Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1275/2021 21.09.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “03.02.2016-cı il təvəllüdlü X2 sonluğunun “Mirzəzadə”dən “Mirzəyev”ə dəyişdirilib soyadının “Mirzəyev” kimi yazılıb yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “03.02.2016-cı il təvəllüdlü X2 sonluğunun “Mirzəzadə”dən “Mirzəyev”ə dəyişdirilib soyadının “Mirzəyev” kimi yazılıb yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəməyə 16.08.2021-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçılar Cavabdeh tərəfindən 18.03.2015-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan 03.02.2016-cı il tarixdə X5 dünyaya gəlmişdir. İddiaçılar övladına ilkin doğum haqqında şəhadətnamə alarkən soyadının “Mirzəyev" kimi deyil, milli soyad sonluğuna uyğun olaraq “Mirzəzadə’’ kimi qeyd olunaraq doğum haqqında şəhadətnamə alınması üçün Cavabdehnə müraciət etmişlər. Bu səbəbdən də Cavabdeh tərəfindən 23.02.2016-cı il tarixli, 263 saylı doğum haqqında akt qeydi tərtib olunub, onların övladına “X5” kimi doğum haqqında şəhadətnamə təqdim edilibdir. Daha sonra iddiaçılar fikirlərini dəyişdirib, uşağın soyadının “Mirzəzadə” deyil, hər ikisinin soyadına uyğun olaraq “Mirzəyev” kimi yazılması üçün Cavabdehnə müraciət etmişlər. Lakin onların müraciəti təmin edilməmişdir. Cavabdeh orqan 30.06.2021-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Milli Məclisinin 02.02.1993-cü il tarixli, 495 saylı qərarının tələblərinə uyğun olaraq, soyadın sonluğu yalnız bir dəfə “ov”dan “zadə, lı, li, soy” və digər sonluqlara dəyişdirilməsinə icazə verilir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011 -ci il tarixli, 79 saylı “Adın, ata adının və soyadının verilməsi və dəyişdirilməsi Qaydaları” nın təsdiq edilməsi barədə Qərarının 5.10-cu müddəasına əsasən Qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir. İddiaçıların nəzərinizə çatdırılmışdır ki, övladı Rəşid Mirzəzadə barəsində Cavabdeh tərəfindən tərtib edilmiş 23.06.2016-cı il tarixli, 263 saylı doğum haqqında akt qeydində onların razılığı əsasında övladının soyadının sonluğu “Mirzəyev” kimi deyil, "Mirzəzadə" kimi qeyd olunmuş, 23.02.2016-cı il tarixli, AZ-İİİ 708936 saylı doğum haqqında şəhadətnamə təqdim olunmuşdur. Göstərilənlərə əsasən, iddiaçıların övladının soyadının “Mirzəyev” kimi qeyd olunaraq yenidən doğum haqqında şəhadətnamənin verilməsi mümkün deyildir. Məhkəmə iclasında iddiaçılar iddia tələbinin təmin edilməsini xahiş etdilər. İş materiallarında olan 031539 nömrəli “Nikah haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı1 və Mirzəyeva (Hüseynova) Nərmin Məmmədağa qızı arasında nikah 18.03.2015-ci il tarixdə bağlanılmışdır. Bu barədə akt qeydləri kitabında 18.03.2015-ci il tarixdə 98 nömrə ilə qeyd aparılmışdır. İş materiallarında olan 708936 nömrəli “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X5 03.02.2016-cı ildə anadan olmuşdur, atası İddiaçı1, anası İddiaçı2dır. Bu barədə akt qeydləri kitabında 23.02.2016-cı il tarixdə 263 nömrəli qeyd aparılmışdır. İş materiallarında olan Mingəçevir ŞİH başçısının 17.07.2021-ci il tarixli 88 nömrəli Sərəncamının surətində qeyd edilir ki, şəhərin A.S.Puşkin küçəsi ev 33/17 ünvanında yaşayan ər-arvad İddiaçı1 və İddiaçı2 şəhər icra Hakimiyyətinə ərizə ilə müraciət edərək, 03.02.2016-cı il təvəllüdlü X1 dəyişdirilib “ Mirzəyev ” yazılmasına icazə verilməsini xahiş etmişlər. Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyası uşağın soyadının dəyişdirilməsini onun mənafeyi naminə hesab etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən yerli icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun soyadının dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə almaqla icazə verə bilər. Qeyd olunanları, şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyasının rəyini nəzərə alaraq və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54-cü maddəsini rəhbər tutaraq həmin sərəncamla vətəndaş X3 adına Cavabdeh tərəfindən icra edilmiş 23 fevral 2016-cı il tarixli 263 nömrəli doğum akt qeydində (doğum haqqında Şəhadətnamə AZ-İİİ 708936) dəyişiklik edilərək, soyadının “Mirzəzadə” əvəzinə “Mirzəyev” yazılmasına icazə verilməsi qərara alınmışdır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və 31.08.2021-ci il tarixli məktubla üzürlü səbəblərdən nümayəndənin iştirakının təmin edilə bilməyəcəyi bildirilmişdir. Məhkəmə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsassızdır. Bu səbəbdən də iddia rədd edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 54.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Azərbaycan Respublikası Milli Məclisinin “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında” 02 fevral 1993-cü il tarixli Qərarının birinci bəndinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları “-ov” “-yev”, sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “-zadə”, “-oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydalarını müəyyən edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericilikdə soyad sonluğu ilə bağlı konkret siyahını nəzərdə tutan normativ hüquqi akt qəbul olunmamışdır. Lakin, bu sahədə istinad olunan yeganə hüquqi akt Azərbaycan Respublikası Milli Məclisinin yuxarıda qeyd olunan qərarıdır. Həmin Qərarda isə “-ov”, “- yev” sonluqlu soyadların dəyişilməsi qaydası dəqiq formada müəyyənləşdirilmişdir. Hazırki iş üzrə valideynlərin soyadı “Mirzəyev” olduğundan göstərilən Qərarın müddəaları onlara da şamil edilir. Belə ki, valideynlərin soyadı “-yev” sonluğu ilə bitdiyindən, Azərbaycan Respublikası Milli Məclisinin yuxarıda qeyd olunan Qərarı həmin sonluğun “-li”, “-zadə”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edilməsinə imkan verir. Odur ki, qanunvericiliklə ”Mirzəyev” soyadının – “Mirzəli”, “Mirzəzadə”, “Mirzəoğlu”, “Mirzə” ifadə formaları ilə əvəz edilmə imkanı nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərdən aydın olur ki, sözügedən qərarda “yalnız”, “əvəz etməlidirlər” kimi ifadələr qeyd olunmasa da, onlar dispozitiv norma kimi başa düşülməməlidir. Belə ki, həmin Qərar sonluğun dəyişmə qaydasını müəyyən etmək üçün qəbul olunmuşdur və “-ov”, “-yev” sonluqlu soyadın bu Qanunda göstəriləndən başqa formada dəyişməsinin mümkünlüyü nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.1-ci bəndinə görə, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2-ci bəndinə görə, adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Qaydaların 6.24-cü bəndinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Göründüyü kimi, qanunverciliklə müəyyən edilmişdir ki, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar övladına ilkin doğum haqqında şəhadətnamə alarkən soyadının “Mirzəyev" kimi deyil, milli soyad sonluğuna uyğun olaraq “Mirzəzadə’’ kimi qeyd olunaraq doğum haqqında şəhadətnamə alınması üçün Cavabdehnə müraciət etmiş, onların müraciəti təmin olunmuşdur. Daha sonra iddiaçılar fikirlərini dəyişdirib, uşağın soyadının “Mirzəzadə” deyil, hər ikisinin soyadına uyğun olaraq “Mirzəyev” kimi yazılması üçün Cavabdehnə müraciət etmişlər. Lakin onların müraciəti təmin edilməmişdir. Cavabdeh inzibati aktın qəbulundan imtina olunması qanuni olduğundan və iddiaçıların hüquqlarının pozulmasına səbəb olmadığından iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “03.02.2016-cı il təvəllüdlü X2 sonluğunun “Mirzəzadə”dən “Mirzəyev”ə dəyişdirilib soyadının “Mirzəyev” kimi yazılıb yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-1275/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1275/2021
21.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver