Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-128/2025 18.02.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, İddiaçı, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə iştirakı ilə , İddiaçı X2 cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞya qarşı “əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı X3 cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “əlillik müddətini dayandırıldığı xx.xx.2023-cü il tarixdən 2-ci qrup əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayındəsi xx.xx.2024-cü il tarixində iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək, əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-3148/2023 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı, xx.xx.1974-cü il tarixdə Balakən rayonu, Meşəşambul kəndində anadan olmuşdur. Balakən rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.1992-ci il tarixdə hərbi Xidmətə çağırılmışdır. xx.xx.1992-ci il tarixdə Ağdərə rayonunun kəndləri uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Döyüş əməliyyatlarında mərmi partlaması nəticəsində sağ qolundan və sağ ayağından xəsarət almışdır. Bununla əlaqədar Tərtər Hərbi Səhra Cərrahiyyə hospitalında təxminən bir həftə müalicə almışdır. xx.xx.1992-ci il tarixdə Ağdərədə qrad mərmisinin partlaması nəticəsində belindən və burnundan qəlpə yaraları, döş qəfəsinin solundan isə güllə yarası almışdır. Hərbi xidmət dövrü almış olduğu bədən xəsarətləri ilə əlaqədaq ona 2006-cı il tarixdən əlillik verilmiş və pensiya təyin olunmuşdur. Xəstəliyi ilə əlaqədar ona "aşağı ətrafların monoplegiyası, sol əşağı ətrafın parezi" diaqnozu qoyulmuşdur. 2021-ci il tarixədək pensiya almışdır. Lakin əlillik müddətinin bitməsi ilə əlaqədar pensiyası 2021-ci il tarixdə dayandırılmışdır. Sənədləri dəfələrlə əlilliyin qiymətləndrilməsi ilə bağlı "TSEK"-nın sisteminə daxil edilmiş, lakin "TSEK" cavabında hər dəfə müəyyən səbəblərdən imtina etmişdir. Sonuncu dəfə TSEK cavabı diaqnoz əlillik əlaməti təyin etmir cavabı verilmişdir. Cavabdeh orqanın vermiş olduğu cavabı əsassız hesab edərək hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Aşağı ətrafların monoplegiyası, Sol aşağı ətrafın parezi;.Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir." səbəbi ilə imtina verilmişdir. Bundan əlavə, Balakən rayon sakini xx.xx.1974-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxxj əlillik vəziyyəti tibb müəssisəsinin 0256003AANE2 nömrəli xx.xx.2021 -ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyəti DTSERA-da xx.xx.2022 -ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS **********0). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixli 39 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sad bud çanaq oynağının və saq bazunun əzilməsi'’ diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı belində fiksatorla müayinəyə daxil olmuş, nitqində kəkələmə elementləri izlənilsə də, ünsiyyətə normal daxil olmuş, belində və asadı ətraflarında olan ağrılardan şikayətlənmişdir. Obyektiv baxış zamanı hər iki ətraflarda hərəkətlər tam həcmdə olmuş, əzələlər atrofiyasız, əzələ gücü, tonusu normal, reflekslər normal çağrılmış, ətraflarda iflic, parez aşkar edilməmişdir. Anamnestik məlumatlarda 25 ildir ki, nitqində problem yarandığını ifadə etmiş, lakin bununla əlaqədar müalicə və müayinə olunmamışdır” kimi qeyd olunmuş, “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına hər iki qolunda qoltuq ağacı ilə daxil olmuş, nitqində kəkələmə müşahidə olunmuş, anamnezində kəkələmənin 1992-ci ildən başladığını qeyd etmişdir. Müayinə zamanı sağ bud-çanaq oynağında və sağ çiyin və digər oynaqlarda hərəkətlər normal olmuşdur. Nevroloji statusda hər iki aşağı ətrafda diz refleksləri canlı və bərabər alınmış, axil refleksi sağda nisbətən zəifləmiş, solda alınmamış, əzələ gücü və tonusu norma daxilində olmuş, heç bir atrofiya, parez, iflic əlamətləri izlənilməmişdir. Balakən Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli 861 nömrəli Çıxarışında diaqnoz “Bel fəqərəarası disk zədələnməsi ilə mielopatiya. Asağı paraparez. Kiçik çanaq orqanlarının funksiya pozğunluğu, Yerişin pozulması L4-L5- S1 fəqərələrin transpedikulyar metalofiksasiyası. Yüksək dərəcədə kəkələmə" kimi qeyd olunmuşdur. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2023xx.xx.2023-cü il tarixli 025912 nömrəli Çıxarışında diaqnoz “Diskogen radikulopatiya. L5 fəqərənin dekompressiv laminoektomiyası. L5-S1 fəqərələrinin transpedikulyar metallofiksasiyası əməliyyatından sonrakı vəziyyət. Sol asağı ətrafın monoparezi. Servikalqiya. Xroniki xolesistit. Xroniki qastrit. Qaraciyərin piy deqenerasiyası. Xroniki pankreatit” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X1 xx.xx.2021-ci il tarixli MRT müayinəsinin nəticəsi “L5-4 və L4-5 diskində posterior geniş əsaslı 4.5 mm ölçüsündə yırtıq (protruziya) qeyd edilir. Hər iki neyroforamen inferiordan daralmış olub, sinir kompressivası qeyd edilmir. Hər iki lateral ressesdə S1 spinal sinirlərinə minimal təmas qeyd edilir'’ kimi müəyyənləşdirilmişdir. Anamnestik məlumatlarda, obyektiv və instrumental müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarfna müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydasr'nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasfnm 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarına əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri"nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. İddiaçı və iddiaçının vəkili (nümayəndəsi) məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdirlər. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli müayinə baradə məlumat, AR Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Məhkəmə-X4 425 nömrəli rəyi, Daxili İşlər Nazirli Daxili Qoşunların Hərbi-Həkim Komissiyasının 39 saylı qərarı, TSEK müayinələrinin qiymətləndirmə nəticələri (xxxxxxx0001, xxxxxxx0002, xxxxxxx0002, xxxxxxx0003, xxxxxxx0004, xxxxxxx0005, xxxxxxx0006), Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarı, AR Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” PHŞ-nin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş T198/2024 Ekspert Rəyi, Balakən Rayon Mərkəzi Xəstəxanası PHŞ-nın xx.xx.2025-ci il tarixli məktubu. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir. Ona görə də, TSEK-in əlilliyin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsinə dair qərarları inzibati aktdırlar. Çünki onlar şəxslər üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiri kimi çıxış edirlər. Belə olan halda, TSEK-in qərarından narazı qalan şəxslər onu mübahisələndirməlidirlər. İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. İş materiallarından görünür ki, cavabdeh orqan sonuncu dəfə xx.xx.2023-cü il tarixdə “diaqnoz öz təsdiqini tapmaması” əsası ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmişdir. Sonradan iddiaçının müraciətinə əsasən onun əyani müayinəsi aparılmış və xx.xx.2023-cü il tarixdə qərar qəbul edilərək diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Sözügedən qərarda hüquq müdafiə vasitələri ilə bağlı hər hansı məlumat olmadığından və iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olduğundan məhkəmə hesab edir ki, İPM-nin 38.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla hazırkı iddianın qaldırılması üçün iddia müddəti ötürülməmişdir. Məhkəmə işin faktiki hallarına qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, cavabdeh orqanın müraciətin təmin edilməsindən imtina dəlili iddiaçıya qoyulmuş diaqnozun öz təsdiqini tapmaması ilə bağlı olmuşdur. Nəzərə alınmalıdır ki, diaqnozun əlillik əlaməti təyin edib-etməməsinə hüquqi qiymət verilməsi üçün ilk növbədə qoyulmuş diaqnozun düzgünlüyü və iddiaçının sağlamlıq vəziyyətinə uyğunluğu müəyyən edilməlidir. Məhz iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyü və onun sağlamlıq vəziyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əlavədə nəzərdə tutulmuş diaqnoza uyğunluğu sübuta yetirildiyi halda onun “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin hansı məhdudlaşması halına uyğun olması müəyyən oluna bilər. Səhiyyə müəssisəsi tərəfindən iddiaçı barəsində tərtib edilmiş tibbi göndərişdə əsas diaqnoza münasibətdə G83.1, ağırlaşmalara münasibətdə M54.1, F98.5, Z98.5, R26.0, R33, M51.0, R47, yanaşı xəstəliklərə münasibətdə İ10, M16 XBT kodlarına istinad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-na Əlavədə G83 XBT kodunda serebral iflic və digər paralitik sindromlar (monoparez, hemiparez, hemiplegiya, paraplegiya və tetraplegiya) öz əksini tapmışdır. Tibbi göndərişdə qeyd edilmiş – digər diaqnozlardan yalnız M51.0, R47, İ10, M16 XBT kodları “Əlilliyin müəyyən olunması meyarları”-na Əlavədə öz əksini tapmışdır. Bununla belə M51.0 XBT kodu “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 6.6.3-cü bəndində (digər şöbələrin fəqərəarası disklərinin zədələnmələri) göstərilib və 6.6.3.1- 6.6.3.6-cı bəndlərdə qiymətləndirmə halları müəyyən edilib, R47 XBT kodu Əlavənin 10.3cü bəndində (Nitqə və səsə aid olan simptomlar və nişanələr) göstərilib və 10.3.1-10.3.3cü bəndlərdə qiymətləndirmə halları nəzərdə tutulub, İ10 XBT kodu Əlavənin 2.1-ci bəndində (Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər) göstərilib və 2.1.1- 2.1.3-cü bəndlərdə qiymətləndirmə halları müəyyən edilib, M16 XBT kodu Əlavənin 13.4cü bəndində (Koksartroz (bud-çanaq oynağının artrozu)) göstərilib və 13.4.1-13.4.45-ci bəndlərdə qiymətləndirmə halları müəyyən edilib. Bütün hallarda yalnız müvafiq bəndlərdə göstərilən qiymətləndirmə meyarlarının mövcudluğu əlillik təyin olunmasına əsas verə bilər. Yəni, əlilliyin təyin edilməsi üçün yalnız bu diaqnozların mövcudluğu kifayət etmir. Sözügedən diaqnozlara uyğun əlilliyin təyini, yalnız müvafiq tibbi diaqnozların mövcudluğuna deyil, eyni zamanda bu diaqnozların uyğun gəldiyi qiymətləndirmə meyarlarına əsaslanmalıdır. Belə ki, məhz qiymətləndirmə meyarları mövcud diaqnozun şiddətini, funksional pozulmanın dərəcəsini, müddətini, gündəlik fəaliyyətə təsirini, müalicəyə cavab verməyini və sosial adaptasiya qabiliyyətini nəzərə alaraq əlillik dərəcəsini müəyyənləşdirir. Məhkəmə tərəfindən iddiaçıya qoyulmuş diaqnozların düzgünlüyü və onun hazırkı sağlamlıq vəziyyətinin müəyyən edilməsi məqsədilə xx.xx.2024-cü il tarixdə, 2-1(116)- 749/2024 saylı qərardadla ilə iş üzrə canlı şəxsin məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və X5” PHŞ-nin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş T198/2024 ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli R00116601 KQ nömrəli Forma 088 göndərişində qeyd edilmiş “G83.1-Aşağı ətrafların monoplegiyası, sol aşağı ətrafın parezi, M54.1- Radikulopatiya, M51.0-Bel və digər şöbələrin fəqərəarası disklərinin milopatiya ilə zədələnmələri (G99.2), F98.5kəkələmə (hıqqına-hıqqına), Z98.8- digər dəqiqləşdirilmiş cərrahi müdaxilələrdən sonrakı vəziyyətlət, L5 fəqərəsinin dekompressiv laminektomiya L5-S1 fəqərələrinin transpedikulyar metallo-fıksasiyası əməliyyatından sonrakı vəziyyət, R26.0-ataktik yeriş, hərəkət və yeriş funksiyasının pozulması, R33- sidik ifrazının ləngiməsi, kiçik çanaq orqanlarının funksiya pozğunluğu, R47-başqa rubrikalarda təsnif olunmayan nitq pozğunluqları” diaqnoz ona stasionarda müayinə və müalicəsi zamanı anamnestik, kiiniki, laborator müayinələri əsasında müəyyən edilmişdir. İddiaçı əyani müayinəsi zamanı nevroloji statusunda parez, atrofiya, iflic əlamətləri aşkar olunmadığından belə qənaətə gəlmək olar ki, o, hazırda “F98.5-kəkələmə (hıqqınahıqqına), Z98.8-digər dəqiqləşdirilmiş cərrahi müdaxilələrdən sonrakı vəziyyətlər, L5 fəqərəsinin dekompressiv laminektomiya L5-S1 fəqərələrinin transpedikulyar metallofiksasiyası əməliyyatından sonrakı vəziyyət” diaqnozundakı xəstəliklərdən əziyyət çəkir. Göründüyü kimi istinad olunan ekspert rəyində niddiaçının evroloji statusunda parez, atrofiya, iflic əlamətləri aşkar olunmadığı qeyd olunur. Həmçinin ekspert rəyi ilə M51.0, R47, İ10, M16 XBT kodlarında müəyyən edilmiş diaqnozların da, iddiaçıda aşkar edilmədiyi müəyyən olunur. Odur ki, həmin kodlarda təsbit edilmiş diaqnozların əlavə qiymətləndirmə hallarının yoxlanılmasına lüzum yoxdur. Sözügedən ekspert rəyində iddiaçının əziyyət çəkdiyi diaqnozlar olaraq aşağıdakılar qeyd olunmuşdur: - “F98.5-kəkələmə (hıqqına-hıqqına), Z98.8-digər dəqiqləşdirilmiş cərrahi müdaxilələrdən sonrakı vəziyyətlər, L5 fəqərəsinin dekompressiv laminektomiya L5-S1 fəqərələrinin transpedikulyar metallo-fiksasiyası əməliyyatından sonrakı vəziyyət”. Nəzərə alınmalıdır ki, ekspert rəyi ilə müəyyən edilmiş F98.5 və Z98.8 XBT kodlarında nəzərdə tutulmuş mövcud diaqnozlar “Əlilliyin müəyyən olunması meyarları”-na Əlavədə əliiliyin təyin edilməsi üçün əsas olaraq müəyyən edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq “Balakən rayon Mərkəzi Xəstəxanası” PHŞ xx.xx.2025-ci il tarixli məktubunda iddiaçıya qoyulmuş diaqnozların əlilliyin təyin edilməsi üçün yenilənmiş meyarlara uyğun gəlmədiyi, xəstənin əlavə müayinə üçün Respublika Klinik Xəstəxanasına göndərişlə təmin edildiyi qeyd edilmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri ümumiləşdirərək qeyd edir ki, iddiaçıya əlilliyin təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş hüquqi əsaslar mövcud olmadığından cavabdeh orqan əlilliyin təyin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; (-). 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. (-). 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı X2 cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞya qarşı “əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-128/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-128/2025
18.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver