumluq əlaqəsi yoxdur. İddiaçı bildirmişdir ki, X14 adı səhvən qeyd edildiyindən onun adı sənədlərdən silinməlidir. İddiaçı hazırkı iddia tələbi ilə cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2023-cü il tarixli məktuba əsasən tələbin icrasından imtina etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli iddiaya münasibətində bildirmişdir ki, Ərazi idarəsinin arxiv materiallarında İddiaçı, X2, X4, X11, X8 adlarına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən kod 40309058, JN 139 saylı dövlət aktı verilməsi barədə məlumatlar mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.4-cü maddəsinə əsasən qeydiyyat orqanı-daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Sözügedən Qanunun 4-cü maddəsinə əsasən 2006-cı ilin iyul 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsni saxladığından və əvvəllər tanınmış hüquqdan, KOD 40309058, JN-139 saylı dövlət aktından hüquq sahiblərindən birinin adının çıxarılması ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən mütəxəssis rəyə uyğun izahat verərək iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüldüyü və koordinatlara uyğun olduğunu bildirdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - JN-139, Kod 40309058 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədinin təsdiqlənmiş surətindən görünür ki, 2.38 ha torpaq sahəsi Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 18 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinin adına verilmişdir. - JN-090F, Kod ********* nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədinin təsdiqlənmiş surətindən görünür ki, 0.12 ha torpaq sahəsi Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 18 saylı qərarı ilə X8 adına verilmişdir. - Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş 2001-ci il tarixli Qax rayonu Alatəmir kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlin surətindən görünür ki, İddiaçı və onun ailə üzvlərinin adları qeyd olunmuşdur. - Qax rayon İcra Hakimiyyəti Başçısının Qaxingiloy kənd ərazi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, nümayəndəlikdə X14 adlı şəxsin kimliyi barədə məlumat yoxdur. - X17 rayon filialının xx.xx.2023-cü il tarixli məktubundan görünür k, Qax rayon Qaxingiloy kənd ƏİN üzrə nümayəndəliyin 1995-2000-ci illərə aid təsərrüfatbaşına kitabdan İddiaçı təsərrüfatından çıxarışın təsdiq edilmiş surəti təqdim edilmiş, lakin X12 aid məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qax rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli 3-16-5/8-xx-xx/2023 nömrəli məktubundan görünür ki, X8 doğum, nikah və övladları barəsində heç bir məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qax rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli 3-13-87/2-5335/2023 nömrəli məktubundan görünür ki, X14 adlı şəxsə Qax RPŞ-si tərəfindən şəxsiyyət vəsiqəsi verilməmiş və onun barəsində heç bir məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-39/2-2298/2023 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, İddiaçı və qeyrilərinin mülkiyyətinə verilmiş JN-139 saylı dövlət aktında göstərilən torpaq sahəsi iki hissədən ibarətdir. (JN139, JN-139B) İddiada qeyd edilən torpaq sahəsi sənəd üzrə (JN-139) 2.27 ha olub, faktiki olaraq naturada 2.20 ha, sənəd üzrə (JN-139B) 0.11 ha torpaq sahəsi faktiki olaraq naturada 0.11 ha-dır, döngə nöqtələri, koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Həmin torpaq sahəsi baza məlumatlarına əsasən Kənd təsərrüfatı təyinatlı torpaqları kateqoriyasına aid, uqodiyası əkin olmaqla xüsusi mülkiyyətdə olan torpaq sahəsidir.İddiaçı Pomanoviçin bildirdiyinə görə həmin torpaq sahələri faktiki olaraq özünün istifadəsindədir. Faktiki istifadə olunan torpaq sahəsi, JN-159 saylı Dövlət aktına əsasən verilmiş 2.38 ha torpaq sahəsi ilə qismən üst-üstə düşür, tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. JN-159 saylı Dövlət Aktına əsasən verilmiş 2.27 ha torpaq sahəsinin coğrafi yerləşməsiylə İddiaçı faktiki istifadə etdiyi 2.20 ha torpaq sahəsinin bir hissəsi DWG faylına əsasən X15 tərəfindən əkin kimi istifadə olunan Böyük Alatəmir bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşür. TEKUİS baza məlumatlarına əsasən iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi başqa şəxslərin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə əsasən islahatın məqsədi aqrar bölməni böhrandan çıxarmaq, iqtisadiyyatı sabitləşdirmək, əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaqdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən torpaq islahatı aparılarkən ərazinin təbii-coğrafi şəraitinin, əhalinin sıxlığının, torpaqdan istifadənin yerli xüsusiyyətlərinin, torpaqların keyfiyyətinin nəzərə alınmasına, torpaqlardan təyinatı üzrə istifadə edilməsinə, ətraf mühitin mühafizəsinin təyin edilməsinə və torpaq islahatının yerquruluşu layihələri əsasında aparılmasına əməl edilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin (bundan sonra — sovxoz və kolxoz) özəlləşdiriləcək torpaqlarında kompleks yerquruluşu layihələrinin hazırlanması “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci və 21-ci maddələrinin “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və 19-cu maddələrinin müddəaları əsas götürülməklə rayon aqrar islahatı komissiyasının təsdiq etdiyi baş sxemə əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutu tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən bu Əsasnamə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq sovxoz və kolxozların özəlləşdirilən torpaq sahələrindən pay almaq hüququ olan hər bir subyektə düşən torpaq payının ölçüsünü müəyyən edir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 6-cı maddəsinə əsasən Hər bir vətəndaşa (ailəyə) düşən torpaq payını dövlət yerquruluşu xidməti hesablayır və həmin payların bölgüsünü əks etdirən kompleks yerquruluşu layihəsini yerli aqrar islahatı komissiyası ilə razılaşdırmaqla yerli icra hakimiyyəti orqanı. Torpaq payı alan subyektlər arasında bölgü püşkatma yolu ilə həyata keçirilir. Vətəndaşlar torpaq paylarını dəyişdirmək və ya birləşdirmək istədikdə 10 gün müddətində ərizə ilə yerli aqrar islahatı komissiyasına müraciət etməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin (bundan sonra — sovxoz və kolxoz) özəlləşdirilən torpaqlarının mülkiyyətçilərinə torpağa mülkiyyət hüququna dair dövlət aktı (1 nömrəli əlavə) verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin məhkəmə tərəfindən araşdırılan hallarından görünür ki, JN-139 KOD 40309058 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 2,38 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Dövlət Aktında adı qeyd olunan X8 adı subyektlər siyahısında iddiaçı və ailə üzvləri ilə eyni siyahıda olmamış,həmin şəxs ayrıca təsərrüfata malik olmaqla digər siyahıda göstərilmişdir.Bu hal araşdırılan arxiv məlumatlarına əsasən də öz təsdiqini tapmışdır.Belə ki,həm təsərrüfatbaşına kitablardan çıxarışdan,həm də yerli ərazi icra nümayəndəliyin təqdim etdiyi arayışdan görünür ki, X14 adlı şəxs iddiaçıların ailə üzvü olmamış,birgə təsərrüfat aparmamışdır. Yuxarıda qeyd olunan hallara əsasən müəyyən edilir ki, X8 adı JN-139 KOD 40309058 saylı Dövlət Aktına texniki səhv nəticəsində yazılmış,həmin səhv nəticəsində isə iddiaçların ümumi birgə mülkiyyətinə verilmiş torpaq sahəsi üzərində onun mülkiyyət hüququ əldə etməsinin hər hansı hüquqi əsası yarana bilməz. Qeyd olunanlara əsasən iddia təmin edilməli, Qax rayon Aqrar İslahat Komissiyasının 18 dekabr 1997-ci il tarixli JN-139 KOD 40309058 saylı Dövlət Aktında səhvən yazılmış X8 adının çıxarılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İddiaçı ərizə verərək, məhkəmə xərcinin ona aid edilməsini xahiş etdiyi üçün mütəxəssis rəyinin verilməsinə çəkilən xərc ona aid edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə JN-139 KOD 40309058 saylı Dövlət aktına əsasən verilmiş 2.31 ha (2.20 və 0.11 ha) torpaq sahəsi üzərində (X8 adı olmadan) İddiaçı, X6, X13 və X3 ümumi birgə mülkiyyət hüququnu qeydiyyata alaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar