Məhkəmə qərarları › İş №2-1(116)-1278/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1278/2021

04.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1278/2021 04.11.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “üçüncü şəxslər X9, X10, X15 və X4 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, X9, X10, X15 və X4 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 21.04.2021-ci il tarixdə qeydə alınmış və iddiaçının adına qeydiyyat nömrəsi ********** olan çıxarış verilmişdir. Faktiki olaraq başqa ünvanda yaşayan üçüncü şəxslər mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində formal olaraq pasport qeydiyyatına alınmışdır. Sözügedən şəxslər daimi olaraq digər ünvanda yerləşən fərdi yaşayış evində yaşayırlar. İddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək, həmin şəxslərin onun evindən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh 31.07.2021-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məhkəmə orqanlarının səlahiyyətlərinə aiddir. İddiaçı və cavabdeh orqana məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı məhkəməyə 29.10.2021-ci il tarixdə AZ2300/********** nömrəli teleqram ünvanlayaraq, iddia tələbini müdafiə etdiyini bildirmiş və tələbin təmin olunmasını xahiş etmişdir. Məhkəmənin bildirişi üçüncü şəxslərə ünvanlanmış məktubla birlikdə çatdırılması üçün Göyçay Şəhər İcra Hakimiyyəti başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmiş, xəbərnaməyə əsasən məktub 26.10.2021-ci il tarixdə qəbul edilmişdir. Üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxslərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İş materiallarında olan “Elektron notariat” X2 vasitəsilə “Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarış”dan görünür ki, X9, X10, X15 və X1 şəhəri Ə.Qarayev küçəsi 32 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatdadırlar. İşdə olan cavabdehin məhkəməyə ünvanladığı 21.09.2021-ci il tarixli məktubunda qeyd edilir ki, X9 ilk dəfə ünvan 4 ünvanında qeydiyyatda olmaqla Göyçay RPŞ QŞVQ tərəfindən 29.03.2012-ci il tarixdə AZE 09892669 nömrəsi olan şəxsiyyət vəsiqəsi, X10 21.07.2005-ci il tarixdə AZE 03456850 nömrəsi olan şəxsiyyət vəsiqəsi, X15 19.10.2005-ci il tarixdə AZE 04150513 nömrəsi olan şəxsiyyət vəsiqəsi və X5 isə 24.09.2016-cı il tarixdə AZE 11144443 nömrəsi olan şəxsiyyət vəsiqəsi almışlar. QŞVQ-yə müraciət edən vətəndaşlardan yığılan sənədlər 5 il tamamında akt tərtib edilərək komissiya üzvlərinin iştirakı ilə məhv edilir. Odur ki, üçüncü şəxslərin sözügedən ünvana qeydiyyata alındığı vaxtdan 5 il keçdiyi üçün həmin ünvana qeydiyyata alınmasına əsas olan sənədlər məhv edilmişdir. İş materiallarında olan 24.01.1961-ci il tarixli 1349 nömrəli “Evlər idarəsi üzrə texniki inventarizasiyanın ev sahibliyi” kartasının və Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin 1349 inventar nömrəli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasport”un təsdiq edilmiş surətindən görünür ki, Göyçay şəhəri Ə.Qarayev küçəsi ünvanında yerləşən 26 nömrəli fərdi yaşayış evi X8 mülkiyyətində olmuşdur. Göyçay Rayon İcra Hakimiyyəti Memarlıq və tikinti işləri şöbəsinin DƏDRX Ucar rayon ərazi idarəsinə təqdim etmək üçün tərtib etdiyi 05.03.2008-ci il tarixli arayışının təsdiq edilmiş surətində qeyd edilir ki, ünvan 6 ünvanda yerləşən 1998-ci ildə mişar daşından inşa edilmiş 2 mərtəbəli, 4 otaqdan ibarət ümumi sahəsi 151.8 kv.m, yaşayış sahəsi 79,0 kv.m, köməkçi sahəsi 72,8 kv.m olan fərdi yaşayış evi mərhum X8 adına qeydiyyata alınsın. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 04.04.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, MH seriyalı, ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın təsdiq edilmiş surətindən görünür ki, Göyçay şəhəri, Ə.H.Qarayev küçəsində yerləşən 30 nömrəli fərdi yaşayış evi və evin yerləşdiyi 0.0329 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında X8 mülkiyyətində olmuş, onun adına qeydə alınmışdır. Sənəd daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 112 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan 02.05.2008-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, 09.02.1993-cü ildə vəfat etmiş X8 vərəsəsi oğlu X17 müəyyən edilmiş və miras əmlak Göyçay şəhəri, Ə.H.Qarayev küçəsində yerləşən 30 nömrəli fərdi yaşayış evi və evin yerləşdiyi 0,0329 ha torpaq sahəsindan ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 08.05.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, MH seriyalı, ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın təsdiq edilmiş surətindən görünür ki, Göyçay şəhəri, Ə.H.Qarayev küçəsində yerləşən 30 nömrəli fərdi yaşayış evi və evin yerləşdiyi 0,0329 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında X11 mülkiyyətində olmuşdur. Sənəd daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 112 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 16.05.2008-ci il tarixli, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqısı müqaviləsi”nin təsdiq edilmiş surətindən görünür ki, X17 özünə məxsus olan Göyçay şəhəri, Ə.H.Qarayev küçəsində yerləşən 30 nömrəli fərdi yaşayış evini və evin yerləşdiyi 0.0329 ha torpaq sahəsini X3. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 08.07.2009-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, MH seriyalı, ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın təsdiq edilmiş surətindən görünür ki, Göyçay şəhəri, Ə.H.Qarayev küçəsində yerləşən 30 nömrəli fərdi yaşayış evi və evin yerləşdiyi 0.0329 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında X13 adına qeydiyyata alınmışdır. Sənəd daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 112 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 02.06.2014-cü il tarixli, “Müqavilə”nin təsdiq edilmiş surətindən görünür ki, X18 özünə məxsus olan Göyçay şəhəri, Ə.H.Qarayev küçəsində yerləşən 30 nömrəli fərdi yaşayış evini və evin yerləşdiyi 0,0329 ha torpaq sahəsini X7 bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11.06.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın təsdiq edilmiş surətindən görünür ki, fərdi yaşayış evi və evin yerləşdiyi 0,0329 ha torpaq sahəsi X6 adına ünvan 7 ünvanı ilə qeydiyyata alınmış və onun mülkiyyətində olmuşdur. Sənəd daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 112 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 18.03.2021-ci il tarixli, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqısı müqaviləsi”nin təsdiq edilmiş surətindən görünür ki, X9 özünə məxsus olan Göyçay şəhəri Ə.H.Qarayev küçəsində yerləşən 32 nömrəli fərdi yaşayış evini və evin yerləşdiyi 0,0329 ha torpaq sahəsini İddiaçı satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 21.04.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın təsdiq edilmiş surətindən görünür ki, Göyçay şəhəri, Ə.H.Qarayev küçəsində yerləşən 32 nömrəli fərdi yaşayış evi və evin yerləşdiyi 0.0329 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Sənəd daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 112 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır, 27.2-ci maddəsinə görə isə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun: 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir; 9-cu madddəsinin 1-ci bəndinə görə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən, şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 14.06.1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.2-1-ci bəndinə əsasən həmin Qanunun 5-ci maddəsinin ikinci hissəsinin birinci abzasında (birinci halda) və üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi; 2.3-cü bəndinə əsasən isə həmin Qanunun 8-ci maddəsində, 9-cu maddəsinin birinci hissəsinin birinci abzasında və 1-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Yuxarıda şərh olunan qanunvericilik normalarının tələblərinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Hazırkı mübahisədə, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar birbaşa mövcud olmasa da, Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququ sahibinin tələbi əsasında fərdi yaşayış evinə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması normanın hüquqi məzmunu baxımından məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də müvafiq münasibətləri tənzimləyən milli qanunvericilik «anlaşıqlı», «aydın» və «proqnozlaşdırıla bilən» olmalıdır. Adıçəkilən məhkəmənin təşəkkül tapmış presedent hüququna görə, “qanunla nəzərdə tutulmuş” ifadəsi təkcə onu tələb etmir ki, etiraz edilən tədbir daxili qanunvericilikdə müəyyən əsasa malik olmalıdır, bu təcrübə həm də sözügedən qanunun keyfiyyətinə istinad edərək tələb edir ki, həmin qanun Konvensiyanın preambulasında aydın şəkildə ifadə olunan qanunun aliliyi prinsipinə uyğun, eləcə də müvafiq şəxs üçün “çatımlı” və onun nəticələrini “öncədən görmək” mümkün olmalıdır. Normanın nəticələrini isə o halda “öncədən görmək” mümkündür ki, o hər bir fərdin öz davranışını tənzimləməsinə imkan vermək baxımından kifayət qədər dəqiqliklə ifadə edilsin. Bu baxımdan, məhkəmə bildirir ki, ümumi hüquqi tənzimləmə sistemində müəyyənlik, hüquq normalarının anlaşıqlı, aydın və proqnozlaşdırıla bilən olması, onların tənzimlədikləri sahələrdə ardıcıl şəkildə bərabər mənafelərə bərabər münasibətə əsaslanmaları xüsusi əhəmiyyət kəsb edir. Qanunvericilik tənzimləmələrinin göstərilən tələblərə uyğun həyata keçirilməsi hüququn aliliyinin ayrılmaz elementi olaraq, həm qanunvericilik, həm də hüquq tətbiqetmə fəaliyyətində insan hüquqlarının səmərəli müdafiəsinin təmin olunması üçün zəmanət yaradır. Ona görə də, hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün isə hüquq normaları yuxarıda da qeyd edildiyi kimi anlaşıqlı, aydın və proqnozlaşdırıla bilən olmalı və ardıcıl şəkildə bərabər mənafelərə bərabər münasibətə əsaslanmalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab etmişdir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Qeyd olunan qərarla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Məhkəmə belə hesab edir ki, şəxsin mülkiyyətçiyə məxsus evdən qeydiyyatdan çıxarılması tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə də, məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə münasibətdə, onun razılığı olmadan, iddiaçı mülkiyyət hüququ əldə edənədək qeydiyyata alınmış, evi iddiaçıya münasibətdə öz iradəsi ilə özgəninkiləşdirmiş şəxsin, həmçinin hər hansı qanunla qorunan hüquqların sahibi olmayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılması tələbindən ibarət iddası əsaslıdır və təmin olunmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Üçüncü şəxslər X9, X10, X15 və X4 İddiaçı mülkiyyətində olan Göyçay şəhəri,Ə.H.Qarayev küçəsində yerləşən 32 nömrəli fərdi yaşayış evindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 9legiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar