Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-128/2023 26.07.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “Qəbələ rayon Nic qəsəbə İnzibati ərazi nümayəndəliyində tərtib edilmiş xx.xx.1965-ci il tarixli, 27 saylı doğum haqqında akt qeydində “Fəhrəd” adının “Fərhad” adına düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Qəbələ rayon Nic qəsəbə İnzibati ərazi nümayəndəliyində tərtib edilmiş xx.xx.1965-ci il tarixli, 27 saylı doğum haqqında akt qeydində “Murzəffərov” soyadının ”Mürzəffərov” soyadına, “Fərhəd” adının “Fərhad” adına, “Murzəfər” ata adının “Mürzəffər” ata adına düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı xx.xx.1965-ci il tarixdə Qəbələ rayonunun Nic qəsəbəsində doğulmuşdur. Doğum haqqında qeydiyyatı xx.xx.1965-ci il tarixdə Nic qəsəbə İƏN-də alınmışdır. Doğum haqqında akt qeydində soyadı “Müzəffərov”, adı “Fərhəd”, ata adı isə Müzəffər” kimi qeyd edilmişdir. Eyni zamanda AZ № 08233745 saylı doğum haqqında şəhadətnamədə soyadı “Müzəffərov”, adı “Fərhəd”, ata adı isə “Muzəfər” kimi qeyd edilmişdir. Sonrakı illərdə iddiaçının adına verilmiş bütün sənədlərdə soyadı, adı və ata adı düzgün olaraq İddiaçı kimi qeyd edilmişdir. Eyni zamanda rəsmi sənədlərdə olduğu kimi onunla qeyri-rəsmi ünsiyyətdə olanlar da iddiaçıya İddiaçı deyə müraciət edirlər. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli, 05/Q-55/13 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq Vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalara görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi kifayət qədər əsas olduqda mümkündür. Bildirilir ki, Qəbələ rayon Nic qəsəbə İƏN-də tərtib edilmiş xx.xx.1965-ci il tarixli 27 saylı doğum haqqında akt qeydində uşaq və ata qrafasında soyadlar “Murzəfərov”, atanın adı “Murzəfər”, ana qrafasında ananın soyadı “Murzəfərova”, uşaq qrafasında ad “Fəhrəd” yazılmışdır. Atanın ölüm, nikah haqqında akt qeydlərində soyadı “Mirzəfərov”, adı “Mirzəfər” yazılmışdır. Bu səbəbdən iddiaçının doğum haqqında akt qeydində soyadının “Müzəffərov”a, adının “Fərhad”a, ata adının “Müzəffər”ə düzəliş edilməsi mümkün deyildir. Cavabdeh məhkəmənin elektron poçtuna xx.xx.2023-cü il tarixdə daxil olmuş 3-16- 5/8-13-655/2023 nörməli məktubunda Qəbələ rayon Nic qəsəbə İnzibati ərazi nümayəndəliyində tərtib edilmiş xx.xx.1965-ci il tarixli, 27 saylı doğum haqqında akt qeydində iddiaçının soyadının “Murzəffərov”dan ”Mürzəffərov”a, adının “Fərhəd”dən “Fərhad”a, ata adının “Muzəfər”dən “Müzəffər”ə düzəliş edilməsinə etiraz etmədiyini bildirmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “Qəbələ rayon Nic qəsəbə İnzibati ərazi nümayəndəliyində tərtib edilmiş xx.xx.1965-ci il tarixli, 27 saylı doğum haqqında akt qeydində “Fəhrəd” adının “Fərhad” adına düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət etibarı ilə əsaslıdır və təmin edilməlidir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İddia ərizəsinə əlavə olunmuş: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1965-ci ildə doğulmuş və vəsiqədə onun adı “Fərhad” olaraq qeyd edilmişdir. İddiaçının qızı X5 məxsus 178239 nömrəli “Doğum haqqında” şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, həmin şəhadətnamədə iddiaçının adı “Fərhad” kimi yazılmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli, 05/Q-654/13 nömrəli məktubuna əlavə olunmuş xx.xx.1965-ci il tarixli, 27 saylı “Doğum haqqında” akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, həmin akt qeydində iddiaçının adı “Fəhrəd”, soyadı “Murzəfərov” ata adı “Murzəfər” kimi yazılmışdır. Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli, 2-18/178 nörməli məktubuna əlavə olunmuş çıxarışdan görünür ki, həmin çıxarışda iddiaçının adı “Fərhad” kimi yazılmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli 05/Q-1394/13 nömrəli məktubuna əlavə olunmuş: 1947-ci ildə tərtib olunmuş 32 nömrəli “Evlənmə haqqında” akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, X6 ilə X1 arasında nikah bağlanmışdır. xx.xx.1992-ci il tarixli 10 nömrəli “Ölüm haqqında” akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.1992-ci ildə vəfat etmişdir. xx.xx.1996-cı il tarixli 31 nömrəli “Ölüm haqqında” akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, X2 xx.xx.1996-cı ildə vəfat etmişdir. Qəbələ rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 161 nömrəli məktubuna əlavə olunmuş 1977-1979-cu illərə dair təsərrüfatbaşına kitabın təsdiq olunmuş surətindən görünür ki, həmin sənəddə iddiaçının adı “Fərhad” kimi yazılmışdır. İddiaçı tərəfindən təqdim olunmuş ******* nömrəli “Doğum haqqında” şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, həmin şəhadətnamədə iddiaçının adı “Fərhəd”, soyadı “Murzəfərov”, ata adı “Murzəfər” kimi qeyd olunmuşdur. Beləliklə, məhkəmə işin yuxarıda göstərilən faktiki hallarına qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən: 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir... 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. http://eqanun.az/framework/46946 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər... 163.1. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının: 2.1-c bəndinə əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.2-ci maddəsinə müvafiq olaraq uşağa ad valideynlərin razılığı ilə verilir. 2.2-ci bəndinə görə valideynlər arasında uşağın adına münasibətdə razılıq olma-dıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur. 4.1-ci bəndinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. 4.2-ci bəndinə görə uşağın valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir. 4.3-cü dəndinə əsasən Valideynlər arasında uşağın soyadına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur. 5.1-ci bəndinə görə Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir. Qaydaların 6.1-ci bəndinə görə, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2-ci bəndinə görə, adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Qaydaların 6.24-cü bəndinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Göründüyü kimi, qanunverciliklə müəyyən edilmişdir ki, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. Əsasnamənin 2.2-ci bəndinə görə vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 2.2.1. şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə); 2.2.2. vətəndaşın doğum haqqında şəhadətnaməsi... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının adı ona münasibətdə tərtib edilmiş doğum akt qeydində, “Fəhrəd”, doğum haqqında şəhadətnaməsində “Fərhəd”, şəxsiyyət vəsiqəsində isə “Fərhad” olaraq göstərilmişdir. Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri məlumatlarında da iddiaçının adı “Fərhad” kimi yazılmışdır. Bu isə onu deməyə əsas verir ki, iddiaçıya münasibətdə icra nümayəndəliyi tərəfindən tərtib edilmiş ilkin qeyd olan doğum haqqında akt qeydində iddiaçının adı yalnışlıqla Fəhrəd olaraq qeyd edilmişdir. Belə ki, iddiaçıya məlum olan ilkin sənəd olan və doğum haqqında akt qeydində təsbit olunan məlumatların özündə əks etdirən doğum haqqında şəhadətnamədə iddiaçının adının Fərhəd olaraq göstərilmişdir. Azərbaycan dilinin orfoqrafiya qaydalarına görə isə sözügedən adın yazılış qaydası Fərhad formasındadır. Həmçinin Azərbaycan kişi adlarının izahlı lüğətində adın yazılış qaydası Fərhad olaraq qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbləri baxımından iddiaçıya aid doğum akt qeydində onun adında yol verilmiş yalnışlıq düzəldilməlidir. Belə ki, iddiaçının adı Fərhad olduğu halda doğum akt qeydində “Fəhrəd” kimi qeyd edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamış, cavabdehin imtinası əsassız olmaqla inzibati praktikaya zidd olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (İPM 58.7 və 68.2). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh üzərinə Qəbələ rayon Nic qəsəbə inzibati ərazi nümayəndəliyində tərtib edilmiş xx.xx.1965-ci il tarixli, 27 saylı doğum haqqında akt qeydində “Fəhrəd” adının “Fərhad” adına düzəliş edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-128/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-128/2023
26.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver