Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-127/2024 22.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Mingəçevir şəhəri XDS İcraiyyə Komitəsinin “Qaya” kollektiv bağçılıq təsərrüfatı tərəfindən 1995-ci ildə ayrılmış 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 17 saylı Yevlax ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Mingəçevir şəhəri XDS İcraiyyə Komitəsinin “Qaya” kollektiv bağçılıq təsərrüfatı tərəfindən 1995-ci ildə ayrılmış 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-127/2024 nömrəli qərardadı ilə Mingəçevir bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. İddia tələbi aşağıdakı kimi əsaslandırılmışdır: - iddiaçı qanuni istifadəsində olan torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınması üçün cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan onun adının torpağın adlı siyahısında olmaması əsası ilə müraciətin təmin edilməsindən imtina etmişdir. Həmin torpaq sahəsi verilərkən o, İbrahimova soyadını daşımışdır. İddia olunan torpaq sahəsi Mingəçevir şəhəri 3-cü Bağ küçəsində yerləşir. Cavabdeh orqan məhkəmənin 18 aprel 2023-cü il tarixli məktubuna cavab olaraq göstərmişdir ki, «Qaya» kollektiv bağçılıq təsərrüfatının siyahısında 15-ci sıra nömrəsi ilə F.Hüseynovun adı qeyd edilmişdir. O, Mingəçevir şəhər Partiya Komitəsində 1985-ci ildən 1991-ci ilə qədər müxtəlif inzibati vəzifələrdə, 1991-ci ildən isə Mingəçevir şəhər İcra Hakimiyyətinin ümumi şöbəsində inspektor vəzifəsində çalışmışdır. Fərhad Hüseynov həmin illərdə Mingəçevir şəhər İcraiyyə Komitəsində inzibati vəzifə çalışmış və torpaq sahəsi həmin idarəyə Fərhad Hüseynov və digər işçilərə Mingəçevir şəhər dəniz yolunun kənarından verilmişdir. Məhkəməyə təqdim olunmuş Fərhad Hüseynovun adı olan siyahıdakı şəxslərin hamısı Mingəçevir şəhər İcraiyyə Komitəsinin işçilərinin siyahısıdır. İddiaçıya ayrılmış torpaq sahəsi Mingəçevir şəhər Partiya Komitəsinin işçilərinin siyahısında olmalıdır. Həmin 23 nəfərlik siyahının onun işlədiyi idarəyə heç bir aidiyyatı yoxdur. Siyahıda adları keçən 23 nəfər Mingəçevir şəhər İcraiyyə Komitəsinin, 9 nəfər olan siyahı isə onun keçmiş iş yoldaşları olan şəxslərin siyahısının cüzi bir hissəsidir. Mingəçevir şəhər Partiya Komitəsinin və Mingəçevir şəhər İcraiyyə Komitəsinin işçilərinin bağçılığı birgə olmuş, «Qaya» kollektiv bağçılıq təsərrüfatı adlanmış və sədri də Fərhad Hüseynov (vəfat etmişdir) olmuşdur. «Qaya» kollektiv bağçılıq birliyinin idarə heyətinin 05 iyun 1996-cı il tarixli iclas protokoluna əsasən, xx.xx.1996-cı il tarixdə X2 «Qaya bağçılıq təsərrüfatına üzv qəbul edilməklə əvvəlllər X3 istifadəsinə verilmiş torpaq sahəsinin onun istifadəsinə verilməsi barədə şəhər icra hakimiyyəti başçısı qarşısında vəsatət qaldırılması qərar alınmış və bununla bağlı Mingəçevir şəhər İcra Hakimiyyətinin Başçısı B.Bəxtiyarov yoldaşa sərəncam verilməsi üçün «Qaya» kollektiv bağçılıq təsərrüfatı idarə heyətinin sədri Fərhad Hüseynov məktub ünvanlamışdır. Bundan sonra ona bağçılıq pasportu verilmişdir. Hansı səbəbdən bağçılıq pasportunun tarixinin 1995-ci il göstərilməsi ona məlum deyildir. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçı, ünvan 1 ünvanında yerləşən 0.05 hektar bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına köməklik göstərilməsi barədə ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçının istifadəsində olan bağ sahəsinə dair ləğv edilmiş Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixlKakta əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X10 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş Mingəçevir XDS İcraiyyə Komitəsinin “Qaya” bağçılığının adlı siyahısında İddiaçı adı qeyd edilməmişdir. Belə olan halda, sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: -cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - A 155878 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, sözügedən sənəd Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 161 nömrəli sərəncamına əsasən X1 adına 512,33 kv.metr torpaq sahəsinə münasibətdə tərtib edilmişdir. - Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-1410/2023 nömrəli qərardadı ilə sənədlərin məhkəmə-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş 5/1079 nömrəli ekspert rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş “Qaya” kollektiv bağçılıq təsərrüfatının X1 adına 16 avqust 1995-ci il tarixli 76 nömrəli orderində olan möhür əksi relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuş, tədqiqata təqdim edilmiş “Qaya” kollektiv bağçılıq təsərrüfatının X1 adına 16 avqust 1995-ci il tarixli 76 nömrəli orderində olan “xx.xx.1995” yazısındakı “5” rəqəminin yerində əvvəlcə “6” rəqəmi olub, sonradan üzərində mexaniki pozma apanlaraq və əlavə cizgi artırılaraq indiki rəqəm icra edilmişdir, “16 avqust 1995” yazısındakı “5" rəqəminin yerində əvvəlcə “6” rəqəmi olub, sonradan üzərində mexaniki pozma apanlaraq və əlavə cizgi artırılaraq indiki rəqəm icra edilmişdir. - cavabdehin xx.xx.2023-ci il tarixli məktubuna əlavə etdiyi mütəxəssis rəyindən görünür ki, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin “Qaya” kollektiv bağçılıq təsərrüfatı tərəfindən 1995-ci ildə iddiaçıya ayrılmış 0,05 ha torpaq sahəsinə verilmiş A 155878 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş koordinatlar daxilində yerləşən torpaq sahəsi ilə iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi eyni ərazidə yerləşir. Lakin konfiqurasiya və sahə fərqi vardır. Elektron məlumat bazasında mövcud olan Mingəçevir şəhər, Mingəçevir bələdiyyəsinin X6 X4 xəritəsinə əsasən, iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar, mülkiyyətçisi Mingəçevir şəhər, Mingəçevir bələdiyyəsidir. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin döngə nöqtələri, koordinatları, sahəsi və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. - xx.xx.1996-cı il tarixli “Qaya” kollektiv bağçılıq birliyinin idarə heyətinin iclasının 05 protokolundan görünür ki, X2 “Qaya” kollektiv bağçılıq təsərrüfatına üzv qəbul edilməklə əvvəllər Y.Mehdiyevin istifadəsinə verilmiş torpaq sahəsinin onun istifadəsinə verilməsi barədə şəhər İcra Hakimiyyəti başçısının qarşısında vəsatət qaldırılmışdır. - cavabdehin xx.xx.2024-cü il tarixli məlumatından görünür ki, iddiaçı tərəfindən naturada tanıdılan və Ərazi İdarəsinin Yerquruluşu şöbəsi tərəfindən tərtib edilərək məhkəməyə təqdim edilmiş yerquruluşu planında göstərilmiş olan sahə "Qaya Kollektiv" bağçılıq təsərrüfatının ərazi hüdudları daxilində yerləşir. Əlavə olaraq həmin hissəsinin "TEKUİS" elektron xəritə baza sistemindən çıxarılmış ortofotosu iş üzrə yaradılmış elektron kabinet üzrə məhkəməyə təqdim edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Mingəçevir şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Həmin sərəncamın 2.2-ci bəndinə əsasən, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlərin görülməsi Nazirlər Kabinetinə tapşırılmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsində göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar - 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinın başqasına keçməsinin məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 20 saylı sərəncamı ilə yaradılmış komissiya vətəndaşlara, idarə, müəssisə və təşkilatlarda DƏDRX-nin Mingəçevir bölməsində olan sənədlərə istinad edərək ilkin siyahıda dürüstləşdirmə aparmış, ailə başçılarının, ailə üzvlərinin soyadı, adı, atasının adı dəqiləşdirərək, vətəndaşların istifadələrində olan bağ torpaq sahələrinin qanuni ölçülərini müəyyənləşdirməklə yekun siyahı hazırlamış, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 09 sentyabr 2008-ci il tarixli 161 nömrəli sərəncamı ilə komissiyanın iştirakı ilə hazırlanmış akt və yekun (dürüstləşdirilmiş) siyahı təsdiq edilmişdir. İş materiallarında olan, xx.xx.1996-cı il tarixli “Qaya” kollektiv bağçılıq birliyinin idarə heyətinin iclasının 05 protokolu ilə müəyyən edilir ki, iddiaçı “Qaya” kollektiv bağçılıq təsərrüfatına üzv qəbul edilmişdir. Odur ki, iddia olunan torpaq sahəsi iddiaçının qanuni istifadəsində olduğundan Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 09 sentyabr 2008ci il tarixli 161 nömrəli sərəncamı əsasında torpaq sahəsi iddiaçının adına sənədləşdirilərək, A seriyalı 155878 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Buna görə də Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 20 saylı sərəncamı “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 8.0.1-ci maddəsinə əsasən sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsasdır. Digər tərəfdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsində 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair tələb edilən sənədlərin siyahısından görünür ki, maddi hüquq normasının mahiyyəti - torpaq sahəsinin həqiqətən də bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşa ayrılıb ayrılmamasının, o cümlədən torpaq sahəsi ayrılmış şəxsin kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvü olub-olmamasının müəyyən edilməsindən və yalnız bundan sonra mülkiyyət hüquqlarının qeydiyyatının aparılmasından ibarətdir. Bunun üçün isə torpaq sahəsi ayrılan şəxslər müvafiq ayrılmanı və kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvü olmasını təsdiq edən sübutları (icarə müqaviləsi, sərəncam və order, üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış) təqdim etməlidirlər. Yəni, istinad olunan norma bağ təsərrüfatı idarələri tərəfindən kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvü olan şəxslərə ayrılmış torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydiyyatını nəzərdə tutur. xx.xx.1996-cı il tarixli “Qaya” kollektiv bağçılıq birliyinin idarə heyətinin iclasının 05 protokolu “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 8.0.7-ci maddəsində (üzvlərin iclasının protokolundan çıxarış) nəzərdə tutulmuş hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənədlərdən biridir. Odur ki, həmin maddənin tələbinə uyğun olaraq iddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etməkdə haqlıdır. Həmçinin işdə olan A seriyalı 155878 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən iddia olunan torpaq sahəsinin yerləşdiyi ərazinin və konfiqurasiyasının müəyyən edilməsi mümkündür. Cavabdeh orqan tərəfindən təqdim edilmiş mütəxəssis rəyində və məlumatda A 155878 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş koordinatlar daxilində yerləşən torpaq sahəsi ilə iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi eyni ərazidə yerləşməsi, lakin konfiqurasiya və sahə fərqinin mövcudluğu, eyni zamanda sözügedən ərazinin "Qaya Kollektiv" bağçılıq təsərrüfatının ərazi hüdudları daxilində yerləşməsi öz əksini tapmışdır. Mövcud konfiqurasiya və sahə fərqinin mövcudluğuna münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il 818№-li Fərmanının 2.3.3-cü bəndində X6 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki ... şəxslərin ... qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin ... yerləşdiyi torpaqlarda ... hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması zamanı torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, X6 uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməli olması qeyd edilmişdir. Odur ki, istinad olunan Fərmanın tələbləri baxımından A 155878 №-li “Torpaq sahəsinin planı və ölçüsü sənədi”nin cizgisində qeyd edilmiş torpaq sahəsinin məkan göstəriciləri ilə torpaqdan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların yerquruluşu qaydasında aradan qaldırılması cavabdeh orqanın vəzifəsi olduğundan, cavabdeh orqan sözügedən plan-ölçü sənədinin məkan göstəriciləri ilə faktiki istifadə vəziyyəti arasında yaranmış uyğunsuzluğu yeruquruluşu qaydasında aradan qaldıraraq iddia olunan torpaq sahəsinin 500 kv.m hissəsi üzərində iddiaçının mülkiyyət hüququnu dövlət qeydiyyatına almalıdır. İş üzrə ekspert rəyinin verilməsinə çəkilən xərcə görə 70 (yetmiş) manat pul məbləği iddiaçıya aid edilməlidir. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax ərazi idarəsinin üzərinə Mingəçevir şəhəri XDS İcraiyyə Komitəsinin “Qaya” kollektiv bağçılıq təsərrüfatı tərəfindən ayrılmış, A 155878 №-li “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə göstərilən 0.05 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyi öhdəliyi qoyulur. Ekspertiza xərci iddiaçıya aid edilir. Ekspert rəyinin verilməsinə çəkilən xərcə görə 70 (yetmiş) manat pul məbləği İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X5, kod: 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3) köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.