Məhkəmə qərarları › İş №2-1(116)-1280/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1280/2022

19.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1280/2022 19.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “JN-292A saylı şəhadətnamədə göstərilmiş 128.8 kv.m yaşayış sahəsinin məxsus olduğu subyekt barəsində məlumatın verilməsi, həmin yaşayış sahəsinin yerinin naturada müəyyən edilməsi, JN-292A saylı şəhadətnamənin hansı hüquq müəyyənedici sənədə əsasən hazırlanması barədə məlumat verilməsi və həmin hüquq müəyyənedici sənədlərin təsdiq olunmuş surətlərinin təqdim edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. müəyyən etdi : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “JN-292A saylı şəhadətnaməni tam və ya qismən ləğv edilməsi barədə öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə məhkəmə tərəfindən iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı iddiaçıya hüquqi yardım edilmişdir. İddiaçı, məhkəməyə xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə müraciət edərək “JN-292A saylı şəhadətnamədə göstərilmiş 128.8 kv.m yaşayış sahəsinin məxsus olduğu subyekt barəsində məlumatın verilməsi, həmin yaşayış sahəsinin yerinin naturada müəyyən edilməsi, JN-292A saylı şəhadətnamənin hansı hüquq müəyyənedici sənədə əsasən hazırlanması barədə məlumat verilməsi və həmin hüquq müəyyənedici sənədlərin təsdiq olunmuş surətlərinin təqdim edilməsi” öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1280/2022 nömrəli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmə tərəfindən İPM-nin 13-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdə iddiaçıya hüquqi yardım məktubu göndərilərək iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi izah edilmiş və nöqsanların aradan qaldırılması üçün 3 gün müddət təyin edilmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia tələbi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən “öhdəliyin icrası haqqında” iddia növünə aiddir. Bu növ iddianın mümkünlük şərtlərindən biri iddiaçının məhkəmədə iddia qaldırmamışdan əvvəl cavabdeh orqana ərizə ilə müraciət etməsi, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi və ya iddiaçının müraciətinin cavabsız saxlanılmasıdır. Yəni, iddianın xüsusi mümkünlük şərtinə cavab verməsi üçün, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılanadək cavabdeh orqana müraciət edilmişdirsə, bu halda cavabdeh orqanın müvafiq imtina məktubu, müraciət cavabsız saxlanıldığı halda isə ərizənin cavabdeh orqana göndərilməsinə dair müvafiq poçt qəbzi təqdim edilməlidir. xx.xx.2022-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş “iddia tələbinin dəyişdirilməsi barədə” ərizənizdən məlum olur ki, iddiaçının cavab orqana qarşı tələbləri aşağıdakılardan ibarətdir: - JN-292A saylı şəhadətnamədə göstərilmiş 128.8 kv.m yaşayış sahəsinin məxsus olduğu subyekt barəsində məlumatın verilməsi, - həmin yaşayış sahəsinin yerinin naturada müəyyən edilməsi, - JN-292A saylı şəhadətnamənin hansı hüquq müəyyənedici sənədə əsasən hazırlanması barədə məlumat verilməsi, - həmçinin həmin hüquq müəyyənedici sənədlərin təsdiq olunmuş surətlərinin təqdim edilməsi. İşdə olan, cavabdeh orqanın imtina cavabı “JN-292A saylı şəhadətnaməni tam və ya qismən ləğv edilməsi barədə” iddiaçının müraciəti ilə bağlı verilmişdir. Dəyişdirilmiş iddia ərizəsində qeyd olunmuş tələblərlə bağlı cavabdeh orqanın müraciətin təmin edilməsindən imtina etməsi (və ya cavabsız saxlaması) müəyyən edilmir. Odur ki, dəyişdirilmiş iddia tələbində qeyd olunan tələblərlə bağlı cavabdeh orqana müraciət edilmişdirsə, müraciətin təmin olunmasından cavabdeh orqanın imtina etməsi və ya cavabsız saxlaması barədə müvafiq sənədin təqdim edilməsi iddiaçıya təklif edilmiş və bunun üçün 3 gün müddət təyin edilmişdir. Lakin, verilmiş müddət ərzində nöqsan aradan qaldırılmamışdır. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Məhkəmə həmçinin qeyd edir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarında aşağıdakı hüquqi mövqe öz əksini tapmışdır: Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəyə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəyə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 58.7-ci maddəyə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “JN-292A saylı şəhadətnamədə göstərilmiş 128.8 kv.m yaşayış sahəsinin məxsus olduğu subyekt barəsində məlumatın verilməsi, həmin yaşayış sahəsinin yerinin naturada müəyyən edilməsi, JN-292A saylı şəhadətnamənin hansı hüquq müəyyənedici sənədə əsasən hazırlanması barədə məlumat verilməsi və həmin hüquq müəyyənedici sənədlərin təsdiq olunmuş surətlərinin təqdim edilməsi” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar