Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1265/2025 09.09.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə1, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı “iddiaçıya ümumi iş stajını nəzərə alaraq, yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən , İddiaçı xx xxxx 1959-cu ildə Balakən rayonu İtitala kəndində anadan olmuşdur. 1977-1980-cı ildə hərbi xidmətdə olmuşdur. 1980-ci ildən başlayaraq keçmiş M.F.Axundov adına kolxozda işləmişdir. Kolxoz dağılana qədər kolxozda müxtəlif işlərdə traktorçu, tütünçü və s. peşələrdə çalışmışdır. xx.xx.2024-cü ildə 65 yaşı tamam olduğuna görə ona yaşa görə pensiya təyin edilməli idi. Lakin, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı ona xx.xx.2024-cü il tarixli 3-17- 1/2-B-147265/2024 nömrəli məktub ünvanlayaraq 2013-cü il üzrə təqdim etdiyi ödəniş qəbzində qeyd olunan 70,00 manat məbləğində məcburi dövlət sosial sığorta haqqının fərdi şəxsi hesabında əks olunmaması ilə bağlı müraciətinə imtina cavabı vermişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: İddiaçı xx.xx.2024-cü il tarixdən pensiya yaşına çatmışdır.Lakin,onun qanunvericiliklə tələb olunan pensiya hüququna təminat verən sosial sığorta stajı olmadığından habelə, sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən ona xx.xx.2024-cü il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. İddiaçı avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabında pensiya kapitalı olduqda təyin edilə bilər.Lakin, iddiaçı B.Qurbanın xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının müvafiq xidməti məktubuna əsasən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta" (Monitorinq) altsisteminin “Sığortaedənlərin reyestri” bölümündə **********5 saylı SUN-la “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” kimi 29 aprel 2016-cı il tarixdə uçota alınıb (fəaliyyət statusu-ləğv olunmuş). Nazirliyin elektron informasiya ehtiyatlarında sığortaedən (mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs) kimi “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabat” (Forma B2) və ona uyğun olaraq təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”ları (Forma ВЗ) aşkar edilməmişdir. Əlavə olaraq bildirilir ki, 2006-2016-cı illər üzrə “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs”lər tərəfindən ödənilmiş məcburi sosial sığorta haqlarının sığortaolunanların fərdi şəxsi hesablarına daxil edilməsi təqdim edilmiş Forma B2 və Forma ВЗ məlumatları əsasında həyata keçirildiyindən, lakin iddiaçı tərəfindən həmin dövr üzrə müvafiq hesabata məlumatları təqdim edilmədiyindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları üzrə məlumatlar iddiaçının fərdi şəxsi hesabında əks olunmamışdır. “Sosial sığorta haqqında" Qanunun 13.2-ci bəndinə əsasən, ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Həmin Qanunun 13.3-cü bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 13.2-ci maddəsinə uyğun olaraq uçota almanı həyata keçirdikdən sonra bu barədə 1 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir. Həmin Qanunun 14.5.1-1.9-cu bəndinə əsasən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər və 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıda göstərilən dərəcələri üzrə hesablanır: 5 hektaradək olduqda - 2 faiz miqdarında; 5 hektardan 10 hektaradək olduqda - 6 faiz miqdarında; 10 hektardan yuxarı olduqda - 10 faiz miqdarında. “Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən sığortaçının vəzifəsi məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında sıqortaolunanların uçotunu aparmaqdır. Həmin Qanunun 10-cu maddəsinə əsasən sığortaedənlərin vəzifəsi: ■ müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək; ■ sosial sığorta haqlarının uçotunu aparmaq УƏ hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək. Göründüyü kimi iddiaçı B.Qurban tərəfindən 2006-2016-cı illər üzrə Forma B2 məlumatları və ona uyğun Forma ВЗ məlumatları təpdim edilmədiyindən həmin dövrlər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqları fərdi şəxsi hesabda əks olunmamışdır.. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iddiaçı və vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraza uyğun məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:
1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. xx.xx.2013-cü il tarixli 168 nömrəli Qəbz;
3. AZE ******** nömrəli Şəxsiyyət Vəsiqəsi
4. Cavabdehin etirazı və ona əlavə olunan sənədlər.
Əsaslandırma hissəsi:
İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. “Əmək pensiyaları haqqında” Qanununun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. sosial sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat forması; Maddə 2. Sosial sığortanın formaları Sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. Maddə 8. Sosial sığortanın iştirakçıları Sosial sığortanın iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır. Maddə 9. Sığortaçının hüquq və vəzifələri Sığortaçının hüquqları aşağıdakılardır: məcburi dövlət sosial sığortanın məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi məlumatlar əsasında sığortaedənlərin uçotunu aparmaq; məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların uçotunu aparma məcburi dövlət sosial sığortası üzrə daxilolmaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə aylıq, rüblük və illik üzləşdirilməsini aparmaq; Maddə 10. Sığortaedənlərin hüquq və vəzifələri Sığortaedənlər aşağıdakı hüquqlara malikdirlər: ... müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək; Maddə 11. Sığortaolunanların hüquq və vəzifələri Sığortaolunanların hüquqları aşağıdakılardır: onları məcburi dövlət sosial sığortası üzrə sığorta etməyi sığortaedəndən tələb etmək; könüllü (əlavə) sosial sığorta üçün sığortaçını müstəqil seçmək; sosial sığorta ödəmələrinin vaxtında verilməsini tələb etmək; sosial sığorta ödəmələri təyin edilərkən sığortaçıdan və ya sığortaedəndən özünün sığorta stajı barədə məlumat almaq; Sığortaolunanların vəzifələri aşağıdakılardır: sosial sığorta haqqını vaxtında ödəmək; sosial sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədləri sığortaçıya və ya sığortaedənə təqdim etmək. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı ödədiyi məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabında qeydə alınmasına və bununla da yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı tərəfindən xx.xx.2013-cü il tarixdə 70,50 manat pul məbləğini "xxxx" ASC-nin Balakən filialında DSMF-nin Balakən şöbəsinin hesabına ödənilmişdir. Cavabdeh orqan, iddiaçı tərəfindən 2006-2016-caı illər üzrə Forma B2 məlumatları və ona uyğun Forma ВЗ məlumatlarının təqdim edilmədiyini bildirsə də, məhkəmə həmin dəlili əsassız hesab edir. Belə ki, müvafiq uçotun aparılması iddiaçıdan ödənişləri qəbul edən DSMF-nin Balakən şəhər şöbəsinin vəzifəsi olmuşdur. Ödənişləri qəbul edən DSMFnin Balakən şəhər şöbəsi iddiaçını məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota almaqdan imtina etməmiş və ödənilən vəsaiti müvafiq bank hesabı vasitəsilə qəbul etmişdir. Bununla da, iddiaçı, torpaq mülkiyyətçisi kimi müvafiq ödənişləri ödəməklə, qanunvericiliklə onun üzərinə qoyulmuş vəzifələri icra etmişdir. Ödənişlərin qəbul edilməsi faktı və uçot prosedurunun dövlət orqanı tərəfindən həyata keçirilməli olması onu deməyə əsas veri ki, faktiki olaraq cavabdeh orqanın düzgün uçot aparmamış və öz öhdəliklərini pozmuşdur. Təqdim edilən qəbzin mötəbərliyini şübhə altına salacaq hər hansı sübut cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilməmiş, eyni zamanda müvafiq hallar məhkəmə araşdırması zamanı da aşkar edilməmişdir. İşdə olan Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlardan iddiaçının mülkiyyətində kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olması müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh orqan, iddiaçının 2013-cü ildə torpaq mülkiyyətçisi kimi ödədiyi sosial sığorta ödənişlərinin, onun fərdi şəxsi hesabında qeyd edilməsindən imtina etməkdə haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı 65 yaşının tamam olduğu 17 iyun 2024-cü il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.