Məhkəmə qərarları › İş №2-1(116)-1284/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1284/2021

14.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1284/2021 14.09.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və iddiaçının nümayəndəsinin vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Qəbələ rayon Aqrar İslahat Komissiyasının 05.02.1999-ci il tarixli 03 saylı qərarının qismən (JN-329F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən hissədə) ləğv edilməsi və iddiaçıya məxsus olan yaşayış evinin yerləşdiyi torpaq sahəsinin adına rəsmiləşdirilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə iddianın mümkünlüyü məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı (üçüncü şəxslər X3, X4) məhkəməyə müraciət edərək, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 05.02.1999-ci il tarixli 03 saylı qərarının qismən (JN-329F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən hissədə) ləğv edilməsi və iddiaçıya məxsus olan yaşayış evinin yerləşdiyi torpaq sahəsinin adına rəsmiləşdirilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Qəbələ rayonunun Nic qəsəbəsində iddiaçının adına yaşayış evi vardır. Həmin yaşayış evi İddiaçı mərhum atası tərəfindən inşa edilmişdir. İddiaçı atası vəfat etdikdən sonra təsərrüfat iddiaçının adına keçirilmişdir. Ailəsi nəsillikcə orada yaşamış və hazırda da orada yaşayırlar. Yaşayış evinin dam örtüyü kirəmitdən ibarətdir, saman kərpicdən hörülmüş, ümumi sahəsi 86,4, yaşayış sahəsi 70,5 kv.m olmaqla 1 mərtəbə 2 otaqdan ibarətdir. Həmin yaşayış evinə 1989-cu ilin fevral ayında iddiaçının adına “fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu” verilmişdir. Həmin texniki pasportda 0,12 ha torpaq sahəsi göstərilmişdir. Həmin torpaq sahəsi həyətyanı sahədir və evin ayrılmaz tərkib hissəsinə aiddir. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 05.02.1999-cu il tarixli 03 saylı qərarına əsasən evin ayrılmaz hissəsi olan 0,12 ha torpaq sahəsi üçüncü şəxslərin, mərhum ataları X1 mülkiyyətinə verilmiş və hazırda həmin torpaq sahəsi onun vərəsələri olan üçüncü şəxslərin mülkiyyətindədir. Bununla da iddiaçının hüquqları kobud şəkildə pozulmuşdur. Torpaq sahəsi üçüncü şəxslərin mülkiyyətinə verilmiş olsa da, həmin torpaq sahəsindən iddiaçı və ailəsi istifadə etmişlər və hazırda da istifadə edirlər. Üçüncü şəxslər də bilirlər ki, həmin torpaq sahəsi vaxtı ilə iddiaçıya yaşayış evi tikmək üçün verilmiş və evin ayrılmaz hissəsidir. Cavabdehin 22.06.2020-ci il tarixli **********17 nömrəli imtinasında göstərmişdir ki, Ərazi idarəsinin mütəxəssisləri tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar Ərazi idarəsində mövcud olan elektron kadastr məlumat bazası ilə müqayisə olunduqda məlum olmuşdur ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi başqa vətəndaşa məxsus JN-329F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də qeyd olunan torpaq sahələri ilə üst-üstə düşür. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilir. İş materiallarında olan Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakin Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin iddiaçıya ünvanlanmış 08.04.2021-ci il tarixli **********37 nömrəli məktubundan göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların əsaslandırılmış yazılı və ya elektron müraciət edildiyi təqdirdə verilir. İddiaçının ərizəsində qeyd etdiyi Nic qəsəbəsində yerləşən JN-329F saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” digər şəxsə məxsus olması səbəbindən onun iddiaçıya verilməsi mümkün deyil. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq, iddiaçıya 18.08.2021-ci il tarixli yardım məktubu ünvanlanaraq, “Torpaq islahatı haqqında” Qanunun 20 və 22-ci maddələrinin, həmçinin İPM-in 35-ci maddəsinin tələbləri izah edilmiş, iddiaçının nəzərinə çatdırılmışdır ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının 155-İQ nömrəli 16.07.1996-cı il tarixli Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası X6 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X2 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası X6 Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası X6 Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası X6 Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X5 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X2 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. Eyni zamanda X2 qərarları inzibati aktdır ki, həmin qərarların mübahisələndirilməsi tələblərinə iddia müddəti şamil olunur. Qəbələ rayonu Aqrar İslahat Komissiyasının qərarı qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. 298-ci maddəsinə əsasən. Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Bundan başqa Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə bildirmişdir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsi Qəbələ rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi deyil. Həmçinin iddiaçıya iddianın mümkünlüyü məsələsinə münasibət bildirməsi təklif olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və nümayəndənin vəkili iddia ərizəsinə və iş materiallarına uyğun izahat verərək, məhkəmənin yardımının və qanunvericiliyin tələblərinin onlara aydın olduğunu bildirmiş və iddianın mümkün sayılmasını xahiş etmişlər. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin hallarının tədqiqi ilə müəyyən olunur ki, iddiaçı faktiki olaraq inzibati məhkəmə icraatı qaydasında Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 05.02.1999-cu il tarixli 03 nömrəli qərarını mübahisələndirməkdədir. "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikasının 18.02.1995ci il tarixli 978 nömrəli Qanununun 3-cü maddəsinin dördüncü hissəsinə sasən, torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir. Həmin Qanunun 4-cü maddəsinə görə islahatın aparılması üçün Azərbaycan Respublikası X6 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 02.03.1995-ci il tarixli 290 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasında sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin islahatını aparmaq məqsədi ilə X6 Komissiyası yaradılmış, Prezidentin 14.04.1995-ci il tarixli 313 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikası X6 Komissiyası haqqında Əsasnamə" təsdiq edilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16.07.1996-cı il tarixli 155- İQ nömrəli Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası X6 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X2 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası X6 Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası X6 Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası X6 Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X5 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X2 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, X2 qərarları inzibati akt olduğundan, həmin qərarların mübahisələndirilməsi tələblərinə iddia müddəti şamil olunur. Qəbələ Rayonu Aqrar İslahat Komissiyasının qərarı qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə bir neçə sənəd, o cümlədən "Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında Əsasnamə", "Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının keyfiyyəti nəzərə alınmaqla torpaq paylarının müəyyən edilməsi haqqında Əsasnamə", "Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında Əsasnamə" təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 20.04.2005-ci il tarixli 226 nömrəli Fərmanı ilə "X5 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 02.03.1995-ci il tarixli 290 nömrəli Fərmanı və "Azərbaycan Respublikası X5 Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 14.04.1995-ci il tarixli 313 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 15.02.2016-cı il tarixli 786 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin 02.03.1995-ci il tarixli 290 nömrəli Fərmanının sadalanan Əsasnamələrin təsdiq edilməsinə aid hissəsi ləğv edilmişdir. Sadalanan normalardan görünür ki, sovxoz və kolxozların islahatının, o cümlədən torpaq islahatının aparılması Azərbaycan Respublikası X6 Komissiyasının, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının, rayon və yerli X2 səlahiyyətinə aid edilmişdir. Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin islahatını aparmaq məqsədi ilə 02.03.1995-ci ildə X6 Komissiyası yaradılmış, 10.01.1997-ci ildə islahatın aparılması qaydalarını müəyyən edən Əsasnamələr və digər sənədlər təsdiq edilmiş, torpaq islahatı başa çatdıqdan sonra 20.04.2005-ci ildə Azərbaycan Respublikası X6 Komissiyası, 15.02.2016-cı ildə isə qeyd olunan Əsasnamələr ləğv edilmişdir. Göründüyü kimi, hazırda cavabdehə qarşı irəli sürülən tələb həmin orqanın səlahiyyətlərinə aid deyil. Bu səlahiyyətlər aqrar islahat komissiyalarına məxsus olmuş, həmin komissiyalar isə artıq ləğv olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsi Qəbələ Rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi deyildir. İddia tələbinin ikinci hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı ona məxsus yaşayış evinin yerləşdiyi torpaq sahəsinin adına rəsmiləşdirilməsinin cavabdehə həvalə edilməsini tələb etsə də, faktiki olaraq cavabdeh tərəfindən ona verilmiş imtinada və iddia ərizəsində göstərilmişdir ki, JN-329F saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” başqa şəxsin adına rəsmiləşdirilmiş, iddiaçı tərəfindən şəhadətnamə mübahisələndirilməmişdir, həmin şəhadətnamə qüvvədədir. Odur ki, məhkəmə hesab edir ki, həmin hissədə iddiaçıya məhkəmə tərəfindən yardımın göstərilməsi ehtimalı belə bir iddianın mümkünlük şərtlərinə cavab verməsi üçün heç bir əhəmiyyət daşımayacaqdır. Digər tərəfdən İPM-in 13-cü maddəsində təsbit edilmiş məhkəmənin yardım göstərmək vəzifəsi professional və keyfiyyətli hüquqi yardım almaq imkanından məhrum olmuş şəxslərə münasibətdə tətbiqetməni nəzərdə tutmaqdadır. Hazırkı iş üzrə isə iddiaçının nümayəndəsi vəkillə təmsil olunduğundan dolayısı ilə iddiaçıya peşəkar hüquqi yardım göstərilməkdədir. Belə olan halda məhkəmə tərəfindən iddiaçıya əlavə hüquqi yardım göstərilməsi zərurəti qalmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Qəbələ rayon Aqrar İslahat Komissiyasının 05.02.1999-ci il tarixli 03 saylı qərarının qismən (JN-329F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən hissədə) ləğv edilməsi və iddiaçıya məxsus olan yaşayış evinin yerləşdiyi torpaq sahəsinin adına rəsmiləşdirilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar