Məhkəmə qərarları › İş №2-1(116)-1287/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1287/2020

30.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1287/2020 30.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X1, cavabdehin nümayəndəsi X5 iştirakı ilə X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüququ şəxsin Şəki şəhər filialına qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüququ şəxsin Şəki şəhər filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1961-ci il tarixdə Şəki şəhərində doğulmuşdur. xx xxxxxxxx 1978-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Sovetinin Dövlət X9 Komitəsinin Bakı 14 saylı X9 idarəsində gəmi təmiri ixtisası üzrə çilingər peşəsini yiyələnərək xx xxxx 1979-cu il tarixdə həmin texniki peşə məktəbini tam kursunu bitirmişdir. Bundan sonra xx xxxxxxx 1979-cu il tarixdə hərbi xidmətə çağrılaraq xx xxxxxx 1981-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən gəldikdən sonra xx xxxxxx 1982-ci il V.İ.Lenin adına Şəki istehsal ipək birliyinin baş mexanika şöbəsinə su qurğular sexinə 2-ci dərəcəli çilingər vəzifəsinə qəbul edilmiş, xx xxxxx 1984-cü il tarixədək orada işləmişdir. Daha sonra “Şəki Sutikinti” tresinin 13 nömrəli SMD-də iki ay işləmişdir. xx xxxxxx 1984-cü il tarixdən “Azəraqrartikınti ASC-nin X11 Məmulatları'' filialında 1998-ci il tarixədək 3-cü dərəcəli betonçu kimi işləsə də, həmin tarixdən armatur sexinin armaturçusu kimi fəaliyyətini davam etdirmişdir. Daha sonra “Şərq Şirniyatı” ATSC-da işləməyə başlamışdır. Cavabdeh orqan Şəki şəhər “Asan Xidmət” Mərkəzinin elektron məlumat bazasından verdiyi arayışa əsasən iddiaçının 23 il 9 ay 18 gün əmək stajı mövcuddur. Lakin cavabdeh orqanın xx.xx.2020-ci il tarixli **********7 nömrəli imtina məktubundan görünür ki, xx.xx.2006-cı ilədək 22 il 4 ay sosial sığorta stajı və həmin staja uyğun 1655.87 manat kapitalı vardır. İddiaçının xx.xx.2020-ci il tarixli müraciətinə görə əmək pensiyası təyin etmək üçün 26399.99 man pensiya kapitalı ilə bərabər 14 il 8 ay sosial sığorta stajı tələb olunur İddiaçı xx xxx 2019-ci il tarixdə ikinci dərəcəli əlilliyə çıxmış və əlilliyə görə müavinət almışdır. Qanunvericiliyin tələbinə görə iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün ona 18 il iş stajı tələb olunduğu halda onun 23 il 9 ay 18 gün iş stajım mövcuddur. İddiaçının əmək fəliyyəti xx xxxxxxxx 2004-cü il tarixədəkdir. Yəni 2006-cı il yanvarın birindən əvvəlki illəri əhatə edir. Lakin cavabdeh orqan bunların heç birini nəzərə almadan ona əlilliyə görə əmək pensiyası təyin etməkdən qanunsuz və əsassız olaraq imtina edir. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, iddiaçı ilk öncə Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər filialına müraciət etmiş, lakin pensiya kapitalı olmadığı üçün əlilliyə görə əmək pensiyasının təyin olunmasının qanunvericiliyə uyğun olmadığı ona bildirilmişdir. X1 iddia ərizəsindən də göründüyü kimi vətəndaşa əlillik dərəcəsi xx.xx.2019-cu il tarixindən təyin edilmişdir, vətəndaş qeyd olunan tarixdən İİ qrup əlliyə görə müavinət alır və müraciət edərək İİ qrup əlliyə görə əmək pensiyası almaq niyyətindədir. xx.xx.2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” qanunun 12.1 -ci maddəsində qeyd olunur ki, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qeyd olunan maddənin tələblərini nəzərə alaraq iddiaçının əlilliyə görə əmək pensiyası almaq hüququnun yaranması aşağıdakı qaydada müəyyən olunur: 1) Əmək Məcəlləsinin 42.3-cü maddəsinə əsasən, on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Şəxsin əlilliyinin qeydə alındığı dövrdə (xx.xx.2019) 58 yaşı olduğu üçün onun əmək qabiliyyətli yaş dövrü 43 (58 - 15) il təşkil edir. Yəni, şəxsin həmin tarixə minimum 14 il 4 ay (43*4/12=178 ay) iş stajı olmalıdır. 2) İddiaçı 22 il 4 ay iş stajını xx.xx.2006-cı il tarixinə qədər qazandığı üçün pensiya kapitalı “Əmək pensiyaları haqqında” qanunun 27.1-ci maddəsində göstərilən qaydaya uyğun olaraq hesablanmalıdır. Belə ki, həmin maddəyə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Lakin, onu da qeyd etmək zəruridir ki, iş stajının hesablanması üçün vətəndaş tərəfindən təqdim olunmuş əmək kitabçalarında kifayət qədər ziddiyyətli məqamlar mövcuddur. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 17 №-li qərarının 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün əmək kitabçası iş stajının müəyyən edilməsi məqsədi ilə PAS-a məlumat daxil etmək üçün tələb olunan sənədlər sırasındadır. Məhz bu hal X1 Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər filialına təqdim etdiyi əmək kitabçalarının (rus dilində və azərbaycan dilində kiril əlifbası ilə) və özünün təqdim etdiyi Azərbaycan Respublikası “xxxx” ASC X11 Məmulatları Filialı tərəfindən verilən arayışın qarşılıqlı təhlilini zəruri edir. İş üzrə icraat materiallarından göründüyü kimi, iddiaçının 2 dildə yazılmış əmək kitabçası mövcuddur. Bunlardan biri rus dilində, digəri isə Azərbaycan dilində kiril əlifbası ilə tərtib olunmuşdur. Bu halın mövcudluğu ilə əlaqədar həmin əmək kitabçalarındakı qeydlərin tutuşdurulması həyata keçirilmişdir. Nəticədə müəyyən olunmuşdur ki, rus dilində tərtib olunan əmək kitabçasının 5-ci səhifəsində öz əksini tapan xx.xx.1984-cü il işə qəbul, xx.xx.1984-cü il işdən azad olma tarixləri digər əmək kitabçasında mövcud deyildir və bu əmək kitabçasından görünür ki, iddiaçının əmək fəaliyyəti xx.xx.1984-xx.xx.1998-ci illər aralığında dayanmışdır, bundan əlavə sonuncu əmək fəaliyyəti isə xx.xx.2002-ci ildə tamamlanmışdır. Lakin, Azərbaycan dilində olan əmək kitabçasının 47-ci səhifəsində iddiaçının xx.xx.1984-xx.xx.1998-ci illərdə əmək fəaliyyəti ilə məşğul olması, 51-ci səhifəsində isə sonuncu əmək fəaliyyətinin xx.xx.2003-xx.xx.2004-cu illər aralığında olmaqla əvvəlki əmək kitabçasından fərqli olaraq xx.xx.2004-cu il olması qeyd olunmuşdur. Azərbaycan dilində olan əmək kitabçasının 47-ci səhifəsində xx.xx.1998-ci il tarixinin əmək kitabçasının 2-ci və 4-cü sütununda yazıya sonradan müdaxilə edilməsi qabarıq şəkildə görünür və iddiaçı tərəfindən təqdim edilən arayışda işdən çıxma tarixi xx.xx.1998-ci il, əmr nömrəsi isə 10/2 göstərilmişdir hansı ki, əmək kitabçasında müvafiq olaraq xx.xx.1998-ci il, əmr 09/2 qeyd olunmuşdur. Digər sual doğuran məsələ isə əmək kitabçalarının səhifələridir. Belə ki, Rus dilində olan əmək kitabçası 1-7 aralığında, Azərbaycan dilində olan əmək kitabçası isə 42-51 aralığında səhifələnmişdir. Digər halda, eyni əmək kitabçasının Rus və Azərbaycan dilində olan hissələri olması ehtimalına nəzər salsaq birinci hissədə xx.xx.1984-cü il işə qəbul, xx.xx.1984-cü il işdən çıxma tarixlərinin 2-ci hissədə, ikinci hissədə qeyd olunan xx.xx.1984-xx.xx.1998-ci illərdə; xx.xx.2003-xx.xx.2004-cü illər aralığında əmək fəaliyyətinin hansı səbəbdən birinci hissədə qeyd olunmaması əmək kitabçasının etibarlılığını sual altına qoyur. Əmək kitabçalarının birinin digərinin tərcüməsi kimi və ya sonradan köçürülməsi kimi ehtimal etsək səhifələnmə (Rus dilində olan əmək kitabçası 1-7 aralığında, Azərbaycan dilində olan əmək kitabçası isə 42-51 aralığında), imza və möhürlərin son dərəcə oxşadılmağa çalışılması və köçürülən və ya tərcümə olunan andan əvvəllər imzalamış şəxsin imzalamaq iqtidarında olması şübhə doğurur. Beləliklə, yuxarıda göstərilən səbəblərin mövcudluğu iş stajının müəyyən edilməsini çətinləşdirir və xx.xx.1984-xx.xx.1998-ci il, xx.xx.2003-xx.xx.2004-cü il tarixlərinin məqsədli şəkildə, tələb olunan iş stajının toplanması məqsədi ilə sonradan əlavə olunması şübhəsini yaradır. Buna baxmayaraq əmək kitabçalarından birini əsas götürməklə iddiaçının iş stajını hesablasaq belə alınan 22 il 4 ay nəticəyə uyğun olaraq əlilliyə görə əmək pensiyasının təyin olunmasının qeyri-mümkünlüyü məlum olur. Göründüyü kimi, iddiaçının iş stajı müddəti uyğun gəlsə də, pensiya kapitalını təşkil edən 125.09 azn həmin il üçün əmək pensiyasının minimum məbləğinin 160 azn miqdarda müəyyən olunması səbəbi ilə qanunun əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtini ödəmədiyindən X2na əlilliyə görə əmək pensiya təyin olunması qeyri-mümkündür. Məhkəmə iclasında iddiaçı tələbini müdafiə edib təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş materillarında olan DSMF publik hüquqi şəxsin Şəki şəhər filialının xx.xx.2020-ci il tarixli **********9 nömrəli məktubunda qeyd olunur ki, iddiaçının əmək kitabçası, hərbi bileti və diplomuna əsasən xx.xx.2006-cı il tarixədək cəmi 24 il 3 ay sosial sığorta stajı, xx.xx.2019-cu il tarixə isə 17521.16 manat pensiya kapitalı vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə istinadən vətəndaşa əlillik təyin olunarkən 58 yaşı tamam olduğundan əmək pensiyası təyin olunması üçün 14 il 4 ay sosial sığorta stajı və 20640.0 (58-15=43x4=172/192x144=129x160=20640) manat pensiya kapitalı tələb olunur. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, DSMF publik hüquqi şəxsin Şəki şəhər filialının xx.xx.2020-ci il tarixli **********7 nömrəli imtina məktubu, 7972 nömrəli attestatın təsdiq olunmuş surəti, ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surəti, Əmək haqqının aylar üzrə məbləğinə dair arayışlar, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Respublika Dövlət Arxivinin Şəki filialının xx.xx.2020-ci il tarixli 108 nömrəli Arxiv arayışı, DSMF publik hüquqi şəxsin Şəki şəhər filialının xx.xx.2020-ci il tarixli **********9 nömrəli məktubu, cavabdehin etirazı aiddir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu müraciəti cavablandırmadığından hazırkı mübahisə yaranmışdır. Əmək Pensiyaları haqqında Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün minimum 14 il 4 ay sosial sığorta stajı və 20640 manat pensiya kapitalı tələb olunur. İş materiallarında olan əmək kitabçası, hərbi bileti və diplomuna əsasən iddiaçının 24 il 3 ay iş stajı və xx.xx.2019-cu il tarixə isə 17521 manat 16 qəpik pensiya kapitalı vardır. İddiaçının xx xxxx 1961-ci il təvəllüdlü olmaqla ona xx xxx 2019-cu il tarixdə ikinci dərəcə əlillik müəyyən olunması nəzərə alınarsa, əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün 14 il 4 ay sığorta stajı (əlillik dərəcəsi verilərkən olan yaş 58 – 15 yaş əmək qabiliyyətli olmayan dövr = 43 il x 4 ay = 172 ay : 12 = 14 il 4 ay) olmalı, həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. İddiaçının fərdi hesabın sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalı 17521.16 manat təşkil edir. Sığorta davamiyyəti əmsalının tapılması üçün tələb olunan sığorta stajı 192-yə bölünməlidir : 172 ay / 192 = 0,89583. Sığortaolunanın sığorta davamiyyəti əmsalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına vurulur (0,89583x144=129) və pensiya sığorta kapitalı (PSK=17521.16) alınmış rəqəmə bölünərək (17521.16/129=135.82 manat) pensiyanın məbləği 135.82 manat məbləğində müəyyən edilir. İddiaçıya əlillik təyin olunan xx xxx 2019-cu ildə minimum pensiya 160 manat olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınaniş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir; - 32.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Maddələrin tələblərinə görə İİ və İİİ qrup əlillərə pensiya hüququnun yaranmasının şərtlərinə şəxsin müvafiq sığorta stajına malik olması və müəyyən məbləğdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının toplanması aiddir. Əlilliyə görə əmək pensiyasının təyin edilməsinin müddətinin başlanğıcı isə əlilliyin müəyyən edildiyi gün hesab edilir. Məhkəmə qeyd edir ki, iddiaçının əlilliyin müəyyən etdiyi tarixinə 14 il 4 ay sosial sığorta stajının toplanması zəruri olmuş, iddiaçının əmək kitabçası, hərbi bileti və diplomuna əsasən 24 il 3 ay sosial sığorta stajının olması qeyd edilmişdir. Yəni iddiaçı əmək kitabçası, hərbi bileti və diplomunda qeyd olunanlara əsasən əlillik üzrə pensiyanın təyin edilməsi üçün zəruri olan sığorta stajını toplamışdır. Əlilliyə görə zəruri olan fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına münasibətdə isə iddiaçı zəruri pensiya kapitalını toplamamışdır. İstinad edilən Qanunun: - 1.0.8-ci maddəsinə əsasən, fərdi hesabın sığorta hissəsi — əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; - 1.0.12-ci maddəsinə əsasən,əmək pensiyasının sığorta hissəsi — fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; - 27.1-ci maddəsinə əsasən, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Maddələrin tələblərinə görə, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalına sığorta hissəsinin hesablanması üçün ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizi və xüsusi hesabdakı vəsait aiddir. Sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı il yanvarın 1-dək qazanılmış ümumi iş stajının hər ili üçün 306 manat hesablanmalıdır. Cavabdeh tərəfindən bildirilmişdir ki, iddiaçının 17521.16 manat pensiya kapitalı vardır. İddiaçıya münasibətdə əlilliyə görə pensiyanın təyin edilməsi üçün onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmaması müəyyən edilməlidir. İstinad edilən Qanunun: İddiaçıya əlillik təyin olunan zaman qüvvədə olmuş 6-1-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.; - 13.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir; - 13.3-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH — əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK — sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T — gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K — sığorta davamiyyəti əmsalıdır. Maddələrin tələblərinə görə, əlilliyə görə pensiya məbləğinin müəyyən edilməsi üçün ilk olaraq gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulmalıdır. Bu əmsal əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajının 192-ə bölünməklə tapılır. Əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajının ayları 172 olduğundan, əmsal 0,89583 təşkil edir. Sığortaolunanın sığorta davamiyyəti əmsalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına vurulur və pensiya sığorta kapitalı alınmış rəqəmə bölünərək pensiyanın məbləği 135.82 manat kimi müəyyən edilir. Bu məbləğ istinad edilən Qanunun 6-1-ci maddəsində əks olunmuş əmək pensiyasının minimum məbləğindən az olduğundan, iddiaçının əlilliyə görə pensiya hüququ yaranmır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tələb olunan minimum pensiya kapitalına malik olmadığından ona əlilliyə görə pensiya təyin edilə bilməz. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1, 110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüququ şəxsin Şəki şəhər filialına qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar