Məhkəmə qərarları › İş №2-1(116)-1264/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1264/2024

22.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1264/2024 22.01.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Şəki Rayon Polis Şöbəsinə qarşı “iddiaçıların xx.xx.2023-cü il tarixdə əsas hüquq və azadlıqlarının pozulmasının bəyan olunması, cavabdehin üzərinə iddiaçılardan dərhal açıq şəkildə üzrə istəmək və yol verdiyi qanunsuz hərəkətlərə görə hər bir iddiaçıya dəymiş mənəvi zərərin əvəzində 500 manat və ya məhkəmənin təyin edəcəyi məbləğdə təzminat ödəmək öhdəliyinin qoyulması” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Şəki Rayon Polis Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək “iddiaçıların xx.xx.2023-cü il tarixdə əsas hüquq və azadlıqlarının pozulmasının bəyan olunması, cavabdehin üzərinə iddiaçılardan dərhal açıq şəkildə üzrə istəmək və yol verdiyi qanunsuz hərəkətlərə görə hər bir iddiaçıya dəymiş mənəvi zərərin əvəzində 500 manat və ya məhkəmənin təyin edəcəyi məbləğdə təzminat ödəmək öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçılara xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım məktubu göndərilərək nəzərinə çatdırılmışdır ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların: 3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; 3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Belə ki, işin hallarından məlum olduğu kimi iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh orqan tərəfindən əsas hüquq və azadlıqlarının pozulmasını bildirir və cavabdeh orqanın üzərinə dərhal açıq şəkildə üzrə istəmək və yol verdiyi qanunsuz hərəkətlərə görə hər bir iddiaçıya dəymiş mənəvi zərərin əvəzində pul kompensasiya ödənilməsi öhdəliyinin qoyulmasını xahiş edirlər. Kompensasiya vurulmuş zərərin əvəzinin bərpası xarakterli olmaqla pul və ya natura şəkilində ödənilə bilər. Bunun üçün ilk növbədə qəbul edilmiş qərar, göstərilmiş hərəkət və ya hərəkətsizlik dövlət orqanının inzibati fəaliyyəti ilə bağlı olmalıdır. İnzibati orqan adından hərəkət edən vəzifəli şəxs bu kimi fəaliyyəti zamanı daşıdığı vəzifələrdən ən azından birini pozmuş olmalıdır. Bu hərəkət nəticəsində zərərə məruz qalmış şəxs əmlak itkisinə və ya mənəvi ziyana məruz qalması faktlarını tələbdə göstərilməlidir. Həmçinin, həmin zərərin cavabdehin inzibati fəaliyyəti ilə bağlı olan qanunsuz qərarı, hərəkəti və ya hərəkətsizliyi nəticəsində yaranması halları, zərərin miqdarı ilə bağlı məsələlər tələbdə əsaslandırılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 86.1-ci maddəsinə əsasən inzibati xətaların qarşısını almaq, şəxsiyyəti müəyyən etmək, işlərə vaxtında və düzgün baxılmasını, inzibati xətalar haqqında işlərə dair qərarların icrasını təmin etmək məqsədi ilə səlahiyyətli vəzifəli şəxs bu Məcəllə ilə müəyyən edilmiş hallarda aşağıda göstərilən tədbirləri tətbiq edir: 86.1.1. gətirilmə; 86.1.2. inzibati qaydada tutma; 86.1.3. şəxsi axtarış, fiziki şəxsdə olan əşyaları yoxlama; 86.1.4. nəqliyyat vasitəsinə baxış; 86.1.5. əşyaları və sənədləri götürmə; 86.1.6. nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırma; 86.1.7. sərxoşluq vəziyyətini müayinə etmə; 86.1.8. nəqliyyat vasitəsini saxlama və onun istismarını qadağan etmə. Həmin Məcəllənin 86.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin qanunsuz tətbiqi nəticəsində dəymiş zərər Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada ödənilir. İddia ərizəsinə mübahisənin mahiyyəti ilə birbaşa bağlılığı olan hər hansı sənəd əlavə edilməsə də, iddia ərizəsinin məzmunu ilə müəyyən edilir ki, faktiki olaraq cavabdeh orqanın inzibati xətalara dair işlər üzrə fəaliyyəti ilə əlaqədar yol verdiyi hərəkətlər mübahisələndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 04 oktyabr 2012-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələri inzibati xətalara dair mübahisələrlə bağlı münasibətlərə şamil edilmir. İnzibati xətalar haqqında işlər üzrə inzibati orqanın qəbul etdiyi inzibati aktlardan (qərarlardan) verilən şikayət və protestlərə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.2.3 və 431.1.3-cü maddələrinə əsasən ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 17-ci bəndində qeyd edilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Odur ki, iddiaçıya izah edilmişdir ki, cavabdehin xx.xx.2023-cü il tarixdə inzibati xətalara dair işlər üzrə fəaliyyəti ilə əlaqədar yol verdiyi hərəkətləri məhkəmə nəzarətini həyata keçirən ümumi rayon məhkəməsində (Şəki rayon Məhkəməsinə) mübahisələndirə bilər Hazırki iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmasının mümkün olmaması ilə bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün iddiaçıya 10 (on) gün müddətində vaxt təyin edilmişdir. İddiaçılar xx.xx.2024-cü il tarixli ərizəsində məhkəmənin hüquqi mövqeyi ilə razılaşmadıqlarını bildirmiş, iş üzrə iddianı müdafiə etməsini nəzərə almaqla Şəki Rayon Polis Şöbəsinə qarşı iş üzrə cavabdeh qismində qəbul etməklə iddianın mümkünlüyünə dair qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Lakin, hazırkı inzibati iş üzrə iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Məhkəmə ilk növbədə qeyd edir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarının: 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Şəki Rayon Polis Şöbəsinə qarşı “iddiaçıların xx.xx.2023-cü il tarixdə əsas hüquq və azadlıqlarının pozulmasının bəyan olunması, cavabdehin üzərinə iddiaçılardan dərhal açıq şəkildə üzrə istəmək və yol verdiyi qanunsuz hərəkətlərə görə hər bir iddiaçıya dəymiş mənəvi zərərin əvəzində 500 manat və ya məhkəmənin təyin edəcəyi məbləğdə təzminat ödəmək öhdəliyinin qoyulması” barədə iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar