Məhkəmə qərarları › İş №2-1(116)-1277/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1277/2020

03.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1277/2020 03.12.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialına qarşı “Dövlət Arxivinin Şəki filialı tərəfindən verilmiş 923 nömrəli xx.xx.2019-cu il tarixli arxiv arayışında qeyd olunan müəssisələrdə işlədiyi 23 il 11 ay müddətin sosial sığorta stajına daxil edilməsi və xx xxxx 2020-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1970, 1971, 1972, 1976 və 1977-ci illərdə Şəki rayonu Baltalı kənd partiyanın XXİİİ qrultayı adına kolxozda, 1973-cü ildə Şəki kolxozlararası üzümçülük bağçılıq birliyində, 1977-ci ildə Şəki 5 nömrəli X1, 1980-2001-ci illərdə Şəki təsərrüfatlararası cins mal-qara müəssisəsində işlədiyi illərin və xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olduğu illərin sosial sığorta stajına daxil edilməsi və bununla bağlı əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, iddiaçı əmək fəaliyyətinə 1970-ci il tarixdə Şəki rayonu Baltalı kənd partiyanın XXİİİ qrultayı adına kolxozda başlamışdır. İddiaçı işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi barədə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialına müraciət etmiş, lakin Azərbaycan xx.xx.2020-ci il tarixli **********6 məktubla bildirmişlər ki, xx.xx.2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” AR Qanununun 7-ci maddəsinə əsasən xx.xx.1955-ci ilədək anadan olmuş kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim olunmuş əmək haqqı-arxiv və hərbi xidmət müddətini təsdiq edən arayışlara əsasən xx.xx.2006-cı il tarixinədək 25 il sosial sığorta stajı tamam olur. Lakin “Əmək pensiyaları haqqında” AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı təsdiq edən sənəd kimi əmək kitabçası qeyd olunmuşdur. Yuxarıdakıları nəzərə alaraq sosial sığorta stajını təsdiq edən sənəd yəni, əmək kitabça olmadığına görə əmək pensiyası təyin olunması Qanunvericiliyə uyğun olaraq mümkün olmamışdır. Belə ki, xx.xx.2020-ci ildən iddiaçıya sosial müavinət təyin olunmuşdur. İddiaçı Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialının xx.xx.2020-ci il tarixli **********6 imtina məktubunu tamamilə qanunsuz və əsassız hesab edir. Arxiv arayışlarına və AR Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 542 nömrəli arayışına əsasən iddiaçının 25 ildən artıq sosial sığorta stajı vardır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə xx.xx.2020-ci il tarixdə məhkəmə iclasında ərizə təqdim edərək, “Dövlət Arxivinin Şəki filialı tərəfindən verilmiş 923 nömrəli xx.xx.2019-cu il tarixli arxiv arayışında qeyd olunan müəssisələrdə işlədiyi 23 il 11 ay müddətin sosial sığorta stajına daxil edilməsi və xx xxxx 2020-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, iddia tələbi aşağıdakı hüquqi əsaslara görə təmin edilə bilməz və rədd edilməlidir. Belə ki, iddiaçı öz iddia ərizəsində bildirmişdir ki, 1970-1972 və 1976-1977-ci illərdə Şəki rayonu Baltalı kənd partiyanın XXİİİ qurultayı adına kolxozda, 1973-cü ildə Şəki kolxozlararası üzümçülük-bağçılıq birliyində, 1977-ci ildə Şəki 5 nömrəli X1, 1980-2001-ci illərdə Şəki təsərrüfatlararası cins mal-qara müəssisəsində işlədiyi bildirmişdir. xx.xx.2020ci il tarixdə 64 yaş 6 ayı tamam olduğundan yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar xx.xx.2020-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər filialına müraciət etmişdir. Müraciətə cavab olaraq, Şəki şəhər filialı xx.xx.2020-ci il tarixli **********6 nömrəli məktubunda bildirmişdir ki, xx.xx.2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” AR qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların (tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı təsdiq edən sənəd kimi əmək kitabçası qeyd olunmuşdur. Yuxarıdakıları nəzərə alaraq vətəndaşın sosial sığorta stajını təsdiq edən sənəd yəni, əmək kitabçası olmadığına görə ona əmək pensiyası təyin olunması Qanunvericiliyə uyğun olaraq mümkün olmamışdır. Vətəndaşa xx.xx.2020-ci ildən sosial müavinət təyin olunmuşdur. Belə ki, Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir. Belə ki, həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Habelə nəzərə alınmalıdır ki, Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Həmçinin qeyd edirik ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”yə əsasən İdarə arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən orqan olsa da, onun sosial sığorta stajını təsdiq edən sənəd vermək səlahiyyəti müəyyən edilməmişdir. Məhkəmə iclasında iddiaçı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki Rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli 542 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmət keçmişdir. İş materiallarında olan Milli Arxiv İdarəsi Respublika Dövlət Arxivinin Şəki filialının xx.xx.2018-ci il tarixli 923 nömrəli Arxiv arayışında qeyd olunmuşdur ki, İddiaçı 1970-1972ci illər və 1976-1977-ci illərdə Şəki rayonu Baltalı kənd Partiyanın XXİİİ Qurultayı adına kolxozda, 1973-cü ildə kolxozlararası üzümçülük bağçılıq birliyində, 1977-1979-cu illlərdə Şəki 5 nömrəli X1, 1980-2001-ci illərdə Şəki Təsərrüfatlararası cins mal qara müəssisəsində işləmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Akta əsasən Milli Arxiv İdarəsi Respublika Dövlət Arxivinin Şəki filialının xx.xx.2018-ci il tarixli 923 nömrəli Arxiv arayışının doğruluğu öz təsdiqini tapmışdır. İş materiallarında olan DSMF publik hüquqi şəxsin Şəki şəhər filialının xx.xx.2020-ci il tarxili **********1 nömrəli məktubundan görünür ki, İddiaçı yaşa görə əmək pensiyası təyin olunması üçün Şəki Regional “Asan Xidmət” mərkəzinə müraciət etmişdir. Təqdim olunmuş sənədlərə baxılmış, vətəndaşın əmək kitabçası üzrə tələb olunan 25 il sosial sığorta stajı və ya pensiya kapitalı olmadığından əmək pensiyası almaq hüququ olmamışdır. İddiaçının əmək pensiyası yaşı 64 yaş 6 ayı tamam olduğu, xx.xx.2020-ci il tarixində yaranmışdır. İddiaçının fərdi uçot məlumatlarına əsasən xx.xx.2006-cı il tarixdən hal-hazırki tarixədək pensiya kapitalı müəyyən edilməmişdir. İddiaçının mübahisələndirilməyən sosial sığorta stajı 1 il 11 ay 28 gün hərbi xidmət müddəti, mübahisələndirilən sosial sığorta stajı tələbində qeyd olunan, arxiv arayışına əsasən 23 il 11 ay təşkil edir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli iddiaçının şəxsiyyət vəsiqəsinin surəti, cavabdehin xx.xx.2020-ci il tarixli **********6 nömrəli imtina məktubu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki Rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli 542 nömrəli arayışı, Milli Arxiv İdarəsi Respublika Dövlət Arxivinin Şəki filialının xx.xx.2018-ci il tarixli 923 nömrəli Arxiv arayışı, DSMF publik hüquqi şəxsin Şəki şəhər filialının xx.xx.2020-ci il tarxili **********1 nömrəli məktubu, xx.xx.2020-ci il tarixli Akt, cavabdehin xx.xx.2020-ci il tarixli məhkəmə iclasında təqdimetdiyi etiraz aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin əsaslıdır. Belə ki, iddiaçı cavabdeh orqana ona hüququnun yarandığı tarixdən yaşa görə pensiya təyin edilməsi üçün müraciət etmişdir. Cavabdeh orqan iddiaçının təqdim etdiyi əmək haqqı arxiv və hərbi xidmət müddətini təsdiq edən arayışlarına əsasən xx.xx.2006-cı il tarixədək 25 il sosial sığorta stajı tamam olduğunu bildirmiş, lakin iddiaçının əmək kitabçasının mövcud olmamasını əsas gətirərək iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmiş və tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Məhkəmə araşdırması zamanı məlum olmuş və iş materiallarına əlavə edilmiş Milli Arxiv İdarəsi Respublika Dövlət Arxivinin Şəki filialının xx.xx.2018-ci il tarixli 923 nömrəli Arxiv arayışında iddiaçının mübahisələndirilən 23 il 11 ay iş stajına onun mübahisələndirilməyən 1 il 11 ay 28 gün hərbi xidmət müddətini əlavə etdikdə cəmi 25 il 10 ay 28 gün ümumi sosial sığorta stajı edir ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta müddətini tamamlayır. Göründüyü kimi iddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı ondan ibarətdir ki, kolxozda işlədiyi müddət sosial sığorta stajına daxil ediləcəyi təqdirdə tələb olunan 25 il müddət tamamlanacaq və onun xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası almaq hüququ reallaşacaqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının Dövlət Arxivinin Şəki filialı tərəfindən verilmiş 923 nömrəli xx.xx.2018-ci il tarixli arxiv arayışında qeyd olunan müəssisələrdə işlədiyi 23 il 11 ay müddətin sosial sığorta stajına daxil edilməsi və xx xxxx 2020-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulmalıdır. İddiaçı tələbinin dəqiqləşditrilməsi barədə ərizədə arxiv arayışının tarixini xx.xx.2019-cu il qeyd etsə də, arayışın əslində xx.xx.2018-ci il tarixli olduğu müəyyən edilmişdir ki, məhkəmə bunu adi texniki səhv hesab edir və işin mahiyyətinə təsiri olmayan hal kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialının üzərinə İddiaçı Dövlət Arxivinin Şəki filialı tərəfindən verilmiş 923 nömrəli xx.xx.2018-ci il tarixli arxiv arayışında qeyd olunan müəssisələrdə işlədiyi 23 il 11 ay müddətin sosial sığorta stajına daxil edilməsi və xx xxxx 2020-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar