Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1267/2022 04.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1961-ci il tarixdə Şəki şəhərində anadan olmuşdur. O, xx.xx.1977-ci il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmət keçmişdir. Ümumilikdə 37 il əmək stajı vardır. İddiaçı 18 il 5 ay tütün zavodunda, 1 il dezinfektor, 5 il qazanxana operatoru, 13 il ekskovatorçu işləmişdir. İddiaçı ərizəsində qeyd edir ki, onun əmək fəaliyyətini zərərli və ağır işlər təşkil etmişdir. İddiaçı qeyd olunanlara əsasən hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********3 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b" bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi filiala təqdim olunmuş ******* nömrəli əmək kitabçasının surətində qeyd olunan məlumatlardan göründüyü kimi iddiaçının 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən (18 il 2 ay 5 gün (xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1995-ci il, xx.xx.1997-xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.1999-cu il, xx.xx.1999-xx.xx.2000-ci il, xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Bundan başqa güzəştli iş stajı yoxdur. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddiqanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə hazırda 40800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 28425,81 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etmiş və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək, “57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1961-ci ildə doğulmuşdur. İddiaçının 57 yaşı xx.xx.2018-ci il tarixdə tamam olmuşdur. İddiaçıya məxsus ******* nömrəli hərbi biletin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək hərbi xidmət keçmişdir. İddiaçıya məxsus xx.xx.1986-cı ildə doldurulmuş ******* nömrəli əmək kitabçasının notariat qaydada təsdiq olunmuş surətinə əsasən iddiaçının əmək fəaliyyəti aşağıdakı kimidir: xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək (tütün tədarükü müddətinə) Şəki TFZ-nin Baş Göynük 3 nömrəli məntəqəsində 1-ci dərəcəli fəhlə; xx.xx.1980-ci ildən xx.xx.1980-ci ilədək (tütün tədarükü müddətinə) Şəki TFZ-nin Baş Göynük 3 nömrəli məntəqəsində fəhlə; xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilədək (tütün tədarükü müddətinə) Şəki TFZ-nin Baltalı məntəqəsində 2-ci dərəcəli fəhlə; xx.xx.1983-cü ildə təmir-tikinti briqadasından xammal sexinə tütün daşıyan keçirilmiş, xx.xx.1984-cü ildə tütün fermentasiyası müddəti qurtardığından tara sexinə keçirilmiş, xx.xx.1984-cü ildə zavodda işin azalması ilə əlaqədar işdən azad edilmiş; xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilədək tütün fermentasiya müddətinə xammal sexində fəhlə; xx.xx.1985-ci ildə tütün fermentasiya müddətinə zərərli iş şəraitində xammal sexinə avtomaşından tütün boşaldıb növləyici vəzifəsinə keçirilmiş; xx.xx.1986-cı ildə sexdə işin qurtarması ilə əlaqədar təmir-tikinti briqadasına 2-ci dərəcəli fəhlə keçirilmiş; xx.xx.1986-cı ildə tütün fermentasiya müddətinin başa çatması ilə əlaqədar xammal sexinə avtomaşından tütün boşaldıb daşıyan keçirilmiş; xx.xx.1987-ci ildə müvəqqəti xəstəlik müddətinə Baş Layısqı 1 nömrəli məntəqəyə laborant keçirilmiş; xx.xx.1988-ci ildən öz iş sahəsinə qaytarılmış; xx.xx.1989-cu ildə hazır məhsul sexinə tütün daşıyıcı keçirilmiş; xx.xx.1990-cı ildə Aşağı Göynük 3 nömrəli anbara laborant vəzifəsinə keçirilmiş; xx.xx.1991-ci ildə Böyük Dəhnə 4 nömrəli anbara laborant keçirilmiş; xx.xx.1992-ci ildə Böyük Dəhnə 2 nömrəli anbara laborant keçirilmiş; xx.xx.1995-ci ildə ərizəsinə əsasən işdən azad olunmuş; xx.xx.1997-ci ildən xx.xx.1998-ci ilədək fermentasiya sexində lenta üzrə növləyici işləmiş; xx.xx.1998-ci ildən xx.xx.1999-cu ilədək fermentasiya sexində lenta üzrə növləyici işləmiş; xx.xx.1999-cu ildən xx.xx.2000-ci ilədək fermentasiya sexində lenta üzrə növləyici işləmişdir. İddiaçıya məxsus xx.xx.2005-ci ildə doldurulmuş ******* nömrəli əmək kitabçasına əsasən iddiaçının əmək fəaliyyəti aşağıdakı kimidir: xx.xx.2005-ci ildə Şəki TMK ASC-yə traktorist işinə qəbul edilmiş; xx.xx.2011-ci ildə Şəki TMK ASC-də ekskovatorçu işinə keçirilmiş; xx.xx.2013-cü ildən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” hissəsinə əsasən öz təşəbbüsü ilə işdən azad olunmuş; xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilədək "xxxx" MMC-də tikinti abadlaşdırma üzrə fəhlə işləmişdir. Şəki Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2022-ci il tarixli, 373 nömrəli məktubunda qeyd olunur ki, iddiaçı xx.xx.2002-ci ildən 1.0 “oklad” olmaqla dezinfektor vəzifəsinə daxil olmuş, xx.xx.2003-cü ildən öz ərizəsinə əsasən işdən azad edilmişdir. X3 filialının xx.xx.2022-ci il tarixli, 234 nömrəli məktubunda qeyd olunur ki, Şəki rayon Tütün fermentasiya zavodunun işçi və qulluqçularının əmr kitabları və zəhmət haqqı cədvəlləri Filiala təhvil verilməmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 07 nömrəli məktubunda qeyd olunur ki, cəmiyyətin o dövrdə işləri mövsümü xarakter daşımışdır. Həmin səbəbdən müxtəlif aylarda əmək haqqının hesablanmaması mövsümü işlərlə əlaqədardır. "xxxx" ASC məktubuna iddiaçının əmək haqqı cədvəllərini təqdim etmişdir. Cədvəllərdən görünür ki, iddiaçı 1979-cu ildən 1995-ci ilin oktyabr ayınadək fəhlə işləmiş, 1995-ci ilin oktyabr ayından 2001-ci ilin sonunadək ödənişsiz məzuniyyətdə olmuşdur. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsassızdır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli 54- İİİQ nömrəli Qanununun 4.1-ci maddəsinə əsasən əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Qanunun 5.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir. Həmin Qanununun: 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əsasnamənin 3-cü bəndinə əsasən əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli 54- İİİQ nömrəli Qanununun iddiaçının müraciət etdiyi tarixə qüvvədə olmuş 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (13 may 2022-ci il il tarixli №530-VİQD nömrəli qanunla edilmiş dəyişikliyə qədər qüvvədə olmuş mətn) Qanunun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı təsdiq edilmişdir. xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşagörə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir. “Əmək pensiyaları haqqında” AR Qanununun 2017-ci ilin iyulun 1-dək qüvvədə olan redaksiyada 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Sadalanan qanunvericilik normalarının mübahisəyə tətbiqi göstərir ki, kişi cinsindən şəxsin 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün şəxs güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulan peşələrdə işləməli, Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay il, ümumi iş stajı minimum 25 il olmalıdır. İşin hallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.1966-ci il təvəllüdlü iddiaçı xx.xx.2018-ci il tarixə artıq qanunvericiliklə müəyyən edilmiş 57 yaş həddinə çatmışdır. Lakin məhkəmə araşdırması nəticəsində iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 12 il 6 ay güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasına imkan verən iş stajına malik olduğu müəyyən edilməmişdir. Belə ki, iş materiallarında olan arayışlar və iddiaçıya məxsus əmək kitabçasına əsasən müəyyən edilmişdir ki, iddiaçının 01.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az, 19 il 1 ay təşkil edir. İddiaçının ödənişsiz məzuniyyətdə olduğu xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövr ümumi iş stajına nəzərə alındıqda belə, onun stajı 25 ildən az təşkil etməkdədir. İddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün əsas verən güzəştli iş stajı şərtini də ödəmir. İddiaçı tərəfindən güzəştli arayış məhkəməyə təqdim edilməmiş, məhkəmə araşdırması zamanı onun güzəştli iş stajına malik olmasını təsdiq edən sübutlar aşkar edilməmişdir. İddiaçı ИТ-İ ******* nömrəli əmək kitabçasının əslini və ya notariat qaydada təsdiq edilmiş surətini məhkəməyə təqdim etməmiş, əmək kitabçasını itirdiyini bildirmişdir. Məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə əlavə araşdırma aparmadan cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilmir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunvericiliyə zidd olmamışdır. İddiaçı ona münasibətdə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab vermir. Cavabdehin imtinası əsaslıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-1267/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1267/2022
04.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver