Məhkəmə qərarları › İş №2-1(116)-1278/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1278/2023

14.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1278/2023 14.12.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçının nümayəndəsi X22, cavabdehin nümayəndəsi X13 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Qəbələ rayonu Qəmərvan kənd İƏD-nin xx.xx.2019-cu il tarixli arayışında göstərilən 0,073 ha torpaq sahəsi üzərində inşa olunmuş bir mərtəbəli, iki otaqlı fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Qəbələ rayon AİK-nin xx.xx.1998-ci il tarixli 11 saylı qərarı ilə X11 və onun ailə üzvlərinin adına verilmiş JN-083 A, kodu 40600058 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin qismən ləğv olunması, Qəbələ rayonu Qəmərvan kənd İƏD-nin xx.xx.2019-cu il tarixli arayışında göstərilən 0,073 ha torpaq sahəsi və üzərində inşa olunmuş bir mərtəbəli, iki otaqlı fərdi yaşayış evinin X3 adına DƏDR-də qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, tələbini dəqiqləşdirərək “Qəbələ rayon AİK-nin xx.xx.1998-ci il tarixli 11 saylı qərarı ilə X11 və onun ailə üzvlərinin adına verilmiş JN-083 A, kodu 40600058 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin qismən ləğv olunması, Qəbələ rayonu Qəmərvan kənd İƏD-nin xx.xx.2019-cu il tarixli arayışında göstərilən 0,073 ha torpaq sahəsi və üzərində inşa olunmuş bir mərtəbəli, iki otaqlı fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1278/2023 nömrəli qərardadı ilə iddia tələbinin “Qəbələ rayon AİK-nin xx.xx.1998-ci il tarixli 11 saylı qərarı ilə X11 və onun ailə üzvlərinin adına verilmiş JN-083 A, kodu 40600058 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin qismən ləğv olunması, Qəbələ rayonu Qəmərvan kənd İƏD-nin xx.xx.2019-cu il tarixli arayışında göstərilən 0,073 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində iddia ərizəsi mümkün sayılmamışdır. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı bacısı X7 xx.xx.1958-ci il tarixdə Qəbələ rayonun Qəmərvan kəndində doğulmuşdur. xx.xx.1979-cu il tarixdə Qəmərvan kənd sakini X28 ilə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar. Övladları olmamışdır. Ailənin Qəbələ rayonu Qəmərvan kəndində 1969-cu il tarixdə inşa olunmuş bir mərtəbəli 2 otaqlı, ümumi sahəsi 60 kv.metr olan fərdi yaşayış evləri olmaqla həmin ev Qəmərvan kəndində 1 №-li təsərrrüfat başına kitabın 93-cü səhifəsində qeyd olunan 0,073 ha torpaq sahəsində yerləşir. Ailə başçısı olan X24 xx.xx.2012-ci ildə vəfat etmişdir. Ailənin digər üzvü X7 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Hazırda mübahisə predmeti olan, X18 və X4 33 il birgə yaşadıqları bir mərtəbəli, iki otaqlı fərdi yaşayış evi və evin inşa edildiyi torpaq sahəsi ailənin son illərdəki problemləri səbəbindən dövlət qeydiyyatına alınmamış və bu səbəbdən də əmlak üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsində problemlər yaranmışdır. Qəbələ rayon İcra Hakimiyyətinin Qəmərvan kənd İnzibati Ərazi dairəsinin xx.xx.2019-cu il tarixli 51 saylı arayışından müəyyən edilir ki, Qəbələ rayonu Qəmərvan kənd sakini X3 Qəmərvan kəndində 1 №-li təsərrrüfat başına kitabının 93-cü səhifəsində onun 0,073 ha həyətyanı torpaq sahəsi və bu torpaq sahəsi üzərində 1969-cu ildə tikilmiş fərdi yaşayış evi vardır. Qeyd olunanlara əsasən 0.073 ha torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin X3 adına qeydə alınması və çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı mərhum X3 qeyd edilən torpaq sahəsi və fərdi yaşayış evinə dair hər hansı bir hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. X19 və ailə üzvlərinin adına tərtib edilmiş JN-083A saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin ləğv edilərək Qəbələ rayonu Qəmərvan kənd İƏN-nin xx.xx.2019-cu il tarixli arayışında qeyd edilən 0.073 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin X3 adına qeydiyyata alınması Ərazi İdarəsinin səlahiyyətləri daxilində olmadığından müraciətinin icrası mümkün olmamışdır. Eyni zamanda bildirilmişdir ki, Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazası ilə müqayisə olunmuşdur. Bu zaman məlum olmuşdur ki, torpaq sahəsi yaşayış məntəqəsi torpaqlarına aiddir. İddia edilən torpaq sahəsinə dair X19 və ailə üzvlərinin adına Qəbələ rayon AİK-nın qərarı əsasında JN -083 A saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə hazırlanmışdır. Torpaq sahəsi sənəd üzrə 0,13 ha olsa da faktiki olaraq 0,1185 hektardır. Torpaq sahəsində iki ədəd fərdi yaşayış evi və digər həyət tikililəri mövcuddur. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli məktublarından görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı tərəfindən analoji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - JN-210F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, Qəbələ rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli 11 saylı qərarı ilə X23 və X5 Qəbələ rayonu Qəmərvan kəndində 0,02 ha torpaq sahəsi ayrılmışdır. - xx.xx.2023-cü il tarixli yerli baxışın nəticələrinə dair protokolla aşağıdakılar müəyyən edilmişdir: - iddia olunan torpaq sahəsi və fərdi yaşayış evi Mərifət Aslanov və ailə üzvlərinin faktiki istifadəsindədir. Torpaq sahəsi metal torla digər torpaq sahələrindən ayrılmışdır. Həmin torpaq sahəsində köhnə tikili (fərdi yaşayış evi) mövcuddur. Tikilinin 1969-cu ildə inşa edilməsi və digər torpaq sahəsində yerləşən fərdi yaşayış evi ilə ortaq divarının olması müəyyən edildi. İddiaçının nümayəndəsi, X30nın 6 ildən artıqdır ki, həmin fərdi yaşayış evində yaşamadığını və vəfat edənədək Çarxana kəndində onunla birgə yaşadığını bildirdi. Daha sonra Qəbələ rayonu Qəmərvan kənd İƏD-nin nümayəndəliyində təsərrüfat başına kitablarda uçot məlumatlarına baxış keçirilərkən müəyyən edildi ki, Zülhəccə Aslanova 2011-2015-ci illərdə və 2016-2020-ci illərdə əvvəllər X18 ailə başçısı olduğu təsərrüfatda təsərrüfat üzvü kimi qeyd olunub. Uçot məlumatlarında X30nın qaynı ilə birgə yaşaması və xəstə olması, təsərrüfatın istifadəsində 0.073 ha torpaq sahəsinin, ümumi sahəsi 60 kv.m olan yaşayış sahəsinin olması qeyd olunub. Müəyyən edildi ki, iş materiallarında olan, xx.xx.2019-cu il tarixli arayışdakı məlumatlar 2016-2020-ci illəri əhatə edir. Baxış zamanı həmçinin müəyyən edildi ki, 55 saylı şəxsi hesabda X25 ailə başçısı, X17 (arvadı), X20 (oğlu) təsərrüfat üzvləri olaraq qeyd edilmiş, digər təsərrüfat üzvü X10 üzərindən xətt çəkilmişdir (Qəbələ rayonuna ərə getməsi ilə əlaqədar). 2011-2015-ci illər üzrə təsərrüfatın istifadəsində ümumi sahəsi 94 kv.m olan tikilinin, 2016-2020-ci illər üzrə isə 1969-cu ildə tikilmiş ümumi sahəsi 80 kv.m olan tikilinin, 21 kv.m sahəsi olan tövlənin, 0.05 (0.08) ha həyətyanı sahənin olması və digər qeydlər icra edilmişdir. Qəbələ rayonu Qəmərvan kənd İƏD-nin nümayəndəsi sözügedən kitablardakı Zülhəccə Aslanovanın adının qarşısındakı imzaların onun özü tərəfindən tərəfindən deyil yaxın qohumu tərəfindən icra edildiyini, təsərrüfat başına kitablarındakı uçot məlumatlarının əvvəllər vaxtaşırı yenilənib-yenilənməməsi, həmçinin X30nın vəfat edənədək son 6 ildə Çarxana kəndində yaşamasına baxmayaraq, onunla bağlı təsərrüfat üzvü kimi qeydlərin icra edilməsinin səbəbləri ilə bağlı məlumatının olmamasını bildirdi. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsində elektron bazaya baxış keçirilərkən müəyyən edildi ki, iddia olunan torpaq sahəsi JN-083A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə üst-üstə düşür. Həmin Şəhadətnamədə qeyd edilmiş torpaq sahəsinin faktiki ölçüsü naturada 0.1154 ha.-dır. Həmin torpaq sahəsi 0.0790 ha və 0.0364 ha olmaqla metal torla iki hissəyə ayrılmışdır və hər iki hissə Mərifət Aslanov və ailə üzvlərinin faktiki istifadəsindədir. İddia olunan 0.073 ha torpaq sahəsi faktiki ölçüsü 0.0790 ha olan torpaq sahəsidir. Üzərindəki fərdi yaşayış evi isə 1969-cu ildə tikildiyi bildirilən və qonşu ilə ortaq divarı olan fərdi yaşayış evidir. Sözügedən fərdi yaşayış evi və həyətyanı tikililər 0.0790 ha torpaq sahəsi üzərində yerləşir. - Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Qəmərvan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-59-26/2-220/2023 nömrəli məktubundan görünür ki, X1 rayon Qəmərvan kənd sakinidir. 2011-2015-ci il №01 Təsərrüfatbaşına kitabının səhifə 71, 56№ İi təsərrüfat başçısı mərhum X18 qeydiyyatında olmuşdur və mülkiyyətində 0,73 ha kənd təsərrüfatına yararlı torpaq sahəsi vardır. Həyətyanı torpaq sahəsi barədə məlumat yoxdur. Fərdi yaşayış evi və onun sahəsi, ölçüsü barədə məlumat yoxdur. Bununla yanaşı 2016-2020-ci il Təsərrüfatbaşına kitabının №01 Təsərrüfatbaşına kitabının səhifə 93, 76-№li təsərrüfat X2 adınadır və mülkiyyətində 0,73 ha əkin yeri (Qəbələ rayon “Qaş” ərazisində) buğda üçün nəzərdə tutulmuş torpaq sahəsi, ümumi sahəsi 60 kv.metr, yaşayış sahəsi 40 kv.metr olan fərdi yaşayış evi vardır. - Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Qəmərvan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-59-26/2-219/2023 nömrəli məktubundan görünür ki, X8 rayon Qəmərvan kənd sakinidir. 2011-2015-ci il №01 Təsərrüfatbaşına kitabının səhifə 70 №55-İi təsərrüfatda qeydiyyatdadır və mülkiyyətində 2,54 ha kənd təsərrüfatına yararlı torpaq sahəsi qeyd olunub. Həyətyanı sahəsi barədə heç bir qeyd yoxdur. Ümumi sahəsi 94 kv.metr, yaşayış sahəsi 66 kv.metr fərdi yaşayış evi qeyd olunmuşdur. - Qəbələ rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 214 nömrəli məktubuna əlavə olunmuş, Qəbələ rayonu Qəmərvan kəndində yerləşən X30nın uçotda olduğu təsərrüfatbaşına kitablardan çıxarışlardan görünür ki, 1980-1990-cı illərdə Zülhəccə Aslanovanın və mərhum əri X18 uçotda olduğu təsərrüfatın başçısı X19 olmuş, sözügedən təsərrüfatın istifadəsində 1961-ci ildə tikilmiş yaşayış evi və 0.05 ha torpaq sahəsi olmuşdur. 1996-cı ildən sonra X30 və mərhum Bəylər Aslanov ayrıca təsərrüfatda olmuş, təsərrüfatın istifadəsində olan torpaq sahəsi 0.75 ha, digər qaydada istifadə edilən torpaq sahəsi 0.02 ha qeyd edilmişdir. Təsərrüfat başçısı X19 olmuş təsərrüfatda isə onun vəfatından sonra X25 ailə başçısı, X17 (arvadı), X20, X14 və X21 təsərrüfat üzvləri olaraq yaşamış və iddia olunan fərdi yaşayış evi və torpaq sahəsi həmin şəxslərin yaşadıqları təsərrüfata aid olmuşdur. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməzdən əvvəl analoji tələblə cavabdeh orqana müraciət etmiş və imtina cavabı almışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Qəbələ rayonu Qəmərvan kəndində yerləşən, 0,073 ha torpaq sahəsi üzərində inşa olunmuş bir mərtəbəli, iki otaqlı fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə arayışın cavabdeh orqan tərəfindən ona verilməsinə nail olmaqdır. Sözügedən fərdi yaşayış evinin 1969-cu ildə inşa edilməsi iş materialları ilə sübut olunur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış (2.3-cü bənd) hüquqların əldə ediməsini təsdiq edən sənəd olaraq nəzərdə tutulmuşdur. Həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.8-ci maddəsində bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlərin daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunması təsbit edilmişdir. Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Qəmərvan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-59-26/2-220/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, X6 2011-2015-ci illərdə uçotda olduğu Təsərrüfatbaşına kitabında (səhifə 71) 56№ İi təsərrüfat başçısı mərhum X18 qeydiyyatında olmuş, fərdi yaşayış evi və onun sahəsi, ölçüsü barədə məlumat qeyd edilməmişdir. 2016-2020-ci il Təsərrüfatbaşına kitabda isə (səhifə 93) 76-№li təsərrüfat X2 adına olmuş, ümumi sahəsi 60 kv.metr, yaşayış sahəsi 40 kv.metr olan fərdi yaşayış evi barədə məlumatlar mövcuddur. Göründüyü kimi iddiaçının istinad etdiyi Qəbələ rayon İcra Hakimiyyətinin Qəmərvan kənd İnzibati Ərazi dairəsinin xx.xx.2019-cu il tarixli 51 saylı arayışı 2016-2020ci illərə aid təsərrüfatbaşına kitabdan çıxarış məlumatları əsasında tərtib edilmişdir. Halbuki məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X30 2016-cı ildən ümumiyyətlə həmin təsərrüfatda yaşamamış və bacısı ilə birlikdə Qəbələ rayonu Çarxana kəndində yaşamışdır. X30 sözügedən təsərrüfatda yaşamamasına baxmyaraq, uçot məlumatlarında Zülhəccə Aslanova ilə bağlı müvafiq qeydlər icra edilmişdir. Qəbələ rayonu Qəmərvan kənd İƏD-nin nümayəndəsi, X30nın vəfat edənədək son 6 ildə Çarxana kəndində yaşamasına baxmayaraq, onunla bağlı təsərrüfat üzvü kimi qeydlərin icra edilməsinin səbəbləri ilə bağlı məlumatının olmamasını bildirmişdir. Məhkəmə tərəfindən Qəbələ rayonu Qəmərvan kənd İƏD-nin nümayəndəliyində təsərrüfatbaşına kitablarda uçot məlumatlarına baxış keçirilmiş, eyni zamanda Qəbələ rayon Dövlət Arxivindən sözügedən fərdi yaşayış evinin aid olduğu təsərrüfat üzrə müvafiq kitablardan çıxarışlar əldə olunaraq iş materiallarına əlavə edilmişdir. Müəyyən edilmişdir ki, 1980-1990-cı illərdə Zülhəccə Aslanovanın və mərhum əri X18 uçotda olduğu təsərrüfatın başçısı X19 olmuş, sözügedən təsərrüfatın istifadəsində 1961-ci ildə tikilmiş yaşayış evi və 0.05 ha torpaq sahəsi olmuşdur. 1996-cı ildən sonra X30 və mərhum Bəylər Aslanov ayrıca təsərrüfatda uçotda olmuş, təsərrüfatın istifadəsində olan torpaq sahəsi 0.75 ha, digər qaydada istifadə olan torpaq sahəsi 0.02 qeyd edilmişdir. Fərdi yaşayış evi ilə bağlı qeydlər müəyyən edilmir. Təsərrüfat başçısının X19 olduğu təsərrüfatda isə onun vəfatından sonra X25 ailə başçısı, X17 (arvadı), X20, X14 və X21 təsərrüfat üzvləri olaraq qeyd edilmiş və iddia olunan fərdi yaşayış evi və torpaq sahəsi həmin şəxslərin yaşadıqları təsərrüfata aid olmuşdur. 55 saylı şəxsi hesabda X25 ailə başçısı olmuş, təsərrüfatın istifadəsində 1969cu ildə tikilmiş fərdi yaşayış evinin olması qeyd edilmişdir. Zülhəccə Aslanova 2011-2015-ci illərdə və 2016-2020-ci illərdə əvvəllər X18 ailə başçısı olduğu təsərrüfatda təsərrüfat üzvü olaraq qeydə alınmışdır. Göründüyü kimi iddiaçının X30ya məxsus olduğunu bildirdiyi fərdi yaşayış evi 1969cu ildə tikilmiş və təsərrüfat başçısı əvvəlcə X19, onun vəfatından sonra isə X25 olmuşdur. Sözügedən fərdi yaşayış evi tikilərkən X30nın 11 yaşı var idi. İddia ərizəsində iddiaçı özü də bildirir ki, X30 xx.xx.1979-cu il tarixdə Qəmərvan kənd sakini X28 ilə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşdur. Yəni, faktiki olaraq X30ya məxsus olduğu bildirilən fərdi yaşayış evində Zülhəccə Aslanova 1979-cu ildən gələrək yaşamağa başlamış və sözügedən fərdi yaşayış evi ona məxsus olmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının istinad etdiyi Qəbələ rayon İcra Hakimiyyətinin Qəmərvan kənd İnzibati Ərazi dairəsinin xx.xx.2019-cu il tarixli 51 saylı arayışı sözügedən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun X30ya məxsus olması barədə arayışın verilməsi üçün hüquqi əsas olmadığından cavabdeh orqan haqlı olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. “İnzibati icraat haqqında” Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 32.3. İnzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

qərara aldı:

İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Qəbələ rayonu Qəmərvan kənd İƏD-nin xx.xx.2019-cu il tarixli arayışında göstərilən 0,073 ha torpaq sahəsi üzərində inşa olunmuş bir mərtəbəli, iki otaqlı fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar