Məhkəmə qərarları › İş №2-1(116)-1276/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1276/2023

11.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1276/2023 11.12.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi Hacı-X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayonu, İlisu kəndində yerləşən mərhum X18 və ailə üzvlərinə verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa düzəliş edilərək 0,02 ha torpaq sahəsinə münasibətdə ümumibirgə mülkiyyətçilərin siyahısına İddiaçı adı əlavə edilməklə yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Qax rayonu, İlisu kəndində yerləşən mərhum babası X18 və ailə üzvlərinə verilmiş ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda hüquq sahibləri sırasında olan uyğunsuzluğun düzəldilərək, iddiaçının da adının ora əlavə edilməklə yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1276/2023 nömrəli qərardadı ilə X6, X4, X13, X7 və X14 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, tələbini dəqiqləşdirərək “Qax rayonu, İlisu kəndində yerləşən mərhum X18 və ailə üzvlərinə verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa düzəliş edilərək 0,02 ha torpaq sahəsinə münasibətdə ümumibirgə mülkiyyətçilərin siyahısına İddiaçı adının əlavə edilməklə yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçının mərhum babası X9 və ailə üzvlərinə verilmiş ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda hüquq sahibləri sırasında səhvən onun adı qeyd edilməmişdir. Qax rayonu İlisu kəndində Aqrar İslahatı aparılarkən o, həmin evdə qeydiyyatda olmuşdur. Ailəsinin digər üzvləri, həmçinin əkiz qardaşının adı belə orada qeyd olunduğu halda onun adının qeyd olunması unudulmuşdur. Arxivdən verilmiş çıxarışdan da görünür ki, İlisu kəndində Aqrar islahatı aparılan vaxt o həmin təsərrüfatda qeydiyyatda idi. Onun indiyə qədər müvafiq səhvin olmasından xəbəri olmayıb. Hazırda babasından qalmış əmlakın bölüşdürülməsi ilə bağlı əməliyyatlar aparılarkən, babasının adına çıxarışın alınması nəticəsində o öyrənmişdir ki, onun adı həmin siyahıda yoxdur. İddiaçı islahat nəticəsində ona düşən kənd təsərrüfat təyinatlı torpağı almış və halhazırda da istifadə edir. Bununla bağlı o, cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan mürcaiətin təmin olunmasından imtina etmişdir. Cavabdeh iddia tələbinə etirazında qeyd etmişdir ki, vətəndaş Zülfüqarova (Xəlilli) Xədicə Fəxrəddin qızı 09 yanvar 2023-cü il tarixdə DƏDKR PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə daxil olmuş ərizə ilə daxilolma N°-si 3-21-3-39/1-Z-0001-8/2023) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X23 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edərək, Qax rayonunda Aqrar islahat aparılan vaxt yaşadığı və mərhum babası X9 məxsus fərdi yaşayış evinə hüquqi varislərdən birinin aldığı çıxarışda həmin evdə yaşamış bütün şəxslərin evin yerləşdiyi həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququ tanınsa da, onun adı qeyd olunmadığı üçün həmin texniki səhvin düzəldilərək İlisu kəndində yerləşən 0.02 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış hüquq sahibləri ilə birlikdə onun da ümumi birgə mülkiyyət hüququnun tanınaraq yeni çıxarışın verilməsini xahiş etmişdir. Lakin, ərizəyə baxılması zamanı Qax rayonu ilisu kəndində yerləşən 3.23 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə X18 və ailə üzvləri X10, X11, X13, X12, X4, X7, X2 adına 27 dekabr 1998-cı il tarixli JN-258 nömrəli 40308018 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktı olsa da, A seriyalı 045942 nömrəli plan ölçü sənədində nəzərdə tutulmuş və X21 kitabında xx.xx.2008-ci il tarixdə 291 nömrə ilə uçota alınmış 207,26 kv.metr həyətyanı təyinatlı torpaq sahəsindən pay alacaq subyektlərin siyahısında ərizəçi X2 olmadığı əsas götürülərək vətəndaşa xx.xx.2023-cü il tarixli 3-21-3- 39/2-Z-0001-8/2023 Ne-li imtina məktubu verilmişdir. Çünki, Qax rayonu ilisu kəndində yerləşən 207,26 kv.metr həyətyanı təyinatlı torpaq sahəsindən pay alacaq subyektlərin siyahısında X18 (1), X10 (2), X11 (3), X13 (4), X12 (5), X4 (6), X7 (7) olsa da, iddiaçı X5 həmin siyahıda yoxdur və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq şöbəsi tərəfindən tərtib edilmiş aqrar islahat zamanı pay torpaq sahəsi alacaq subyektlərin siyahısına düzəliş edilməsi daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X23 12 saylı Şəki Ərazi İdarəsinin qanunda nəzərdə tutulmuş səlahiyyətlərinə aid deyil. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.4-cü maddəsinə əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Yuxarıda qeyd olunanlara əsasən, Qax rayonu İlisu kəndində yerləşən 207,26 kv.metr həyətyanı təyinatlı torpaq sahəsindən pay alacaq subyektlərin siyahısına iddiaçı X2 adının salınması və həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında **********71-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda düzəliş edilərək yeni çıxarışın verilməsi mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - JN-258 kod 40308018 Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Qax rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli 04 nömrəli qərarı ilə X9 ailə üzvləri ilə birlikdə (X8, X11, X13, X12, X4, X7 və X5) 3,23 ha torpaq sahəsi ayrılmışdır. - Qax rayonu İlisu kəndi üzrə 1996-2000-ci il tarixlərə aid təsərrüfatbaşına kitabdan 87 №-li şəxsi hesabdan çıxarışdan görünür ki, təsərrüfat üzvləri olaraq X18, X8, X11, X13, X12, X4, X7 və X5, təsərrüfatın sahibliyində olan torpaq sahəsi 0.02 ha və 3,23 ha qeyd edilmişdir. - A 045942 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, sözügedən sənəd Qax rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli 04 nömrəli qərarı ilə X9 verilmiş 207,26 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2- 1049/2023 nömrəli məktubuna əlavə olunmuş Azərbaycan Respublikası Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 4 saylı iclas protokolundan çıxarışdan görünür ki, İlusu kolxozunun Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 13 saylı protokolu və İlusu kəndində kompleks yerquruluşu işlərini aparılmasına dair tərtib olunmuş layihə təsdiq olunmuş ... Qax rayon Torpa şöbəsinə Dövlət Yerquruluşu Layihə İnstitututunun tərəfindən islahat qanununa müvafiq hazırlanmış “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamələrin qeydə alınması və subyektlərə paylanmasının təmin edilməsi tapşırılmışdır. Həmin məktuba əlavə olunmuş Qax rayonu İlusu ərazi nümayəndəliyi İlisu kolxozunda torpaq payı alacaq vətəndaşların siyahısından görünür ki, X18 və ailə üzvlərinin (X8, X11, X13, X12, X4, X7 və X5) adları qarşısında təsərrüfatbaşına kitab üzrə həyətyanı torpaq sahəsi 0,02 ha qeyd edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxslər inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxslərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: - 12-ci maddəsinin 1-ci bəndinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər. - 14-cü maddəsinə əsasən, hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir. Bu maddələrin tələblərinə əsasən kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ istinad edilən Qanun qüvvəyə mindiyi günədək həmin kolxozun ərazisində daimi yaşayan şəxslərə məxsusdur və hər bir şəxs yalnız bir dəfə torpaq payı almaq hüququna malikdir. Torpaq payı almaq hüququ olanların siyahısı yerli aqrar islahatı komissiyası tərəfindən müəyyən edilməlidir. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. 21 aprel 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 12-ci maddədə, beşinci hissədə "torpaq üzərində mülkiyyət və torpaqdan daimi istifadə hüququna dair dövlət aktlarının ... sözləri "torpaq üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ...” sözləri ilə əvəz edilmişdir. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda 0,02 ha torpaq sahəsinə münasibətdə ümumibirgə mülkiyyətçilərin siyahısına adının daxil edilməsinə nail olmaqdır. Məhkəmə tərəfindən mübahisələndirilən çıxarışın verilməsinə əsas olmuş sənədlər cavabdeh orqandan alınaraq öyrənilmişdir. Müəyyən edilmişdir ki, cavabdeh orqan iddiaçının adının daxil edilmədiyi çıxarışda torpaq sahəsi üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatını apararkən hüquqi əsas olaraq Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 4 saylı qərarına istinad etmiş, torpaq sahəsinin naturada yerini müəyyən etməyə imkan verən A 045942 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi və subyektlər siyahısı əsasında 0.02 ha torpaq sahəsi üzərində iddiaçı nəzərə alınmadan digər 7 nəfərin ümumi birgə mülkiyyət hüququnu dövlət qeydiyyatına almışdır. Məhkəmə tərəfindən cavabdeh orqanın istinad etdiyi torpaq sahəsi ayrılmış subyektlər siyahısı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 3- 21-3-60/2-1049/2023 nömrəli məktubuna əlavə olunmuş Qax rayonu İlusu ərazi nümayəndəliyi İlisu kolxozunda torpaq payı alacaq vətəndaşların siyahısı müqayisəli tədqiq edilmişdir. Müəyyən edilmişdir ki, İlisu kənd YAİK-nın üzvləri və sədri tərəfindən imzalanaraq möhürlə təsdiq edilmiş, həmçinin Qax rayon AİK-nın sədri tərəfindən imzalanaraq möhürlə təsdiq edilmiş subyektlər siyahısı 8 nəfərdən ibarət olmaqla, iddiaçının da adı həmin siyahıda mövcuddur. Cavabdeh orqanın istinad etdiyi siyahı isə adi kağız daşyıcıda olmaqla və səlahiyyətli şəxslər tərəfindən təsdiq edilməyən siyahıdır ki, iddiaçının adının hansı səbəbdən sözügedən siyahıya salınmaması məlum deyil. Odur ki, məhkəmə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş İlisu kənd YAİK-sı və Qax rayon AİK-sı tərəfindən təsdiq edilmiş subyektlər siyahısını iş üzrə mötəbər sübut olaraq qəbul edərək hesab edir ki, cavabdeh orqan torpaq sahəsi ayrılmış subyektlərin tərkibini araşdırmadan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Yəni, cavabdeh orqan mübahisələndirilən çıxarışda sözügedən torpaq sahəsi üzrə ümumibirgə mülkiyyətçiləri torpaq sahəsinin ayrılması nəzərdə tutulan subyektlər siyahısı əsasında qeyd etdiyindən, məhz iddiaçının da adının qeyd edildiyi İlisu kənd YAİK-sı və Qax rayon AİK-sı tərəfindən təsdiq edilmiş subyektlər siyahısı nəzərə alınmaqla çıxarışa düzəliş etməlidir. Nəzərə alınmalıdır ki, iddiaçının adı kənd təsərrüfatlı təyinatlı 3.23 ha torpaq sahəsinə dair tərtib edilmiş JN-258 kod 40308018 Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktında mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 16. Dövlət reyestrində düzəlişlər 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Maddə 23. Hüquqların dövlət qeydiyyatı haqqında qanunvericiliyinin pozulmasına görə məsuliyyət 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X23 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə Qax rayonu, İlisu kəndində yerləşən mərhum X18 və ailə üzvlərinə verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa düzəliş edilərək 0,02 ha torpaq sahəsinə münasibətdə ümumibirgə mülkiyyətçilərin siyahısına İddiaçı adı əlavə edilməklə yeni çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar