Məhkəmə qərarları › İş №2-1(116)-127/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-127/2022

28.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-127/2022 28.02.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Şəki X1rşı “mülkiyyətində olan 1,28 hektar torpaq sahəsində əkdiyi və ənənəvi üsulla suvarılması həyata keçirilən fındıq bağı ilə bağlı ona subsidiyanın verilməsinin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və cavabdehin ona 3 il müddətində subsidiyanın verilməməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan 1,28 hektar torpaq sahəsində əkdiyi və ənənəvi üsulla suvarılması həyata keçirilən fındıq bağı ilə bağlı ona subsidiyanın verilməsinin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və cavabdehin ona 3 il müddətində subsidiyanın verilməməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçının Şəki rayonu Zunud kəndi ərazisində 1,28 ha torpaq sahəsi vardır. Həmin sahədə iddiaçı ənənəvi üsulla suvarılması həyata keçirilən fındıq əkini aparmışdır. İddiaçı cavabdeh orqana müraciət edərək, bununla bağlı subsidiyanın verilməsini xahiş etmişdir. İddiaçı sənədlərini cavabdeh orqanın əməkdaşlarına təqdim etmiş və mərkəzin əməkdaşları iddiaçının sənədləri əsasında sənədlər hazırlayaraq ona subsidiyanın verilməsini təmin etmişlər. İddiaçı mərkəzdə olarkən fındıq sahəsinin intensiv deyil, ənənəvi üsulla suvarıldığını bəyan etmişdir. Lakin sonradan mərkəz tərəfindən iddiaçıya sözügedən əraziyə baxış keçirilməli olduğu bildirilmiş və iddiaçı da buna etiraz etməyərək baxışın keçirilməsini təmin etmişdir. Baxış keçirildikdən bir müddət sonra iddiaçı mərkəzə dəvət edilmiş, ona subsidiyanın verildiyi torpaq sahəsində fındığın intensiv deyil, ənənəvi üsulla suvarıldığı bildirilmiş, buna görə də ondan əlavə ödənilmiş pulun geri qaytarılması xahiş edilmiş və 3 il ərzində bu hüququndan məhrum ediləcəyi bildirilmişdir. Yaranmış problemin həll edilməsi məqsədilə iddiaçı ərizə ilə cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan 18.05.2021-ci il tarixli 21/106 nömrəli imtina məktubunda qeyd etmişdir ki, iddiaçı intensiv bağ kimi bəyan etdiyi 1,28 ha sahədə faktiki olaraq ənənəvi üsulla fındıq əkini aparmış və bununla bağlı hesablanmış subsidiyanı almışdır. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 5.2.3-cü bəndində göstərilmişdir ki, bəyan edilmiş əkin sahəsinə görə hesablanan məbləğ monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğdən 50 faiz çox olduqda fermerə həmin il və sonrakı 3 il ərzində subsidiya ödənilmir. AKİA-nın qəbul etdiyi qərara uyğun olaraq aparılmış monitorinqin nəticəsinə görə iddiaçıya 40 faiz cərimə tətbiq olunaraq ümumilikdə 313,60 manat pulun, o cümlədən 78,40 manat nağd, 235,20 manat nağdsız geri qaytarılması barədə qərar qəbul edilmişdir. İddiaçı 28.02.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddia tələbinin geri götürülmüş sayılmasını, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə, ərizəni iş materialları ilə birgə araşdırıb hesab edir ki, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddianın geri götürülməsi zamanı prosessual qanunvericilik iddiaçıya münasibətdə heç bir məhdudiyyət nəzərdə tutmadığı üçün (İPMnin 55.2-ci maddəsində şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilməsi barədə məhdudiyyət mövcuddur) və iddianın geri götürülməsi cavabdehin iradəsindən asılı olmadığına görə 02.03.2022-ci il tarixinə saat 12:00-a təyin edilmiş hazırlıq icraatı çərçivəsində məhkəmə iclasının keçirilməsinə də icraata qənaət prinsipi rəhbər tutularaq zərurət qalmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə görə, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər; 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İPM-də iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi nəzərdə tutulmasa da, iddianın geri götürülməsinin bu formada həyata keçirilməsi iddiaçının maraqlarının müdafiəsi baxımından normativ tənzimetmənin hüquqi məzmununa zidd deyildir. Belə ki, hər iki hal son nəticədə iddiaçının ərizəsinə məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmədiyini, işin nəticəsində hüquqi marağının olmadığını ifadə edir. Eyni mövqedən yanaşan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-21/2021 nömrəli inzibati iş üzrə 02.02.2021-ci il tarixli qərardadında göstərmişdir ki, “...Məhkəmə kollegiyası nəzərə alır ki, iddianın geri götürülmüş hesab edilməsindən fərqli olaraq, iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi İPM-də aşkar tənzimlənməsə də, “iddianın geri götürülməsi”nin yolverilənliyi İPM-in 55.3cü və 55.5-ci maddələrinin təyinatına və məqsədinə uyğundur. Belə ki, bir halda, iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasına dair qənaət iddiaçının icraatdan yayınmasında ifadə olunan passiv davranışından irəli gəlirsə, hazırkı halda, bu qənaət (icraatın davam etdirilməsinə marağın olmaması) iddiaçının bilavasitə özünün aktiv davranışından – onun iddianı geri götürmə barədə ərizə verməsindən irəli gəlir. Göründüyü kimi, hər iki (passiv və aktiv) davranış eyni nəticəyə yönəlməklə İPM-in 55.3-cü və 55.5-ci maddələrinin məqsədlərini – iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasının müəyyən edilməsini və bu səbəblə iddia üzrə icraata xitam verilməsini təmin edir...”. Həmçinin məhkəmə bildirir ki, M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29.04.2014-cü il tarixli qərarına əsasən, “...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X3 şikayətinə dair” 8 iyul 2013cü il tarixli Qərardadı). İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25). Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır... İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...”. Sözügedən qərarın apellyasiya şikayətinə münasibətdə mövqeyinin ifadə olunduğu nəticə hissəsinə görə, İPM-in 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. İddiaçının nümayəndəsi və vəkilinə izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırmaq imkanını istisna etmir. Göstərilənlərə əsasən və İPM-in 16.3, 55, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Şəki X1rşı “mülkiyyətində olan 1,28 hektar torpaq sahəsində əkdiyi və ənənəvi üsulla suvarılması həyata keçirilən fındıq bağı ilə bağlı ona subsidiyanın verilməsinin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və cavabdehin ona 3 il müddətində subsidiyanın verilməməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 1) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar