Məhkəmə qərarları › İş №2-1(116)-1276/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1276/2022

30.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1276/2022 30.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “xx.xx.2016-cı il tarixdə anadan olmuş övladı X2 xx.xx.2016-cı il tarixdə Cavabdeh tərəfindən qeydə alınmış doğumu haqqında akt qeydində uşağın soyadının “Şəkili”dən Şəkiliyev soyadına düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixdə anadan olmuş övladı X2 xx.xx.2016-cı il tarixdə Cavabdeh tərəfindən qeydə alınmış doğumu haqqında akt qeydində uşağın soyadının “Şəkili”dən Şəkiliyev soyadına düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçının övladı X3 xx.xx.2016-cı il tarixdə Qax şəhərində anadan olmuşdur. xx.xx.2016-cı il tarixdə Cavabdehndə uşağın doğumunu qeydə aldırarkən Azərbaycan vətəndaşlarının soyadlarının milliləşdirilməsi ilə bağlı Milli Məclisin Qərarına uyğun olaraq iddiaçı istəyi əsasında uşağın soyadı akt qeydində “Şəkili” soyadı ilə qeyd olunmuşdur. Lakin uşaq böyüdükcə iddiaçı müşahidə etmişdir ki, tərbiyə aldığı bağçada öz həmyaşıdları arasında hər dəfə soyadını ondan soruşduqda soyadını bu formada səsləndirmək istəmir və bu ona çox pis təsir edir. Ailədə valideynlərinin də soyadının Şəkiliyev olmasını bildirərək dəfələrlə iddiaçıdan doğum şəhadətnaməsində onun da soyadının Şəkiliyev yazılmasını xahiş etmişdir. Bu hal valideyn kimi iddiaçını çox narahat edir və düşünür kı, bu hal uşağın psixologiyasına da pis təsir göstərir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli 05/76-131/15 nömrəli imtina məktubunda qeyd etmişdir ki, xx.xx.2016-cı il tarixdə anadan olmuş övladının doğumu qeydə alınarkən xx.xx.2016-cı il tarixli 275 nömrəli akt qeydində uşağın soyadı Azərbaycan Respublikası Milli Məclisinin "Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında" xx.xx.1993-cü il tarixli 495 saylı Qərarına uyğun olaraq və valideynlərin istəyi nəzərə alınmaqla sonluqsuz formada “Şəkili“ soyadı ilə qeyd olunmuşdur. Milli Məclisin qeyd olunan Qərarına, eyni zamanda AMEA Rəyasət Heyətinin xx.xx.2010-cu il tarixli “Azərbaycan soyadlarının formalaşdırılmasına dair “Qərarına uyğun olaraq azyaşlı övladının soyadının Şəkiliyev soyadına dəyişdirilməsi mümkün deyildir. Cavabdeh xx.xx.2022-ci il tarixli 05/75-154/13 nömrəli məktubunda qeyd etmişdir ki, “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1993-cü il tarixli 495 nömrəli Qərarına, eləcə də Azərbaycan soyadlarının formalaşdırılmasına dair Azərbaycan Milli Elmlər Akademiyasının xx.xx.2010-cu il tarixli Qərarına uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları “-ov” “-yev”, sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “-zadə”, “-oğlu”, “-qızı” ,”-soy ”, ”-gil ” sonluqlu və ya heç bir sonluq artırılmadan sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Həmin qərarlara uyğun olaraq Cavabdeh tərəfindən doğumun qeydiyyatı üçün müraciət edən valideynlərə yeni doğulan uşaqların soyadlarının milli soyadlarla qeydə alınması tövsiyyə olunur, eyni zamanda soyadlarını dövlət dilinə uyğunlaşdırmaq istəyən vətəndaşlara soyad sonluğunun könüllü dəyişdirilməsi hüququ izah olunur, müvafiq prosedurun sadəliyi və hər hansı ödəniş edilmədən həyata keçirilməsi barədə məlumat verilməklə onların arzusundan asılı olaraq xahişləri təmin olunur. Ərizəçi İddiaçı azyaşlı övladının doğumunu qeydə aldırarkən uşağın soyadı göstərilən qərarlara uyğun olaraq və valideynlərin istəyi nəzərə alınmaqla Şəkili soyadı ilə qeydə alınmışdır. Göstərilən qərarlarda, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"nın təsdiq edilməsi barədə xx.xx.2011-ci il tarixli 79 № li Qərarında soyadların yalnız “-lı”, “-li", “-lu”, “-lü”, “zadə”, "-oğlu”, “-qızı” ,”-soy”, ”-gil "soyadlarına dəyişiklik edilməsi nəzərdə tutulduğundan vətəndaş İddiaçı azyaşlı övladının soyadının Şəkiliyev soyadına dəyişiklik edilməsi barədə müraciəti təmin edilməmişdir. Tərəflərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iddiaçı bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli teleqramla nümayəndənin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsassızdır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı adına düzəlişin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu bundan imtina etmiş və tərəflər arasında hazırkı mübahisə yaranmışdır. İş materiallarında olan cavabdehin xx.xx.2022-ci il tarixli 05/76-347/13 nömrəli məktubunda qeyd olunmuşdur ki, ərizəçi İddiaçı tərəfindən qeydiyyat şöbəsinə müraciət ediləcəyi təqdirdə "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 79 nömrəli Qərarının 5 10-cu bəndinə uyğun olaraq azyaşlının soyadının sonluğunun “-lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü), “-zadə”, “-oğlu”, “-qızı”, “-soy”, “-giİ” sonluqlu soyada dəyişdirilməsi mumkundur. Vətəndaş İddiaçı azyaşlı övladı X1 sonluğunun Şəkiliyev soyadına dəyişdirilməsi ilə bağlı Cavabdehnə müraciət edərkən soyadın Şəkiliyev soyadına dəyişdirilməsinin qeydiyyat şöbəsinin səlahiyyətində olmadığı, lakin onun istəyinə uyğun olaraq yuxarıda qeyd olunan sonluqlu soyadlardan hər hansı birinə dəyişdirməsi üçün müraciət etməsi təklif olunmuş və bunun mümkünlüyü izah edilmişdir. Lakin İddiaçı göstərilən soyad sonluqlarına dəyişiklik ediləcəyi halda yenə də uşağın soyadının tələffüzdə yaxşı səslənmədiyini bildirərək bununla razılaşmamışdır. Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarına hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. İddia mahiyyət etibarı ilə əsassızdır və təmin edilməməlidir. Belə ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 2.10-cu bəndinə əsasən uşağa adın, ata adının və soyadın verilməsi bu Qaydaya və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının: 4.1-ci bəndinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. 4.2-ci bəndinə görə uşağın valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir. 4.3-cü dəndinə əsasən Valideynlər arasında uşağın soyadına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur. 5.1-ci bəndinə görə Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir. 6.1-ci bəndinə görə, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2-ci bəndinə görə, adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Qaydaların 6.24-cü bəndinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1993-cü il tarixli 495 nömrəli qərarına əsasən, Azərbaycan Respublikasının vətəndaşları “-ov” “-yev”, sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “-zadə”, “-oğlu”, “qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Azərbaycan Respublikasının vətəndaşları soyadlarının sonluqları rəsmi sənədlərlə dəyişdirilənədək hüquqi əhəmiyyəti olan bütün sənədlərdə soyadlarının yeni ifadə formalarını işlədə bilərlər. Göründüyü kimi, qanunverciliklə müəyyən edilmişdir ki, qərarlara uyğun olaraq Cavabdeh tərəfindən doğumun qeydiyyatı zamanı uşağın soyadının milli soyadlarla qeydə alınması, soyadlarını dövlət dilinə uyğunlaşdırılması valideynlərin müraciəti əsasında təmin edilmiş. İddiaçının övladına münasibətdə sonluqsuz, Şəkili soyadı verilməklə doğum akt qeydi və doğum haqqında şəhadətnamə tərtib olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə qarşı “xx.xx.2016-cı il tarixdə anadan olmuş övladı X2 xx.xx.2016-cı il tarixdə Cavabdeh tərəfindən qeydə alınmış doğumu haqqında akt qeydində uşağın soyadının “Şəkili”dən Şəkiliyev soyadına düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı “xx.xx.2016-cı il tarixdə anadan olmuş övladı X2 xx.xx.2016-cı il tarixdə Cavabdeh tərəfindən qeydə alınmış doğumu haqqında akt qeydində uşağın soyadının “Şəkili”dən “Şəkiliyev” soyadına düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 1) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar